Cəngəllik
Yalquzaq, dişinin dibini təmizləyər-təmizləyə meşənin dərin cəngəlliklərinə baş çəkmək qərarına gəldi. Bu gün öz yuvasına çəkilib gözü dolisu yatmağı düşünürdü. Və birdən cəngəlliyin ortasında, dağdağan ağacının kölgəsində əyləşmiş, təpədəndırnağa onu süzən Şeytanpərini gördü. Uzaqlaşmaq istədi, uzaqlaşdıqca daha çox Şeytanpəriyə yaxınlaşdığını gördü. Pəriyə yaxınlaşdıqca ömründə bu yerlərdə görmədiyi dərin quyuya enirdiyini hiss edirdi. Əvvəllər bu yerlərdən yüzlərcə dəfə keçmişdi. Bu yerlərdə belə maniyəyə rast gəlməmişdi. Sanki təbiət öz möcüzəsini ona göstərirdi. Nə baş verdiyini anlaya bilmirdi. Beləcə, özü də istəmədən, cəngəllikdə tənha dolaşan Yalquzaqla, Şeytanpərinin tanışlığı başlandı.
Baş alıb gedirdi yaşıl dağlara
Bilmir nə arayır, nə axtarırdı
Yasəmən qoxulu kolluqdan keçir
Dəymiş meyvələri, birbəbir biçir
Soyuq çeşmələrdən, doyunca içir
Qarnı tox keyfi çağ, tək dolaşırdı
Kom gəzən çaqqalar hey ulaşırdı
Kəkliklər, qıy vurub qaqqıldaşırdı
Qarğalar söz atır, gah sataşırdı
Ac quşlar yuvada civildəşirdi
Elə ki, çönbələn pərini gördü
Pərinin saçları şeytantək gurdu
Yolunu unutdu, qurudu, durdu
Pəri baxışıyla onu sovurdu.
Yandırdı qəlbini, için qovurdu.
Pərinin gözləri iblisin, bəlkə də tülkünün genindən calaq olunmuşdu. Tam anlaşılması mümkün olmayan bir sirli baxışı vardı. Pəri elə ustalıqla qurdu süzdü ki, qurd diksindi, nə baş verdiyini bilmədi. Elə bil bir sehrə, tilsimə məruz qalmışdı. Pəridən gözünü çəkə bilmir, özünü tamam unutmuşdu. Pəri isə gözünü zilləyib elə hey baxırdı. Qurd qəflətən silkinib özünə gəlmək, yoluna davam etmək istəsə də, iradəsi ona tabe olmaqdan boyun qaçırırdı. Axı o, yalnız öz adına-sanına yaraşan varlıqları ovlamalı idi.
Asta addımlarla Şeytanpəriyə yaxınlaşan qurd elə hey düşünürdü: "Görəsən, mən düzmü edirəm? Bəlkə də düz edirəm... Yox, mənim bu hərəkətim heç də doğru addım deyil. Qayıdım bu yoldan, yaraşmaz mənə." Meymun isə gözünü çəkmir, elə bil qurdu özü də bilmədən qurduğu tələyə yaxınlaşdırırdı.
Qurd özünü çox məzəmmət etdi və qərara gəldi ki, Pəriyə rədd olub getməsini desin:
— Ey Pəri, sən nə mələk baxışlarınla məni yolumdan azdırmağa çalışırsan, nədir sənin məqsədin? Çəkil get, öz işinlə məşğul ol, qoy əqidəmə sadiq qalım. Azdırma məni yolumdan, çək o şeytan gözlərini üzərimdan.
Şeytanpəriyə bu heç də kar etmir, baxışlarının təsir dalğasını daha da artırırdı. Dalğalar lazer silahıtək qurdun bədən qarışıq, ruhuna da od qoyurdu.
— Sən necə bir mələksən ki, bu yerlərdə hələ indiyə qədər mənim ağlımı başımdan alan olmamışdı. Sən mənim huşumu, zehnimi qarışdırdın. Nə edəcəyimi, hara gedəcəyimi yadımdan çıxarmışam. Qaytar mənim yaddaşımı, şeytan!
— Mən şeytan deyiləm, qurd cənabları, mən sadəcə mələyəm.
— Sən hansı məfhumu təmsil edirsən, ey məlakə, şəri, ya xeyri? Mən belə baxıram, səndə xeyrə xidmət edəcək bir niyyət yoxdur. Özünü xeyrin təmsilçisi göstərə bilərsən, ancaq mənim bu cəngəlliklərdə təcrübəm az deyil, sənin məqsədini sezə bilirəm.
— Yox-yox, sən yanılırsan, mən ən xeyirxah mələklərdən biriyəm.
— Sən hansı qüvvənin mələyi olduğunu mən duyuram: Şeytanın! Bəli, şeytanın!
— Nə danışırsan, nə şeytan? Mən ən ali varlığın öz elçisiyəm.
— Deyilsən, sən yalan deyirsən!
— Yox, inan, cəddimə demərəm yalan,
Əgər deyirəmsə, qoy olum talan!
— Sus, ey məni əqli kəm edən,
Qəlbimi, ruhumu durmadan didən!
Mən gözəl bilirəm sən nə karəsən,
Bu əlvan diyarə dərdsən, yarəsən.
— Yox, əsla bir pislik etmərəm sənə,
Tapşırıq belədir: yar olam sənə!
İstəsən gəl toxun, qonaq ol mənə.
— Məni öz yolumdan azdırma, ilan,
Sən mələk deyilsən, şeytansan, şeytan!
— İnan, səmimiyəm, yarın olaram,
Bir ömür dövlətin, varın olaram.
Bu alçaq dünyada karın olaram,
Qocallam səninlə, qarın olaram.
Susarsan, şirəli narın olaram,
Dönmərəm eşqimdən, barın olaram.
— Sənin gözlərindən qorxuram axı,
Qorxuram qəlbimə çəkəsən dağı.
Onsuz da dərdliyəm, kədərim çoxdur,
Elimi-obamı dağıdıb yağı.
— Sən nə danışırsan? Mən sənə heç vaxt zərrə xətər toxundurmaram. Gəl, yaxın gəl, tut əlimdən. Gör əllərim necə yumşaqdır, ipək kimi... Toxun bədənimə, ürək döyüntülərimdən, nəbzimdən hiss edəcəksən şərə xidmət etmədiyimi.
And olsun yorulmaz qarışqalara
And olsun müqəddəs o arılara
Vurulmuşam sənə, gəl anla məni
Bu müqəddəs eşqdir, Tanrı qələmi
-Təhlükə görürəm sənin gözündə
Bir hiylə sezirəm, şirin sözündə
Qalmışam əlacsız çölün düzündə
Çəkil ey çiskinim, dumanım-çənim.
— Mən sənə toxunmadan da səni hiss edirəm, çəkinirəm səndən. Qaytar yaddaşımı, yoxsa səni yerindəcə parçalayaram!
— Sənin yaddaşınla mənim nə işim?
Yaddaşın yorulub, bu mənlik deyil.
-Sən nə çərən-çərən sayıqlayırsan?
Görmürəm, beynimi oyuqlayırsan.
-Mən cənub elindən gəlmişəm qonaq,
Gəl birgə yaşayaq, lap həmdəm olaq.
— Yalvarıram sənə, burax yaxamı,
Qoy gedim axtarıb tapım ağamı.
— Gözümdən süzülən yaşlara bir bax!
Sən necə zalımsan, şərəfsiz, alçaq?
Bir ömür yanından ayrılmaram mən,
Korsan, görməyirsən eşqimi, axmaq!
— Nədir gözündən axan,
Sehirdir, ya göz yaşı?
Mən görürəm sondakı
Ayrılığı, təlaşı...