Dram

Həyata dəvət

Üç şəkilli dram

İştirak edənlər:
Daniel Şnayder – özəl klinikanın pаsiyenti, təxminən 60 yaşlı kişi
Mia Salvatore – həmin klinikada tibb bacısı, təxminən 40 yaşlı qadın
Qara geyimli adamlar (üç kişi və bir qadın) 55–75 yaş arası:
Qara geyimli birinci adam
Qara geyimli ikinci adam
Qara geyimli üçüncü adam
Qara geyimli dördüncü adam

Hadisələr müasir dövrdə cərəyan edir.

Geyd: Müəllif, rejissor bütün personajların adlarını dəyişmək istədiyi təqdirdə anlayış göstərəcək.

1.

Klinikada palatalardan biri. Palata sadə bir otel otağını xatırladır. Otaqda çarpayı, onun yanında kiçik çarpayı masası var. Bir tərəfdə ensiz bir dolab, iki kreslo, qəhvə masası, səhnənin arxasında isə sırayla düzülmüş bir neçə stul var. Səhnə zəif işıqlanıb. Daniel ağ xəstəxana paltarındadır. O, əlində çanta və kağız sancağı ilə bərkidilmiş bir neçə vərəq tutub. Onları dərhal çarpayı masasının üzərinə qoyur. Onun mobil telefonu zəng çalır. Daniel yatağa uzanır və zəngi cavablandırır.

DANİEL. Bəli, canım, bəli… Çox sağ ol, sən çox kömək etdin… Bəli… Sağ ol. Hə, özümü yaxşı hiss edirəm! … Yaxşı, indi o qədər də danışa bilmirəm. Sonra zəngləşərik (telefonu çarpayı masasının üzərinə qoyur).
Mia görünür. O, tibb bacısı formasındadır, telefonla danışır.
MİA. Yaxşı... yaxşı... çox işim var, sabah ağır gün olacaq, amma zəng edəcəyəm.
Daniel və Mia telefonla danışarkən qara geyimli adamlar səhnəyə daxil olur və səhnənin arxasındakı stullarda necə gəldi otururlar. Kapüşonlar onların üzlərini gizlədir. Danielin telefonu yenidən zəng çalır. O, telefonu yatağın yanındakı masanın üzərindən götürür.
DANİEL. Eh... Axı onu söndürmək istəyirdim.

Telefonu söndürüb yenidən çarpayı masasının üzərinə qoyur.
Bu arada səhnə tədricən yumşaq işığa bürünür.

MİA (xəstənin sənədləri olan qovluğu əlinə alaraq) Axşamınız xeyir, cənab Şnayder.
DANİEL (gülərək) Xeyir eee! (Mianın utandığını görüb) Axşamınız xeyir. Ay Allah, üzr istəyirəm, deyəsən zarafat etmək burada adət deyil?!
MİA. Yox-yox, söhbət ondan getmir… İş ondadır ki, pasiyentlərimiz…
DANİEL. Onlar adətən yüksək əhval-ruhiyyədə olmurlar, elə deyilmi?
MİA. Düşünürəm ki, elədir… Hər halda, siz istisnasınız. Sizin üzünüzü əvvəllər haradasa görmüşəm kimi bir hiss məni tərk etmir.
DANİEL. Eləmi?!
MİA. Cənab Şnayder! Mənim adım Miadır, Mia Salvatore.
DANİEL (təəccüblənərək, yatağın kənarında oturur). Mia Salvatore?! (gülür)
MİA. Biz həqiqətən bir-birimizi tanıyırıq?!
DANİEL. Məncə yox. Hər halda, sizin adınızı xatırlamıram. Görürəm ki, reaksiyam sizi çaşdırıb. Sizin italyan kökləriniz var, elə deyilmi?
MİA. Bu ki aydındır.
DANİEL. Deməzdim ki, bu o qədər aydındır… Amma yenə də, belə bir ad-soyad kombinasiyası bu divarlar arasında mənim gülməyim kimi məntiqsizdir.
MİA (diqqəti dağılmış halda). Mən anla…
DANİEL. Unudun, vecinizə almayın. Sözünüzü kəsdim. Bağışlayın. Zəhmət olmasa, davam edin.
MİA (özünü toparlayaraq). Canab Şnayder!
DANİEL. Mənim adım Danieldir.
Daniel, Mianın yenidən sözünü kəsdiyini anlayıb, əlləri ilə ağzını örtür və onun üzündə üzürhaqlıq ifadəsi görünür.
MİA. Cənab Şnayder! ... Daniel! Səhərki prosedura qədər sizinlə birlikdə olacağam. Bir şey yemək istəsəniz, sifariş verə bilərəm. Üstəlik, iki porsiya tünd spirtli içki qəbul edə bilərsiniz.
DANİEL (yataqdan sıçrayaraq). Nə?! ... Bunlara bir bax! Lap ağını çıxardıblar! Cəmi ikimi?! Bu qəbuledilməzdir! Mən dərhal bu klinikanı tərk edirəm!
MİA. Yeri gəlmişkən, sizin istənilən vaxt klinikanı tərk etmək ixtiyarınız var. Bu halda sizi evinizə və ya qaldığınız otelə qədər müşayiət etməliyəm. Bu zaman klinika ödədiyiniz məbləğin 70 faizini geri qaytaracaq. Sualınız varmı?
DANİEL. Evim və ya oteldə otağım yoxdursa, onda nəcə olacaq?
MİA (öz-özünə mızıldanaraq). Bu ola bilməz. (xəstənin dosyesini vərəqləyir) Nə-əəə?!
DANİEL. Nədir, mənim yaşayış yerim ən yaxın zibilxana kimi qeyd olunub?! Zəhmət olmasa, artıq əyləşin.
MİA (kresloya oturaraq). Sabah sızın ad gününüzdür?!
DANİEL. Bəli, özü də adi doğum günü deyil, yubileydir. Riyaziyyatla aranız necədir?
MİA. Sabah… altmış yaşınız tamam olur.
DANİEL (gülərək). Elədir.
MİA. Düşünərdim ki, siz dəlisiniz, amma (kağızları qarışdırmağa davam edərək) bütün sənədlər qaydasındadır.
DANİEL. Bəli, o əclaflar mənə hamıdan çox əzab verdilər. Psixiatrları deyirəm. Görürsünüz, Mia… Sizi belə adlandırmağıma etiraz etmirsiz, elə deyilmi?
MİA. Əlbəttə, necə istəsəniz.
DANİEL. Biz həkimlər, xüsusən neyrocərrahlar, psixiatrlara, necə deyərlər, müəyyən ehtiyatla yanaşırıq… Mən sadəcə xəstənin şikayətlərinə əsaslanaraq diaqnoz qoya bilmirəm. Daha doğrusu, təkcə onlara əsaslanaraq – yox. Mənə testlər, MRT, KT lazımdır. Uzağı, trepanasiya edirəm və hər şeyi aydın görürəm.
MİA (qovluğu qəhvə masasının üzərinə qoyub, üzünü əlləri ilə örtür). İlahi!!!
DANİEL (yataqdan qalxıb, Miaya fikir vermədən, gəzişərək danışır). Üstəlik, ruhi xəstə insanın heç bir şikayəti olmaya da bilər… Deyirlər ki: «Hər cərrahın öz qəbiristanlığı var». Və bu doğrudur. Qaçılmaz bir həqiqətdir. Amma inanın, psixiatrların günahları insanlara daha da işgəncəli təsir göstərir. Onların səhvləri xəstələr üçün illər, hətta onilliklərlə davam edən əzab deməkdir. Hələ onların sevdiklərinin, ailəsinin, yaxınlarının çəkdiklərini demirəm ... (Hələ də üzünü əllərinin arasına alıb oturan Mianın üzünə baxaraq) Nə olub, xanım Salvatore?
MİA. Siz doktor Şnaydersiniz, elə deyilmi?!
DANİEL. İndi siz məni narahat etməyə başladınız, Mia: düşünürdüm ki, artıq tanış olmuşuq?!
MİA. Şnayder, Şnayder, Daniel Şnayder… Əlbəttə ki, doktor Şnayder… 20 il əvvəl «Hirslanden»də fəaliyyət göstərən siz deyildiniz? Yoxsa mən nəyisə səhv salıram?
DANİEL. Bəli, elə yaxın vaxta qədər «Hirslanden»də işləyirdim.
MİA. Məni tanımadığınız təəccublü deyil: illər keçib axı…
DANİEL. İnanın, hətta beş-altı həftə keçmiş olsaydı belə, sizi tanımazdım.
MİA. Əlbəttə, mən heç vaxt kişiləri cəlb etməmişəm, hətta o vaxtlar da. İndi isə... Gəncliyin təravəti çoxdan uçub gedib…
DANİEL. Sizi incitmək istəməzdim, əziz Mia. Bu sadəcə həkim arsızlığıdır, başqa heç nə. İndi əgər beyninizi görmüş olsaydım, tam başqa cür danışardım. Onda hər kiçik detalı xatırlayardım. Bu məsələdə mənim yaddaşım başqa bir aləmdir!
MİA (şokdan ayılaraq). Elə zarafat edirsiniz.
DANİEL. Qətiyyən. İndi bunu sizə sübut etmək çətindir, ona görə də sözümə inanmağınız lazım gələcək.
MİA (kinayəli). Yaxşı, razıyam, gəlin kəlləmə toxunmayaq. Sizin sözünüzə onsuz da inanıram.
DANİEL. Deməli, mənim pasiyentim olmusunuz?
MİA. Su istəyirsiniz? (Daniel etiraz əlaməti olaraq başını yelləyir.) Mən bir-iki qurtum içəcəyəm (getmək üçün ayağa qalxır) icazənizlə.
DANİEL. Hara gedirsiniz?!
MİA. Protokol üzrə bu otaqda yemək və içmək personal üçün qadağandır.
DANİEL (kresloya işarə edərək). Belə şeylərə fikir verməyin. Burada heç kamera da yoxdur. Və, bildiyimə görə, biz klinikada təkik.
MİA. Bəli, xadimə artıq gedib, mühafizəçilərimiz isə yoxdur. (O, tərəddüd edərək, qayıdır və kresloya əyləşir.)
DANİEL. Yaxşı, mən təhlükəsizlik işçisi rolunu üzərimə götürməyə hazıram. Amma çox qısa bir müddətə. Sabah səhər yeni işəgötürənlə müsahibəm var.
MİA. Gülməli deyil (şüşədən özünə su süzür, bir qurtum içir, uzun fasilədən sonra) Biz atamla Turindən cəmi bir neçə kilometr aralıqda yaşayırdıq. Dəlisov bir qız idim… Kənddə böyümüşəm, uşaqlıqdan bəri çox işləmişəm. Atama kömək etməli idim. O, güclü adam idi, amma təəssüf ki, artıq gənc deyildi: klassik kənd ziyalısı, müəllim. Bilirsiniz, deyirlər ki, hər şeyi, o cümlədən uşaq sahibi olmağı da vaxtında etmək lazımdır. Mən bölgəmiz üçün qeyri-adi bir ailədə böyümüşəm: nə qardaşım, nə bacım vardı, anam isə atamdan xeyli gənc idi, ona xəyanət edib başqa bir kişi ilə qaçmışdı… Mən onu bağışlamaq üçün özümdə heç vaxt güc tapa bilmirdim… On səkkiz yaşına çatdım. Rəfiqələrim oğlanlarla gəzirdilər, bəziləri nişanlanmağa hazırlaşırdı, mən isə… özümü xilas etməyə, gəncliyin tənhalığından qaçmağa çalışaraq mopedlə dəli kimi fırlanırdım. Bəyəndiyim oğlan mənə heç bir maraq göstərmirdi. Və mən bununla bağlı acı bir hiss keçirirdim. Sonradan məlum oldu ki, o, qızlara ümumiyyətlə maraq göstərmirmiş… Hadisə bazar günü baş verdi. Adət üzrə, atamla kilsədə idik. Məsih ayinindən atam mənə dəmir atımla gəzib-dolaşmağı icazə verdi və mən ən azı üç saat ətrafları dolaşdım… (sudan daha bir qurtum içir) Orada nə baş verdi?.. İndi hər şey mənə bir az dumanlı görünür. Düşünürəm ki, sadəcə yorulmuşdum, motosikletin idarəsini itirdim. Bilirsiniz, maşında oturanda o tənəkə qutu səni azdan-çoxdan qoruyur, amma motosiklet… Üstəlik, hələ mühərrikli olsa… Məni Turinə kəllə-beyin travması ilə gətirdilər. İstirahət günü olmasına baxmayaraq, ən yaxşı mütəxəssislər toplaşdılar. Məni müayinə etdilər, aralarında məsləhətləşdilər və atama ən pis nəticəyə hazırlaşmasını dedilər. Kimsə məni Romaya aparmağı təklif etdi, amma atam məni bura, Sürixə gətirdi.
DANİEL (bir anlıq fasilədən sonra). Sonra?...
MİA. Sonra… Turində artıq baş vermiş hadisə yenidən təkrarlandı: həkimlər ard-ardınca məndən imtina etdilər. Bunu mənə sonra dedilər. Mən, təəssüf ki, komaya düşdüm.
DANİEL. Bu barədə atanız sizə danışmısdır?
MİA. Yox. Düşünürəm ki, bütün bu başıma gələnlər atamın xəstə ürəyini bitirmək üçün son damla oldu. Mən ayılana qədər Tanrı artıq onu aparmışdı… Həqiqətən məni xatırlamırsınız, doktor Şnayder? (Daniel başını yelləyir) Ayılarkən gördüyüm ilk sima siz idiniz. Deyirdilər ki, məni qəbul edən, məni xilas edən tək siz oldunuz. Ertəsi gün atamın ölüm xəbəri gəldi, mənim yaxşılaşdığımı dedilər və dedilər ki, həkimim dincəlmək üçün dağlara gedib. O vaxtdan bəri sizi görməmişəm.
DANİEL. Yüzlərlə insanı əməliyyat etmişəm…
MİA. Başa düşürəm, doktor, başa düşürəm (bir anlıq fasilədən sonra) Eyni anda bir insanı həm sevmək, həm də nifrət etmək mümkündürmü? Siz nə düşünürsünüz, cənab Şnayder?
DANİEL. Bunu təsəvvür etmək mənə çətindir.
MİA. Sizi həm sevirdim, həm də nifrət edirdim, doktor Şnayder, Daniel Şnayder, Dani, həmkarlarınızın sizi çağırdığı kimi!
DANİEL. İndi isə, görünür, mən də sizi başa düşməyə başlayıram, əziz Mia. Sizi həyata qaytardım, Sizin üçün yerdə bir Tanrı oldum, amma siz yenidən tənhalığa, yenidən kədərə qapıldınız.
MİA. Elədir. Hələ də bununla necə bacardığımı bilmirəm. Sizi bərpa etdiyiniz beynimlə sevirdim, ürəyimlə isə nifrət edirdim. (bir anlıq fasilədən sonra) Uzanın, Daniel. Çox solğunsunuz. Sakitləşdirici bir şey istəyirsinizmi?
DANİEL. Uzanmaq, uzanmaq... Boş-boş danışmayın. Sağaldıqdan sonra vətəninizə qayıtdınızmı?
MİA. Sadəcə valideynlərimin evini satıb, İsveçrəyə qayıtmaq üçün. O evdə tək yaşamaq mənim üçün dözülməz olardı, ona görə də həyatımı sıfırdan, yeni bir yerdə başlamağa qərar verdim. Tibb bacısı ixtisası aldım, sonra hələ əlavə olaraq «psixologiya»ya yiyələndim. Heç ağlıma gəlməzdi ki, bir gün bu ixtisas mənə burada, doktor Müllerin yanında iş tapmağa imkan verəcək.
DANİEL. Burada bu belə vacibdir ki?
MİA. Bəli, bizim orta tibb sahəsi qadın ticarətinə bənzəyir: otuz, uzağı otuz beş yaşa qədər, hələ gözəl və enerjili olarkən hamıya lazımsan… Sonra səni hesaba almırlar.
DANİEL. Mən isə «baletdəki kimi» ifadəsini üstün tutardım.
MİA (gülür). Niyə, fahişəyə oxşamıram?
DANİEL. Axır ki, sizi də güldürə bildim. Gözləriniz bunun üçün çox safdır, Mia. Davam edin, zəhmət olmasa.
MİA (ciddiləşərək). Bütün həyat hekayəmi danışım sizə?!
DANİEL. Niyə də yox?! Axı hər pasiyentə özünüzdən danışmırsınız?!
MİA. Siz birincisiniz.
DANİEL. Elə isə daha yaxşı. Sabah bizim vaxtımız olmayacaq, əziz Mia. Axı sabah mənin yubileyimdir! Yeri gəlmişkən, siz də dəvətlisiniz…
MİA. Bəsdir, zarafatlarınız məni birtəhər eləyir! (bir anlıq fasilədən sonra). Nə danışım sizə? Necə oxuduğumu? Asan deyildi, amma Allah ağlımı və yaxşı yaddaşımı əsirgəmədi. Ac qalmırdım və uzun müddət kirayə mənzildə yaşamırdım. Artıq, şükür ki, öz mənzilim var. Əlbəttə, Banhofştrassedə deyil, amma gözəl çiçəklərlə dolu bir eyvanı var.
DANİEL. Siz çiçəkləri sevirsiniz və siz… xoşbəxt deyilsiniz…
MİA. Daha doğrusu tənhayam.
DANİEL. Fərq görmürəm.
MİA. Xeyr, yanlış anlamayın, kişilərlə münasibətlərim olub.
DANİEL. İnanıram. Mən də hələ ki, kişiyəm və gözlərim var.
MİA. Onlar gəlib gedirdilər, mən isə tək qalırdım. Boşluğu hiss edirdim. Elə bil iştahın yoxdur amma yalnız ona görə yemək yeyirsən ki, məcbursan, çünki belə düzgundür, çünki belə lazımdır.
DANİEL. Çox kobud səslənirsə cavab verməyin, amma siz…
MİA. Yox, yox, hamısı iz buraxmaqdan qorxurdu, mən isə uşağı təkbaşına böyütməyə gücümün çatmayacağını düşünürdüm. Bunu soruşmaq istəyirdiniz, elə deyilmi, Daniel? Tənhalıq da bir xəstəlikdir, o da öldürür, sadəcə çox yavaş-yavaş. Elə buna görə də o, bu qədər məkrlidir. Bunu sizə deməyim tamamilə qeyri-peşəkardır, xüsusən də burada və indi, amma mən tədricən və ağrılı şəkildə ölürəm, gündən-günə varlığımın mənasını itirirəm. Sizcə, tənhalıq və gecə bir-birinə niyə bələ bənzəyir?
DANİEL. Bilmirəm, mən romantik şair deyiləm… Həmişə çıxış yolu var, Mia. Uşaq evindən kimisə övladlığa götürə bilərsiniz.
MİA. Sizcə, mən bunun haqqında düşünməmişəm?! Bu o qədər də asan deyil. Tənha bir tibb bacısı üçün demək olar ki, mümkünsüzdür. Əgər ərdə olsaydım… Üstəlik, doktor, bu problemin sadəcə texniki tərəfidir…
DANİEL. Mənə elə gəlir ki, nə demək istədiyinizi başa düşürəm.
MİA. Öz uşağını dünyaya gətirəndə başqadır, sevdiyin insandan olanda isə… Başqasının uşağını götürmək qorxuludur, xüsusən biləndə ki, özün sağlamsan və hələ də şansın var.
DANİEL. Mia, neçə yaşınız var?
MİA (təəccüblü ifadə ilə). Siz centlmen deyilsiniz!
DANİEL. Ondan da betəri, mən həkiməm!... Hələ öz xoşbəxtliyinizi tapmağa kifayət qədər vaxtınız var.
MİA. Bilirsiz, sizi tez-tez lənətləmişəm. Bəli, bəli, doktor Şnayder. Mən oraya, boşluğa sual ünvanlayardım: axı niyə məni ölülər aləmindən geri gaytardınız?! Nə üçün?! Xoşbəxtlikdən yan keçib getməyim üçün?! Deyəcəksiniz ki, insanlara xidmət etmək bir ömrə dəyər, və haqlı olacaqsınız. Uzun müddət palliativ qayğı sahəsində üç hospisdə çalışmışam və bilirsiniz nəyi müşahidə etmişəm? Xoşbəxt həyat yaşamış insanlar həyatdan daha çox yapışırlar. Və mən sosial xoşbəxtlikdən yox, şəxsi xoşbəxtlikdən danışıram. Bu eqoistlikdir? Hə. Bu insan təbiətidir, əzizim, insan təbiəti… Deyirsiniz, hələ vaxtım çoxdur? Bəlkə də. Məsələ burasındadır ki, «çox» dedikdə illərdən də söhbət gedə bilər, cəmi bir neçə saatdan da …
DANİEL. Siz filosofsunuz, Mia. (bir anlıq fasilədən sonra) Bilirsiniz, özümlə bir şüşə Burqundiya şərabı gətirmişəm. Gəlin bir az içək.
MİA. Başınıza hava gəlib?! Mən növbədəyəm!
DANİEL. Lap azacıq.

Daniel çantadan şüşəni çıxarır, onu açır və içkini stəkanlara süzür.
Mianın yanındakı kresloya oturur.

MİA (Danielin əlindən stəkanı alaraq) Məncə, bu gün bu klinikada son iş günümdür.
DANİEL. Gəlin sağlıq demədən icək, əziz Mia! (Onlar içirlər) Bəs indi niyə soruşmursunuz ki, mən burada nə edirəm?
MİA. Protokol üzrə, əgər siz özünüz təşəbbüs göstərsəniz, mən bu barədə sizinlə danışmağa başlaya bilərəm.
DANİEL. Mənim başa düşdüyümə görə, bu stəkandan bir qurtum içməklə, siz protokolu elə pozmusunuz ki, indi istədiyinizi etməyə tam sərbəstsiniz. Üstəlik, rəsmiyyət də nəzərə alınıb və təşəbbüsü də mən göstərmişəm.
MİA. Əslində, sənədlərinizi nəzərdən keçirmişəm. Amma nədən bu məsələdə hərəkətsiz qaldığınızı, niyə müalicə almadığınızı başa düşmədim. (Daniel Mianın stəkanını yenidən doldurmağa çalışır) Yox, yox, artıq içməməliyəm. Amma siz için, istəsəniz için.
DANİEL. Görürsünüzmü, əziz Mia…
MİA (bir anlıq fasilədən sonra) Əgər sizin üçün çətindirsə…
DANİEL. Yox, məsələ onda deyil. Sizə necə izah edəcəyimi bilmirəm. Xəstəliyi hələ idarə oluna biləcək mərhələdə aşkar edən bir həkim… Yüzlərlə insanın həyatını xilas etmiş amma özünə kömək etmək istəməyən bir həkim… Axmaqlıqdır. Biz ruh əkiziyik, Mia. Mən də eyni dərəcədə tənhayam.
MİA. Və sizin məntiqinizlə, hər ikimiz bədbəxtik. Bu bir səbəbdir ?!…
DANİEL. Yox, əlbəttə ki, yox. Və fərq məhz buradan başlayır: sizin hələ həyatınızı dəyişməyə vaxtınız, fürsətiniz var, mənim isə yox. Sabah (saatına baxır), əslində artıq bu gün, altmış yaşım olacaq və bəli, mənim üçüncü dərəcəli xərçəngim var.
MİA. Sizin şansınız var, Daniel, həqiqətən var! Və vaxtınız da var!
DANİEL. İllər, aylar, saatlar?! Məni güldürməyin! Mən bir ömür yaşamışam, çətin, çox da xoşbəxt olmayan amma həmişə uğurlu, bəxtəvər olmuşam və sizin heç xəyallarınızda görmədiyiniz şeyləri görmüşəm. Bəzən bu da qocalıqda öz bəhrəsini verir.
MİA. Anlamıram.
DANİEL. Həyatdan yorğunluq, bezginlik… Təsəvvür edin ki, kimyaterapiya kursu, hansı ki, özü-özlüyündə, yumşaq desək, həyatın keyfiyyətinə çox da gözəllik vermir, qaraciyərimi məhv etməyəcək və mənə əlavə beş il ömür verəcək. Sonra?!...
MİA. «Sonra?!». Kitablar, səyahətlər, filmlər, nəhayət, qadınlar!
DANİEL. Doymuşam, Mia, doymuşam! Sarışınlar, qara saçlılar, tünd dərili qadınlar, yekə və balaca döşlü, pulla və pulsuz, «məhəbbət üçün»… Hər qitədə… Kitabları və həyatın digər keflərini demirəm belə. Artıq doymuşam! Siz mənə deyə bilərsiniz ki, hələ də cəmiyyət qarşısında öhdəliyim var, əzab çəkənlərə kömək edə bilərəm. Bəli! Amma sağlam olmayan həkim, qeyri-təbii haldır, başa düşürsünüzmü?! Və gələcəkdə müalicənin nəticəsi əla olsa belə, mənim sağlamlığımın yerində olması qeyri müəyyəndir. Hələ bunun ehtimalı qırx, uzağı əlli faizdir.
MİA. Düz başa düşdümsə, sizin ailəniz yoxdur? Siz bura o cənabla gəlmişdiniz… Onun adı yadımda qalmayıb…
DANİEL. O, mənim vəkilim və uşaqlıq dostumdur, valideynlərimiz də vaxtı ilə dost olublar. Həmçinin, bir-iki uzaq qohumlarım var… Ömür boyu əldə etdiyimi az da olsa onlara vəsiyyət etdim.
MİA (ayağa qalxır). Sizə bir fincan nanə çayı gətirim.

Daniel başı ilə razılıq verir. Mia uzaqlaşır. Daniel dirsəklərini dizləri üstə
qoyub başını əllərinin arasına alır. Sonra kresloda arxaya söykənib gözlərini yumur.

Mia qayıdır. Bir az özünü itirmiş kimi görünür, fincanı masanın
üstünə qoyur, sonra dolabdan bir yorğan çıxarıb Danielin üstünü örtməyə calışır.

DANİEL (Mianı saxlayaraq) Yox, yox, yatmamışam. Sağ olun.
MİA. İndi ağrılarınız varmı?
DANİEL. Yox, yaxşıyam (çaydan bir qurtum içir). Mmm, proporsiyaları necə də dəqiq gözləmisiniz! Möhtəşəmdir, tam sevdiyim kimi.
MİA (kresloya oturaraq). Sevindim.
DANİEL. Siz elə bildiniz ki, pasiyent yatıb amma mən musiqi dinləyirdim…
MİA. Eləmi?!
DANİEL. Hə, tək olanda həmişə Motsartı dinləyirəm.
MİA (təəccüblənərək ətrafına baxır) Amma, Daniel, mən heç bir musiqi eşitmədim, həm də sizin şirin qulaqlarınızda heç bir qulaqlıq görmədim.
DANİEL (gülərək) Şirin qulaqlar?! Buna bax eee, bu qulaqlar hər cür tərif eşidib, amma özləri haqqında belə heyranedici sözlər eşitməyib… Siz gözəlsiniz, Mia.
MİA. Yox bir! Mən adi biriyəm.
DANİEL. Yox, yox, israr edirəm! Böyük təcrübəyə malik bir kişiyə etibar edə bilərsiniz. Bunu sizə əvvəllər heçkim deməyib?!
MİA. Adətən bir şey deyənlər dalın möhkəmliyini, döşlərin formasını və kifayət qədər uzun ayaqları qeyd ediblər.
DANİEL. Primitiv insanlar.
MİA. Amma siz sualdan yayınırsınız, şirin qulaqlı pasiyent (Daniel qəsdən başa düşməmiş kimi baxır) Mən Motsartdan danışıram.
DANİEL. Qorxuram ki, bu məsələ ilə bağlı hər hansı izahat yubileyimi təhlükəyə sala bilər: əgər bunu doktor Müllerə desəniz, yenidən «sevimli» psixiatr həmkarlarımın əlinə düşəcəyəm. Onlara mənim ruhi sabitliyimdən şübhələnmək üçün heç bir əsas vermək istəmirəm.
MİA. Əslinə qalsa, niyə mənə etibar etməlisiniz ki?!...
DANİEL. İnciməyin, xahiş edirəm. Sadəcə mən Motsartın pərəstişkarıyam (Mianın təəccüblənməsini görərək) Bəli. Amma xahiş edirəm, nəslinizin sevimli ifadəsini işlətməyin: «Motsart öz dövrünün popmusiqisi idi!» … (Mia nəsə deməyə çalışır) Susun, rica edirəm! (bir anlıq fasilədən sonra) Babalarımdan biri yəhudi idi. Məni skripkaçı etməyi özunə borc bilirdi. Axı bilirsiniz: yəhudi oğlansansa mütləq musiqi duyğun olmalıdır… Damarımda kifayət qədər semit qanı olmadığı onu heç narahat etmirdi. Mən də beş yaşında olarkən buna mane ola bilməzdim… Doğrudur, mən olduqca yaxşı ifa edirəm, özü də tək skripkada yox. Onu da deyim ki, mənə təyin olunan müəllim də Motsart fanatı çıxdı. Nəticə: Amadeusu əzbər bilən cərrah oldum. Mən, Mia, kənardan bir musiqi mənbəyinə ehtiyac duymuram: beynim başqa işlərlə məşğul olmadıqda, musiqi içimdə səslənir. Sizə böyük bir sirr açım, əziz Mia: bəzən özümü Volfqanq Amadey Motsart hiss edirəm. Gəlin, sizi qorxutmamaq üçün ifadəni yumuşaldım: mən keçmiş həyatımda O idim. Yalnız musiqi… onun musiqisi… artıq məni boğaza yığıb.
MİA. Xahiş edirəm, davam edin.
DANİEL. Hər şey mənə asan gəlirdi: təhsilimi rahatlıqla bitirdim, peşəmdə tezliklə ad qazandım, hətta iki daşın arasında dərslik də yazdım… Karyerama ucqar bir xəstəxanada başlamışdım (bir balaca gözə çarpan çətinliklə ayağa qalxır). Siz mənim ilk quruluşumu görəydiniz!!! (qollarını geniş açır)
MİA (təəccüblə) Quruluşunuzu?!
DANİEL (ozünü itirərək) Niyə «quruluşunu»? Mən «quruluş» dedim? ... Hə… Düzdür… Quruluş… Mən bir xanıma… Oraya… Siz yaxşı bilirsıniz… kateter qoymağa qorxmuşdum. Amma hər şey möhtəşəm alındı, vallah, həqiqətən möhtəşəm. (oturur, fasilədən sonra)
Paola ilə tanış olana qədər illər keçdi… Amma sonra xoşbəxtliyim tam oldu. Bəli, artıq otuz yaşlarımın ortalarında idim, lakin elə hiss edirdim ki, həyatım yalnız indi başlayıb. Axı həyat xoşbəxt olmalıdır! O, uğurlar zənciri deyil, bank hesabının artması deyil, qarajda lüks avtomobil deyil, o, sadəcə xoşbəxt olmalıdır, tamamilə xoşbəxt! Məhəbbət isə həyatda naminə yaşamağa dəyən yeganə bir şeydir. Üstəlik hələ qarşılıqlı olarsa… Biz evləndik… O, məndən xeyli cavan idi.
MİA. Paola dediniz… İtalyan adı…
DANİEL. Bəli, Mia, o da sizin kimi italyan idi. Amma xoşbəxtliyimiz uzun çəkmədi.
MİA. Bəlkə uzanasınız?
DANİEL. Yox, sozümü kəsməyin. (bir anlıq fasilədən sonra) Biz oğul övladı gözləyirdik. Mən göyün yeddinci qatında idim: həmişə soyumu davam etdirəcək bir oğul, daha bir Şnayder, arzusundaydım. Hamiləlik problemsiz keçirdi, faciənin baş verə biləcəyinə heç bir işarə də yox idi, Paola gənc və sağlam idi... (Daniel ayağa qalxır. Otaqda gəzişir. Mianın baxışları onu izləyir. Uzun fasilədən sonra) O, doğuş zamanı öldü. Həkimlər yalnız körpəni xilas edə bildilər.
MİA. İlahi!
DANİEL. Paoladan mənə yalnız bir neçə aylıq tam xoşbəxtlik və Matis qaldı. Təbiət ona valideynlərinə məxsus bütün ən yaxşı keyfiyyətləri bəxş etmişdi. O, möhtəşəm bir uşaq oldu. Şükürlər olsun ki, mən artıq o zaman ayaqlarım üstündə möhkəm dayanmışdım və ona lazım olan hər şeyi, hətta ondan artığını da verə bildim.
MİA. Sizin üçün çətin idi?!... Bağışlayın, axmaq sualdır.
DANİEL. Əvvəl, bir neçə həftə çətin idi, sonra həyat öz axarına girdi: ilk infeksiya, ilk peyvənd, ilk addımlar, dizinin ilk partlaması, ilk qız… Həyat! … Ona mükəmməl təhsil almaq şansı verdim. Mən etməli olduğum hər şeyi etdim. O, perspektivli maliyyəçi oldu. Etmədiyim sadəcə bir şey var idi: onu pis yoldaşlardan qoruya bilmədim. Deyirdim ki, ot çəkməklə kifayətlənəcək: cavan vaxtı kim bunu etməyib ki?! Lənətə gəlsin, axı mən nəyi gözdən qaçırtdım?
MİA. Daniel, bunu xatırlamaq sizə çətindir…
DANİEL. Artıq yox. Matis qucağımda öldü – dozanın həddinin aşmasından. Təəssüf ki, nə mən, nə də reanimasiya mütəxəssisi olan dostlarım kömək edə bilmədilər. «Mən artıq yoxam!» – O zaman ağlıma gələn ilk fikir bu oldu. Göründüyü kimi, elə də axmaq fikir deyilmiş. Mən duman içində yaşayırdım, məqsədsiz, istəksiz. Yalnız Motsart, yalnız o mənimlə qaldı, yalnız o məni xilas etdi, başa düşürsünüz? Yox?! Musiqi məni sanki başqa bir aləmlə qovuşdururdu, zamanın və məkanın hüdudlarından kənara aparırdı. Mən əməliyyat etməyi dayandırdım, universitetdə mühazirə oxumağı da: gənclərlə ünsiyyətdə olmağa tab gətirmirdim. Vaxtımı yalnız fasiləsiz məsləhətləşmələr keçirməyə və dünyanı gəzməyə sərf edirdim və nə qədər uzağa getsəm, bir o qədər ürəyim sakitləşirdi... (Mia Danielin əlini tutur) Və… bir-iki il sonra mənə xərçəng diaqnozu qoydular.
MİA. Xəstəliyinizi Matisin başına gələnlərlə əlaqələndirirsiniz?
DANİEL. Allah bilir. Mütəxəssis kimi deyə bilərəm: hər xəstəliyin öz gizli səbəbləri, öz, necə deyərlər, təməli var, amma onun üzə çıxmasına bir təkan lazımdır. Oğlumun ölümü məhz həmin təkan oldu.
MİA (Danielin əlini buraxaraq) Bu dəhşətdir… Sizin bu yükünuz mənimkindən min dəfə ağırdır.
DANİEL. Tamamilə duzdür! Mən ozüm də elə sizdən ağıram… Ən azı iki bədxassəli şiş qədər.
MİA. Belə zarafat etməyin, Dani!
DANİEL. Çoxdandır heç kim məni belə çağırmayıb… Peşədən uzaqlaşanda sənin yanında illərlə olmuş adamlar da uzaqlaşır.
MİA (bir anlıq fasilədən sonra) Belə baxanda, mən məni basdırmalı olanları basdırmamışam. İtkidən itkiyə fərq varmış...
DANİEL. Məni başa düşdüyünüzə görə şadam.
MİA. Sizə bunu kim dedi?! Siz mənimlə açıq danışdınız, mən də borclu qalmayacağam.
DANİEL (öz stəkanına şərab süzərkən) Maraqlıdır. Buyurun.
MİA (ayağa qalxır və bir an əvvəl Danielin etdiyi kimi, nizamsız qaydada gəzişməyə başlayır. (Bir anlıq fasilədən sonra) Mən işimə nifrət edirəm!
DANİEL. Tibbdə bu tez-tez baş verir. İnsanlara xidmət etmək üçün yaradıldığını ancaq xəstələrlə üz-üzə gəldiyin zaman hiss edirsən… Bizim işimizdə romantika deyilən bir şey çox azdır.
MİA. Orada romantika heç yoxdur! Amma məni səhv başa düşdünüz, Daniel. Mən burada, cənab Müllerin klinikasında verdiyim əməkdən danışıram. İş ondadır ki, əziz doktorum, mən dərin inanclı bir katolik ailədə böyümüşəm. Özümü çox da dindar hesab etməsəm də, içimdə Allaha, ali qüvvələrə dərin inam yaşayır. Siz ateistsiniz, elə deyilmi?
DANİEL. Bəli, bu qovluqda bununla bağlı bir qeyd var. Mia, Mia, əziz Mia, hər kəs öz bildiyi kimi Tanrıya inanır, inam da məhz bundadır: nə mən, lüteran kökləri olan ateist, nə də ki, katolik olan siz, heç nəyi tam əminliklə deyə bilmirik. Əslində, biz məhz buna görə inamımızı kəsmirik. İnamımızın dərəcəsi isə tamamilə başqa məsələdir. Və bilirsiniz mi, bu, çox şəxsi bir məsələdir.
MİA. Deməli, nəhayət, Tanrının mövcudluğunu qəbul edirsiniz?
DANİEL. Mən deyərdim ki, ali qüvvələrin mövcudluğunu. Bəli. Belə olur: sənə son mərhələyə qədəm basmış xəstə gətirirlər, sən, üğura heç bir inancın olmadan, onu əməliyyat edirsən, bir də görürsən ki, pasiyent sağ qalır.
MİA. Mənim hadisəm kimi?
DANİEL. Tək sizin yox… Əksinə də olur: uğursuz sona heç bir işarə olmur, xəstənin bütün təhlilləri tam qaydasında, əməliyyat otağından gördüyün işdən razı çıxırsan, amma… xəstə ölür. Bu nədir?! Bu Allahin işidir, yoxsa şeytanın? Mənim zavallı Paolamın başına da belə iş gəldı. Bir gün elm bunu da izah edəcək, amma hal-hazırda, təəssüf ki, inama ehtiyac böyükdür.
MİA. Açıq danışım: mömin bir adam kimi... Daha doğrusu, belə deyək, Allaha müəyyən dərəcədə inanan bir fərd kimi, mən sizin qərarınıza, burada olmağınıza qarşıyam!
DANİEL. Bura baxın, xanım Salvatore, burda sizə sabit maaş verilir, yoxsa hər pasiyentə görə pul alırsınız?
MİA (gülümsəyərək) Bu məxfi məlumatdır.
DANİEL (gülərək) Tezliklə onu qəbirə aparacağam.
MİA (ciddi) Buna imkan verməyəcəyəm!
DANİEL (hələ də gülərək) Yaxşı, sirrlərinizi saxlaya bilərsiniz!
MİA. Müqəddəs Məryəm, bu adamla dəli olmamaq üçün mənə güc ver! Mən bunu demirdim.
DANİEL. Bəs nəyi?
MİA. Sizin dostlarınız var, elə deyilmi? Ola bilməz ki, onlar sizin həyatınıza bir məna qatmasınlar?!
DANİEL. Mənim sizə verdiyim sual da elə bu idi!
MİA. Mənim dostum yoxdur.
DANİEL. Gör ha, bu baxımdan da biz oxşayırıq.
MİA. Bilirəm ki, bu məni yaxşı tərəfdən qələmə vermir, amma özümə nədənsə nə dost, nə də rəfiqə tapa bilməmişəm.
DANİEL. Əksinə, fikir vermisiniz, insan nə qədər saxta olarsa, onun sosial çevrəsi bir o qədər geniş olur?! Ona görə də bu baxımdan bizi ümidsiz saymıram.
MİA. Hələ də xilas ola bilərsiniz!
DANİEL. Dairəni tam tamamlayıb başladığımız yerə qayıtdıq. Mübahisə etməyəcəyəm: bəlkə də bir az qəhrəmanlıq göstərməklə bu qırğından minimal itkilərlə çıxmaq üçün şanslı olacağam. Amma heyranlığım geri dönəcəkmi?!
MİA. Heyranlıq?! Heyranlıq dediniz?
DANİEL. Bəli, ən adi heyranlıq. Heç düşünmüsünüzmü ki, insan dəqiq nə vaxt ölür?
MİA. Təbii ki, beyin öldüyü an.
DANİEL. Əminəm ki, bu, daha əvvəl baş verir, insan nəzərdə tutduğum qabiliyyəti, heyran olmaq qabiliyyətini itirəndə. Heyranlıq hissi olmayan bir insan sevgidən, kitablardan, filmlərdən və ya teatrdan həzz ala bilməz. Məhz buna görə də, bəzi insanlar üçün həyat heç doxsan yaşında da bitmir, başqaları isə qırx yaşında ölür, digərləri isə, əslində, heç yaşamır. Sizi heyran edən bir şey varmı?
MİA. Əlbəttə! Məsələn, siz!
DANİEL. Mən?!
MİA. Siz, əziz doktor! Ürəyimə yatmayan bir qərar vermisiniz, bəli! Amma bunun üçün xeyli cəsarət lazımdır! Və özünüzü necə mükəmməl aparırsınız!.. Hələ sizin bu isti ovucunuz...
DANİEL. Dayanın! Mövzudan yayınırıq. Axı mənə davam gətirmək üçün ali qüvvələrə müraciət edən siz deyildinizmi?!
MİA. Yaxşı görüm… Demək istəyirsiniz ki, o bacarığı tamamilə itirmisiniz?! Heyran olmağı bacarmırsınız?!
DANİEL. Demək olar ki, yox.
MİA. Bəs mənə deyilən komplimentlər?
DANİEL. Bu nə vaxt olub? Yadımda deyil.
MİA. Gözlərim barədə…
DANİEL. Mən sadəcə onların aydın olduğunu dedim.
MİA. Bu, aldatmanın ən pis növüdür – özünə yalan danışmaq!

Mia ayağa qalxır və qapıya doğru gedir.

DANİEL. İncidiniz? Hara gedirsiniz?!
MİA. Ədəbsız suallar verməyin. Yeri gəlmişkən, burada sizin ücün özəl tualet və duş var.

Daniel tək qalır. O, kağız sancağı ilə bərkidilmiş vərəqləri götürüb sürətlə nəzərdən keçirir.
Sonra başını arxaya əyib gözlərini yumur. Bir müddət sonra Mia yenidən görünür.

DANİEL. Sizin üçün artıq darıxmağa başladım. Qayıtdığınız üçün şadam!
MİA. Heyran olmağı bacarmayan biri üçün bu, həddindən güclü bir emosiyadır (kresloya oturur). Mən yoxkən nə dinləyirdiniz? Lacrimosa? Yoxsa daha şən bir musiqi idi? Bəlkə təzə bir şey bəstələmisiniz, cənab Motsart?
DANİEL. Buna bax, zarafat etməyə başlayıb. Bizim adamsınız! Hələ də sizi öz tərəfimə çəkmək şansım var.
MİA (gülərək). Heç vaxt!
DANİEL. Eybi yox, (saatına baxır) təxmini altı saatdan sonra sizin müdir, o ağ xalatlı Salyeri, mənə möhtəşəm bir kokteyl hazırlayacaq.
MİA. Əminsiniz ki, bi raz çimir almaq istəmirsiniz?
DANİEL (bir anlıq fasilədən sonra) Həyatımda sevdiyim, mənə yaxın olan üç nəfəri torpağa tapşırmalı olmuşam. Əvvəlcə Paolanı itirdim. Və hər il, onun ildönümündə eyni yuxunu görürdüm: qara paltar geyinmiş Ölüm – əlində orağı olmayan bir məxluq – gəlib, mənə deyirdi: «Bir gün dördümüz də səni aparmağa gələcəyik!»
MİA. Ey, Tanrının Müqəddəs Anası!... mən qorxuram!
DANİEL (Mianın əlini tutur). Anam vəfat etdikdən sonra hər il onun ildönümündə və Paolanın anım günlərində yuxularımda həmin qara geyinmiş məxluqlarardan artıq ikisi mənə gəlib eyni sözləri deyərdi: «Bir gün dördümüz də səni aparmağa gələcəyik!»
MİA (Danieli özünə tərəf çəkir. Onun qarşısında diz çökür və əllərini tutur). Tanrım!
DANİEL. Oğlumu itirəndə hər şey yenidən təkrarlandı… Başa düşürsünüz?
MİA (Danielin başını öz sinəsinə qoyaraq) Deyəsən, hə…
DANİEL. Keçən çərşənbə isə…
MİA (qışqırır). Yox! Susun! Xahiş edirəm.
DANİEL (uzun fasilədən sonra ayağa qalxır, Mianı alnından öpür) Bağışlayın.
MİA. Siz, siz yaşamalısınız! Mübarizə aparmalısınız. Hələ yalnız üçüncü mərhələdir, şansınız var.
DANİEL. Düşünürəm ki, prosedurun rəsmiləşmə zamanı, uğurla dördüncü mərhələyə keçmişəm. Təəssüf ki, mən həkiməm və gələcəkdə məni nə gözlədiyini tam anlayıram. Elə siz də bunu bilirsiniz.
MİA. Qulaq asın, siz inkişaf etmiş bir ölkədə yaşayırsınız, burada tibb sonadək sizinlədir…
DANİEL. Mia, əzizim, sizin heç ağlınıza gəlibmi ki: burada – inkişaf etmiş Avropada, hətta ən kasıblar üçün belə palliativ yardım mövcud olan bir yerdə, niyə evtanaziya icazəsi var? Deyə bilərsiniz, axı niyə?! Həqiqətən düşünürsünüz ki, planlaşdırılmış ölüm ideyasını biz, avropalılar icad etmişik?! Bu saat! Yaponların Ubasute adəti, öz dövrünün evtanaziyası deyildi mi?! Və nəzərə alın ki, dağların zirvəsinə aparılan qocalar aclıqdan, yavaş-yavaş və ağrılı şəkildə ölürdülər. Həm də heç bir palliativ qayğı olmadan, hətta xəstəxanaya yerləşdirilməyin heç bir görünən səbəbi olmadan! Onu da deyim ki, belə nümunələr çoxdur.
MİA. Amma Dani, əzizim, biz iyirmi birinci əsrdə, xristian ölkəsində yaşayırıq… Axı biz Tanrının surəti və bənzərində yaradılmışıq. Süni ölümə haqqımız yoxdur! Sizin həyatınız Allaha məxsusdur! Siz sonadək mübarizə aparmalısınız!
DANİEL. Ya Rəbbim, deməli, həyatım belə mənə aid deyilmiş?! «Sonadək mübarizə apar!»… Boş-boş Hollivud söhbətləri, ucuz Hollivud sözləri! Sadəcə nədənsə onların filmlərində heç vaxt tibbi ördəkləri, yatalaq xəstələrin yaralarını çirkli çarşafları və «sonadək mübarizə aparmağ»ın digər «gözəlliklərini» göstərmirlər... Mənə baxın, görünür, siz də cəlladlardan birisiniz!
MİA. Elə çıxır.
DANİEL. Bəs məni də öldürməyinizin qarşısını nə alır?!
MİA. Hələ anlamamısınız?! (sıxıntılı fasilədən sonra) Məncə, bu gün həqiqətən də son növbəmdir.
DANİEL. Deyəsən, günahlarıma əlavə etməli olduğum bir şey də var – sizi işsiz qoymaq. Amma nə fərqi var, mən heç bir halda cənnətə düşməyəcəm?!
MİA (ayağa qalxır, Danielin oturduğu kresloya yaxınlaşır və bu dəfə özü onun qarşısında diz çökür) Siz ölürsünüz, Dani…
DANİEL. Xeyr, ölən sizsiniz, hər gün, məhz Allahın surətində və bənzərində yaradılmış hər kəs kimi… Hamı bənzərindədir, yalnız biz fanilərik. Fiziki ölüm bu prosesdə rəsmi bir nöqtədir. Mən isə artıq ölmüşəm… (gülərək). Amma siz məni diriltməyə çalışırsınız!
MİA. Dani, əziz doktorum…
DANİEL (kreslodan qalxıb Mianı itələyərək) Artıq yetər, xanım Salvatore! Zəhmət olmasa, yalnız vəzifələrinizi yerinə yetirin, başqa heç nə!
MİA. Kim bilir, kim bilir, Tanrı bizim yerinə yetirəcəklərimizdən nə gözləyir?!
DANİEL (səsini qaldıraraq) Din, Uca Tanrı! ... Kilsə kanonları buna qadağa qoyur! Ciddisiniz?! Bir düşünün, onun əllərində nə qədər qan var! Xaç yürüşləri zamanı neçə gənc, sağlam insanlar məhv edilib?! Bizə daim kilsənin intiharı pislədiyini deyirdilər. Yaxşı, mən etiraz etmirəm. Amma əminəm ki, hər bir qadağa, yalnız onu pozmağa sövq edir. İnsan intihardan yayınmaq üçün bir yol tapıb. Bu da yetməz kimi, indi siz evtanaziyanı qınayırsınız! Cismimiz Ona məxsusdur?! Mən bu barədə mübahisə etməyəcəyəm. Bəs niyə hamınız ilk fürsətdə sinənizi böyütməyə, dalınızı kiçiltməyə, dodaqların formasını dəyişməyə tələsirsiniz? Niyə nəfsin ram edilməsi əvəzinə ona qul olmağa üstünlük verirsiniz?! Ona görə deyil ki, estetik cərrahiyyə belə yüksək səviyyəyə çatıb?! Abortlardan hələ danışmıram: əgər evtanaziya deyilsə, bu nədir? Sadəcə bir neçə saat sonra məni gözləyən ləzzətli «Doktor Müller» kokteyli formasında deyil, vəhşi, barbar bir formada. (fasilədən sonra) Ölmək hüququ, Mia, yaşamaq hüququ qədər təbii bir insan hüququdur...
MİA (ehtiyatla) Sizdən doğulmaq istəyib-istəmədiyinizi soruşan oldumu?!
DANİEL (gülür) Əlbəttə ki, yox! Mayalama anında atamın ən yaxşı sperm hüceyrəsi olsam da, bundan sonra uzuuun müddət hələ danışa bilmirdim.
MİA. Mən sizin cəlladınız olmaq istəmirəm və olmayacağam, Dani!
DANİEL. Cəllad da peşədir. Fikirləşin, bizim əzizimiz doktor Müller ilə həbsxanada fəaliyyət göstərən hökm icraçısı arasında nə fərq var? Əlbəttə, özüm özümə cəllad ola bilərdim: həkim olduğuma görə, su içmək qədər asan bir şəkildə həyatla vidalaşmaq elə bilirsiniz mənim üçün çətin idi?! Xeyr, məni bu işi görməkdən çəkindirən əxlaqi tərəddüdlər deyil, qorxaqlıqdır. Dedim bəlkə məni dərhal tapmazdılar… Başa düşürsünüz… Lənətə gəlmiş estet.
MİA. Siz estetsiniz?
DANİEL. Niyə də yox?! … Mənim xoşuma gəldiyinizi anlayırsınız, elə deyilmi?!
MİA. Güldurməyin məni! Üstəlik, cəllad hər zaman cəlladdır, vəziyyət nə olursa-olsun!
DANİEL. Deməzdim: güllələnmə cəzası almış adamlar könüllü olaraq lülək altına durmur, ya da elektrik kreslosuna oturarkən gərginliyi artırmağı xahiş etmirlər…
MİA. Bəsdirin!
DANİEL. Mən burada öz xoşumlayam. Və bu arada, bu gün, mən sizə baxanda, tamamilə azadam.
MİA. Nə danışırsınız?!
DANİEL. Bilirsiniz, Mia, azadlıq hər birimizə seçimlərimizdə verilir. Biz bu azadlıqdan hər gün istifadə edirik: yalan danışmaq və ya həqiqəti söyləmək, kömək etmək və yaxud da yan keçmək, günah işləmək və ya içimizdəki əxlaqi qanunu hörmətlə yerinə yetirmək. Həyat özü xeyir və şər arasında davamlı seçimdir. Hətta nə yeyəcəyimizi seçəndə belə: bir dilim tort yoxsa bir dilim avokado, elə burada da insan azadlığı var.
MİA. Nə demək istədiyinizi başa düşürəm.
DANİEL. Tamamilə doğrudur ki, yalnız həqiqətən azad olan insan özü, zəruri hesab etdiyi zaman yaşamağa və ya ölməyə qərar verə bilər. Və məhz bu seçim onun azadlığının zirvəsidir! Niyə kimsə mənim seçimimi qınamalıdır: xəstəliklə sonadək mübarizə aparmaq, yoxsa ürəyimin istədiyi kimi son günlərimi yaşamaq? Və niyə mən öz X-saatımı təyin edə bilmərəm?!
MİA. Və siz bu X-saatında məni cinayət ortağı etməyi istəyirsiniz?
DANİEL. Sizin də, mənim də və ya Müllerin də azadlıqdan istifadə etmək hüququ var. Bütün ginekoloqlar hamiləliyi pozmur, eləcə də bütün baytar həkimləri xəstə pişiklərə iynə vurub onları göy qurşağına yollamırlar.
MİA. Amma bu sizi xilas etməyəcək… Mən yox, başqası, Müller yox, başqası: hətta ən mömin insanları bunu etməyə məcbur edən hallar həmişə olacaq.

Daniel yatağının kənarında oturur.

DANİEL. Yaxşı, lap yaxşı…
MİA. Yatmalısınız. Yenə də, qoyun sizə sakitləşdirici gətirim.
DANİEL. Yox, getməyin… Əyləşin.
MİA (kresloda oturaraq) Mənim üçün hətta ateist olmasam da siz İsa peyğəmbərsiniz!
DANİEL (gülərək). Nə axmaqlıqdır!
MİA. Bir deyin, məhz indi, seçim zamanı, bütün sevincləri və kədərləri ilə, yaşadığımız bu həyatı tərəzinin gözünə goymusunuzmu?! Bizim taleyimizi tam xoşbəxt adlandırmaq olmaz, amma şübhəsiz ki, içində yaxşı məqamlar da vardı: heç olmasa sevdiklərimiz... Onların xatirəsi... Ananızın məzarını, Paola və Matisi kim ziyarət edəcək?!
DANİEL. Dindar insanların sxolastisizmi həmişə məni ziddiyyətləri ilə riqqətə gətirib. Halbu ki, bu onlara xas olmamalıdır. Bir neçə saatdan sonra əzizlərimlə görüşməyəcəyəm? Yox? Yoxsa siz də bu cəfəngiyyata inanmırsınız?
MİA. Hər kəsə… imanına görə.
DANİEL. Oradan qayıdan kimsə bu fikri təsdiqləyibmi?! Əgər yaxınlarımdan biri belə sağ olsaydı, yəqin ki, heç vaxt bu yataqda oturmazdım. Sizə düzgün gələn, təbii hesab etdiyiniz yolla ölmək xoşbəxtlik olardı, bəli, morfinin təsiri altında olsa da… Lakin bunlar detallardır… Bir də istərdim ki, Matis nə vaxtsa bez dəyişmə masasında uzanarkən ettiyi kimi, mənim əlimi iki balaca əlində tutub saxlasın…
MİA. Sizcə, Allah yoxdur, Daniel?!
DANİEL. Kim bilir?!...

Güclü bir gurultu səsi eşidilir. Mia qorxudan ayağa qalxır.
Daniel onun ardınca instinktiv olaraq yataqdan qalxır.

MİA. Qapı döyülür?
DANİEL. Yox, fırtınadır.

Səs təkrarlanır. Mia qorxaraq Danielə sarılır, o isə dərhal onu qucaqlayır.

MİA. Qorxuram.
DANİEL. Sakit ol, tək deyilsən. Hələ də səni qoruya bilərəm.
MİA. Sanki kimsə böyük bir darvazanı döyür.
DANIEL (bir anlıq fasilədən sonra, Mianı əllərindən buraxmağa çalışaraq) Deyəsən sakitləşdi.
MİA (Danielə sıx sarılır). Yox, qorxuram (ağlayır).
DANİEL (bir əli ilə Mianı nəvazişlə qucaqlayıb, o biri əli ilə onun üzündəki göz yaşlarını silməyə çalışaraq). Bax, yağış da başladı.
MİA. Müqəddəs Kitabdakı o rəvayəti bilirsinizmi?... İsa çarmıxa çəkildikdən iki gün sonra, Müqəddəs Şənbə günü cəhənnəmin qapılarını döyür?
DANİEL. Bilmirəm: nə o rəvayəti, nə də başqa birisini… Və bu gün şənbə deyil.
MİA. Yenə zarafat edirsiniz (Danieli daha möhkəm qucaqlayaraq). Məncə, sizi başa düşməyə başlayıram, əziz doktorum. Orada bizi nə gözlədiyinin nə fərqi var, əgər burada, indi insan öz dünyasını cəhənnəmə çeviribsə, xəyanət, qəddarlıq, müharibələrlə gündə üz-üzə gəlirsə, deyin görüm, onda indi mən cəhənnəmdə deyiləmsə, haradayam görəsən?!
DANİEL. Bir neçə saatdan sonra hər şey bitəcək və sən adi həyatına qayıdacaqsan. Həyat isə, hər zaman cəhənnəm deyil. Bunu sən də bilirsən.
MİA (göy gurultusu və aydın görünən ildırıma fikir vermədən). Özümü birdən birə çox sakit hiss etdim.
DANİEL. Nə vaxt?
MİA. Siz mənə «sən» deyəndən sonra.
DANİEL. Eyni tərzdə cavab verməyə tam sərbəstsən.
MİA. Cəsarət etmirəm. Mən cəhənnəmdəyəm.
DANİEL. Bu, səni qucaqladığıma görədir?
MİA. Ay dəlim… Yetkin və axmaq doktorum. Siz mənim İsamsınız… Mənim! Mübahisə etməyin! Məni xilas etmək üçün cəhənnəmimin qapısını döymüsünüz!
DANİEL. Etiraz etmirəm. Yəqin ki, hər kəsin öz Xilaskarı var. Və kim dedi ki, o mütləq kişi olmalıdır, Mia, mənim Miam, Mia Salvatore?! İlahi, bu son gecəmi, həyatımın çoxunu keçirdiyim kimi, təkbaşına keçirə bilərdim.
MİA. Ad gününüz mübarək, Dani! Bir neçə saatdan sonra biz birlikdə, eyni stəkandan bunun şərəfinə içəcəyik!
DANİEL (gülür). Sənə bu sarsaqlığı etməyə heç cür imkan verməyəcəyəm!
MİA. Amma bu məni xilas etməyəcək…

Daniel əvvəlcə Mianı yanağından, sonra dodaqlarından öpür.
Onlar bir-birini möhkəm qucaqlayır. Motsartın musiqisi səslənir.

MİA. Eşidirsiniz?
DANİEL. Hə.
Mia Danielə arxasını çevirir. Daniel onu qucaqlayır.
MİA. Daniel…
DANİEL. Bəli, əziz Mia.
MİA. Dani… (bir anlıq fasilədən sonra). Bu fikrimi qəribə, bəlkə də ağılsız hesab edəcəksiniz…
DANİEL. Bu gecə elə başdan ayağa qəribəlik və ağılsızlıqdır.
MİA. Dani…
DANİEL. Bəli, Mia.
MİA. Bir dəfə mənə həyat verdin… Bunu yenə et!
DANİEL. Sən…
MİA. Sus! Sus, Dani! Sözümü kəsmədən dinlə. (Daniel Mianı özünə tərəf çevirməyə çalışır) Xeyr, əzizim, gözlərinin içinə baxıb danışmaq mənim üçün çətin olacaq… Haqlısan, dünyayla vidalaşmaq istəyin yəqin ki, düzgündür. Qəribədir, insanlar ölümün özündən yox, əzablı ölümdən qorxur. Bu gün hər ağrını kəsə bilərik, doğrudur, amma insanı son günlərində alçalmaqdan qoruya bilmərik. Ən pis düşməninə belə arzulamazdım ki, öz altını batirsın, sevdiklərinə əzab versin və ölümün özü kimi görünsün. Şübhəsiz, sən ağıllısan və nə etdiyini bilirsən. Sənin sevdiklərin, yaxınların orada səni gözləyir. İnansan da, inanmasan da, belə bir ehtimal var. Sevimli atam oradadır… Belə oldu ki, bugün də səni tapdım…
DANİEL. Kaş biləydin gələcəkdə səninlə birlikdə ola bilməyəcəyimə nə qədər peşmanam, kaş biləydin…
MİA. Dani…
DANİEL. Nədir, canım?
MİA. Dani… Daniel… Sənə demək istəyirəm… Demək istəyirəm… Təklif etmək istərdim… (bir anlıq fasilədən sonra) Mən səndən uşaq istəyirəm, Daniel Şnayder!
DANİEL (Mianı özünə tərəf çevirib əllərini tutaraq) Nə?! Ağlını itirmisən?! Ciddisən?! Yox-yox, üzr istəyirəm, yəqin ki, səni səhv başa düşmüşəm.
MİA (qəsdən, vurğu ilə təkrarlayır). Mən səndən uşaq doğmaq istəyirəm!
DANİEL (demək olar ki, qışqıraraq). Mən altmış yaşındayam!!! Ölümün astanasındayam! Dəli olmusan?! Düşünürsən ki, bu məni dayandıracaq?! Mənim boğazımı ilgəkdən bu cür çıxartmaq istəyirsən?! Dəli… (Mianı qucaqlayır. Pauzadan sonra)… Düzü, olduqca ədəbsiz bir təklifdir (Mianın alnını öpür). Sən necə də axmaqsan! Üç saatdan sonra məni qonşu palataya aparmalısan və orada kameranın qarşısında, vəkilimin və Allah bilir kimlərin iştirakı ilə son içkimi içəcəyəm və hər şey bitəcək (Mianı itələyərək). Ölümə dəvət çağırışı – bizim üçün gələcəkdə yalnız bu var!
MİA. Ölümə dəvət… Bəlkə də haqlısan. Amma hələ də sənin bir neçə saat ömrün qalıb və bu bir neçə saatı sən… Sən insan olmalısan! Xeyr, mütləq İnsan olmalısan! Əlbəttə, sən mənim istəyimi rədd edə bilərsən… Əslində bizim uğur qazanma ehtimalımız da çox azdır… Həyatını insanları xilas etməyə həsr etdikdən sonra, həqiqətən Xilaskar adına layiq görüldükdən sonra, məni günbəgün ölməyə məhkum edərək sakit ürəklə necə gedə bilərsən axı?! Sən həqiqətən bu dünyada öz davamını qoymaq istəmirsən?!
DANİEL (yatağın kənarında oturub hər iki əli ilə başını tutaraq). Bilmirəm… Bilmirəm… Ömrümdə ilk dəfə… Bilmirəm…
MİA. Yaxşı, fikir vermə, doktor Şnayder, sadəcə zarafat etdiyimi düşün. Heç kəs qəhrəman olmağa məcbur deyil. Həm də tam dəqiqdir ki, sənin mənə heç bir borcun yoxdur.
DANİEL. Haqlı deyilsən. Məncə… hiss edirəm… mən hiss edirəm ki… səni sevirəm… (uzun fasilədən sonra) Dediyini necə həyata keçirə bilərik?
MİA (yanında oturub başını Danielin çiyninə qoyaraq). Gəl mənim evimə gedək… Buradan yarım saatlıq məsafədədir.
DANİEL. Yox, onda mən artıq bura qayıtmaram!
MİA. Söz verirəm, səni geri gətirəcəyəm.
DANİEL (saatına baxır). Bəlkə bəzən yeniyetmə kimi davranıram, amma bagışla, yola sərf olunan vaxtı çıxsaq da… artıq on altı yaşında deyiləm…
MİA. Deməli razısan?
DANİEL (gülərək). Seçimim varmı?! Mən azadam ki?!
MİA (artıq ayağa qalxıb Danielin başını oxşayır. Mən də səni sevirəm, doktor, və görünür, uzun illərdir sevirəm! … (çıxışa doğru gedir, dayanır, Danielə tərəf dönür) Sən Allaha inanmırsan, amma indi ən azından İnsana inan! (bir anlıq fasilədən sonra, adətən olduğundan daha yüksək səslə və bir az pafosla) Cənab Daniel Şnayder, sizi həyata dəvət edirəm!
DANİEL (bir az utanaraq, əli ilə göstərir). Həmin o qonşu palataya?
MİA. Duşa.

2.

Qara geyimli birinci adam qəfildən kapüşonunu başından atır.

QARA GEYİMLİ BİRİNCİ ADAM (bundan sonra ALEKSEY YAKOVLEVİÇ). Dayanın! İşıqları yandırın! Tez eləyin! Dayanın, dostlar! ... Stop! (Səhnə tam işıqlanır. Danielə) Bu pyesi mənə soxusduranda, əlbəttə, başa düşürdüm ki, qətirdiyin bir şey deyil… Mansur, əzizim, mən bilirəm ki, sənin yubileyindir. Onu da bilirəm ki, sən bir qayasan, sənziz teatrım heç nədir! Amma yubiley gecəsi üçün bu tam bir fəlakətdir! Tamaşaçı sevincini bölüşmək üçün gəlir, onun ürəyi bayram istəyi ilə doludur, sən isə ona xəstəxana çarpayısı və bir saat fəlsəfi söz-söhbət təklif edirsən!
MANSUR YAQUAROV (DANİEL). Lyoşa, mən sənə pyesi əvvəlcədən göstərmişdim axı! Sən onu heç oxumamısan?
ALEKSEY YAKOVLEVİÇ. Belə başlıqlı pyesin bu qədər qaranlıq olacağını ağlıma gətirə bilməzdim! Bax da, «Yubileyə bir neçə saat qalmış belə bir ədəbsiz təklif»!!! Mən əmin idim ki, komediya yazmısan… Yüngül, ürəkaçan, benefisə uyğun bir şey. Musa, bəs sən hara baxırdın?!
QARA GEYİMLİ İKİNCİ ADAM (bundan sonra MUSA). Nə Musa?! (kapüşonunu başından atıb, yerində qalır) Aleksey Yakovleviç, qərarı siz özünüz verdiniz. Həmişə olduğu kimi.
ALEKSEY YAKOVLEVİÇ (Musaya). Pyes barədə nə düşünürsən? Necədir?
MUSA. Zəif. Həmişə olduğu kimi, Mansurun pyeslərində heç nə baş vermir. Bir az darıxdırıcı…
MANSUR YAQUAROV (Musanın sözünü kəsərək). Sənə mədəni paytaxtda dram əsərinə kanonik baxışı necə öyrədiblərsə, sən də ömür boyu elə o yolla gedirsən.
MUSA. Mansur, qarşında olan insanı dinləməyi öyrən. Ən azı mən səndən yaşda böyüyəm.
MANSUR YAQUAROV. Sən keçmişdə ilişib qalmısan, ay Musa!
MUSA. Mən demədim ki, material ümidsizdir: dili yaxşıdır, mövzu kəskin və aktualdır.
QARA GEYİMLİ ÜÇÜNCÜ ADAM (bundan sonra ŞURA). Aktual?! (kapüşonunu geri ataraq) Biz Avropada deyilik! Bu nə mövzudur?! Burada kim buna maraq göstərər?!
MANSUR YAQUAROV (Şuraya). Yaxşı, üzr istəyirəm, əzizim, mən Aqulyanski deyiləm, onun pyesində sən o qədər «möhtəşəm» idin ki!
ŞURA. Sən ümümiyyətlə dramaturq deyilsən, aktyor – hə, rejissor – mübahisə etməyəcəyəm, müəllim olmağın Allahdandır! Qızlar sənin üçün sino gedir, elə oğlanlar da... Sən bizim professorumuzsan…
MUSA. Sizin buna baxışınız çox dardır, Şuroçka. Məsələ sizin düşündüyünüzdən qat-qat genişdir: burada söhbət insanın həyata və ölümə münasibətindən gedir. O, süni, qeyri-təbii final isə başqa. Məncə, qadın qəhrəmanın təklifi yaxşı fikir deyil. Mənim fikrimcə, sonluq fərqli olmalıdır. Yeri gəlmişkən, hələ də onu düzəltməyə vaxt var.
MANSUR YAQUAROV (Musaya). Konkret nəsə təklif edə bilərsən?
MUSA. Sənə yüz dəfə demişəm, bildiyin mövzudan yaz. Axı sən evtanaziya, xərçəng xəstələri haqqında nə bilirsən?! Hələ üstəlik Avropada… Sənə konkret təklifim nə ola bilər ?! Bizim dramaturqumuz sənsən, top səndədir.
MANSUR YAQUAROV. Hazırkı repertuarımıza baxanda bələ çıxır ki, ölkədə yalnız bir dramaturq var – o da sənsən, Musa.
ALEKSEY YAKOVLEVİÇ. Yaxşı, bəsdir… (Qara geyimli dördüncü adama). Niyə susursan ?! Gəl görək, çıx ön plana!

Qara geyimli dördüncü adam kapüşonunu arxaya atıb, stulundan qalxır.

QARA GEYİMLİ DÖRDÜNCÜ ADAM (bundan sonra FUAD). Yaxşı, nə deyə bilərəm, Nadiyənin oyunu yenə yeknəsəq oldu…
ŞURA. Tamamilə doğru!
NADİYƏ (MİA). Bu dəfə nədən narazısınız, hörmətli xalq artistləri?!
FUAD. Əslində, bunu artıq demişəm, Nadiyə. «Yeknəsəq» sözünün mənası sənə aydındır?!
ŞURA (Nadiyəyə). Sən eyni köhnə üsulları tamaşadan tamaşaya daşıyırsan. Xüsusən də bu cür tamaşaya. (Mansur Yaquarova) Sən isə, əzizim, tamaşanın rejissoru kimi aktrisa ilə işləyə bilərdin. Xüsusən də onu nəzərə alsaq ki, burada, fikrimcə, heç bir rejissorluq kəşfi gözlənilmirdi.
FUAD. Yəqin ki, o bunu duş kabinasında etməyi planlaşdırırdı. Professor, şübhəsiz ki, tələbənə öyrədəcəyin daha çox şeylər var!
MANSUR YAQUAROV. Qudurma!
MUSA. Mən səni indi vuracağam, Fuad!
FUAD (əlini yelləyərək). Bağışlayın, uşaqlar. Nadiyə, sən də incimə: sadəcə bir az ruhdan düşmüşəm.
ALEKSEY YAKOVLEVİÇ. Əlbəttə! Nadiyə keçən mövsümdə səninlə iki tamaşada işləməkdən imtina etdi. Lakin məncə, bu məhz sənin günahındır.
ŞURA. Hə, elə oğlum da onun üçün kifayət qədər yaxşı partnyor deyil. Əməkdar artistlər bizə bəs eləmir: biz ekran ulduzu və səhnənin kralını istəyirik!
ALEKSEY YAKOVLEVİÇ. Sakit olun! Əksinə, Nadiyə bu gün həqiqətən çox yaxşı idi. (Mansur Yaquarova) Amma sənə suallarım olacaq, əzizim. Sənin ifan bir az xam görünür, sən adətən premyera ərəfəsində artıq zirvədə olursan, amma burada…
MUSA. Açılışacaq hələ.
ŞURA. Anlamıram.
FUAD. Nəyi anlamirsan?
ŞURA. Müzakirələrimizin mənasını. Afişalar hər yerdə asılıb, hər tin başından «Yaquarovun yubileyidir!» sözləri səslənir, biletlər satılıb, dəvətnamələr paylanıb… Mən isə sabah səhər üçün saç ustama və manikürə yazdırmışam.
MUSA. Hər bir mənfi işin müsbət tərəfi də var. Sabah olduqca yaxşı görünəcəksiniz!
ŞURA. Sağ olun. Bu gün isə, deyəsən, gözünüzə qorxunc görünürəm?!
FUAD. Qorxunc görünən bu gün səhnədəkilər idi.
ŞURA (ALEKSEY YAKOVLEVİÇ-ə diqqətlə baxaraq). Son illərdə teatrımızın repertuarının necə formalaşmasını başa düşə bilmirəm?!
ALEKSEY YAKOVLEVİÇ (bir anlıq fasilədən sonra) Yaxşı, həmkarlar. Cənab tamaşa müəllifi və rejissor, xanım aktrisa, bizə demək istədiyiniz bir şey varmı?

Nadiyə bir addım geri çəkilir, tamaşaçı zalına baxan tərəfdə yerləşən
çarpayıya söykənir; onun duruşu çaşqınlığını göstərir.

MANSUR YAQUAROV. Gənc aktrisanın üstünə leşyeyən quşlar kimi niyə çökürsünüz?! Ömrüm boyu məni dimdikləmisiniz… Nəyə görə? Yaraşıqlı olduğuma görə? İndi mən neyləyim ? Üzümü bıçaqla kəsik-kəsik edim, ay Fuad?! Hansı filmin rejissoru deyə bilər ki, mən, Mansur Yaquarov, ondan məni öz filmində çəkməyi xahiş etmişəm?! Heç olmasa bir dəfə olsun?! Ömrün boyu ekrandakı uğurumu niyə qısqanırsan?! Hətta təxəllüsümə belə paxıllıq edirsən… «Romantik qəhrəman» deyirlər … Kaş biləydiniz ki, məhz bu ampluadan, elə bu lənətə gəlmiş səhnəyə necə qaçırdım! Amma burada da məni gözləmirdilər, elə deyilmi, Şura?! «Təntənə »nin səndən yan keçdiyinə görə məni bağışlaya bilmirsən?!... Heç səndən Meqqi çıxar? Sən hara, Meggi hara?! Bir özünə bax! Amma qoy səni sakitləşdirim: çox keçməz, sənin də bəxtin gətirər... Hələ sən, Aleksey Yakovleviç, nə qədər qanımı içmisən ... Eh, keçmişi xatırlamağın nə mənası var... Rejissor kimi heç vaxt uğur qazana bilmədim. Və bu günkü tamaşa bunun bariz nümunəsidir. Onu da deyim ki, dramaturq kimi də heç vaxt uğurlu olmamışam... Bunu Musa təsdiq edər... Bütün ömrüm boyu canımı damla-damla sıxıb çıxarmısınız, qəhrəmanımın xəyallarındakı o Qara geyimli adamlar kimi… Sizin otbiçəniniz çox iti idi: susmağa üstünlük verməkdənsə – amansız bir söz işlədirdiniz, hələ o çiynin üstündən olan baxışlarınız ; üzbəüz gəldikdə saxta təbəssümlər, və hər şeyi üstələyən: qışqırmaq lazım olan yerdə, susmanız… Nəyisə… Amma niyə o zavallı qızı hədəf aldınız?! Mən onu bu səhnəyə əlindən tutub gətirmişdim. Ən yaxşı şagirdlərimdən biri idi. Xatırlayın, iyirmi il keçib. O, bu boğucu divarlar arasında yeni bir nəfəs idi. Onu nə vəziyyətə gətirdinız?! Sən onun yaşındakı neçə istedadsız aktrisanı artıq ad almaq üçün irəli çəkmisən, Lyoşa?! Bütün uşaq repertuarı hələ də Nadiyənin çiyinləri üzərindədir! Kimsə etiraz edə bilər?! Amma o nə eşidir? Hər premyeradan sonra ürəksiz təbriklər, qarşıdakı gül dükanından ağlamalı boynu bükük güllər və künc-bucaqda pıçıltılar: «Tamaşadan başqa heç bir marağı olmayan evdə qalmış…» … (Nadiyəyə tərəf dönərək) Bağışla, canım… Mən heçnə bilmirəm, elə düşünürsünüz?! Sən, hə, hələ sən… Narahat olmusan ki, Nadiyə səhnədə sənin oğlunla çıxış etmir?! Yox a! Səni əsəbiləşdirən bu deyil, səni əsəbiləşdirən odur ki, oğlun illərdir ki, bu qızın dalınca qaçır… Pleyboya bax, İlahi… Qacmağına qaçır amma nəticəsi – sıfır!
ŞURA. Vaxtında onun hisslərinə cavab vermiş olsaydı, çoxdan evlənib, artıq uşaq sahibi idi.
ALEKSEY YAKOVLEVİÇ. Şura!
MANSUR YAQUAROV. Biri özünü cırır ki, Nadiyə onun gəlini olmadı, digəri ki, onun məşuqəsi olmadı, üçüncüsü isə…
FUAD. Bu mənə atılan daşdır?
ALEKSEY YAKOVLEVİÇ. Yetər, cənablar! Fuad! Musa! Şura!... O ki qaldı sənə, Mansur, bizi qatillərə çevirmə… Lazım deyil… Yubiley keçiriləcək. Pyesi göstərəcəyik. Amma oyun haqqında, yalvarıram, hələ düşünmək lazımdır. Nadiyə! (Nadiyəyə. Onun üzündə göz yaşlarının izi var) Bax, yenə qızı ağlatdınız. Bu gün onun günüdür! Hər şeyi mükəmməl oynadın, qızım, amma... Sənin pyesin sonuna yaxın göz yaşların məntiqlidir: siz aşiq olmusunuz. Lakin aydın idi ki, elə başlanğıcdan da göz yaşlarını saxlamağa çalışırdın. Sənin Mian geri qayıdıb Danielin yatdığını görən zaman... Bu nədir axı?! Bu nə qeyri-peşəkarlıqdır?! Siz demək olar ki, heç bir-birinizi tanımırsınız... Bütün bu emosiyalar nədir?!
NADİYƏ. Haqlısınız, Aleksey Yakovleviç. Sabah bunu nəzərə alacağam.
ALEKSEY YAKOVLEVİÇ. Yaxşı. Mansur, sabah sənin yubileyinlə bağlı mətbuat konfransımız var, səhər saat on ikidədir. Hə, bir də sonluğu fikirləş. Musa haqlıdır – tamaşaçılar bizə inanmayacaq. Sən həmişə yalnız realizm mövqeyindən yazıb-yaratmısan…
MUSA. Doğrudur. Əvvəllər buna sosialist realizmi deyirdilər.
ALEKSEY YAKOVLEVİÇ. Əşşi, sosialist realizmi, kapitalist realizmi, nə adlandırsan da…
MANSUR YAQUAROV (çarpayının kənarına əyləşərək). Daha bilmirəm.
NADİYƏ. Belə bir hekayənin real həyatda baş verə bilməyəcəyini fikirləşirsiniz, Aleksey Yakovleviç?!
ALEKSEY YAKOVLEVİÇ. Mən bir şeyi bilirəm: sizin finalınız yoxdur. Amma onu işləmək üçün vaxtınız var – səhnə bu gün boşdur.
MUSA. Bəlkə tamaşaçı üçün prosedurun səhər baş tutub-tutmayacağının aydın olmamasını vurğulayaq? Buna diqqət et, Mansur!

Elə o anda Mansur bir az irəli əyilir və başını tutub ağrıdan qıvrılır.

NADİYƏ (Mansurun yanına tələsik qaçır). Sizə nə olub? Yanınızda dərman var?
FUAD. Təcili yardım çağırıram!
MANSUR YAQUAROV (əlini yelləyərək Fuadı saxlayır, sonra alçaq səslə). Lazım deyil, indi keçəcək.
ŞURA. Ay Allah! Ona nə olub?!
MUSA. Məndə «Spazmalqon» var…
ALEKSEY YAKOVLEVİÇ. Özünü yaxşı hiss edirsən?.. Onu deməliyəm ki, biz insanı həqiqətən son həddə çatdıra bilərik…
NADİYƏ. Təəssüf ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur.
ŞURA. Təəssüf ki?!
NADİYƏ. Xəbəriniz yoxdur?!
ALEKSEY YAKOVLEVİÇ. Lənət olsun, nədən? Axı burada nə baş verir?!
MANSUR YAQUAROV (Nadiyəni qolundan tutaraq). Lazım deyil…
NADİYƏ. Yaquarov xəstədir.
FUAD. Sənə nə olub, Mansur?
NADİYƏ. Onun əməliyyat edilə bilməz beyin şişi var.
MANSUR YAQUAROV (Nadiyəyə) Axı niyə?!...
ALEKSEY YAKOVLEVİÇ (Mansurun çiyninə əlini qoyaraq). Bax bu həqiqi zərbədir! Niyə heçnə demirdin ki?! Nadiyədən başqa kim bilirdi? (Hər kəs çaşqınlıqla baxır) Dəhşət!
MANSUR YAQUAROV. Narahat olma, Aleksey. Söz verirəm, tamaşaçılar sabah heçnə hiss etməyəcək, mən yaxşı formada olacağam.
ALEKSEY YAKOVLEVİÇ. Sən elə düşünürsən ki, sabahkı premyera məni belə narahat edir?
FUAD. Biz burada hamınız nə qədər cındır olsaq da… Amma inan, Mansur…
MANSUR YAQUAROV. Gedin, dostlarım, gedin! Nadiyə ilə mən həqiqətən sonluq barədə düşünməliyik, haqlısınız. Qalan hər şeyə sonra baxarıq.
ALEKSEY YAKOVLEVİÇ. Mansur, əzizim, sabah mütləq ətraflı söhbət edərik. Mütləq. Sənə uyğun olan vaxt. Səhərdən teatrda olacağam… Dəhşətdir! Dəhşət!

Aleksey Yakovleviç, Musa, Şura və Fuad çıxırlar.

ALEKSEY YAKOVLEVİÇ (səhnə arxasıdan səs). Aman Allah, on iki tamaşa, on iki tamaşa… Biz bunları necə yola verəcəyik?! Necə?!...

3.

Mansur Yaquarov və Nadiyə tək qalırlar.

NADİYƏ (işıq texniklərinə müraciət ederek). Zəhmət olmasa, işıqları zəiflədin. Hə, belə yaxşıdır. Təşəkkür edirəm.

Nadiyə Mansurun yanına oturur.

MANSUR YAQUAROV. Çoxdan?...
NADİYƏ. Əgər soruşmaq istəyirdiniz ki, çoxdanmı xəbərim var, bəli, artıq kifayət qədər.
MANSUR YAQUAROV. Susurdun…
NADİYƏ. Artıq sual verdiyim vaxt olub ki?!
MANSUR YAQUAROV. Mən elə sənin bu cəhətini sevirəm!
NADİYƏ. Özünüzü daha yaxşı hiss edirsiniz?
MANSUR YAQUAROV (başını sallayır). Mən sadəcə yorğunam. Bir az. Cuzi (Nadiyə bir qolu ilə Mansuru qucaqlayır) Görürsən? «Tamaşaçılar bizə inanmayacaq». Qurumuş teatr siçovulları! Möcüzəyə imkan vermirlər! Hər şey standartlar üzrə! Hər şey!
NADİYƏ (tibbi papağını çıxarıb, saçlarını açır). Onlar yalnız fasadı görürlər, qarşılarında iki obraz var: Daniel və Mia, pasiyent və tibb bacısı. Bundan artıq heç nə…
MANSUR YAQUAROV. Tanrım, açıq saclar sənə necə də yaraşır! Gözəlsən… (Nadiyəyə baxıb gülümsəyir) Bu terrarium bir şeydə haqlıdır – tamaşa bir zibil deyil, müəllifi isə qorxaqdır! Mən o sonluğu məhz ölümü aldatmaq üçün yazmışdım, heç olmasa kağız üzərində, başa düşürsən?
NADİYƏ. Siz qorxaqsınız?! Əziz müəllimim, qorxunu cəsarətsizliklə qarışdırırsınız. Dostoyevskinin «İdiot»undaki o parçanı xatırlayırsınız? …Dueldən əvvəl, Lev Nikolayeviç və Aqlayanın o dialoqu… Aqlaya soruşur: «Dueldən qorxursunuz?!», «Bəli, çünki bu mənim ilk duelimdır», – deyə Mışkin cavab verir. «Siz qorxaqsınız?» – deyə Aqlaya onu sıxışdırır. «Xeyr, əgər qorxaq olsaydım, qaçardım amma mən dueldə iştirak edəcəyəm…», – Lev Nikolayeviç deyir. Beləliklə, siz də, professor, hamımızı gözləyən şeylərdən qorxursunuz. Bu isə normaldır, amma siz həyatla qorxaqcasına hesablaşmayacaqsınız! Mən buna əminəm. Sizin arzuladığınız məhz burada – səhnədə, obraz içində olarkən dünyanızı dəyişməkdir…
MANSUR YAQUAROV. Kim bilir, kim bilir, hansı daha çox qəhrəmanlıqdır, Nadiyə: ölüm tarixini özün təyin edəsən, yoxsa bunu Allaha həvalə etmək, kim bilir?!... Bilirsən, qızım, bizim «yaxşı dostlarımız», onlara necə yanaşsaq da, süniliyi hiss ediblər.
NADYƏ. Özlərindən çox razıdırlar!
MANSUR YAQUAROV. Başımda onların təkəbbürü boyda bir şiş var. Amma məsələ heç bu da deyil. Problem ondadır ki, sabah mən yalnız mətni deyil, hətta öz adımı da unuda bilərəm. Və bu baxımdan bir sualım var: axı biz nə barədə mübahisə edirik?!
NADİYƏ (birdən-birə ayağa qalxaraq, bir qədər kobud). Sizin məhz indi, burada sağ olduğunuz haqqında danışırıq! Teatrın bütün qaydalarına görə, Mansur, məhz indi, burada! Bu axmaqlara hirslənməyə davam etdiyiniz müddətcə – siz sağsınız! Və bu o deməkdir ki, premyera baş tutacaq! Elə yubiley də… (bir anlıq fasilədən sonra)
Mia sizə uşaq dünyaya gətirmək təklifi edəndə, sizi yox, özünü xilas edir. Siz iyirmi il əvvəl onu o dünyadan qeri qaytardınız. Niyə?! Hər gününü lənətləyərək yaşasın deyə?! İndi isə siz özünüz getməyə qərar vermisiniz, onun yeganə xilas olma şansını da əlindən almaq istəyirsiniz?! Siz onun İsa peyğəmbərisiniz, çarmıxa çəkilmə ilə dirilmə arasında (sükut).
Bir vaxtlar siz məni aktrisa elədiniz, məni teatr dünyasına gətirdiniz…
MANSUR YAQUAROV (birdən ayağa qalxıb, Nadiyənın ağzını əli ilə örtür). Bu bir dəlilikdir! İncəsənət şurası haqlıdır, bu qeyri-realistik gorünür, belə şeylər həyatda baş vermir. Ölüm ayağında olan qoca kişilər ata olmur.
NADİYƏ (Mansuru itələyərək, demək olar ki, qışqıraraq). Və aktyorlar öz yubileyində səhnədə ölmürlər! Amma siz, nəcisinizdə boğularaq, xəstəxana çarpayısında ölməkdənsə, həyatdan məhz belə getmək istəyirsiniz, elə deyilmi?! (ona yaxınlaşaraq, indi sakit, demək olar ki, pıçıldayaraq) Onların məntiqi – cəhənnəmdir, onlar – özləri də cəhənnəmdirlər, ayrı-ayrılıqda da, bir yerdə də! Qəl, bu qeyri-realığı reallığa çevirək! Elə burda, teatrda, sənin qrim otağında ya da mənimkində: hansı səni daha çox ehtiraslandırırsa! Elə edək ki, sabah finalı alqışlayanda, onlar uduzduqlarını belə anlamasınlar. Bilməsinlər ki, belə də olur! Artıq yeni bir həyat var!
MANSUR YAQUAROV (şokda, qısa fasilədən sonra, fikri dağılmış halda). Dedilər axı «tamaşaçı buna inanmayacaq» …
NADİYƏ (demək olar ki, yenidən qışqıraraq, zala işarə edir) Tamaşaçılar da cəhənnəm, hər kəs də!
MANSUR YAQUAROV. Bəli… bəli… bəli! … Demək, pyesi düzəldək? Elə indi? Heç bir qaralama olmadan? Başlığı da dəyişək?
NADİYƏ (pafosla, qəhrəmana əlini uzadaraq) Cənab Daniel Şnayder, artıq vaxtdır! Mən, Mia Salvatore, sizi… həyata dəvət edirəm!

Motsartın musiqisi səslənir. Mansur və Nadiyə qucaqlaşırlar.

Pərdə.

Azərbaycan dilinə tərcumə edənlər:
Namiq Qurbanzadə, Gülnar Şıx-Əli qızı