Ondan yaxşı qardaş yox idi – III HİSSƏ
Bir gün dava-dalaşın şirin vaxtı çəkməçi Davud onun qapısını döydü, bayıra çağırıb xahiş elədi ki,
bu biabırçılığa son qoysun. Amma o, ağacı götürüb Davudun üstünə hücum çəkdi. Davud dartıb ağacı onun əlindən aldı, elə dəyənəyi başında sındırmaq istəyirdi ki, özlərini yetirən qonşular tutdular, axı bu cür də yaxşı düşməzdi, Davud hələ cavan idi, amma o biri əclaf uşaq deyildi, ailəsi, uşaqları vardı, deyirlər ki, böyük uşaqları Sumqayıtda işləyir. Hamı Cəlil müəllimin gəlməsini gözləyirdi, o, nə desə elə də olacaqdı.
Cəlil müəllim bu cür ciddi işə ciddi də yanaşdı, söz verdi ki, fikirləşib bir çıxış yolu tapar, sonra o,
qonşuları ilə xudahafizləşdi. Təzə qonşular Cəlil müəllimin də xoşuna gəlmədi. Birinci dəfə küçə söyüşlərini eşidəndən sonra Cəlil müəllim qəti qərara gəldi: ya təzə qonşu ən geci günü sabahdan bu görünməmiş rüsvayçılığa,
xuliqanlığa son qoymalıdır, ya da bu küçədən köçməlidir, üçüncü yol ola bilməz! Bəli, təzə
qonşuları onun heç xoşuna gəlmədi. Axı necə xoşa gələ bilərdilər ki, həm arvadı, həm də qızı bütün günü avaraavara küçədə, evin qabağında veyllənirdilər, skamyanın üstündə oturub, günəbaxan tumu çırtlayırdılar, ya da ucadan söhbət eləyirdilər.
Bir soruşan lazımdı, bunlar necə arvaddırlar ki, abır-həya eləmir, yuyulmuş alt paltarlarını, həm
qadın, həm də kişi paltarlarını, elə yerə sərirdilər ki, gəlib-keçənlərin hamısı görürdü? Bunlar
haradan gəlib çıxdılar bu küçəyə? Ertəsi gün Cəlil müəllim, yanında da məhlənin iki mötəbər adamı, təzə qonşularıgilə getdi. Xahiş elədi ki, qadınlar, həm arvadı, həm də qızı otaqdan çıxsınlar, sonra Manafla möhkəmcə danışdı.
Xoşbəxtlikdən Manaf Cəlil müəllimin necə adam olduğunu dərhal başa düşdü, o saat özünü
yığışdırdı, sonra da hətta üzr istəməyə başladı. Cəlil müəllimin yanınca gedən adamlar sonralar
deyirdilər ki, onlar hələ indiyə qədər heç vaxt Cəlil müəllimin bir kimsə ilə o cür sərt danışdığını
görməmişdilər.
Manaf dəyişdi. Doğrudur, içməyi, dava-dalaşı tərgitmədi, ancaq içəndə elə içirdi ki, ağlı tamam
başından çıxmırdı, küçədə səndələyə-səndələyə getmirdi, qabağına çıxana, hamıya, hətta
tanımadığı, küçədən keçən kənar adamlara da salam verirdi. Arvadı ilə dalaşanda isə mütləq
pəncərələri möhkəm-möhkəm çəkir, cəftələri, pəncərə qapılarını bağlayırdı. İndi küçədə yalnız
qarmaqarışıq səs-küy eşidilirdi. Bu cür bürküdə, istidə savaşırdı.
Çox vaxt isə ertəsi gün hörmətli qonşulardan üzr istəyirdi. Cəlil müəllimə rast gələndə isə mütləq
üzrxahlıq eləyirdi. Bir müddətdən sonra qonşular daha qadınlara da fikir vermədilər, alışdılar, belə
qərara gəldilər ki, əgər evdə özlərinə iş tapmırlarsa, qoy veyllənsinlər.
Kimin nə işinə qalıb, özgə arvadının, qızının qayğısını çəksin, məgər öz dərd-sərləri azdır!
Yavaş-yavaş dindirib-danışdırmağa da başlamışdılar. Yaxınlıq, dostluq eləməyə qalanda,
qonşulardan heç biri onlarla yaxınlıq, dostluq eləmirdi, amma anası, yaxud qızı bir diləyə gələndə, qapıdan da qovmurdular.
Cəlil müəllimə də salam verməyə başladılar. Əvvəl-əvvəl Cəlil müəllim salamlarını soyuq alırdı,
başını tərpədirdi, amma sonralar, davranışlarında yaxşılığa doğru bəzi dəyişikliklər hiss eləyib çox
ehtiyatla, təmkinlə, qaydasında, ucadan, özü də birinci özü salam verməyə başladı.
Dilbər, Manafın qızı, Cəlil müəllim işə gedib-gələndə onu görən kimi gülümsünürdü. Cəlil müəllim hər dəfə onun əynindəki paltarı görəndə təəccüb qalırdı: ərə getməli qız idi, amma əynindəki paltar (müqəvvaya da bundan yaxşı paltar geyindirərlər) yamaq-yamaq, gündən yanıb solmuş, özü də o qədər gödək idi ki, əyiləndə, yaxud ətəyini yığıb darvazanın qabağındakı alçaq skamyanın üstündə oturanda, əsəb sistemi qaydasında olan kişi o tərəfə baxmasa yaxşı idi. Cəlil müəllimi görəndə o, həmişə gülümsünürdü. Təbəssümü xoş, dodaqları təravətli, dişləri ağappaq, xırda-xırda, mirvari kimi bir biçimdə, özü də gülümsünəndə düz adamın gözünün içinə baxırdı, baxışında da nə isə bir çağırış, həyasızlıq vardı; ancaq heç təəccüblənməyinə dəyməzdi, elə valideynlərin belə də qızı olardı.
Dilbər bu paltarda üzü küləyə gedəndə – Cəlil müəllim onu möhkəm xəzri əsəndə də görmüşdü – paltarı əndamına elə yapışırdı ki, bütün cizgiləri, cavan qız bədənində gizlədilməli hər nə vardısa
hamısı qabarıq, aşkar bilinirdi. Bir dəfə də qəflətən o, külək saçlarını dağıtmış halda, başını dala atıb, əlini gözünün üstünə tutub kölgədən günə çıxanda Cəlil müəllimə bir anlığa elə gəldi ki, qız, paltarının nazik parçasını yarıb keçən göz qamaşdırıcı günəş işığında lüt, həmişəki kimi
gülümsünə-gülümsünə onun qabağına gəlir.
Cəlil müəllim utanıb üzünü kənara çevirdi, qıza salam verməyi də unutdu. Qərara gəldi atasına
desin ki, qızına göz qoysun, əyinbaşına yaxşı fikir versin, amma sonra fikrini dəyişdi: onun atası
Manaf çox pis adamdı, elə anası da onun kimi. Yaxşı deyiblər ki, ot kökü üstə bitər.
Manaf bir neçə dəfə küçədə ona rast gələndə, söhbətə girişməyə çalışmışdı, qiyamət nərd
oynadığına işarə vurmuş, onlara qonaq gəlmək istəmişdi, ancaq Cəlil müəllim dərhal bu
təşəbbüslərin qabağını almışdı.
Bir dəfə də, Cəlil müəllim işdən qayıdıb xörək hazır olana kimi həyətdə gəzəndə, Dilbəri tut
ağacında gördü. Qız isə onu daha qabaq görmüşdü, tez ağacdan yerə düşdü, paltarı aşağıdan ta göbəyinə qədər cırıldı. O, Cəlil müəllimin qabağında dayanıb, qırmızı tut şirəsinə batmış dodaqları ilə onun üzünə gülümsünə-gülümsünə cırıq paltarını dartışdırır, əndamını örtməyə çalışırdı. Cəlil müəllim onun əndişəli, utancaq təbəssümündə həm yalvarış, həm də mütilik gördü.
Bunların hamısını Cəlil müəllim bir anlığa dönüb evə gedənə kimi görmüşdü, bir göz qırpımında
qız əlləri əsə-əsə paltarını dizlərinin və qarnının üstünə çəkməyə macal tapana kimi görmüşdü.
Cəlil müəllim onun zərif çəhrayı rəngli bədənini, demək olar ki, tamam görmüşdü. Cəlil
müəllimin onun bədənini gördüyünü qız özü də başa düşmüşdü, onun əynində bu cırıq-cırıq
paltardan başqa heç bir şey yox idi.
Nahar vaxtı Cəlil müəllim ağzını açıb bircə kəlmə də kəsmədi.
O, arvadına təzə qonşuları bir də bu evə buraxmamağı necə deyəcəyini götür-qoy eləyirdi.
Cəlil müəllim yol verə bilməzdi ki, Manaf kimi adamın arvadı və qızı onun evinə ayaq açsın, ona görə ki, bu evdə qız uşağı vardı. Ancaq həmin gün Cəlil müəllim arvadına heç bir şey demədi.
Cəlil müəllim üç gün qətiyyətsizliyinə təəccüblənə-təəccüblənə, özünə acığı tuta-tuta dolandı, məsələ tamam aydın idi, özü də Cəlil müəllim düz iş görürdü, o ki qaldı təzə qonşuların inciməsinə, qoy incisinlər, təqsir özlərindədir. O, arvadına hər şeyi elə bu cür dedi. Cəlil müəllim bilirdi ki, arvadı onun sözündən çıxa bilməz – təzə qonşular bir də onun qapısını açmayacaqlar.
Ancaq onlar hər halda, bir dəfə Cəlil müəllimin qapısını açdılar. Məryəm xanım vəfat eləyən gün.
Məryəm xanım axşam tərəfi, Cəlil müəllim işdən gələndən sonra keçindi. O, iki ay xəstə yatmışdı.
Kurortdan qayıdandan bir müddət sonra sinəsində ağrılar başlamışdı, ancaq hələ ayaq üstə hərlənir, gəlininə əl tutur, nəvələrinə göz qoyurdu, dilə tutub uzandırmaq, dinclik vermək
istəyəndə, hirslənirdi. Axırıncı iki həftə çox halsız oldu, yatağından qalxmağa taqəti olmadı,
qolunu qaldırmağa da heyi yox idi. Bu günlər ərzində yaman arıqlamışdı, ərimişdi.
Sinəsindəki dözülməz ağrıdan qıvrılırdı, zarıyırdı. Cəlil müəllim anasının üstünə ən yaxşı həkimləri
çağırdı, ən məşhur professoru dəvət elədi, ancaq hamısı dedi: elə bir dava-dərman yoxdur ki,
onun köməyi ilə Məryəm xanımı bu dünyada saxlamaq mümkün olsun.
Cəlil müəllim təəccüb qalır, ümidini itirirdi. Heç cür başa düşə bilmirdi ki, bu necə olan işdir: onun
anası qəzaya düşüb, ağır yaralanmamışdı, yanmamışdı, başına dam uçmamışdı, yaşının da elə çağı idi ki, hələ neçə illər yaşaya bilərdi, oğlu onu gözünün üstündə saxlayardı, nə cür dərman desələr tapardı; özü də o, müharibə vaxtı yox, sülh dövründə xəstələnmişdi, amma heç kim dadına çata bilmirdi.
Gözünün qabağında insan tələf olur, sənin də əlindən heç bir şey gəlmir. Elə bil dəhşətli yuxu
görürsən. Həkimlər müxtəlif keyidici dərmanlar yazır və çıxıb gedirdilər. Məryəm xanımın dünyadan xəbəri yox idi, ancaq axırıncı gün ayıldı, hətta ağrılar da kəsdi. Oğlu və evin külfəti ilə vidalaşdı, huşu başında keçindi. Anasına qulaq asan Cəlil müəllim dərddən başını
itirmişdi. Mehriban-mehriban gülümsünən Məryəm xanım deyirdi ki, bu dünyadan arxayın, razı gedir, deyirdi ki, xoşbəxtdir, oğlu Cəlil müəllimlə fəxr eləyir və qorxusuz-ürküsüz getdiyi o dünyada da oğlunun canına dua eləyəcəkdir.
Məryəm xanım mərhum ərini xatırladı, bir yerdə az yaşamışdılar, amma çox mehriban ər-arvad
olmuşdular, sonra o, yenə də həmin dəhşətli müharibə günlərində vaxtsız vəfat etmiş oğlunu,
Tahiri xatırladı. Cəlil müəllimə vəsiyyət elədi ki, bundan sonra da bircə qardaşı Simurqu sevsin,
onun qayğısına qalsın, hər işdə əlindən tutsun, bir də ki, həmişə bir yerdə olsunlar, heç vaxt
ayrılmasınlar, bir ailə kimi; müdrik, dünyagörmüş ata-babalarımız nahaq deməyiblər ki, içəridən
sökülən evdən ev olmaz.
Cəlil müəllim anasını, özünün vəsiyyət elədiyi kimi, ağır qara sal mərmərin altında yatan
valideynlərinin yanında dəfn elədi. O dəhşətli yerdə, indicə bu dəqiqə anasının endirildiyi yerdə
ucalmış təpəciyin üstünə son dəfə bir ovuc torpaq atdı və özünə söz verdi ki, bir ildən sonra,
torpaq çökən kimi, anasının qəbrini götürdəcək və yanında da ağac əkəcək ki, Məryəm xanım
onların sərin kölgəsində əbədi rahat yatsın.
Cəlil müəllim dayanıb küt-küt qəbirə baxırdı, arvadı və uşaqları ona qısılıb ağlaşırdılar, bu vaxt
qohumları, qonşuları və iş yoldaşları sayı-hesabı olmayan əklilləri qəbrin üstünə düzdülər, qəbir
tər çiçək təpəsinin altında itdi. Əklillərin üstündəki ipək matəm lentlərini isə açıb, səliqə ilə kələf
kimi sarıdılar ki, sonra mərhumun ailəsi bunlara baxıb, Məryəm xanımın xatirəsini əziz tutanların
kimlər olduğunu bilsin.
Bu niyyətlə şəhər qəzetlərində də elanlar, bu vaxtsız itki münasibətilə başsağlıqları verilmişdi.
Cəlil müəllim yas günlərində hiss elədi ki, o, tək deyil, hər axşam adamlar onun dərdinə şərik
olmağa gəlirdilər, onu ağır fikirlər içində tək qoymurdular.
Cəlil müəllim anasını dəfn eləyəndən sonra ehsan verdi. Otaqlarda və həyətdə düzülmüş stolların arxasına yüzdən artıq adam toplaşmışdı. Ehsan süfrəsinə iri dövrələrdə əla düyüdən bişirilmiş, zəfəranlı, yağlı plov, üç cür xuruş şabalıd qovurma, abqoralı toyuq çığırtması, kişmişli, xurmalı, zəncəfilli, müxtəlif ədviyyat vurulmuş qiymə qoyulmuşdu. Süfrədə dolma da vardı, dolmanın yarpağını sağlığında Məryəm xanım özü bir-bir seçib yığmış və duza qoymuşdu, dolmanın yanına qatıq da qoyulmuşdu, həm sarımsaqlı, həm də sarımsaqsız. Stolun üstündə hər cür təzə göy-göyərti də vardı: xırda, körpə qırmızı turp, tərxun, cod özəyi çıxarılmış vəzəri, göy soğan, reyhan, kefin istəyən hər cür seçmə göyərti. Dolçalarda və qrafinlərdə sərin, adamın susuzluğunu söndürən gül şərbəti qoyulmuşdu.
Süfrə yığışılandan sonra isə tünd, əməlli-başlı dəmlənmiş çay, dilim-dilim doğranmış limon və
dayaz nimçələrdə üstünə darçın səpilmiş kəhrəba kimi halva gətirdilər.
Cəlil müəllim üçüncü, yeddinci və ən nəhayət, axırıncı dəfə qırxıncı gün də ehsan verdi. Cəlil
müəllim bunların hamısını danışıqsız, açıq ürəklə, necə lazımdı eləyirdi ki, unudulmaz anasının,
Məryəm xanımın xatirəsini layiqincə yad eləsin, halal xoşu olsun. Saysız-hesabsız nəsillərin, əcdadların qoyduğu və qoruyub saxladığı adətlərin dərin mənasını Cəlil müəllim gündəlik zəhmət və qayğıda dərk etmişdi. Bu adətləri bütün qayda-qanunları ilə yerinə yetirəndə, insan arabir qanı qanından olan varlığı həmişəlik itirdiyini – bəşər övladının mövcud olduğu müddət ərzində ən dəhşətli və ağır dərdi unudur.
Qonşu arvadların hamısı Cəlil müəllimin arvadına kömək eləməyə gəlirdilər. Manafın da arvadı,
qızı gəlirdi. Cəlil müəllim Dilbəri bir neçə dəfə görmüşdü, gah mətbəxdə, gah da həyətdə üzüzə
gəlirdilər; onun baxışlarında kədər, həm də elə bir təəccüb vardı, ancaq Cəlil müəllim bu təzədən
başlamış gediş-gəliş barədə, aydın məsələdir ki, arvadına heç bir söz demədi, çünki yas evinin
qapısı gəlmək istəyən hər kəsin üzünə açıq olmalıdır. Birinci həftəni hər gün, sonra da anasının qırxı çıxana kimi hər cümə axşamı onlara gələn Manafla da Cəlil müəllim üzdən xoş danışırdı.
Yığdığının hamısını Cəlil müəllim bu qırx günün ərzində qəpiyinəcən xərclədi. Qətiyyən
heyifsilənmədən xərclədi, o qəti əmindi ki, bu cür müqəddəs vacib işdə qənaət eləmək onun kimi
adama yaraşmaz. Cəlil müəllim belə güman eləyirdi ki, bu adətin nə səviyyədə və səliqə ilə yerinə yetirilməsi, abırlı, camaatın hörmət və təqdirinə layiq adamları başqalarından – əsil-
nəcabətsiz, əksəriyyəti də pozulmuş adamlardan çox fərqləndirir.
Qardaşının adına qoyduğu pula Cəlil müəllim əl vurmamışdı, fikirləşirdi ki, ayağı möhkəm yer
tutana kimi Simurqa mütləq pul lazım olacaqdır. Özünün isə pula qətiyyən ehtiyacı yox idi,
gələcəkdə elə o qədər, hələ bəlkə ondan da artıq yığacaqdı, Allaha şükür, canı sağ-salamat, qulluq
işləri də qaydasında.
Cəlil müəllim anasının ölümünü Simurqa xəbər vermədi, əsgərlik vaxtının qurtarmasına hələ üç
ay qalmış qardaşının qürbət eldə qanını qaraltmaq, kədərləndirmək istəmirdi.
Qardaşının gəlməsini səbirsizliklə gözləyirdi. Özü onun otağının divarlarına yapışqanlı rəng çəkdi,
hətta üstünə naxışlar da vurdu. Pətəklərlə əlləşməyi də Cəlil müəllim çox xoşlayırdı, bəlkə də heç bağda işləməkdən az xoşlamırdı.
Əvvəl-əvvəl arılara yaxınlaşanda, Cəlil müəllim başına özünü qorumaq üçün xüsusi tor salırdı,
amma sonra arılar ona isinişdilər, indi torsuz da gedəndə dəymirdilər.
Ancaq yenə də hərdənbir sancırdılar. Cəlil müəllim arıçılığa aid məsləhət istəyəndə, pətəkləri
satan qoca arıçı ona demişdi ki, arılar onlara hirsli, əsəbi adam yaxınlaşanda hiss eləyirlər. Necə hiss eləyirlər, baş açmaq olmur, amma hiss eləyirlər və belə şeyi xoşlamırlar, bax, bu vaxt hətta sahiblərini də sancırlar.
Cəlil müəllim heç cür yadına sala bilmirdi ki, arılar onu sancanda o hansı əhval-ruhiyyədə onlara
yaxınlaşmışdı, bir də qocanın sözünə o qədər inanmırdı, xüsusilə ona görə ki, arıların sancması
onu çox da dilxor eləmirdi. Cəlil müəllim adamlardan eşitmişdi ki, arı zəhərinin insan orqanizminə yalnız xeyiri var. Hər şey qaydasında gedirdi, işdə də, məhəllədə də Cəlil müəllim qaydasında xoş güzəran sürürdü, bu güzərana o alışmışdı. Bu dövrdə onun kefi həmişə bir qaydada kök olurdu, işdən də, evdən də,
onu əhatə eləyən aləmin verdiyi hər şeydən də həzz alırdı.
Bir dəfə axşam tərəfi Manaf onlara gəldi, Cəlil müəllimi onun gəlişi o qədər də hirsləndirmədi.
Manaf içəri girən kimi ona işi düşdüyünü dedi və xahiş elədi ki, qızını Cəlil müəllimə tapşırılmış
rabitə idarəsinə bir işə götürsün.
Ədəb-ərkanla xahiş elədi ki, köməyini əsirgəməsin. Cəlil müəllim bir qədər fikirləşib dedi ki, onun öz yanında boş yer yoxdur, ancaq bir yaxın dostu ilə, qonşuluqdakı Çadrovı küçəsindəki aptekin müdiri ilə danışar.
Dilbər birinci gün aptekə işə gedəndən sonra Manaf bütün ailəsilə birlikdə Cəlil müəllimin yanına gəldi. Özü də, arvadı da çox razılıq elədilər. Dilbər təzə paltar geymişdi, başını daramış, üstündən də çəhrayı lent bağlamışdı, Cəlil müəllim onu heç vaxt bu səliqədə görməmişdi, pörtmüş qız heyran-heyran Cəlil müəllimə gülümsünürdü, minnətdarlıq eləyirdi, tutula-tutula, hər sözü kəkələyə-kəkələyə.
Onlar hədiyyə də gətirmişdilər – gümüş qənddan, gümüş qənd maşası, bir dəstə də qızılgül.
Cəlil müəllim dedi ki, Dilbəri çox abırlı bir adamın müdirlik elədiyi aptekə işə nə Manafın, nə də
onun ailəsinin xətrinə düzəldib, o öz borcunu yerinə yetirib, doğru yola qayıdan hər bir adama
kömək eləmək onun borcudur.
Cəlil müəllim təmkinlə, ancaq xeyirxah-xeyirxah danışırdı. Onlar durub getmək istəyəndə Cəlil müəllim gümüş qənddanı və maşanı Manafın qoltuğuna verdi. Manaf dirənmək istədi, ancaq Cəlil müəllim ona elə baxdı ki, Manaf dərhal susdu, Cəlil müəllim həmişə birisinə həddini aşdığını qandırmaq, onu yerində oturtmaq lazım gələndə belə baxardı. Qızılgül üçün isə Cəlil müəllim təşəkkür elədi. Nəhayət, Cəlil müəllim nə vaxtdan bəri həsrətində olduğu o xoşbəxt günü də gördü. Qatarın gəlməsinə bir saat qalmış özünü vağzala yetirdi. Simurqu bağrına basdı, uzun müddət buraxmadı, hiss elədi ki, çoxdan həsrətində olduğu sevinc bütün varlığını bürüyür, üç il bundan qabaq ürəyinin başında yaranmış boşluq anbaan dolur; qardaşını, yer üzündə ən əziz və yaxın adamını qucaqlamış Cəlil müəllim elə bil ki, insana həyat bəxş eləyən, gücünü onqat artıran dirilik çeşməsindən su içirdi.
Vağzaldan qəbiristana getdilər, Simurq özünü anasının qəbrinin üstünə atdı, ucadan hönkür-
hönkür, uşaq kimi, göz yaşı içində boğula-boğula ağladı.
Cəlil müəllim heç cür qardaşını sakitləşdirə bilmədi, axırda özü də ona qoşuldu, dəfn günündən sonra birinci dəfə ağladı, ağlayıb ürəyini boşaltdı, yüngülləşdi. Simurq bütün gecəni, sevinc dolu gözlərini ondan çəkməyən qardaşına, gəlinlərinə və qardaşı uşaqlarına, qardaşlara gözaydınlığı verməyə gəlmiş qonaqlara ordu həyatından, əsgərlik elədiyi
gözəl 56 yerdən danışdı. Maraqlı danışırdı, tez-tez oturanların indiyə kimi eşitmədikləri, bu
səbəbdən də mənasını ya tamam, ya da qismən başa düşmədikləri sözlər işlədirdi.
Qonaqlar getdilər. Cəlil müəllim arvad-uşaq yatana kimi gözlədi, sonra qardaşı ilə söhbətə başladı. Əvvəl-əvvəl öz hədiyyəsini, Simurqun adına yazılmış dörd yüz əlli manatlıq əmanət kitabçasını qardaşına verdi. Simurq çox mütəəssir oldu, mehriban-mehriban böyük qardaşının üzünə baxdı, ancaq dedi ki, pulu götürəsi deyil, çünki pul, ailə sahibi kimi, Cəlil müəllimə daha çox lazımdır, o, birtəhər keçinər, üstəlik də ordudan pulsuz qayıtmayıb. Hələ bəzi sovqatlar, hədiyyələr alandan və yolda xərcləyəndən sonra yetmiş manatı da qalıb, bu pul hələlik gen-bol bəsidir.
Cəlil müəllim özünü yalandan hirslənmiş kimi göstərib, ona acıqlandı və qardaşının etirazına
baxmayaraq, əmanət kitabçasını onun gimnastyorkasının döş cibinə basdı.
Bu məsələni qurtarıb, Simurqdan gələcək planlarını soruşdu. Bir xeyli məsləhət vermək, eləcə də harada özünün Simurqa köməyi dəyə biləcəyini, harada tanışlarının, dostlarının vasitəsilə ona əl tuta biləcəyini qabaqcadan öyrənmək arzusu ilə soruşdu. Cəlil müəllim qardaşının xatirinə nədən ötəri desən, kimə desən, hətta özü üçün ömründə heç bir
şey xahiş eləməyəcəyi adama da ağız açmağa hazır idi. Cəlil müəllim soruşdu ki, Simurqun, əsgərliyə getməmişdən istədiyi kimi, gələn il instituta girmək fikri varmı, soruşdu ki, qardaşı imtahanlar başlanana kimi işləmək istəyirmi və əgər istəyirsə, onda niyyəti harada işləməkdir. Soruşdu və susub Simurqun cavabını gözlədi. Şəxsi həyat planları, deyək ki, evlənmək, yaxud buna bənzər pərdəli məsələlər barədə heç bir şey soruşmadı, istəsə, qardaşı özü deyərdi.
Simurq dedi ki, institut barəsində hələ fikirləşməmişdir, ancaq orası yəqindir ki, gələn il heç bir yerə girmək fikri yoxdur, ola bilsin sonralar, özünü əməlli-başlı düzəldəndə bəlkə də oxudu, ancaq mütləq qiyabi oxuyacaq, əyani şöbəyə getməyəcək. Simurq bu sözdən sonra tələsik əlavə etdi ki, gündüz oxumaq istəməməsi təkcə ona görə deyil ki, qardaşına yük olmaq istəmir, xeyr, ona görə əyani oxumaq istəmir ki, asılı tələbə həyatı onu açmır, yaşının o vaxtı ötüb, ona görə də indi müstəqil adam kimi yaşamaq istəyir.
Simurqun, ali təhsil almaqla əlaqədar niyyəti, daha doğrusu, bu niyyətin olmaması, Cəlil müəllimi dilxor elədi, ancaq daha cəhlə girişmədi. Cəlil müəllim qəti ümid idi ki, həyatda layiqli yer tutmaq istəyən adam üçün ali təhsilin əhəmiyyətini, cavan olduğuna görə başa düşməyən qardaşını yavaş-yavaş dilə tutub, fikrindən döndərə biləcəkdir.
İşləmək barəsində Simurq dedi ki, öz sənətində işləyəcəkdir – orduda olanda şoferlik öyrənmişdir,
bu sənəti yaxşı bilir, birinci dərəcəli sürücülük vəsiqəsi alıb, buna görə də hər cür, hər gücdə
avtomobil nəqliyyatında, eləcə də xüsusi maşınlarda, “təcili yardım” da, milis maşınında,
yanğınsöndürən maşında işləyə bilər.
Cəlil müəllim üz-gözünü turşutdu, qardaşını o bu cür təsəvvür eləmirdi, ağlına gəlməzdi ki, mütləq
həkim görmək arzusunda olduğu, ən nəhayət, orta təhsili olan Simurq, qonşusu əyyaş Manaf kimi şoferlik eləyəcəkdir. Ancaq hər cür namuslu əmək şərəflidir, buna Cəlil müəllim qəti əmin idi, ona görə də dinmədi, yenə fikirləşdi ki, sonra Simurqu dilə tutub, onu boya-başa çatdırmış, tərbiyə eləmiş, eləcə də camaat arasında haqlı olaraq gözəl hörmət qazanmış, familiya və ad vermiş ailənin ad-sanına yaraşan fəaliyyət sahəsi seçməyə razı sala biləcəkdi. Gələcəkdə adının, indi Cəlil müəllimin adı kimi hörmətlə çəkilib-çəkilməməsi yalnız ad sahibinin özündən asılı idi. Öz şəxsi işləri barədə də Simurq elə təxminən oxumaq barədə dediklərini dedi; dedi ki, qazancı arvadını və uşaqlarını əməlli-başlı dolandırmağa çatmayınca evlənmək haqqında heç fikirləşmək istəmir. Cəlil müəllim uzun ayrılıqdan sonra birinci dəfə ata evində gecələyən qardaşına “gecən xeyrə qalsın” dedi və yatmağa getdi, yatmazdan əvvəl vaxtın necə sürətlə keçdiyini, qardaşının nə cür dəyişdiyini fikirləşib, bir neçə dəfə köksünü ötürdü, əsgərliyə getməmişdən qabaq, həlim,
yumrusifət, yeniyetmə Simurqun indi ülgüc dəymiş üzündə ağzının hər iki tərəfinə uzanan sərt qırışlar əmələ gəlmiş, baxışları ağır və zəhmli, iradəli, güclü cavan kişi olmuşdu. Simurq, birinci dərəcəli şofer kimi, “təcili yardım”, yanğınsöndürən, yaxud milis maşınında işləyə
bilərdi, ancaq bunların heç birinə getmədi, hətta taksiyə də düzəlmədi. Şəhərlərarası yük daşıyan
avtobazanın ağır yük maşınının sükanı arxasında oturdu. Çox işləyirdi, həvəslə işləyirdi. Bir
həftəliyə, on günlüyə gedir, evə tamam əldən düşmüş, arıqlamış, gecələr yolda yuxusuz
qaldığından çox vaxt rəngi avazımış qayıdırdı, ancaq üzü həmişə gülürdü, həmişə uşaqlara və
gəlinlərinə hədiyyə gətirirdi. Simurq hər dəfə qardaşına da mütləq hədiyyə gətirirdi. Özü də elə-belə, təsadüfən alınmış, ağına-bozuna fikir verilmədən, yalnız hədiyyə almaq xatirinə alınmış
şeylər gətirmirdi, Simurq qardaşına aldığı hədiyyələri diqqətlə seçirdi, onun zövqünü, istəyini nəzərə alırdı.
Hər dəfə Simurq qardaşının qəlbini kövrəldirdi, Cəlil müəllim iş seçmək məsələsində tərslik
elədiyinə görə Simurqdan çox incimişdi, ancaq bunu o, qətiyyən büruzə vermirdi, dərdini
ürəyində çəkirdi, yalnız hərdən soruşurdu ki, Simurq hələ çoxmu qaraçı kimi yaşayacaqdır. Ancaq bu inciklik, Simurq evdə olan günlərdə, Cəlil müəllimin onun istirahətinə, yemək-içməyinə göz qoymasına mane olmurdu. Simurqun yorğunluğu canından çox tez çıxırdı, elə gəldiyi günün səhərisi ya Cəlil müəllimlə bir yerdə bağda əlləşir, ya da oturub, səfərdə olarkən başına gələn
gülməli macəralardan danışır, onları əyləndirirdi.
Simurq deyirdi ki, işi çox xoşuna gəlir: həm təzə yerlər görür, həm də təzə adamlarla tanış olur,
üstəlik işinin bir yaxşı cəhəti də vardı – əgər tənbəllik eləməsən, fərasətin olsa və sənətinin ustası olsan yaxşı pul qazanmaq mümkündü.
Simurq yaxşı qazanırdı, pulu xəzəl kimi səpələyirdi, yaxın, ürəyi istəyən dostlarını səxavətlə qonaq eləyirdi, Cəlil müəllimin qulağına çatırdı ki, qardaşını tez-tez restoranlarda görürlər.
Cəlil müəllim bu söhbətlərə qulaq asanda dilxorçuluğunu bacarıqla gizlədir, özünü kiçik qardaşının başqa əməllərindən də xəbərdar adam kimi aparırdı. Simurq yaxşı geyinirdi, baxan deyərdi ki, əyninə yaxşı oturan modalı kostyum geymiş bu ucaboy, gözəl oğlan yəqin ya müxbirdir, ya televiziya bəstəkarı, ya da hətta ustalardan ibarət “A” qrupu futbol komandasının oyunçusudur. Yük avtobazasına işə girəndən altı-yeddi ay sonra isə fürsət tapıb, otaqda ikisi tək qalanda, Simurq cibindən bir çəngə pul – dörd yüz əlli manat çıxartdı və qardaşına qayğıkeşliyinə görə çox möhkəm dil-ağız eləyib, pulu ona uzatdı.
Cəlil müəllim:
– Mən bu pulu sənə borc verməmişəm, bağışlamışam, – dedi.
Bu zaman Simurq əmanət kitabçasını cibindən çıxartdı və bu sərvət sahibinin nəinki mayaya
dəymədiyini, hətta əksinə, onu xeyli artırdığını, altı yüz əlli manata çatdırdığını sübut eləyən
səhifəni açdı.
Simurq Cəlil müəllimə dedi:
– Gördünmü? – Simurqun kefi həmişəki kimi kök idi, həmişəki qaydada mehriban-mehriban,
ehtiramla gülümsünür, qardaşının üzünə baxırdı, onun bu cür gülümsəməsi Cəlil müəllimin
xoşuna gəlirdi.
– Mən özümə korluq vermirəm. Pulunu arxayınca götür. Əl tutduğuna görə sağ ol. Əgər işdir, sənə
pul lazım olsa, mənə deyərsən.
Çox xahiş eləyirəm!
Cəlil müəllim Simurqu təriflədi, dedi ki, əhsən Simurq, həyatda nə isə bir məqsədə çatmaq istəyən kişi kimi, doğru yol tutmuşdur. Dedi ki, Simurqun qaytardığı pulu onun nə indi, nə də gələcəkdə almaq fikri yox idi, çünki onun
qardaşına açıq ürəknən vermişdi, indi də yalnız ona görə götürür ki, görür Simurqun pulu çoxdur.
Bu sözləri Cəlil müəllim qardaşının müvəffəqiyyətinə ürəkdən sevinə-sevinə deyirdi, hətta bu dəfə o, alicənablıq eləyib, Simurqa, onu başqa, daha sakit və abırlı işdə görmək arzusunu xatırlatmadı.
Ancaq Cəlil müəllim üç il ərzində qardaşının adına yığdığı pulu götürəndə nədənsə fikirləşdi ki, bu
pula onun bərk ayaqda daha çox ehtiyacı olacaq.
Xatırladı ki, əsgərlikdən qayıdan gün bu pulu Simurqa verib ona öz qayğı və diqqətini sübut etmək imkanı qazanmaq xatirinə o, az qala qırx dəfə əmanət kassasına ayaq döymüşdür.
Sonra Simurqun pulu ona necə qaytardığını xatırladı: çox asanlıqla qaytarmışdı, görünür, elə o cür asanlıqla da qazanmışdı. Köksünü ötürdü və qəlbinə hakim kəsilən dumanlı şübhəni qovmağa
çalışdı. Cəlil müəllimin ürəyinə dammışdı ki, onun həyatında nə isə yeni, qeyri-adi və qəribə bir
dövr başlayır. Ancaq o vaxt, Cəlil müəllim nə qədər uzaqgörən və ayıq adam olsa da, bu yenilik, həmin gün Cəlil müəllimin çox aşkar hiss elədiyi başlanğıcın ona və onun yaxın adamlarına nə verəcəyini başa düşə bilmədi.
Bəd xəbəri o öz kabinetində əyləşib gələcəkdə rabitə şöbəsinin işini daha da yaxşılaşdırmaq üçün konkret tədbirlər fikirləşdiyi vaxt eşitdi.
Rabitə şöbəsi yaxşı işləyirdi. Abunəçilər də, müştərilər də şöbədən razılıq eləyirdilər, nazirlikdə də şöbənin yaxşı işini layiqincə 60 qiymətləndirirdilər: müşavirələrdə şöbəni nümunə göstərirdilər, eyni zamanda, haqlı olaraq mütləq kollektivin əhaliyə xidmət işində qazandığı
müvəffəqiyyətlərdə, onun daimi rəhbərinin – Cəlil müəllimin böyük xidmətini də qeyd edirdilər.
Lakin müvəffəqiyyət Cəlil müəllimin başını gicəlləndirmirdi. Həmişə özünə xatırladırdı ki, indiki böyük sürət dövründə qazandığınla kifayətlənib dayanmaq, geri qalmaq deməkdir, ona görə də işdə qüvvə və bacarığını əsirgəmirdi.
Onu fikir-xəyaldan, bu rabitə idarəsində iyirmi ilə yaxın bağlamalar göndərilən şöbədə işləyən
Məmməd Babanlının gəlişi ayırdı. Üzünün ifadəsindən və qapını arxasınca möhkəm örtməsindən Cəlil müəllim o saat başa düşdü ki, nə isə bir pis xəbər var, ancaq aydın məsələdir ki, nə qədər ayıq olsa da, bunun nə olacağını təsəvvür eləyə bilmədi. Məmməd dinməzcə stola yaxınlaşdı və axşam qəzetini Cəlil müəllimin qabağına qoydu, qəzet elə qatlanmışdı ki, məqalənin iri hərflərlə yığılmış “Avtomobil fırıldaqçıları və yüngül qazanc” başlığı və onun felyeton janrına mənsub olduğunu göstərən yarımsərlövhəsi dərhal nəzərə çarpırdı.
Cəlil müəllim məqaləni oxuyur və bir kimsənin köməyi olmadan, yalnız öz bacarığı hesabına uzun illərdən bəri çətinliklə qazandığı hər şeyin necə uçub dağıldığını və məhv olduğunu hiss eləyirdi.
Məqalə Simurqun haqqında idi. Daha doğrusu, Simurqdan başqa da bir xeyli adamın adı çəkilirdi.
Ancaq Cəlil müəllim öz familiyasını bir neçə yerdə gördü. Felyetonu Cəlil müəllimin xoşuna gələn müəllif yazmışdı. Cəlil müəllim həmişə onun yazılarını bəyənir, fikrinə şərik olurdu. Bu dəfə də müəllif öz üslubuna sadiq qalmışdı. Yük avtobazası rəhbərlərinin maymaqlığından və səhlənkarlığından sui-istifadə edərək şübhəli işlərlə, fırıldaqçılıqla məşğul olan, ölkənin şimalı rayonlarına xəlvəti tərəvəz və meyvə daşıyan,
müqabilində həmin iş üçün müəyyən edilmiş ən yüksək haqdan da qat-qat çox pul alan bir dəstə
əliəyri adamın fəaliyyətini və onların necə ifşa olunduqlarını dəlil-sübutla qələmə alırdı.
Axırda həmişə olduğu kimi, müəllif felyetonun qəhrəmanlarının öz cəzalarını alacaqlarına əmin
olduğunu bildirir və geniş ictimaiyyətdən yuxarıda, haqqında danışılan adamların və onlar kimi artıqtamah cinayətkarların əməllərinə göz yummamağı xahiş edirdi.
Felyeton Cəlil müəllimə çox ağır təsir elədi. Çox ağır. O bilirdi ki, bu cür bədbəxtliyə, müsibətə
layiq deyil, elə bir günah iş tutmamışdır ki, başına da bu müsibət gəlsin, ona görə özünün özünə
yazığı gəldi. Axı adamı da bu cür möhkəm, həm də gözlənilmədən vurmaq olarmı, özü də necə
adamı, onu, Cəlil müəllimi. Nədən ötrü?!
Cəlil müəllim yalnız indi, son ayda olmuş bəzi xırda-para əhvalatları xatırladı, o, başı qarışıq
olduğuna görə, eləcə də qardaşına hədsiz inandığı üçün bunlara fikir verməmişdi.
Yalnız indi başa düşdü ki, Simurq son ayda niyə bircə dəfə də səfərə çıxmamışdı. Axı felyetonda
açıq deyilirdi ki, sayıq avtomobil müfəttişi onun sürücülük vəsiqəsini bir ay bundan qabaq
almışdır, bəlkə də aydan bir az artıq olardı.
Bir də Cəlil müəllimə o ağır gəlirdi ki, qardaşı ona heç bir şey deməmişdi, əhvalatı, ailəsində,
evində olub-keçənləri o, şəhər qəzetindən öyrənirdi. Bu an Cəlil müəllim aydın başa düşdü ki, axşam qəzetinin bugünkü nömrəsi onu məhlə adamları arasındakı nüfuzunun və hörmətinin
üstündən birdəfəlik qələm çəkir, indiyə kimi təmiz, ləkəsiz familiyalarına təmizlənməsi, yuyulması
mümkün olmayan qara yaxır.
Cəlil müəllim başını qaldırdı, qabağında dayanmış Məmməd Babanlını gördü. O, Məmmədin
otaqda olduğunu tamam unutmuşdu.
Cəlil müəllim təzədən başını aşağı saldı.
Məmməd müdirinin aşağı əyilmiş başına bir xeyli də baxdı və dilxor-dilxor köksünü ötürdü. Onlar
çoxdan tanışdılar – o vaxtlar Cəlil müəllimin hələ əsasən cəbhədəki və arxadakı vəziyyətdən yazan qəzet bağlamaları daşıyırdı. Məmməd isə hərbi xəstəxanadan gəlmişdi, yaraları sağalandan sonra təzəcə işləməyə başlamışdı.
Məmməd hər il, özünün dediyi kimi: “həyata qayıtdığım möcüzəli günü” təntənə ilə qeyd edir,
böyük qonaqlıq verirdi. Məmməd o günü – tələsik geri çəkilən tibb hissəsi sanitarlarının onu
təsadüfən, qaranlıqda çayın sahilində, ölü kimi özündən getmiş halda tapıb katerlə səhra hərbi
xəstəxanasına aparmalarını heç kimə danışmamışdı.
O, huşunu itirənə kimi, uzun saatlar ərzində nə müsibət çəkdiyini də bir kimsəyə deməmişdi...
Məmməd sağ ayağını çəkə-çəkə balaca pəncərə ilə üstünə tərəzi qoyulmuş stolun arasında
vurnuxur, yorulmaq bilmədən bağlamaları qablaşdırır və sağ əli ilə, abırlı-başlı adicə insan əlindən daha çox xərçəng qısqancına oxşayan salamat qalmış baş və şəhadət barmağı ilə qəbz yazırdı.
Adamlar isti paltarlar yığılmış qutuların ağzını mıxlamazdan qabaq, oddan-alovdan çıxmış cəbhəçi Məmməd kişi ilə məsləhətləşirdilər, o da son qəpiyini verib cəbhədəki əziz adamı üçün isti paltar almış adama xoş söz deyir, tərifləyirdi. İlk yeddi-səkkiz ay ərzində bağlamalar sel kimi bir
istiqamətə, Bakıdan qərbə gedirdi, bu bağlamalardan sarımsaq, soğan, kolbasa, duzlu balıq və başqa yeməli şeylərin iyi gəlirdi.
Məmməd həmişə Cəlil müəllimin hörmətini saxlayırdı, xətrini istəyirdi. Doğrudur, bəzən araları sərin də olurdu, bir yerdə işləyəndə bunsuz ötüşmək mümkün deyil, ancaq bu xırda söz-söhbətləri hər ikisi çox tez unudurdu. Cəlil müəllimin xətrini müstəqilliyinə və işgüzarlığına görə Məmməd çox istəyirdi, onun hələ yeniyetmə vaxtlarından nə cür olur-olsun adam olub ortaya çıxmaq arzusu, yorulmaq bilmədən çalışması Məmmədin çox xoşuna gəlirdi, eyni zamanda da təzəcə müdir qoyulduğu günlərdə tez-tez, elə sonralar da hərdənbir Cəlil müəllimin özünü çəkməsini, kübar davranışını, ədasını görəndə o öz-özünə gülürdü.
Amma indi Məmməd dinməzcə Cəlil müəllimin qarşısında dayanmışdı, ona yazığı gəlirdi, müdir
başını yuxarı qaldıranda isə onun gözlərində çaşqınlıq və kədər gördü, Məmmədin aləmində bu
lal yalvarış məsləhət və kömək diləyirdi.
– Axşam qəzetinə abunə yazılışı hələ gələn ildən elan ediləcəkdir, – Məmməd aram-aram dedi, o
yavaş-yavaş, ehtiyatla Cəlil müəllimi hazırlamaq istəyirdi. – Nazirlikdə deyiblər ki, gələn ildən ona
abunə yazılmaq olar...
Cəlil müəllim səsi titrəyə-titrəyə soruşdu:
– Abunənin bura nə dəxli var? Doğrudanmı sən elə bilirsən ki, bu saat mənim yadıma abunə
yazılmaq düşür?
– Heç harada yazılmayıb ki, bir adam neçə qəzet ala bilər, – Məmməd ağır-ağır sözünə davam
elədi. – Hər kəs istədiyi qədər ala bilər, məsələn, birisi bu şənbə günü rayona verilmiş tirajın
hamısını ala bilər, bir başqası da həmin gün, görünməmiş işdir məgər, qəzetsiz qalar. Lap elə
başqa rayonlara da getmək olar, Allaha şükür, qəzet köşklərindəki satıcıların hamısı tanışdır.
Maşınımız da var.
Məmməd ötəri Cəlil müəllimin üzünə baxdı, üzündə intizar, ümid sezdi, sifətinin durulduğunu
gördü.
– Bizim rayonun tirajını mən bütünlükdə saxlamışam, Səmədovdan xahiş elədim, qoydu mənim şöbəmdə, cəmi beş mindir.
Başqa rayonların köşklərində isə axşam qəzetini bir saatdan, qırx dəqiqədən sonra satmağa
başlayacaqlar... Bir də bütün rayonlar bizim nəyimizə lazımdır, – təkcə Yeddinci paralel
küçəsindəkini, bir də beşmərtəbənin yanındakını çatdırıb almaq lazımdır.
Sonrakı işlər elə bil duman içində baş verirdi. Cəlil müəllim dinməz-söyləməz Məmmədin ardınca
getdi, maşına əyləşdi.
Əvvəlcə əmanət kassasına dəydilər, Cəlil müəllim iki yüz manat pul götürdü, sonra bir neçə köşkə
baş çəkdilər. Cəlil müəllim maşının küncünə qısılmışdı, onlar köşkə çatmamış, yarım tin qalmış
dayanırdılar. Məmməd tanış satıcı ilə nə isə danışır, sonra da qoltuğunda qəzet bağlaması qayıdıb gəlirdi. Cəlil müəllim neçə dəfə onun ardınca qışqırıb demək istədi ki, tez ol qəzetlərin hamısını qaytar ver, təcili satsınlar, o, vəzifəsindən şəxsi mənafeyi üçün istifadə etmək istəmir...