Ondan yaxşı qardaş yox idi – IV HİSSƏ
Məmmədi saxlamaq istəməsi Cəlil müəllimin yadında dəqiq qalmışdı. Amma saxlamamışdı.
Əksinə, dinməzcə, sözünü kəsmədən Məmmədin mühakimələrini dinləmişdi, bütün bu üzücü
səfərin əvvəlindən ta axırına kimi Məmməd elə hey deyirdi ki, o dəqiqə çıxardıb pulunu nağd
verirsə, onda hər bir vətəndaşın ömründə bir dəfə on min nüsxə qəzet almağa haqqı var.
O, şövqlə, səmimi danışırdı, tutduqları işə heç bir məna vermirdi, ona görə də Cəlil müəllimə bir
neçə anlığa elə gəldi ki, Məmməd haqlıdır, o heç bir pis iş görmür, bərk ayaqda cibinin pulunu
verib qəzet alır. Ancaq həmin gündən sonra bir fikir, cinayət eləməsə də hər halda, çox ləyaqətsiz
bir işə qoşulması fikri ona çox əzab verirdi, Cəlil müəllim fikirləşirdi ki, indi bu əhvalatdan sonra
gələcəkdə o hələ nə qədər səy göstərməli, çalışmalıdır ki, həmin günü unuda bilsin.
Cəlil müəllim hava qaralanda evə qayıtdı. Məmmədlə köməkləşib qəzet bağlamalarını həyətə daşıdılar, çinçin eyvanın o başına yığdılar, Cəlil müəllim arvadına və uşaqlarına bərk-bərk tapşırdı ki, qəzetlərə heç kim əl vurmasın.
Məmməd nahar elədi, axşamdan xeyli keçənə kimi oturdu və qonşulardan heç birinin felyetonu
oxumadığına tamam arxayın olandan sonra çıxıb getdi. Aydınlıq şənbə axşamında Cəlil müəllimə
baş çəkməyi özünə borc bilən adamların sorğu-suala başlamamaları da onu xatircəm etdi.
Məmməd çoxdan getmişdi, evdəkilərin hamısı yatmışdı, amma Cəlil müəllim qaranlıqda eyvanda
oturmuşdu, məhəccərə dirsəklənib haradasa ləngimiş Simurqla ciddi və xoşagəlməz söhbətə
hazırlaşırdı.
Çox gözlədi, sonra bugünkü yorğunluq və həyəcan üstün gəldi, qazanların sakitlik gətirən uğultusu və həyətdə cırıldaşan cırcıramaların səsi altında yuxuya getdi. Cəlil müəllim kiminsə yavaşca çiyninə toxunduğunu hiss eləyib, yuxudan ayıldı. Gözünü açdı, ala-toranlıqda qardaşının sifətini gördü. Simurq astadan dedi:
– Axşamın xeyir.
Cəlil müəllim qardaşının üzünə yuxulu-yuxulu baxırdı, uzun mürgüdən hələ tamam ayılmamışdı.
Təbiətin xəsisliyi üzündən insanlara çox fövqəladə halda, cəmisi bir neçə anlığa qismət olan bir vəziyyətdə idi, bu zaman insanın beynini heç nə məşğul eləmir və o, vaxtın heç kim tərəfindən hesablanmamış anları ərzində onu əhatə eləyən aləmi, heç bir şey fikirləşmədən, heç bir şey xatırlamadan dərk eləyir. Cəlil müəllim qardaşını görəndə xoş, sakitləşdirici bir sevinc duydu. Bu sevinc ona Simurqdan keçirdi. O, sevinc duydu və bu sevinc onu güldürdü, bu qısa gülüş elə bil Cəlil müəllimin sinəsinin dərinliklərindən gəlirdi. Simurq əlini onun çiynindən götürmədən dedi:
– Elə yaxşı yatmışdın ki, ağadadaş, qıymırdım oyadam.
Cəlil müəllim soruşdu:
– Çoxdan gəlmisən?
– İndicə, bu dəqiqə gəlmişəm. Qarpız gətirmişəm, sən otur, mən bu saat kəsib gətirərəm.
Onlar şirin, sərin qarpız yeyirdilər, Cəlil müəllim Simurqla ciddi söhbətə nədən başlayacağını
götür-qoy eləyirdi. O, əllərini yudu, Simurq qarpız qabıqlarını stolun üstündən yığışdırıb atana və
işığı yandırana kimi gözlədi. Cəlil müəllim dinməz-söyləməz Simurqu dəhlizin küncünə yığılmış
qəzet qalaqlarının yanına apardı.
Simurqun gözləri kəlləsinə çıxdı, qəzet qalağına baxa-baxa soruşdu:
– Bu nədir?
Cəlil müəllim dedi:
– Xəcalətdən tər tökə-tökə qəzet köşklərini gəzib bugünkü qəzetin bütün nömrələrini almışam.
– Niyə? – Simurq soruşdu. – Bu qədər qəzet nəyinə lazımdır? – Cəlil müəllim onun səsində təəccüb nişanəsi duydu. – Olmaya sən bu qəzeti, felyeton çap olunmuş qəzeti almısan? Məndə var. Birini almışam.
Simurq cibindən bir əzilmiş qəzet çıxartdı, döşəmənin üstünə qalaqlanmış, ən az uduşlu
lotereyadan da fərqli olaraq içərisində tək bircə dənə uğurlu nüsxə olmayan neçə min qəzetin
birini.
Cəlil müəllim dilxor-dilxor dedi:
– Doğrudanmı mən bunu sənə hələ izah da etməliyəm? – Ailəsinin mənafeyi naminə, Simurqun və özünün təmiz adı naminə nə cür işə girişdiyini qardaşının başa düşməməsi Cəlil müəllimə yaman yer elədi. – Biz danışmalıyıq.
Danışdılar. Simurq dedi ki, işində möhkəm qanqaralıq olmuşdu, ona görə də işdən çıxmağa
məcbur oldu. Sürücülük vəsiqəsini qaytardılar, işdən azad elədilər. O, əlbəttə qeyri-qanunu
işlərdə əli olduğunu bilirdi, ancaq bu fırıldaqlarda fəal iştirak eləmirdi, eləbelə, işdən sonra
səfərlərə çıxır və dilini saxlayırdı, bunun müqabilində də ona yaxşı pul verirdilər. Onu məhkəməyə verməyəcəklər, saxta sənədlərdə əli olmadığını, eləcə də təmiz keçmişini, ordudan verilmiş gözəl xasiyyətnaməsini nəzərə alıblar.
Simurq dedi ki, bədbəxtlik üz verəndən sonra, əlbəttə, qardaşını yad adam hesab elədiyinə görə
yox, sadəcə qanını qaraltmaq istəmədiyi üçün heç bir şey deməmişdir.
– İndi başa düşdünmü ki, onda sənə “şoferliyə getmə” deyəndə haqlı idim? Yadındadır, sənə necə yalvarırdım? Sözümə qulaq assaydın, heç bu rüsvayçılıq da olmazdı!
– Nə rüsvayçılıq? Mən nə oğurluq eləmişəm, nə də adam öldürmüşəm, elə-belə, bir xatadır
eləmişəm. İşdir olub. Kimin başına gəlmir?
Cəlil müəllim dedi:
– Sən heç olmasa məni fikirləşəydin. Ailəmizi tanıyan adamları nəzərə alaydın...
– Olmaya qonşularımızı deyirsən? – Simurqun səsində əsəbilik duyuldu. – Cəlil, niyə sən indi mənə qonşulardan söz salırsan? Mənim qonşularımızla nə işim var?
Onlar çox söhbət elədilər, Cəlil müəllim hiss eləyirdi ki, Simurq ona ehtiram və hörmətlə qulaq
asır, ancaq sifətində nə isə qəribə bir ifadə var, elə bil ki, Cəlil müəllimin dediklərinin hamısını o,
çoxdan bilirdi, ona görə söhbət çox da maraqlı deyildi. Doğrudur, axırda o, qardaşının dediklərinin hamısı ilə razılaşdı və söz verdi ki, başqa işə gedəcək, şoferlik eləməyəcək. Ancaq könülsüz-könülsüz, demək olar ki, etinasız razılaşdı, nə isə öz aləmində idi.
Cəlil müəllim:
– Bəlkə sənə bir köməyim dəydi? – deyə soruşdu və Simurqa bu sualı verməsinə elə həmin dəqiqə,
özü də çox möhkəm peşman oldu.
– Sən? – Simurq təsvirəgəlməz bir təəccüblə soruşdu. O, başını qaldırıb diqqətlə, dodaqlarında
çətinliklə sezilən təbəssüm, Cəlil müəllimin üzünə baxdı. – Mənə sənin nə köməyin dəyə bilər?
– Fikirləşərik, – Cəlil müəllim bir az duruxandan sonra dedi. – Fikirləşmək lazımdır. – O, deməyə
söz tapmırdı, ona görə də alnını ovuşdururdu. – Fikirləşmək lazımdır. Məsləhətləşmək...
– Heç kimlə məsləhətləşmək lazım deyil, Cəlil, – Simurq mülayim-mülayim dedi. – Mən balaca
uşaq deyiləm, özüm iş taparam. Sən narahat olma, hər şey kefin istəyən kimi olacaq. Yaxşı? – O, qardaşının nə cavab verəcəyini
gözlədi, amma Cəlil müəllim dinməzcə başını tərpətdi. – Mən bəzi şeylər fikirləşmişəm.
Əməllibaşlı yerinə yetərəm, sonra bu günlərdə hər şeyi sənə danışaram. Gecən xeyrə qalsın.
O öz otağına getdi. Cəlil müəllim isə hələ yatağına girməmişdən qabaq xeyli vaxt qaranlıq eyvanda
oturdu, qəzet köşklərini gəzməsini, Simurqla söhbətini bütün təfsilatı ilə yadına saldı, ürəyinə
qüssə doldu, güzgüyə baxıb, öz sifəti əvəzinə qəflətən başqa bir üz – yazıq baxışlı yad, miskin bir sifət görən, eyni zamanda da bundan belə həmin sifətin onun olacağını, ondan heç cür yaxa
qurtara bilməyəcəyini başa düşən adam kimi özünü itirdi.
Simurq çox işsiz qalmadı. İş tapması bir həftə, bəlkə də bir az artıq çəkdi. Səhər tezdən evdən çıxır, axşam qayıdırdı, şam vaxtı həvəslə danışırdı ki, ürəyinə yatan iş axtarır, elə yer istəyir ki, çox pul versinlər, iş maraqlı olsun, ən başlıcası isə vaxtını çox almasın, çünki gələn il ya axşam, ya da qiyabi institutda oxumaq istəyirdi, imtahanlara hazırlaşmalı idi. Deyirdi ki, lap az qalmışdı o cür
bir yer tapsın, maaşı da yaxşı, bütün ayı sərasər xərclə, yenə də qurtara bilməzsən, ilin axırında
da mükafatını zərfin içində gətirib qoyurlar stolun üstünə, səhərlər də işə gedəndə hər işçinin
dalınca qapısına maşın gəlir, özü də bu gözəl idarənin rəhbəri xeyli dilə tutandan sonra o, az
qalmışdı ki, işləməyə razılıq versin, ancaq bir şərti eşidəndə başını götürüb qaçdı. Bu yerdə Simurq susdu, özünü başı yeməyə qarışmış kimi apardı, sözünə ara verib, söhbətə çox gərgin, diqqətlə
qulaq asan, sadədil Leyla xanımın, – görəsən, bu necə dəhşətli şərtdir ki, ona görə Simurq
işləməyə razı olmamışdır, – sualından sonra dedi ki, o hər necə olur-olsun ağ əlcəkdə, qara
qalstukda işləməyə razı olan deyil, tapdığı yerdə isə bu məcburidir, bu şərti heç cür pozmaq
olmaz. Leyla xanım onu dilə tuturdu ki, bir əməlli-başlı fikirləşsin, belə boş şeydən ötrü o cür gözəl
işi əlindən çıxartmasın, amma Simurq sözünün üstündə möhkəm dururdu; Leyla xanımı başa
salırdı ki, adam gərək uzaqgörən olsun, bu gün işə ağ əlcəkdə getməyə razılıq verərsən, sabah
səni könlün qətiyyən istəməsə də, quru kütüm balığı ilə pivə içməyə məcbur eləyərlər.
Leyla xanım hirslənib əlini-əlinə vurur və deyirdi ki, Simurqun bu cür vasvası və tərs adam
olduğunu ömründə ağlına gətirməzdi.
Cəlil müəllim arabir gülümsünə-gülümsünə bu söhbətlərə qulaq asır, ancaq qardaşına iş
barəsində heç bir sual vermirdi.
Bir axşam isə Simurq evə kefi kök qayıtdı və dedi ki, nəhayət, ürəyinə yatan, xoşuna gələn iş tapıb,
həm də bu işdə qalstuk, ağ əlcək barədə heç söhbət açan da olmadı.
Ümumiyyətlə, demək olar ki, bütün qadınlar kimi, zahiri firavanlığa, təmtərağa çox əhəmiyyət
verən Leyla xanım soruşdu:
– Səhərlər dalınca maşın da gələcəkmi?
– Maşını soruşmaq yadımdan çıxdı. – Simurq təəssüflə cavab verdi, – amma dəqiq bilirəm ki,
katerim olacaq, hərdən vertolyot da olacaq. Sən, Leyla xanım, heç vertolyotda uçmusan?
Cəlil müəllim bunun zarafat olmadığını başa düşdü:
– Harada işə düzəlmisən?
– Təsadüfən oldu, ancaq mənə elə gəlir ki, bəxtim gətirib, – Simurq çəkinə-çəkinə danışırdı, hiss
olunurdu ki, qardaşının kön- 68 lünü almaq, onu razı salmaq istəyir. – Zaur Nağıyevə rast gəldim,
çoxdan görmürdüm, orta məktəbi bitirəndən bəri birinci dəfədir ki, görüşürdük. Yadına gəlirmi,
ağadadaş, o hərdən bizə gəlirdi?
– O, baş milis idarəsində işləyən, arvadından ayrılan kişinin oğlu?
– Hə, hə... O indi neft institutunda qiyabi oxuyur, bu yaxınlarda bitirməlidir. İşgüzar oğlandır, boş-
boş danışan adam deyil. Məktəbi qurtaran kimi işə girib. İndi buruq ustasıdır, institutu bitirən kimi
də sahə rəisi təyin eləyəcəklər, qəti söz veriblər. O, dəniz neft qazma idarəsindədir. On gün
dənizdə olur, əvəzində on gün də evdə.
– Aydındır. Neft daşlarında işləyir?
Simurq dedi:
– Ona oxşar bir şeydir, amma bir az ayrı cürdür, onlar yeni özülləri istifadəyə verirlər. Zaur hər
şeyi mənə ətraflı başa salıb, dənizdə polad ada salınan kimi, onlar bu adada işləməyə başlayırlar...
Cəlil müəllim dedi:
– Hər şey aydındır. Elə bir yaxşı iş deyil. Təhlükəli işdir. Gecəgündüz açıq dənizdə. Ancaq bir şeyi
başa düşə bilmirəm, orada sən nə iş görəcəksən, sən ki, neftçi deyilsən?
– Bu dəqiqə hamısını sənə başa salım, – Simurq tələsik qardaşının sözünü yarımçıq kəsdi. –
Əvvəla, heç bir təhlükəsi yoxdur. Zaur mənə hər şeyi danışıb, deyir ki, bircə dilxorçuluğu var, qəfil xəzri başlayanda, işdən artıq bir neçə gün də dənizdə qalmalı olursan, ancaq bunun əvəzinə, neçə gün artıq qalmısansa, o qədər də istirahət verirlər, ikincisi, onlara dizelçi lazımdır, mən də dizeli beş barmağım kimi bilirəm, orada maaş da şəhərə nisbətən ikiqat çoxdur, üstəlik planı dolduranda, mükafat da düşür, planı da onlar hər ay artıqlaması ilə yerinə yetirirlər. Hələ hər il, staja görə, maaşın artmasını demirəm. Çox vacib bir məsələ də var, – Simurq dedi, – institut məsələsi: dəniz neftçilərini birinci növbədə götürürlər, qiymətlərinin necə olmasının əhəmiyyəti yoxdur, təki imtahanların hamısını verə bil, lap hamısı üç olsun. Hansı kurorta desən putyovka da verirlər. Kefin haranı istəyirsə, ora da get.
Cəlil müəllim dedi:
– Özün bilərsən. Bir halda ki, girmisən, daha danışmağa dəyməz. Ancaq mən istəməzdim ki, doğma qardaşım gecə də, gündüz də dənizdə suyun içində olsun, guya bu böyüklükdə şəhərdə ona iş tapılmır... Adamlar kənddən-kəsəkdən Bakıya qaçırlar, işə girirlər, hara gedirsən işçilərin hamısı keçmiş kəndçilərdir, akademik olurlar, amma sən... – Cəlil müəllim dilxor-dilxor əlini yellətdi.
Simurq dedi:
– Hər şey lap yaxşı olacaq, Cəlil. Mən bu gün ora getmişdim, əsl mənim yerimdir. Müstəqil işdir,
yaxşı qazanmaq da mümkündür, gələcəyi də var.
Cəlil müəllim nisgilli-nisgilli soruşdu:
– Bəs tibb institutuna girmək fikrin yoxdur?
– Nə danışırsan! Ömrümdə bircə dəfə hərbi xəstəxanada olmuşam, qolum zədələnəndə,
dərmanların iyindən az qalırdı öyüyüm.
Həkimlik mənim işim deyil.
Leyla xanım dedi:
– Sən heç hərbi xəstəxanada yatdığını bizə yazmamısan.
– Elə bir ciddi iş deyildi. Qolum çıxmışdı, yerinə saldılar, beş gün saxlayıb buraxdılar. Orada mən
necə qorxular keçirmişəm, yox, həkimlik mənim işim deyil.
– Demək, qəti fikrindir?
Simurq dedi:
– Bəli.
– Eyibi yoxdur. Nə deyə bilərəm ki? Allah amanında. Mənim istədiyim bircə odur ki, sənin bütün işlərin yaxşı olsun.
– Bilirəm, ağadadaş. Simurq təzə işdə elə qızışmışdı ki, heç onu tanımaq olmurdu. Hər dəfə növbədən qayıdanda bir neçə gün üst-başından neft və dəniz iyi gəlirdi, işi haqqında
Simurq çox həvəslə, şövqlə danışırdı, ev adamları və qonşular bu söhbətlərdə çoxlu yeni və
maraqlı şeylər eşidirdilər, bu da təəccüblü idi ki, lap böyürlərində olan, bütün qəzetlərin haqqında
yazdığı, televizorda göstərdiyi həmin bu Neft daşlarında heç kimin təsəvvür eləmədiyi işlər,
əhvalatlar vardı.
Həmin bu süni adalarda, ümumiyyətlə, bütün Neft daşları ərazisində içkinin qəti qadağan
olduğunu və bu qaydanı ən böyük rəisdən tutmuş ta Neft daşlarına bircə günlüyə gəlmiş jurnalistə
kimi, heç kimin pozmağa cəsarət etmədiyini eşidəndə hamı hədsiz dərəcədə təəccübləndi.
Neft daşlarına gətirilmiş adicə televizorların təkcə Bakı və Moskva proqramlarını deyil, hərdən
başqa kanallarda qəflətən Həştərxanı, Krasnovodsk, Pyatiqorsk və başqa naməlum xarici stansiyaları da demək olar ki, tərtəmiz tutmasına təəccüb elədilər.
Hər şeydən görünürdü ki, Simurq öz işindən razıdır və bu işdən əl çəkmək fikri yoxdur. Hər dəfə söhbət eləyəndə Simurq təhlükəsizlik qayda-qanunlarını müfəssəl təsvir eləyir, xüsusi
təhlükəsizlik xidmətinin sərəncamına verilmiş ən müasir vertolyotları və katerləri sadalayırdı, Cəlil
müəllim başa düşürdü ki, qardaşı bunu onun xatirinə eləyir.
Simurq dedi:
– Sən, xahiş eləyirəm, heç bir şeydən nigaran qalma. Mənə orada heç nə olmaz. İşim yaxşı işdir...
Mənə elə gəlir ki, sən deyəsən nədənsə narazısan. Allah xatirinə de, sən necə buyursan, o cür də eləyəcəyəm.
Cəlil müəllim dedi:
– Mən səndən razıyam. Bir də mən çox şey istəmirəm, təki sağsalamatlıq olsun. – Son vaxtlar Cəlil müəllim özündə getdikcə artan, nə isə ona tamam yad olan bir laqeydlik duyurdu. İşə o qədər həvəslə getmirdi. Əlbəttə, bu qətiyyən o demək deyildi ki, Cəlil müəllim qulluq işində daha əvvəlki kimi səy göstərmirdi, səhlənkarlığa başlamışdı, xeyr; ancaq qulluq onun gözündə hər işdə cazibə qüvvəsini itirmişdi.
İndi o, nə isə bir səhv iş tutmuş, teleqramı, yaxud başqa məktubu vaxtında çatdırmamış, ya da
ünvanına düz yetirməmiş işçini yanına çağırıb qısaca danlayır və buraxırdı, daha saxlayıb tərbiyə məqsədilə uzun-uzadı söhbət eləmirdi, ilk nəzərdə o qədər əhəmiyyətli görünməyən səhvin
insanın həyatında nə cür faciəyə səbəb ola biləcəyini aydın göstərən misallar çəkmirdi, öz
həyatından və yaxşı tanıdığı, hörmət elədiyi adamların həyatlarından ibrətamiz əhvalatlar
danışmırdı.
İndi kollektivin ümumi yığıncaqları ərəfəsində evdə çıxışa hazırlaşmırdı, çıxış eləyəndə hamıya çox qəribə gəlsə də, qısa danışırdı, yalnız bilavasitə iclasa dəxli olan məsələlərə toxunurdu.
Cəlil müəllim başqa xırda məsələlərdə də dəyişmişdi, məsələn, həyasız-həyasız rabitə şöbəsinin binasında papiros çəkən yeniyetmə oğlanın yanından iyrənirmiş kimi üz-gözünü turşudub keçirdi.
Qabaq vaxtlar olsaydı, Cəlil müəllim onu çəkib “Burada papiros çəkmirlər” lövhəsinin qabağına
gətirər və camaat arasında bu yeniyetməyə bir neçə təsirli söz deyib, abrını elə alardı ki, ondan
sonra həssas, az-çox abırı-həyası qalmış adam, nəinki rabitə şöbəsində, yaxud deyək ki,
maqazində, hətta üzdəniraq, heç kişi ayaqyolunda da ömründə papiros çəkməzdi, çünki buraya da bəzən sinəgir və başqa ürək-damar xəstəliyi olan adamlar girirlər. Məmmədnən də onun münasibəti dəyişmişdi. Əgər qabaqlar Cəlil müəllim onunla uzun-uzadı söhbət eləyirdisə, indi yalnız iş barəsində danışır və qalan vaxtlar, Məmməd həmişə – yaman gündə də, yaxşı gündə də – etibarlı yoldaş, hətta demək olar ki, etibarlı dost olsa da, ondan uzaq dolanmağa çalışırdı.
Bir də, əvvəllər Cəlil müəllimdə heç görünməmiş işdi, indi qulluqda olanda, demək olar ki, bütün
vaxtı səbirsizliklə iş gününün qurtarmasını gözləyir və nəşə ilə axşamı, evini, yaxud bağını
düşünürdü.
Yol uzunu tanış-bilişləri ilə görüşür, yeniliklərdən söhbət açır, mülahizələrini söyləyirdi, həmişə
olduğu kimi, evə yaxınlaşanda mütləq Manafın ailəsindən bir adama – ya Manafın özünə, ya da
onun meymun kimi aramsız tum çırtlayan arvadına, yaxud da qızına rast gəlirdi, ancaq axır vaxtlar Dilbər Cəlil müəllimin qabağına azaz çıxırdı, daha əvvəllər olduğu kimi sevinə-sevinə, həyasız-həyasız üzünə gülümsəmirdi, ciddi salam verirdi, özü də indi əyin-başı da abırlı idi, sadə,
qaydasında qısa paltar geyirdi, yalnız qəşəng baldırları görünürdü. Bütün dəyişikliklərin hamısını
Cəlil müəllim Dilbərə kollektivdə işləməyin yaxşı, faydalı təsiri kimi izah eləyirdi, ona görə də
həmin gün qızı aptekə işə düzəldəndə əkdiyi toxumun, deyəsən, yaxşı bar verdiyinə sevinirdi.
Cəlil müəllim hər gün bağda işləyir, arılarla əlləşir, onların həyat tərzinə məmnuniyyətlə tamaşa
eləyir, bağı suvarır, təpir, meynələrin başını vurur, meyvə ağaclarının və adamın gözünükönlünü
oxşayan, mənzərə yaratmaq üçün əkilmiş bəzək ağaclarının artıq zoğlarını kəsirdi.
Qardaşını o, sahildə olan günlər, hər gün nahar və günorta yeməyi vaxtı görürdü. Simurqun işləri
yaxşı gedirdi. Bu, aydın hiss olunurdu.
Simurq bir neçə dəfə qardaşından ona pul lazım olub-olmadığını soruşdu, zorla pul vermək istədi,
ancaq Cəlil müəllim hər dəfə cavab verdi ki, ona pul lazım deyil, öz maaşı artıqlaması ilə bəs eləyir.
Tez-tez axşamlar Simurqun yanına əksəriyyəti elə özü yaşda yoldaşları gəlirdilər. Simurq hər dəfə
qardaşını da dəvət eləyirdi, Cəlil müəllim nəzakət xatirinə yarım saat oturur, sonra durub
gedirdi, onlara sıxıntı vermək istəmirdi. Bu cavanların hər şeyə, onun mülahizəsinə görə, qətiyyən gülməli olmayan şeyə də gülmələri Cəlil müəllimi mat qoyurdu. Cəlil müəllim əvvəl bunu onların cavanlıqları ilə bağlamaq istədi, ancaq özünün Simurq və onun yoldaşları yaşda olanda bu cür olmadığını, düşüncəli və təmkinli olduğunu, özünü məclislərdə heç vaxt belə yüngül aparmadığını xatırlayıb, labüd nəticəyə gəldi ki, bu cavanların tərbiyəsində çatışmazlıqlar var, bu çatışmazlıqları dəf etmək isə təəssüf ki, mümkün deyil. Simurqun yanına tanış və tanış olmayan adamların çox bivaxt, səhər, axşam, çox vaxt isə gecəyarısı gəlmələri də Cəlil müəllimi əsəbiləşdirirdi. Görünür, bu cür vaxt-bivaxt gedibgəlməyi orada, öz aralarında vərdiş eləmişdilər. Qısası, ev dönmüşdü
karvansaraya.
Cəlil müəllim çox dözdü, özünü saxladı, ancaq sonra yenə də bir gün söhbət vaxtı bu barədə
Simurqa ötəri işarə vurdu.
Simurq dedi ki, çox gediş-gəlişin qardaşının və onun ailəsinin istirahətini poza biləcəyi fikir onun
özünü də çoxdan narahat eləyir, ona görə də Cəlil müəllimdən xahiş elədi ki, yanına gəlib-gedənlər
üçün həyətin dal darvazasını açsınlar; bu darvazanı lazım olmadığına görə lap çoxdan, hələ
mərhum ataları mıxlamışdı, Simurqun otağının qapısı həyətin bu səmtinə baxırdı.
Cəlil müəllim razılıq verdi və bu cür sadə şeyin niyə ağlına gəlmədiyinə təəccüb elədi, sonra da
dedi ki, həyətin o hissəsini – bomboş, bərbad hala düşmüş, bütün bu illər ərzində gərəksiz şeylər zibilliyinə çevrilmiş hissəsini bir az abıra salmaq lazımdır. Simurq onun fikri ilə razılaşdı və dedi ki,
o sahənin hamısını özü təmizləyib, yaşıllaşdıracaqdır.
Cəlil müəllim onun niyyətini bəyəndi, ancaq qardaşının həvəsinə gülümsünüb, xahiş elədi ki, bu işə çox da baş qoşmasın, çünki ağac əkmək hədsiz vaxt, zəhmət və qayğı istəyir. Bu bağı əməlli-başlı bağ halına salmasının neçə il çəkdiyini xatırlatdı.
Simurq güldü və dedi ki, çalışıb həyəti özü abadlaşdırar, Cəlil müəllimə əziyyət verməz, qardaşının onsuz da qayğısı çoxdur.
Ertəsi gün Simurq iki fəhlə gətirdi, həyətin dal darvazasını açdılar, köhnə, sınıq-salxaq şeyləri
yığışdırdılar, üç günün ərzində Simurqun göstərdiyi yerlərdə çoxlu çalalar qazdılar. Sonra həyətə bir-birinin dalınca qalaqlama peyinlə dolu iki yük maşını girdi.
Simurq Cəlil müəllimə dedi ki, peyini ət kombinatından almışdır, maşını beş manata lap yalvarıb verirlər. Heyrətdən özünü itirmiş Cəlil müəllim gözünü yumub-açmağa macal tapmamış, cəmisi bir neçə günün ərzində həyətin ikinci yarısı müxtəlif ağaclarla doldu, özü də elə belə sısqa tinglər yox, iri, gövdəli, başları səliqə ilə vurulmuş ağaclar. Ağacları Simurqun yaşıllıq təsərrüfatı trestində işləyən aqronom tanışı dövlət qiymətinə seçib almışdı.
Simurqun əkdiyi ağaclar meyvə ağacları idi, əksəriyyəti də Cəlil müəllimin sahəsindəki kimi, qara və ağ tut, gilas, ərik, nar ağacları idi, üstəlik indi həyətdə təzə bir kənd təsərrüfatı bitkisi də peyda olmuşdu – qoz ağacı. Ağacların, demək olar ki, hamısı tutdu və elə həmin bahar yamyaşıl zoğ atdı. Simurqun bağına tamaşa eləməyə hətta qonşu küçələrdəki tanışlar da gəlirdilər. Onlar bağa heyran qalır, Simurqdan soruşurdular ki, bu möcüzəni necə yaratmışdır, az vaxt içində, əngəlsiz-əziyyətsiz həyəti bu cür necə yaşıllaşdırmışdır. Qonşular ət kombinatının, yaşıllıq təsərrüfatı trestinin telefon nömrələrini yazıb götürürdülər. Bir şey Cəlil müəllimi xüsusilə heyrətə salırdı: onlar Simurqdan məsləhət istəyirdilər, soruşurdular ki, onların həyətlərinin mikroiqlimi şəraitində hansı ağacları əksələr daha yaxşı olar.
Bağın içindən keçəndə mərifətlə qonşular mütləq Cəlil müəllimi də təbrik eləyirdilər, ancaq
bağbanlıqdan qətiyyən söz salmırdılar, məsləhət almırdılar. Bir sözlə, Simurq qonşuların gözündə çətin aqronomluq və əkinçilik işində çox nüfuzlu mütəxəssis olmuşdu. İndi dostları, elə çox vaxt qonşuları da Simurqun yanına təzə darvazadan gəlirdilər. Həmin gün Cəlil müəllim evə həmişəki vaxt qayıtmışdı. Arvadı eyvanda süfrə açırdı, uşaqlar da evdə idi.
Cəlil müəllim ev paltarını geydi, əl-üzünü yudu və xörək hazır olana kimi həyətə düşdü. Sonra
Simurqa məktub gətirdiyini xatırladı və qərara gəldi ki, həm aparıb otağında məktubu versin, həm də yadına salsın ki, nahar vaxtıdır. Ordudan qayıdandan sonra Simurqa müxtəlif şəhərlərdən çoxlu məktub gəlirdi. Ömründə rəsmi məktublardan və təbrik məktublarından savayı heç bir şey almayan Cəlil müəllim, bu məktubları ucadan oxuyanda, Simurqa çox maraqla qulaq asırdı.
Əsgərlik yoldaşları əsasən öz güngüzəranlarından, işlərindən yazırdılar. Cəlil müəllim məktubu götürüb Simurqun otağına tərəf getdi. Onun otağına çathaçatda, hələ dəhlizdə, gülüş səsi eşitdi, qan beyninə vurdu, gülüşmə Simurqun otağından gəlirdi. Cəlil müəllim Simurqun otağına qapını döyməmiş girdi, çünki otağın qapısı aralı idi, içəridən gülə-gülə nə isə danışan qardaşının səsi gəlirdi. Cəlil müəllim otağa girdi və kandarda dayandı, ona görə kandarda dayandı ki, bilmirdi necə
eləsin, salam verib otağa keçsin, ya dinməzcə dönsün və çıxıb getsin.
Dilbər çarpayının üstündə oturub üzüm yeyir, eyni zamanda gülümsünə-gülümsünə lap
böyründə, alçaq kətilin üstündə oturmuş Simurqa baxırdı.
Cəlil müəllimi görəndə təbəssüm Dilbərin üzündən qeyb oldu, gözlərinə qorxu çökdü, Simurq isə
ayağa qalxıb qardaşının qabağına yeridi, salam verib yer göstərdi. Cəlil müəllim Simurqun salamını aldı, məktubu verdi, xörəyinin soyuduğunu dedi və çıxıb getdi. İncik getdi, hirslənmiş getdi, gicgahları sancdı, başı uğuldadı. Nahar vaxtı Cəlil müəllim Simurqu dindirmədi, qardaşı söz soruşanda bir kəlmə ilə cavab verdi.
Amma Simurq özünü elə aparırdı ki, guya heç bir şey olmamışdı, zarafat eləyirdi, hiss olunurdu ki,
özündə heç bir günah bilmir.
Nahar beləcə qurtardı.
Səhər işə gedəndə Cəlil müəllim arvadına tapşırdı ki, Simurqun yanına getsin və onun adından
desin ki, Dilbərin ayağı bir də bu evə dəyməməlidir, bir də çatdırsın ki, o, Cəlil müəllim, onun özündən savayı, böyük qardaşının da ailəsi yaşayan evə Dilbər tövrdə qızı gətirməyi rəva görən, mümkün hesab eləyən Simurqun hərəkətindən çox narazıdır. Cəlil müəllim Leyla xanıma tapşırdı ki, Dilbərin və onun anasının bu qapıdan necə qovulduqlarını da Simurqa danışsın.
Axşam Leyla xanım Cəlil müəllimə məlumat verdi ki, Simurq əvvəlcə heç bir söz demədi, yalnız
köksünü ötürdü, ancaq sonra əl çəkməyib təkidlə soruşdum ki, bəs Cəlil müəllimə nə xəbər
aparım, nə deyim? Simurq cavab verdi ki, Cəlil müəllim icazə verməyənə kimi Dilbər yanıma
gəlməyəcək. Bir də Simurq dedi ki, özü qardaşı ilə söhbət eləyəcəkdir, arxayındır ki, onun razılığını
alacaqdır, ona görə ki, Dilbər yaxşı qızdır, ağıllı qızdır, bir də o başa düşə bilmir ki, bu qızın pisliyinə Cəlil müəllim nə deyə bilər. Axı heç 75 kim ata-anasına cavabdeh deyil, ələlxüsus Dilbər yaşda, demək olar ki, həddi-büluğa çatmamış.
Cəlil müəllim çox dilxor oldu və Dilbərin durub-oturmalı, tanışlıq eləməli adam olmadığına
Simurqu hansı dəlil-sübutlarla inandıra biləcəyini götür-qoy eləməyə başladı. Dəlil-sübut çox idi,
amma Cəlil müəllim bunların bir neçəsini, ən sanballılarını seçdi.
Simurq qardaşının yanına bu barədə söhbətə gəlmədi. Ancaq Dilbər də daha onların evində
görünmədi. Gecə-gündüz bu məsələ barədə fikirləşən Cəlil müəllim rahat nəfəs aldı, özlüyündə belə qərara gəldi ki, Simurq yəqin işin nə yerdə olduğunu öyrənib, ona görə də xətərli, adamı hörmətdən sala biləcək tanışlığa son qoyub, Dilbərlə əlaqəni kəsib. Bir dəfə işdən qayıdanda onları tində görənə kimi Cəlil müəllim belə fikirləşirdi.
Onlar tində dayanmışdılar, özü də danışmırdılar, dinməzcə dayanıb, bir-birlərinin üzünə
baxırdılar. Hiss olunurdu ki, bu cür dayanıb, bir-birlərinə baxmaq onlara çox xoş gəlir.
Cəlil müəllim o biri səkiyə keçdi, bu vaxt küçədə olanların çoxu fikir verdilər ki, Cəlil müəllim
Simurqla Dilbər tərəfə hətta heç gözünün ucu ilə də baxmadı.
Bir neçə gün keçəndən sonra isə Simurq Cəlil müəllimə dedi ki, onunla çox ciddi bir iş barəsində
söhbət eləmək istəyir. Cəlil müəllim, onlara heç kim mane olmasın deyə qardaşı ilə öz otağına
çəkildi və oturub qulaq asmağa başladı. Simurq ona dedi ki, Dilbəri ürəkdən sevir, öldü var, döndü
yoxdur, qız da onu sevir, bu səbəbdən də lap yaxın günlərdə onunla evlənmək istəyir.
Simurq Cəlil müəllimdən xahiş elədi ki, ailədə böyük qardaş kimi, bu işə cani-dildən girişsin,
əlindən gələni əsirgəməsin və qızın atasının, Manafın yanına getsin, elçilik eləsin. Dilbəri Simurqa alsın. Cəlil müəllim qardaşına qulaq asır və onun zarafat eləmədiyini başa düşürdü, eyni zamanda da eşitdiklərinə inanmaq istəmirdi.
Cəlil müəllim stolun arxasından qalxdı, özünü qəlbə toxunan acı söz deməkdən saxlamağa
çalışaraq otaqda var-gəl elədi. Ancaq eşitdikləri ürəyini ağrıtmışdı, dəhşətə gəlmişdi, hiss elədi ki,
qardaşını bu rüsvayçı, demək olar ki, fəlakətli, facianə addımdan çəkindirə bilməyəcək. Hətta
boğazı da tutuldu, sonra isə çətinliklə pıçıldaya-pıçıldaya dedi:
– Axı sən mənim qardaşımsan, Dilbər kimi qızla evlənmək barədə necə fikirləşə bilərsən? Sən
bizim qanımızı kimin qanına qatmaq istəyirsən? Axı sənin uşaqların olacaq. Mənim yanıma
söhbətə gəlməmişdən əvvəl bu barədə heç fikirləşmisən? Fikirləşmisən, ya yox?
Simurq dedi:
– Yalvarıram sənə, Cəlil, yalvarıram sənə, əsəbiləşmə. Başa düş, mən onu sevirəm. İnan mənə, Dilbər pis qız deyil.
– Məni hər şeyi açıb deməyə məcbur eləmə, elə söz var ki, mən onu sənə deməməliyəm. O cür
qızla evlənmək olmaz, sən hələ uşaqsan, həyatı başa düşmürsən. Əgər kişiliyin çatırsa, unut onu.
Namusun haqda fikirləş.
Simurq dedi:
– Mən onu sevirəm.
– Sən onun anasının, elə böyük bacısının da, barmaqla göstərilən əxlaqsız olduqlarını bilirsən, ya bilmirsən? Bəlkə fikirləşirsən ki, bu onlardan yaxşı çıxacaq? Xeyr, mümkün olan iş deyil. Elə
sirsifətindən məlumdur, baxan kimi aydın olur hansı yuvanın quşudur!
Bu sözləri eşidəndə Simurq ağappaq oldu, dişini-dişinə sıxdı.
– Elə danışma, Cəlil, – dedi. – Yalvarıram sənə, o cür danışma. Axı mən onu sevirəm, mən onunla evlənirəm...
Cəlil müəllim dedi:
– Onda qardaşın olduğunu yaddan çıxart. Həmişəlik yadından çıxart. Sənin hər təqsirindən
keçmişəm, amma bunu keçə bilmərəm!
Toy eləmədilər. Əgər ailənin başçısı, böyük qardaş, gəlinin üzünə baxmaq, onun ata-anası ilə üz-üzə gəlmək istəmirsə, nə toy ola bilərdi!
Yaxın dostları, qohumları Cəlil müəllimi dilə tutmaq, yola gətirmək istədilər, amma o, sözündən dönmədi ki, dönmədi. Yalnız arvadından Simurqa sifariş göndərdi ki, atalarından qalan avadanlıqdan nə istəyir götürsün və otaqlardan birini də öz otağına qatsın.
Simurq nə avadanlıq, nə də otaq istədi, dedi ki, hələlik ona heç bir şey lazım deyil, lazım olanda
isə özü fikirləşib bir çarə tapar. Qardaşı ilə aralarının dəyməsinə dözə bilmirdi, iki dəfə Cəlil
müəllimin yanına gəlmişdi – birinci dəfə arvadı Dilbərlə, ikinci dəfə isə təkcə. İkisində də Cəlil
müəllim onu dindirmədi və üzünü elə buradaca əyləşmiş arvadına, Leyla xanıma tutub, qardaşına
dedi ki, bir də həyətin bu hissəsinə addamasın, ümumiyyətlə, bir vaxtlar Cəlil adında qardaşı
olduğunu yadından tamam çıxartsın.
Simurq kandarda dayandı, qardaşının xasiyyətinə bələd idi, qərarının qəti olduğunu başa düşdü
və çıxıb getdi. Sifəti çox kədərli idi.
Ancaq Cəlil müəllim onun sifətini görmədi, ona görə ki, qardaşı tərəfə baxmırdı, elə bil o heç
otaqda yox idi, özü də qardaşı ilə, yuxarıda deyilən kimi, Leyla xanımın vasitəsilə danışırdı, bütün bu əhvalatlar Leyla xanıma çox ağır təsir eləmişdi, bir neçə dəfə ağlamışdı, həm qardaşlar danışan vaxt, həm də sonra, tək qalanda.
Zahirən sakit görünən Cəlil müəllimə göz qoyub, yeganə qardaşı ilə küsüşmələrinin onu qəlbinin
dərinliklərinə kimi sarsıtmadığını fikirləşən adam çox böyük səhv etmiş olardı. Deməli, bu
sadəlövh adam, dərdini büruzə verməyən, özünə hörmət eləyən kişi kimi içəridə çəkən
insanlardan tamam bixəbərdi. Xətirlərini həmişə əziz tutduğu qohumları və dostları Cəlil
müəllimin yanına gəlir, ona təskinlik verir və özünə, adına-sanına yaraşmayan ömür yoldaşı
seçmiş, özgə bağından çirkin gül dərmiş Simurqun əməlini pisləyirdilər; hətta onda da Cəlil
müəllim qardaşına münasibətini dilinə gətirmirdi, onlara axıra kimi qulaq asır, sonra söhbəti
dəyişdirirdi – siyasətdən, yaxud mövcud ölkə və küçə yeniliklərindən söz salırdı.
Bəzən Cəlil müəllim, yuxudan ayılmış kimi, öz-özündən soruşurdu ki, qardaşı Simurqsuz, onu öz
süfrəsinin başında görmədən, səsini, gülüşünü eşitmədən o, necə yaşayır. Ancaq dərhal da bu
fikirləri özündən uzağa qovurdu, çünki qardaşı qəlbini yaman sındırmışdı.
Cəlil müəllim, özü də hiss eləmədən, yavaş-yavaşı qaraqabaq olurdu, adamlardan qaçırdı. Ancaq
sifətinin qırış-qırış olduğunu, gözlərinin odunun söndüyünü hiss edirdi.
Amma həyətin o biri hissəsində həyat öz qaydasında gedirdi.
Qardaşının evinə tez-tez qonaqlar gəlirdi, onda Cəlil müəllim kababın tüstüsünü görür, iyini
duyurdu. İlk vaxtlar qardaşı, adət üzrə, bir bitərəf adamnan – Dilbərin əmisi oğluynan Cəlil
müəllimə bir neçə şiş kabab göndərirdi, ancaq Cəlil müəllim hər dəfə şişləri geri qaytarırdı.
Şam yeməyindən sonra Simurqgildə müsamirə başlanırdı.
Simurq özü hələ uşaqlıq vaxtlarından gözəl tar çalırdı, dəfi Dilbərin böyük bacısının oğlu vururdu,
evləndikləri gündən bu oğlan gecə də, gündüz də Simurqun evindən çıxmırdı.
Dilbər pianoda özü çalır və oxuyurdu. Tünd-qırmızı rəngdə alman pianosunu Simurq bu yaxınlarda almışdı, onda, şənbə günü pianonu mağazadan evə gətirəndə qonşuların arasına yaman pıçhapıç düşmüşdü. Dilbərin məlahətli səsi vardı, yaxşı oxuyurdu, qonaqlar “ay maşallah” qışqırır, lazım olan yerlərdə hamısı bir ağızdan “muleyli”, ya da “bəri bax” deyir, onun səsinə səs verirdilər.
Ancaq bu müsamirələr tək bircə dəfə də gecə yarısından o tərəfə ötmürdü, görünür, Simurq
çalışırdı ki, qardaşının rahatlığı pozulmasın. Belə günlərdə Cəlil müəllimin evində hamı astadan,
pıçıltı ilə danışırdı, Cəlil müəllim özü isə çəkilib qaşqabaqlı halda küçəyə açılan pəncərənin
qabağında otururdu, onun ata yurdunda Dilbərin qohumları və ləçər rəfiqələri kimi nalayiq adamların toplaşması Cəlil müəllimə çox toxunurdu, ağır gəlirdi. Yayda, az qala hər gün, qonaqları olmayanda da, görünür, öz kefləri üçün müsamirə düzəldirdilər.
Yavaş-yavaş Cəlil müəllim buna da alışdı, indi o, musiqiyə də qazanların uğultusundan artıq fikir
vermirdi. Bir şey də Cəlil müəllimi son dərəcə təəccübləndirir və qanını qaraldırdı: əvvəllər Simurqu qınayan adamların hamısı yavaşyavaş elə bil ki, olub-keçənləri tamam unutmuşdular, indi Simurqla ailəliklə dostluq eləyirdilər, tez-tez onlara qonaq gəlirdilər. Bax, bu, Cəlil müəllimi tamam çaşbaş salmışdı.
Cəlil müəllim əmindi ki, prokuror Həsənovu, arvadı da yanında, qardaşının həyətində görəndə
onu qətiyyən qara basmamışdı. Cəlil müəllim bilirdi ki, o, evdə olmayanda, arvadı da, uşaqları da qardaşıgilə gedirlər və çox güman təkcə Simurqla yox, Dilbərlə də görüşüb danışırlar. Bu da onu çox dilxor eləyir və ürəyini
ağrıdırdı.
Hərdən həyətin o biri yarısından səs-küy gəlirdi, hələ Cəlil müəllimin babasının vaxtından, 1891-
ci ildən indiyə qədər bu evdə belə şey olmamışdı. Simurq arvadı ilə dalaşırdı. Bir dəfə yayda, gecədən xeyli keçmiş, Cəlil müəllim yenə də onların səs-küyünə yuxudan ayıldı, tüpürüb talvardan düşdü. Arvadını ayıltmamaq üçün, asta-asta onun yanında, öz çarpayısında
uzandı, tez yuxuya getməyə, hər şeyi unutmağa çalışdı.
Dilbəri o, uzaqdan, tində gördü. Qız, paltarının nazik parçasını yarıb keçən gözqamaşdırıcı isti
günəş işığında lüt, həmişəki kimi cazibəli, mehriban-mehriban, gülümsünə-gülümsünə onun
qabağına gəlirdi. O da həmişə olduğu kimi, Dilbəri gördüyünə sevindi. Qız ona yaxınlaşdı və
əllərini Cəlil müəllimin sinəsinin üstünə qoydu, qızın ovuclarının istisi onun ürəyinə axdı. “Səni lap
çoxdan gözləyirəm, – qız üzünü onun üzünə söykədi. – Bu gün məni hara aparacaqsan?”
Dilbərin gözlərindən sevinc yağırdı, üzünün dərisi, dodaqları və dişlərin sərin idi. Onlar qəribə, əcaib
ağaclar əkilmiş hansı bir parkınsa xiyabanlarında gəzirdilər, Cəlil müəllim bir vaxt bu parkda
olduğunu yəqin bilirdi, ancaq bunun hansı park olduğunu heç cür xatırlaya bilmirdi. Cəlil müəllim
özündə hədsiz güc, qüvvə hiss eləyirdi, çiçəklərin xoş ətri başını gicəlləndirir, dumanlandırırdı.
O, birdən xatırladı ki, bu, oleandr çiçəklərinin ətridir. Cəlil müəllim Dilbərlə lap kolların dibinə
qoyulmuş skamyada oturmuşdu.
Qız başını onun sinəsinə qoyub, anlaşılmaz həyəcanlı sözlər deyirdi, o da hələ indiyə kimi
duymadığı sevinc, səadət duyurdu. Qız onun qolları arasına rahatca yerləşirdi, ona görə də qucaqlayanda qızın həyəcanı ona da
keçirdi. Cəlil müəllim onun hərarətli, titrək pıçıltılarını dinlədikcə məst olurdu. Dilbərin sözlərində ona hədsiz məhəbbət vardı. Qız Cəlil müəllimə deyirdi ki, onu ilk baxışdan, onda, tində rast gəldiyi gündən sevmişdir. Deyirdi ki, ölənə kimi ondan ayrılmayacaqdır, ona yeganə, ən istəkli sevgilim deyirdi...
Cəlil müəllim onun gözlərindən, dodaqlarından öpürdü, yer üzündə bu dəqiqə ondan bəxtiyar
insan yox idi. O, ilk dəfə birbirlərinə rast gəldikləri gündən bəri hər anı xatırlayırdı və hər an ona
bütün ötən ömründən əziz idi. Uzaqdan dumanlı və həzin musiqi səsi gəlirdi, Cəlil müəllim nə
qədər çalışırdısa bu musiqini harada eşitdiyini yadına sala bilmirdi. Bu musiqidən onun qəlbinə ötəri kölgə kimi kədər yayılırdı... Sonra Cəlil müəllim gördü ki, xiyabanla düz onların üstünə bir
adam gəlir. Yaxınlaşanda qonşusu Kərimi tanıdı, ona salam verdi, ancaq Kərim düz ötüb keçdi, nə
Dilbəri gördü, nə də Cəlil müəllimi. Özü də yanlarından ötüb keçənlərin heç biri, nə Məmməd, nə prokuror Həsənov, nə Manafla arvadı, nə də başqaları, onların oturduqları skamyanı
görmürdülər.
Heç kim, Məryəm xanımdan savayı; Məryəm xanım yaxınlaşıb, yanlarında bir az ayaq saxladı,
ikisinin də üzünə baxdı və birdən çox məsud-məsud gülümsündü, bu cür məsud-məsud o, axırıncı dəfə yalnız mərhum əri Bayram bəyin sağlığında gülümsəmişdi. Sonra Məryəm xanım yoluna davam etdi, sifətindən də mehribanlıq, sakitlik yağırdı. Cəlil müəllim hiss elədi ki, anası onları bir yerdə görməyinə şad oldu. Sonra Cəlil müəllim Dilbərlə oturduqları bu parkın hansı park olduğunu fikirləşməyə başladı və birdən yadına düşdü... O vaxt onun on yaşı vardı, bura məktəbdən sonra yoldaşları ilə gəlmişdi. Onlar kolluqda gizlənmişdilər, həmin bu
skamyanın üstündə oturub bir qızla öpüşən əsgərə tamaşa eləyirdilər.
Cəlil müəllim bu zaman əsgərin üzünün necə güldüyünü, onun necə məsud olduğunu və uşaqlar kolluqda bağırışıb, haylamağa başlayanda qorxub ikisinin də – əsgərin də, qızın da yerlərindən necə sıçradıqlarını və qaçdıqlarını xatırladı.
O, Dilbəri qucaqladı və qız həsrət-həsrət ona qısıldı. Qızın paltarının düymələrini açdı, onun dərisi nazik, ağappaq, çəhrayı giləli bərk döşlərini gördü. Dilbər boğuq səslə dedi: “Tez ol məni öp!
Mən bilirəm, bu dəqiqə hər şey qeyb olacaq. Niyə məni öpmürsən?” O, qızın hərarətli, gözqamaşdırıcı işıq saçan gözlərini gördü, onun qızmar nəfəsini qəlbinə çəkdi və qızın uzaq əks-
səda kimi gələn sözlərini eşitdi: “Bir də mənə Rəxşəndə demə, eşidirsənmi, demə! Mənim adım
Dilbərdir!” Cəlil müəllim təəccübləndi, ancaq qəlbinin dərinliklərində təşviş duyub: “Mən sənə
Rəxşəndə deməmişəm, bilirəm, sən Dilbərsən” dedi və yuxudan ayıldı.
O ayılmışdı, amma əlləri hələ də əsəbi halda qızın çiyinlərini sıxışdırırdı, dodaqlarında qızın
dodaqlarının dadı qalmışdı. O, alatoranlıqda otaqda uzanıb, təşviş içində bu yuxunu, neçə
aylardan bəri hər gecə gördüyü yuxunu xatırlayırdı. Bir neçə saniyədən sonra, səhərə kimi hər şeyi unutmaq üçün o yenidən yuxuya getdi.
Səhərlər bəzən onu nə isə anlaşılmaz, dumanlı, qırıq-qırıq xatirələr narahat edirdi, şüurunda
arabir baş qaldırır, iki sevgilinin telefon danışığını, naqil qırıqlarını calaşdırmaqla, hətta bu danışıq
naqildən cəmisi bircə an əvvəl keçmiş olsa da, bərpa etmək səmərəsiz, qeyrimümkün olduğu kimi, bu xatirələri də, Cəlil müəllim nə qədər səy göstərsə də, heç cür bir yerə toplaya, cəmləşdirə
bilmirdi...
Nəhayət, Cəlil müəllim fürsət tapıb Uzunqulaq Kamalla və bütün tanışları ilə xudahafizləşdi, çayçı Əzizə çox yaxşı çay verdiyinə görə razılıq eləyib, küçəyə çıxdı.
Evdə o, poliklinikanın sahə həkimini gördü, həkimi Leyla xanım çağırmışdı: son vaxtlar onun böyrü
ağrıyırdı. Cəlil müəllim gələn- 81 də, müayinə qurtarmışdı. Bəstəboy, saçı-saqqalı ağarmış həkim alətlərini balaca çamadana yığdı, stola yaxınlaşıb, analiz və yoxlama üçün bir neçə kağız yazdı.
Hara və nə vaxt müalicəyə getmək lazım olduğunu ətraflı izah elədi, sonra xudahafizləşdi və elə çıxıb getmək istəyirdi ki, Cəlil müəllim onu saxladı, səhər yeməyinə dəvət elədi. Uzunqulaq Kamalla söhbətdən sonra Cəlil müəllimin əsəb sisteminin ziyalı adamla ünsiyyətə
ehtiyacı vardı.
Həkim saatına baxdı, fikirləşdi və dedi ki, o, səhər yeməyini yeyib, amma çox məmnuniyyətlə bir
stəkan çay içərdi. Leyla xanım tez süfrə açdı, pendir, yağ, bal gətirdi.
Süfrə başında Cəlil müəllim tibb elmindən söhbət saldı, şəhər şəraitində yaşayan müasir adamın
sağlamlığını qorumaq işində ən vacib və zəruri məsələlərə dair mülahizəsini söylədi. Həkim ona
diqqətlə qulaq asırdı, əlini çömçə kimi eləyib qulağına tutmuşdu:
ağır eşidirdi.
– Bax, məsəl üçün, doktor, mən bunları başa salıram ki, – Cəlil müəllim başı ilə ailəsinə işarə elədi, – səhərlər adam qaydasında, bir az yüngül yeməlidir; çörək, pendir, yağ ən faydalı qidadır, amma bunlar mənim sözümlə çətinliklə razılaşırlar. Mən deyirəm ki, əgər çox yaşamaq, sağlam olmaq istəyirsənsə, səhərlər ancaq bu cür ye...
Həkim onun fikri ilə razılaşmadı, dedi ki, səhərlər işdən qabaq, möhkəm yeməyin, necə deyərlər,
lazımi kalori yığmağın ziyanı yoxdur.
Cəlil müəllim qonaqla mübahisəyə girmədi. Alicənablıqla, təkid eləmədən dedi:
– Ola bilər. Ancaq bizim ailədə, hələ babamın vaxtından, yaxşı yadımdadır, səhərlər ancaq bu cür yeyərdilər. Canları da çox saf idi, elə bir ciddi azar-bezar da bilməzdilər. Özü də ömürləri uzun
olardı.
Həkim mehriban-mehriban xudahafizləşdi, çamadanını götürdü və qapıya tərəf getdi. Onu qapıya kimi ötürmək üçün hamı ayağa qalxdı. Dəhlizdə həkim bir də qayğıkeşliklə Leyla xanımdan xahiş elədi ki, analizləri gecikdirməsin, sonra çaya görə minnətdarlıq elədi, şlyapasını başından götürdü və Leyla xanımın əlini öpdü.
Cəlil müəllim onun bu hərəkətinə çox dilxor oldu və dərhal dönüb otağa girdi. Həkim geri
dönəndə, ev sahibini görmədi. O, yəqin 82 ki, buna təəccüb elədi, ancaq heç bir söz demədi. Yalnız xəfifcə gülümsündü. Cəlil müəllim isə o gedəndən sonra fikirləşdi ki, görkəmindən abırlı-başlı adama oxşayan bu yaşlı, nurani kişi hələ indiyə kimi özünü necə aparmağı bilmir.
Cəlil müəllim həyətə endi. Günəş xeyli qalxmışdı, isti adamın başını əməlli-başlı yandırırdı. Cəlil
müəllim bir müddət möhkəm işə başlamış, açılmış çiçəklərin şirəsini çəkib, pətəklərə daşıyan
arılara tamaşa elədi, ancaq o, arılara fikri dağınıq halda tamaşa eləyirdi, həmişəki ləzzəti almırdı.
O, səhər suyundan sonra hələ tamam qurumamış ləkləri belləyir, işləməklə sakitləşmək və hirsini
soyutmaq istəyirdi. Ayaqqabılarını çıxartmışdı, ayaqyalın işləyirdi.
Səhərdən bəri canına yığılmış enerjinin pəncəsinin dərisindən torpağa necə axdığını təsəvvür
eləməyə çalışırdı, ancaq bu gün nədənsə, bunu hiss eləyə bilmirdi.
Qardaşının həyətindən səs gəlirdi. Manafla arvadı Simurqgilə gəlmişdilər. Cəlil müəllim Manafa
da, onun qızına və arvadına da, Simurqa da, hamıdan çox isə özünə də nifrət elədiyini duyurdu.
Cəlil müəllim onların nədən danışdıqlarını bilmirdi, ancaq onu bu adamların səsləri, ata yurdunun
həyətində vurnuxan bu adamların görkəmləri dəli eləyirdi.
Bütün varlığı nifrət və hiddətindən titrəyirdi. Cəlil müəllim hirsli-hirsli torpağı belləyir, tər axıb
gözlərini tuturdu, ona elə gəlirdi ki, hiddətdən və günəşdən beyni əriyib axır. Bu hissdən yaxasını
necə qurtaracağını bilmirdi, yenə gecə qardaşının həyətindən gələn səs-küy yadına düşdü və
boğazının qovuşduğunu hiss elədi.
Əgər bu vaxt birisi onu danışığa tutsaydı, bircə kəlmə də cavab ala bilməzdi, ona görə ki, Cəlil
müəllimin kilidlənmiş çənəsini aralamağa iqtidarı yox idi. O, beli kənara tulladı, bağda elə-belə
vargəl eləməyə başladı, bir yerdə dayana, dura bilmirdi. O, heç bir şey görmür və qazanların
səsindən başqa heç bir səs eşitmirdi, birdən ona elə gəldi ki, bu uğultu onun başındadır, başını
tamam doldurub, zərblə kəllə sümüyünü hər tərəfə itələyərək, demək olar ki, aşkarca bayıra axır.
O, qışqırmaq istəyirdi, fəryad qəlbinin dərinliklərindən qopur, ancaq qovuşmuş boğazında ilişib qalırdı. Cəlil müəllim pətəklərdən birinə ilişib dayandı və elə bu an ona elə gəldi ki, bir dalğa zərblə sifətinə çırpıldı. Bunun ardınca alov onun üzünün, boynunun, çiyinlərinin və sinəsinin dərisini qarsıdı, dilində və damağında mis təmi qaldı.
O, bədəninə sıvaşmış vızıldaşan, canlı arıları ikiəlli sivirib yerə tökürdü; bütün pətəyi onun canına
aram-aram yayılan sərt nifrət və hiddət dalğaları, etibarlı, kortəbii özünümüdafiə duyğusu
daraşdırmışdı.
Bu vaxt o, ömründə birinci dəfə qışqırdı. Bu çox dəhşətli qışqırtı idi, həyətdən çox-çox uzaqlarda
eşidildi. O, öz həyətinin ortasında dayanıb qışqırır, qardaşı haqqında hər nə fikirləşirdisə deyirdi. Qardaşı haqqında, qardaşının ailəsi haqqında.
O, Simurq əsgərlikdən qayıtdığı gündən bəri bu uzun, bitməztükənməz və əzablı günlərdə ürəyinə
nə yığılmışdısa hamısını qışqıra-qışqıra dedi.
Cəlil müəllim qışqırır, öz arvadı, uşaqları, qardaşının həyətindəki adamlar dinməz-söyləməz, təəccüblə ona baxırdılar. Onların gözlərində, qəlblərində kədər və qorxu vardı...
Cəlil müəllim qışqıra-qışqıra hər şeyi, hər şeyi dedi, ürəyini tamam boşaltdı. Sonra o özünü pis hiss elədi. Evə keçdi, əl-üzünü soyuq su ilə yudu, çarpayının üstündə uzandı. Barmaqlarının ucunu
üzünə vurdu, sifəti yavaş-yavaş şişirdi, sonra o hiss elədi ki, havası çatışmır. Cəlil müəllim
yaxınlaşıb, pəncərəni açdı. Çarpayıya tərəf qayıdanda ötəri güzgüyə baxdı, üzünün irili-xırdalı
qırmızı ləkələrlə örtülü olduğunu gördü. Yenidən uzandı, arvadından xahiş elədi ki, alnına qoymaq
üçün yaş dəsmal gətirsin, sonra səsi titrəyə-titrəyə, ancaq qətiyyətlə buyurdu ki, onu narahat
eləməsin, həkim-zad da çağırmasın. Sonra gözlərində hər şey bir-birinə qarışdı və o, gözlərini
qıydı. Bir azacıq keçmiş o, Simurqu onun üstünə əyilmiş gördü. Cəlil müəllim güc-bəla ilə
çarpayıdan qalxdı. Simurqa qapını göstərdi.
– Rədd ol, – xırıldaya-xırıldaya dedi. – Bu dəqiqə rədd ol! Mən sənə bu tərəfə keçməyi qadağan
eləmişəm!
– Bəsdir! Eşidirsənmi, bəsdir! – Simurq ümidsiz-ümidsiz qışqırdı: – axı sən ölürsən!
Cəlil müəllim zəndlə qardaşının üzünə baxdı və onun ağladığını gördü. Sonra fikrə getdi və özü də
gözləmədən onun əvəzinə bir başqası danışırmış kimi dedi:
– Bəli. Ölürəm. – O, yenə nə isə demək istəyirdi, ancaq birdən Simurqun gicgahlarına dən
düşdüyünü gördü, bu onu çox təəccübləndirdi və qanını qaraltdı.
Cəlil müəllim öz-özünə fikirləşdi ki, Simurqun saçı görəsən nədən ağara bilər? Başı fikir-xəyala
qarışdığından qardaşının həkim dalınca qaçdığını görmədi. Cəlil müəllim, onların evindən ikicə
saat əvvəl çıxmış həmin həkimin əlləri əsə-əsə, arı zəhəri olmadığına görə ona kofein vurduğunu,
Simurqun ağlaya-ağlaya onun zərdabı ağzına heç olmasa bircə qurtum qəhvə tökməyə çalışdığını hiss eləmirdi. O, bunların heç birini hiss eləmirdi, ona görə ki, qardaşına onu çox istədiyini deyirdi, xahiş eləyirdi ki, yaxın gəlsin, onu qucaqlamaq istəyir.
Var gücü ilə onun ürək nahiyəsini ovxalayan həkim pıçıldadı:
– Deyəsən, o nə isə demək istəyir.
Cəlil müəllimin dodaqları bir neçə dəfə çox çətinliklə tərpəndi, qohum-əqrəbasının arasında bu cür uzanmaq ona çox xoş gəlirdi, özünü arxayın, sakit hiss eləyirdi. Cəlil müəllim hələ də danışırdı.
Deyirdi ki, boş-boş şeylərin üstündə nə vaxtdan bəri bir-birlərini görmədiklərinə təəssüf eləyir,
ancaq eyibi yoxdur, bunların hamısı düzələn işdir, təki hamılıqla sağ-salamat olsunlar, bir də
qohuməqrəba, yaxın adamlar kimi bir-birlərini istəsinlər. O, təəccüblə Simurqdan soruşurdu:
nəyə görə onlar bu qədər vaxtı bir-birlərinə belə insafsızcasına əziyyət verirdilər?
Cəlil müəllim beynində fövqəladə aydınlıq hiss eləyirdi və bütün duyğuları son dərəcə həssaslaşmışdı, ancaq qardaşının ona nə cavab verdiyini eşidə bilmədi, ona görə ki, qazanların
anbaan güclənən göy gurultusu kimi uğultusu bütün qalan səslərin hamısını batırırdı.