Həzrət Adəmin dəfn mərasimi...
Bəlkə də dəfn - Adəm doğularkən torpağın parçalanmış bətnini yenidən tikməkdir. Özümü torpağın yerinə qoymaq istəmirəm. Düşünəndə ki, bədənimin hər tərəfini qazıb içimdə övladlarımı dəfn edirlər… Və mənim adım anadır. Birindən savayı bütün oğulları ölü doğulmuş ana…
Bəlkə də, borcumuzu qaytarırıq anamıza. Adam-adam qaytarırıq! Cəsəd-cəsəd, tikə-tikə!
Ya bəlkə, basdırılmaq geri doğulmaqdır ruhlar aləminə - vücudun içindən dünyanın çölünə!
Nəhayət yer üzündən sağalıb göy üzünə çəkilirik. Və fərz et, heç kəfən də ölü paltarı deyil imiş... Bəsit bir əməliyyat geyimi... Vəssalam! Yaşamaq mərəzindən qurtulanlar üçün... Bənizi ağaranlar, alnıaçıqlar, üzüağlar üçün ruhsuz bir don. Cinssiz!
Görəsən, axı, son məqamda niyə yumulmur gözlərimiz? Yəqin, onların da biri digərindən əvvəl istəmir ölmək. Paxıllıqdan.., ya qorxudan, ya qürurdan…
Sevinc dolu günlər yaşayırıq. Boşluğa düşür, sonra xoşbəxt oluruq. Qəzəblənirik. Ən dərin qatlarımızdan qırış düşür üzümüzə. Yaşımızla ötüşürük. Uzaqlaşırıq. Adımızdan soyumuza doğru aldığımız yolun piyadalarıyıq. Vəziri də özümüzük, şahı da, nökəri də... Atı da özümüzük, cəngavəri də! Barmaqlarımızın ucundan saçlarımızın dibinəcən sömürürük, sovururuq həyatın hər anını. Yalquzaqlar kimi yapışmışıq nəfəsimizdən. Saman çöpünə diləklərlə dolu ləçəklər bağlayırıq. Adiliklərin təntənəsi içində vurnuxuruq. Aşağı-yuxarı eyni adamlarıq. Hərəmiz bir dildə danışır, bir dildə yazır, eyni dildə gülüb-ağlayırıq. Qədrimizdən məhrum qalmış bir yığın insan…
Özümü torpağın yerinə qoymaq istəmirəm əsla. Di gəl, hamımızı qoyurlar… Bir nəfər kimi… Görəsən həzrət Adəmin məzarı nə qədər dərindir ki, hələ də üzərini örtüb bitirə bilməmişik?!
2026.10.07