Çobanyastığı çəmənləri əbədidir…
ÇOBANYASTIĞI ÇƏMƏNLƏRİ ƏBƏDİDİR…
İki pərdəli ailə dramı
İştirak edənlər:
Kərimovlar ailəsi:
Mahir – polis mayoru, 50 yaşlı kişi
Dilarə – onun həyat yoldaşı, müəllimə, filologiya üzrə fəlsəfə doktoru, təxminən 40 yaşlı qadın
Cəmilə – onların qızı, 21 yaşında
Mansurovlar ailəsi:
Maqsud – sahibkar, təxminən 40 yaşlı kişi
Ləman – onun həyat yoldaşı və işgüzar tərəfdaşı, 40-a yaxın yaşı olan qadın
Ramin – onların oğlu, 20 yaşında
Hadisələr müasir dövrdə bir cənub şəhərində və onun yaxınlığında baş verir.
1-ci pərdə
1.
Kərimovların mənzili. Qonaq otağında Mahir nahardan sonra qızı ilə çay içir. Dilarə Mahirin iş otağındakı televizorda «Опасный поворот» («Təhlükəli dönüş») filmini izləyir.
Mahir, qapının bağlı olmasına baxmayaraq, eşitməyə məcbur olduğu şeylərdən açıq-aydın narahatdır:
«… ОЛУЭН. Нет, Роберт, нет! Это ужасно! Довольно! Перестаньте, слышите?! Завтра все будет иначе.
РОБЕРТ. Завтра… Нет, завтра уже ничего не может быть…»
Mahir musiqi səsinin getdikcə güclənməsini eşidib, üzünü turşudur.
«ФРЕДА. У него там револьвер…»
Silah səsi eşidilir, ardınca da qadın qışqırığının səsi gəlir.
MAHİR (qışqırır). Delya!
Dilarə televizoru söndürür və qonaq otağına gəlir.
DİLARƏ. Ay Allah, məni qorxutdun! Niyə belə qışqırırsan?! Çay gətirim?
MAHİR. Yox, Cama süzdü mənə. Sən yenə nə gic-gic şeylərə baxırdın?
DİLARƏ. Pristlinin pyesi əsasında çəkilmiş bir filmə. Sizi narahat etməmək üçün sənin otağında baxırdım.
MAHİR. İtalyan? Mən sənin yerində olsaydım... Nə deyirlər ona?.. Sabun operasına… yəni... seriallara baxardım. Beynin dincəlsin deyə.
CƏMİLƏ (gülür). İtalyan niyə?! O, ingilis dramaturqudur.
MAHİR (masadan kitabı götürür). Bunun kimi?
DİLARƏ. İlahi, sən Şekspiri oxuyursan?!
MAHİR (paqonlarına işarə edərək). Uyğun gəlmir hə?
DİLARƏ. Boş-boş danışma.
CƏMİLƏ. Yeri gəlmişkən, Şekspirin bir çox süjeti tamamilə sabun operasıdır. Ata, nə oxuyursan?
MAHİR. «Atela».
DİLARƏ. «Otello».
MAHİR. «Hamlet»i oxumağa başladım – anlaşılmaz və darıxdırıcıdır. Amma bu yaxşı getdi. Görəsən necə bitəcək?
DİLARƏ. Necə yəni necə bitəcək?!
CƏMİLƏ (qəsdən romantik tərzdə). Sən «Romeo və Cülyetta»dan başlamalıydın. Lakin, əziz əcdadlarım, Şekspiri ancaq orijinalda oxumaq gərəkdir. Poeziyanı tərcümə etmək axmaqlıqdır: qaçılmaz olaraq ikinci bir müəllif ortaya çıxır və orijinalın bir çox incəlikləri, təəssüf ki, itir.
DİLARƏ. Sən mənim ağıllı qızımsan! (ərinə) Çoxdan oxuyursan?
MAHİR. İki həftə olar.
DİLARƏ (gülümsəyərək, masa arxasında oturmuş ərini arxadan qucaqlayaraq). Çox da pis temp deyil, əzizim…
MAHİR. Hə, bir az qalıb… Məndən utanırsan?
DİLARƏ. Mən… səni sevirəm.
MAHİR (ayağa qalxıb arvadını qucaqlayaraq). Doğrudan? Mən də səni sevirəm. İllər keçib, amma mən hələ də o vaxtkı kimiyəm: səni qucaqlayanda ürəyim uçur! Bədənim qocalır, amma ruhum gəncdir… Görəsən bu cür xoşbəxtlik mənə nədən verilib?!
DİLARƏ (şıltaqcasına). Nə cür?
MAHİR. Bu cür… (arvadını öpür) Ağıllı, istedadlı, gözəl və, ən əsası, mənimki!
DİLARƏ (gülür). Hə, həm də idmançı və komsomolçu.
MAHİR. Belə olmur.
DİLARƏ. Olur. Və mən də səni hələ də sevirəm, eşidirsən?
MAHİR. Nəyə görə?
DİLARƏ (ərini özünə çəkərək). O gözəl qəlbinə görə. Açığı, bir az kobudsan, amma bu illər ərzində bir dəfə də olsun mənə əl qaldırmadın. Mən də axı mələk deyiləm!
MAHİR. Əl qaldırmaq?! Kişi qadına əl qaldırar?!..
DİLARƏ. Bəzi qadınları yaxşıca döymək heç də artıq olmazdı.
MAHİR (arvadını öpərək). Sən mənim günəşimsən!
CƏMİLƏ. Sizə mane olmuram?!
Mahir masanın arxasından əlini uzadır və qızını əlindən tutaraq ayağa qaldırır.
Üçü də qucaqlaşırlar.
MAHİR (qızına). Ay mənim saf qızım, sən olmasaydın...
DİLARƏ. Atan haqlıdır, sevgimizin olmasa da, bu evin ocağının qoruyucu mələyi doğrudan da sənsən!
MAHİR. Elədir! Mən anan kimi danışa bilmərəm, amma bundan yaxşı demək mümkün olmazdı.
CƏMİLƏ. Ana, otur, bizimlə bir stəkan çay iç.
Dilarə başıyla razı olduğunu bildirir, qızı ona çay süzür.
MAHİR (qızına). Sözlü adama oxşayırsan.
CƏMİLƏ. Sən məni həmişə hamıdan yaxşı başa düşmüsən.
MAHİR. Ata övladını başa düşmürsə, o nə atadır?!
CƏMİLƏ. Görürəm ki, sən mənimlə həmişə eyni dalğadasan.
DİLARƏ. Bu «eyni dalğa» nə deməkdir axı? Slenq, təzə dəbə düşən sözlər?!.. «Eyni fikirdə» demək olmazdı?!
CƏMİLƏ. İndi mən yaxşı qız olum, yoxsa ürəyimi boşaldım?
MAHİR. Deyirlər: «uzun sözün qısası», odur ki, bir az tez elə – mən hələ işə qayıtmalıyam.
CƏMİLƏ. Ana, açığı sən demək olar ki, fəlsəfə elmləri doktorusan... Onun yaradıcılığı üzrə mütəxəssissən... Adı nə idi kişinin? (Gözə çarpan ironiya ilə kitabı götürür.)
MAHİR. Şekspir.
CƏMİLƏ. Elədir! Şekspirşünassan. Mən bu sahədə hələ ilk addımlarımı atıram, amma qeyd edim ki, (Dilarə ərinə və qızına təəccüblə baxır) müasir dilə münasibətində təəccüblü dərəcədə ətalətlisən.
MAHİR. Daha sadə desək?..
CƏMİLƏ (kürsüdən mühazirə oxuyan professor tonunda). Biz XVII əsrin dilində danışa bilmərik və əminəm ki, danışmamalıyıq!
DİLARƏ. Yaxşı, sən şitlik etməyə başlamısansa, deməli, deyəcəyin bir şey var.
CƏMİLƏ (atasına, anasını işarə edərək). Bu isə, Cəmilə Kərimovanın psixo-emosional xüsusiyyətləri üzrə ikinci mütəxəssisdir!
Mahir gülür.
DİLARƏ. Hələ onu da deyim ki, indi bu çətin, hətta deyərdim ki, hələ də aydın olmayan məsələdə, üçüncü şərəfli yeri tuta biləcək insandan söhbət gedəcək.
CƏMİLƏ. Ana, səni çox sevirəm!
MAHİR. Qızlar, soruşmaq ayıb olmasın, kimi nəzərdə tutursunuz?
CƏMİLƏ. Romaşkanı… Ah, əlbəttə ki, Ramini.
MAHİR. Bura baxın, mən bir az araşdırma apardım: onun atası kifayət qədər uğurlu iş adamıdır.
DİLARƏ. Bir dəqiqə, canım, bir dəqiqə. Onun ailəsi zibilxanada yaşasaydı belə, qızımız onu sevir və mənim bildiyimə görə, bu hiss qarşılıqlıdır.
MAHİR. Bilirsən, bizim də əlimiz aşağı deyil, amma onların necə bir ailə olduqlarını öyrənməli idim, elə deyil mi?!
CƏMİLƏ. Əlbəttə, öyrənməliydin, atacan, sən ki, ciddi və məsuliyyətli adamsan.
MAHİR. Qızlar, kaş ki, sizin kimi ağıllı olaydım…
DİLARƏ. Səndə həyat müdrikliyi var. Bu isə daha vacibdir. Sözə bax: müdriklik…
CƏMİLƏ. Raminin valideynləri bizə gəlmək istəyirlər.
MAHİR. Elçiliyə?
CƏMİLƏ. Yox, hələ ki, sadəcə tanış olmaq üçün.
MAHİR. Niyə də yox?!
DİLARƏ (ərinə). Yaxşı, əgər sən qarşı deyilsənsə, gəlsinlər? Amma açığı, onlar birdəfəlik elçi gəlsəydilər, daha rahat olardım.
MAHİR. Hara tələsirsən – bunlar hələ uşaqdırlar?! Oğlanın iyirmi yaşı təzə olub.
DİLARƏ. O, bu gün-sabah əsgərliyə gedir.
MAHİR. Hər oğlan bunu yaşamalıdır! Tam bir ildən sonra tamamilə başqa bir insan kimi qayıdacaq: ciddi, bərkimiş, əsl kişi kimi.
DİLARƏ. Əzizim, neçə yaşın var?!
MAHİR. Demək olar ki, qoca kişiyəm.
CƏMİLƏ. Qoca kişi haa! Səninlə yan-yana gəzmək mümkün deyil… (Dilarəyə) Qadınlar ərinə necə gözlə baxırlar, bilirsən?!
DİLARƏ (qızının dediyini nəzərə almadan). Mən də artıq 16 yaşında deyiləm. Bizim baxış bucağımızdan bir il, demək olar ki, heç nədir, amma onların gözü ilə baxsaq – bu, əbədiyyətdir! (bir anlıq fasilədən sonra) Bir ildə nələr baş verəcəyini kim bilir ki? Doğrudur, mən anamı çoxdan torpağa tapşırmışam, amma sənin yaşlanan valideynlərinin vəziyyəti məni getdikcə daha çox narahat edir…
MAHİR. Neyləyə bilərsən? Hamımız qonaq gəlmişik bu fani dünyaya (qızına) O, heç olmasa, səni sevir mi, sənin o Romaşkan? (Cəmilə utana-utana başını yelləyir.) Onda alış-veriş siyahısını hazırlayın, qızlar! (yerindən qalxaraq) Gələcək təzə qohumlarımızı yüksək səviyyədə qarşılamaq lazımdır!
2.
Mansurovların evində qonaq otağı. Buraya yalnız həyətdə yanan lampanın işığı düşür. Ramin və Cəmilə otağın ortasında qucaqlaşmış vəziyyətdə dayanıblar. Onların siluetləri demək olar ki, görünmür.
CƏMİLƏ. Səni necə də sevirəm!
RAMİN. Mən səni daha çox sevirəm!
CƏMİLƏ. Yox!
RAMİN. Mən olanı söyləyirəm!
CƏMİLƏ. Bu ola bilməz!
RAMİN. Niyə ki?
CƏMİLƏ. Çünki qadınlar daha həssasdırlar!
RAMİN. Bu tam bir qadın fəlsəfəsidir… M-mm, yeni ətir vurmusan?
CƏMİLƏ (gülür). Mən qazandım.
RAMİN. Nə danışırsan, Camka?
CƏMİLƏ. Bu ətiri mənə 8 Martda sən hədiyyə etmişdin. Hətta evdə mərc də qoşdum…
RAMİN (utana-utana). Bilirsən, mən…
CƏMİLƏ. Anan?
RAMİN. Hə, onun seçimi idi. Mənim bu cür şeylərdən nə başım çıxır ki?!
CƏMİLƏ. Səni necə də sevirəm, Romaşka!
RAMİN. (qızın sviterinin altına əlini salmağa çalışaraq) Bu ətir məni dəli edir…
CƏMİLƏ. Romaşka…
RAMİN. Sən mənim pişiyimsən.
CƏMİLƏ. Bu gün qəribə bir yuxu gördüm!..
RAMİN. Can…
CƏMİLƏ. Çox qeyri-adi idi. Təsəvvür et, dağ meşəsi, sən və mən çılpaq vəziyyətdə dəhşətli bir gurultudan qaçırıq.
RAMİN. Çılpaq?! Artıq xoşuma gəlir.
CƏMİLƏ. Ciddi deyirəm.
RAMİN (qızın burnunu öpərək). Bağışla.
CƏMİLƏ. Bilirsən, biz qaçırıq və qaçarkən bir-birimizin əlindən tutmağa çalışırıq, amma… heç nə alınmır. Gurultu isə elə bil getdikcə daha da güclənir. Mən də birdən başa düşürəm ki, bu dağ vulkanının püskürməsidir və közərmiş lava çox keçmədən bizə çatacaq.
RAMİN. Təsəvvür edirəm necə qorxmusan…
CƏMİLƏ. Birdən-birə sənin yanımda olmadığını anlayanda qorxdum. Qaçıram, amma səni görmürəm, yanımda deyilsən.
RAMİN. Nə dəhşətli yuxudur!
CƏMİLƏ. Yox-yox, hər şey çox yaxşı bitdi. Mən çəmənliyə çıxdım. Artıq geyinmişdim: sadə, kənd tərzi bir paltar var idi əynimdə. Ucqar kəndlərdə qızların gündəlik geyindiklərindən. Çobanyastığı çiçəkləri çəmənliyi xalça kimi örtmüşdü. Bu, sanki balaca günəşlərdən ibarət nəhəng bir xalça idi. Bir də hər tərəf işığa bürünmüşdü, heç gurultu da yox idi. Çəmənlik uçurumla bitirdi. Uçurumun o tayında başqa bir çəmənlik başlayırdı. Uzağa baxdıqda isə daha bir çəmənlik də görə bilirdin. Sanki onların sonu yox idi! Amma ən əsası… səni gördüm! Çoban paltarında arxası üstə uzanmışdın. O qədər gülməli və doğma idin ki… Bir neçə qoyun yaxınlıqda otlayırdı. Sənin yanına gəldim və uzandım…
RAMİN (artıq çox ciddi). Mənim yanımda?
CƏMİLƏ. Yanında deyəndə... Mən elə uzandım ki, başımın tacı səninkinə toxunsun və bədənlərimizi tək bir xətt birləşdirsin.
RAMİN. Başın tacı, başın tacı, bu…
CƏMİLƏ (oğlanın başını irəli əyərək, kiçik uşağın danışdığı tərzdə). Bax, burada.
RAMİN. Nə qəribə yuxu görmüsən…
CƏMİLƏ. Sonra yaxınlıqda oynayan bir it də gəlib yanımızda uzandı. Çox rahat idim. Orada həmişəlik uzanmaq istəyirdim ki, həmin o dediyim çobanyastığı çəmənləri daima bizimlə olsun… əbədi! O anlarda o qədər xoşbəxt idim ki!..
RAMİN. (Cəmiləni daha möhkəm qucaqlayaraq). Mən səni çox sevirəm!
CƏMİLƏ. Yuxularında məni görürsən?
RAMİN. Hə.
CƏMİLƏ. Necə?
RAMİN. (qızın qulağını, boynunu, dodaqlarını öpərək). Belə… Bax belə… Və həm də belə…
CƏMİLƏ. Asta… Ramin!.. (Onu dayandıraraq). Ay Allah, dayan!
RAMİN. Camka…
CƏMİLƏ. Mən dəmirdən deyiləm, Ram. (Həyətə gələn maşının və hürən itin səsləri eşidilir). Sənin valideynlərin gəlib.
RAMİN. Onlar olmaz, hələ tezdir axı.
Cəmilə qaçaraq pəncərədən baxır.
CƏMİLƏ. Elədir ki var, gəldilər.
Ramin tez döşəmə lampasını yandırır, kresloda oturur və dizlərinin üstünə yastıq qoyur. Maqsud və Ləman içəri daxil olurlar.
MAQSUD. Axşamınız xeyir, uşaqlar!
RAMİN. Salam, ata!
CƏMİLƏ (eyni anda). Salam, Maqsud müəllim, xoş gəlmisiniz. Ləman xanım, axşamınız xeyir.
Ləman cavab olaraq başını tərpədir.
MAQSUD. Müəllim eee... Qızım, biz axı danışmışdıq...
CƏMİLƏ (bir qədər qızararaq, Maqsudu qucaqlayır). Bəli, Maqsud dayı.
MAQSUD. Bax, bu başqa məsələ.
Cəmilə Ləmana sarılmaq üçün addım atmağa çalışır, amma Ləman özünü qızın niyyətini anlamamış kimi aparır.
LƏMAN (ərinə tərəf dönərək). O, bu gün-sabah sənə «ata» deyəcək. Ramuş, niyə qaranlıqda oturmusunuz?
MAQSUD. Ləman, bu nə sualdır?! Uşaqları utandırma.
Ləman çilçırağı yandırır. Gənclər açıq-aydın utanc hissi keçirirlər.
LƏMAN. Ramin, bəlkə o kreslodan yanını ayırasan? Unutma ki, atan uzaqdan gəlib…
MAQSUD. Yox, yox, yox, qoy otursun! Biz də əyləşək.
Maqsud divana oturur. Arvadına onun da əyləşməsini işarə edir.
Ləman əliylə ərinin təklifini rədd etdiyini göstərir.
MAQSUD (Cəmiləyə). Gəl bura, qızım! (Cəmilə sevincək halda Maqsudun yanında əyləşir. Maqsud da onu ata qızını qucaqlayan kimi qucaqlayır.) Yaxşı, çamadanlar maşındadır, sabah onları yerbəyer edərik, amma qızımın hədiyyəsi yanımdadır.
Maqsud cibindən bir qutu çıxarıb Cəmiləyə uzadır.
CƏMİLƏ (qutunu açaraq). Ay Allah, necə də gözəldir!
LƏMAN. Sağlıqla tax, gəlinim.
RAMİN. O hələ ki, gəlinimiz deyil.
LƏMAN. Amma tezliklə olacaq.
CƏMİLƏ. Ay Allah, axı bu çox bahalı hədiyyədir!
MAQSUD. O barədə heç düşünmə, onu ürəkdən, sənin adına almışam.
RAMİN (utana-utana). Camka, çox gözəldir! Bəlkə bir gün mən də sənə belə bir şey ala biləcəyəm…
LƏMAN. Bu nə sözdür, Ramin?! Bu sadəcə atanla mənim adımdan alınan hədiyyə deyil, bütün ailəmizin adından bağışlanan bir hədiyyədir.
Cəmilə hələ də kresloda oturan Raminə yaxınlaşır və onu yanağından öpür.
MAQSUD. Anan düz deyir.
CƏMİLƏ. Hamınıza təşəkkür edirəm. Düzünü desəm, çox utandım.
MAQSUD. Deməli belə, mən və Ləman xanım valideynlərinizlə görüşməyə hazırıq. Tarixi onlar seçsin. Biz sizə də gələ bilərik, mənim restoranımda da yığışa bilərik.
CƏMİLƏ. Əlbəttə, bizdə! Yalnız bizim evimizdə! Bu daha münasib olar.
RAMİN. Ata, bəs sənin o: «arvadın ərindən ən azı bir neçə yaş kiçik olması gərəkdir» tezisin nə olacaq?
LƏMAN. Boş şeydir! Gəlin bəydən bir yaş böyük olarsa nə problem?!
RAMİN. Heç tam bir il də deyil.
MAQSUD. Əslində, seçim də, qərar da sizindir, uşaqlar. (arvadına baxaraq) O vaxt valideynlərimiz bizim üçün seçim etmişdilər …
LƏMAN. Lakin biz çox da müqavimət göstərmədik və nəticədə güclü və xoşbəxt bir ailə qurduq, elə deyil mi?!
MAQSUD. Doğrudur. Bundan başqa biz Camkanı artıq çox sevirik. Ümidvaram ki, əzizim, sənin valideynlərinlə də yaxşı münasibətimiz olacaq.
RAMİN. Əminəm!
LƏMAN. Xoşbəxt olun, uşaqlar! Xoşbəxt olun.
RAMİN. Ata, Cəmiləni sənin maşınınla evə apara bilərəm?
MAQSUD (alçaq səslə). Oğul, əminsən ki, buna hazırsan?.. İşə bax e, sürücünü artıq evinə buraxdım. Düşünmədim ki, siz Cəmilə ilə hələ də buradasınız… Apar, oğul. (Cəmiləyə) Qızım, vaxtın gec olmasına baxmayaraq, məni gözlədiyin üçün sənə təşəkkür edirəm.
CƏMİLƏ. Səyahətdən sonra dincəlməlisiniz, Maqsud dayı. (Maqsudu öpür) Sağ olun.
MAQSUD. Gecən xeyrə... (Raminə) Diqqətli sür, a qədə.
LƏMAN (Cəmiləni soyuq qucaqlayaraq). Səni görmək çox xoş idi.
CƏMİLƏ. Gecəniz xeyrə…
Ramin və Cəmilə gedirlər.
MAQSUD. Onlar mənə gəncliyimi xatırladır.
LƏMAN (kresloya əyləşərək). Bu qız məni nədənsə narahat edir.
MAQSUD. Anlamadım…
LƏMAN. Bunu izah edə bilmirəm, əzizim.
MAQSUD. O, yaxşı, təmiz bir qızdır.
LƏMAN. Sözsüz, bilirəm… bilirəm.
MAQSUD. Məni tələsdirən sən deyildin?!
LƏMAN. Maqsud, elə indi də səni tələsdirirəm. Bu bizim üçün yaxşı bir variantdır. Odur ki, mənə elə baxma. Sən yaxşı bilirsən ki, onlar bir-birini sevir və oğlumuzun sevgisi bizim iş maraqlarımızla üst-üstə düşür. Üstəlik, bu ailə bizimlə qohum olmaqdan özünü xoşbəxt sayacaq. Beləliklə, mən qeyri¬-etik bir hərəkət etməmişəm. (hirsli halda) Dedim axı, mənə elə baxma!
MAQSUD. Mənim üstümə qışqırma! Ömür boyu onsuz da sənin istədiyini, sənin dediyini eləmişəm!
LƏMAN. Nəzərə al ki, sən ilboyu səhər yeməyində qara kürü, manqo yeyirsən, istədiyin vaxt da şəhərin ən yaxşı masajçıları sənin xidmətindədir. Padşah kimi yaşayırsan! Bəli, haqqın var! Mübahisə etməyəcəyəm. Sənin ağlın var, əllərin də qızıldır… Amma əgər mən ağılsız, heç bir şey anlamayan, o, rezin kuklalardan olsaydım, yeganə işim-peşəm sənin baş-beynini aparmaq olsaydı…
MAQSUD. Bu sənə üstümə qışqırmaq haqqını vermir!
LƏMAN. Onu düz deyirsən, canım. Bağışla, xeyli vaxtdır uzaqda idin, sənin üçün dəhşət darıxmışdım… Bir də ki, sən yanımda olanda… Görürsən, bir az çaşqın kimiyəm… (Ləman ərinə yaxınlaşıb, onu öpür.) Səfərin necə keçdi?
MAQSUD. Tərəfdaşlarımızla danışıqlar heç də pis keçmədi. Amma əgər bu fermaya rəsmi hüquqlarımız olmasa…
LƏMAN. Fermaya birbaşa bu Mahir və onun yerlilərdən olan dostları «krışalıq» eləyir. Əgər onlara kənardan müraciət etsək, bu… Nə qədərə? Bir yüz minə başa gələcək?
MAQSUD. Ən azı.
LƏMAN. Mən də elə fikirləşirəm (ərinin qalstukunun düyününü boşaldaraq). Lakin qohum olsaq… qohum olsaq…
MAQSUD. Bilmirəm vallah…
LƏMAN. Üçüncü variant da var…
MAQSUD. Yox!
LƏMAN (qısa fasilədən sonra). Mahir gələcəkdə payını alacaq. Kiçik də olsa bir pay. Hər halda, bütün bunlar axı onun sevimli qızı üçün edilir.
MAQSUD. Anlamıram, sənin nəyin yoxdur, nəyin çatmır?! Niyə bir qədər dayanıb, nəfəsini dərib, sakit yaşamaq istəmirsən?!
LƏMAN. Sevgilim, balıqlar torun içinə axışan zaman toru çəkmək axmaqlıqdır axı…
MAQSUD. Yaxşı, nə olur, olsun.
LƏMAN (ərinə pencəyini çıxarmağa kömək edərək). Bir az rahatlanmalısan, əzizim.
MAQSUD. Doğrudur. Mən çox gərginəm.
LƏMAN. Mən duş almağa gedirəm… Mənə qoşularsan? (Maqsud bir anlıq dayanır.) Yaxşı, istəsən Albinanın yanına get, mən ona zəng edərəm.
MAQSUD. Yox, sən özün də bacararsan…
LƏMAN. Şərəf bilərəm, Əlahəzrət!
Ləman çıxarkən ucadan gülür.
MAQSUD. (tək qalaraq). İfritə!
3.
Kərimovların mənzilindəki qonaq otağı. Süfrə açılıb, qonaqları qəbul etmək üçün hər şey hazırdır. Dilarə masada duranları tənzimləyir. Cəmilə özünü səliqəyə salır. Mahir daxil olur.
DİLARƏ. Mahi, bu, kostyumda nə qəşəng görünürsən!
CƏMİLƏ. Atam həmişə qəşəng görünür!
MAHİR (gülür) Forma geyinəndə ona mavrı xatırladıram, bala.
DİLARƏ. Sən hara, mavr hara?!
MAHİR (əlindəki qalstuka işarə edərək). Qalstuk, qızlar!
CƏMİLƏ (qalstuku əlinə götürüb diqqətlə baxır). Ay Allah, bu çiçəklər nədir?!
MAHİR. Yaraşmır? Bəlkə başqasını?..
DİLARƏ. Əzizim, vaxtımız yoxdur. Qızım, sən allah, bağla artıq!
MAHİR. Hmm, çiçəklər olanda nə olar ki?!… Kəndimizdə bir təbiət vardı…
DİLARƏ. Mahir, başlama, indi vaxtı deyil.
CƏMİLƏ (qalstuku bağlayaraq). Ata, sənin kənd xatirələrin elə təbiət qədər gözəldir. Onlardan mənə sonra danışarsan?
MAHİR. Danışaram. Bax, siz nadir hallarda mənimlə rayona gedirsiniz…
DİLARƏ. Amma sən vaxt keçdikcə, oraya daha tez-tez getməyə başlamısan.
CƏMİLƏ. Atamız kənddə kiməsə vurulub bəlkə?
DİLARƏ. Ah, ola bilər ilk məhəbbətidir…
MAHİR. Sən mənim ilk və yeganə məhəbbətimsən! Rayonda isə maliyyə maraqlarım var, özün də yaxşı bilirsən.
Qapının zəngi çalınır.
DİLARƏ (ərinə). Qapını açarsan? Mən nədənsə gərginəm.
MAHİR (qapıya doğru gedərkən). Qəribədir, mən də özümü narahat hiss edirəm.
Qonaqların səsləri eşidilir. Mahirin ardınca Maqsud, Ləman və Ramin otağa daxil olurlar.
MAQSUD. Axşam…ınız xeyir.
LƏMAN və RAMİN (birlikdə). Salam.
CƏMİLƏ. Salam. Deyəsən yollar tıxacdır?
RAMİN. Bəli, həmişəki kimi. Gecikdiyimiz üçün üzr istəyirik.
CƏMİLƏ. Anacan…
DİLARƏ (utandığını büruzə verərək, irəliyə addım atır). Sizinlə tanış olmaqdan çox məmnunuq.
MAHİR. Yaxşı, uşaqlar, bizi tanış edin.
CƏMİLƏ. Ata, ana, bunlar Raminin valideynləridir.
MAHİR (qızını təqlid edərək). «Ana, ata, bunlar Raminin valideynləridir». Mənim adım Mahirdir, bu həyat yoldaşım Dilarə xanım, əlavə edim ki, sevdiyim həyat yoldaşımdır (gülür), belə də olur. Bu gənc xanımı isə, güman edirəm ki, artıq tanıyırsınız.
MAQSUD. Nəinki tanıyırıq, hətta artıq onu çox sevirik də. İcazə verin, öz ailəmi sizlərə təqdim edim, Mahir bəy… (arvadına baxaraq) Etiraz eləmirsən, canım? (Ləman başı ilə razılığını bildirir.) Mənim adım Maqsuddur, mən bu gənc oğlanın atasıyam, bu isə həyat yoldaşım Ləman xanımdır.
MAHİR (arvadını qucaqlayaraq). Ləman xanım, bir fikir verin ərinizin mənim arvadıma necə baxdığına. Görünür ki, Dilarəm onun xoşuna gəlib. Və mən Maqsud bəyi çox yaxşı anlayıram – Dilarə xanım gözəldir. O, taleyin mənə verdiyi hədiyyədir…
DİLARƏ. Ona qulaq asmayın, o hər zaman danışarkən hiperbolaya əl atır…
MAHİR (gülərək). Sənin o dediyinə əl atmaq…
CƏMİLƏ. Ata!
LƏMAN. Nə şən əriniz var, Dilarə xanım! Mən insanların ətrafındakılara sevinc bəxş etdiyini görəndə, çox sevinirəm!
DİLARƏ. Məni Delya çağırın. Və buyurun, hamınız masanın arxasına keçin!
Qonaqlar masanın arxasında yerləşirlər.
Ramin çaşqın vəziyyətdə nəhayət hədiyyələrlə dolu bir paketi və iki dəstə gülü Cəmiləyə verir.
CƏMİLƏ. Zanbaqlar mama üçün?
RAMİN. Bəli.
CƏMİLƏ. Heç ağlıma gəlməzdi ki, yadında qalar. Çox sağ ol.
Ramin və Cəmilə masanın arxasına hamıdan sonda əyləşirlər.
MAHİR. Bax, siz hamınız, bir-iki bayram da olsa, məndən gəncsiniz. Mən «perestroyka» zamanı, Allah günahımdan keçsin, «alkoqolsuz toylar»da iştirak etmişəm.
LƏMAN. Biz hamımız içənik. Sözünüzün kökü bu idi, elə deyil mi?
MAHİR (qonaqlara içki süzərkən). Dostlar, hamımız üçün həyəcanlı olan bu axşamı, özüm açmaq istəyərdim.
MAQSUD. Bu ev sahibinin həm haqqı, həm də borcudur.
MAHİR (ayağa qalxaraq). Fikirlərim xoşunuza gələ bilər, amma bu başdan deyim ki, mən kəndçi babayam və siz deyən də təhsilli deyiləm. Dediyim odur ki, danışığım bər-bəzəkli olmaya bilər.
LƏMAN. Universitetdə yaşlı bir professorumuz var idi. O, tamamilə şəhərləşmiş bir adam idi. Həmişə bizə deyərdi: «Hər birimizin keçmişini qurdalasaq, köklərimiz mütləq kəndə gedib çıxacaq». Bağışlayın, sözünüzü kəsdim.
MAHİR. Doğrudur. Görünür ki o, müdrik adam imiş. Beləliklə… Uşaqlarımız dostluq edirlər və mənim bildiyimə görə, bu münasibət xeyli vaxtdır davam edir. Lakin, onu da deyim ki, onlar sadəcə dost deyillər – onlar sevgilidirlər. Və bu sevgi qarşılıqlıdır: bu isə nadir bir haldır, xüsusən indiki dövrdə… Bu gün biz valideynlər də bu dostluğa qoşuluruq və ümidvaram ki, bu dostluq gələcək münasibətlərimizin təməlini qoyacaq. Evimizə xoş gəlmisiniz! Var olun, əzizlərim!
Badələrin cingilisi eşidilir. Hər kəs içir.
MAQSUD. Təvazökarlıq etdiniz – möhtəşəm bir sağlıq idi!
LƏMAN (ilk dəfə gülümsəyərək). Bəli, Mahir bəy, olduqca gözəl nitq idi!
DİLARƏ. Buyurun! Nuş olsun! Qızım, Raminə qulluq elə.
MAHİR. Bir-birimizi tanımaq üçün buradayıq, etiraz eləyən yoxdursa, mən özüm haqqımda danışım. Maqsud, siqaret çəkirsinizsə…
MAQSUD. Çəkən deyiləm. Daha doğrusu, çoxdan tərgitmişəm. Oğluma pis nümunə göstərmək istəmədiyim üçün.
MAHİR. Siz nümunəvi bir atasınız! Yaxşı, bu halda mən də çəkməyəcəyəm. Beləliklə, artıq bildiyiniz kimi, mən ucqar bir kənddənəm. Mənim babam bizim olduqca böyük kəndimizdə ən varlı adam idi. O varlı idi, amma, necə deyərlər, qolçomaq deyildi.
DİLARƏ. Mahir…
MAHİR. Demək istədiyim odur ki, babam həmişə ehtiyacı olan adamlara kömək əlini uzadardı. Atam və onun çoxsaylı qardaşları var gücləri ilə babamın var-dövlətini qoruyub saxlaya bildilər. Kənd ənənələrinə baxmayaraq, mən atamın yeganə övladı oldum və o belə bir qərara gəldi ki, mən mütləq şəhərdə məskunlaşmalıyam. Və mən…
LƏMAN. Və siz şəhəri fəth etməyə gəldiniz, Mahir bəy!
MAHİR. Yox, belə deməzdim. Əvvəldən pulum var idi. Şəhər kənarında ev aldım, sonra da bir mənzil. Çox macəralarım oldu. Bilirsiniz, gənc adamın cibində pul olanda birdən-birə onun ətrafında çoxlu «dost-tanış», saysız-hesabsız qızlar toplaşır. Təəssüf ki, onların əsl «dəyərini» çox gec başa düşdüm. Çılğın vaxtlar idi: cinayət aləminə qarışdım, sonra isə polisə girdim.
MAQSUD. Bizim ölkəmizdə, bu çox vaxt eyni sikkənin iki tərəfidir.
MAHİR. (gülür). İşə bax, deyəsən bu cavan oğlan xoşuma gəlməyə başlayır!
LƏMAN. Bəs Delya həyatınıza necə daxil oldu?
MAHİR. Tanrı mənim də üzümə gülməliydi. Delya ilə ilk dəfə görüşəndə özümü nə qədər xoşbəxt hiss etdiyimi təsəvvür edə bilməzsiniz, Ləman xanım! Mərkəzdəki «Portofino» kafesini xatırlayırsınız?
CƏMİLƏ (Raminə). Yadındadır?
Ramin təəccüblənərək baxır.
Mahir ayağa qalxır, arxadan həyat yoldaşına yaxınlaşıb, əllərini onun çiyinlərinə qoyur.
MAHİR. O, 34 nömrəli masada tək oturub, dondurma yeyirdi. Gözəl və çox qəmgin idi. Çaşqın görünürdü. Mən ondan masasına əyləşmək üçün icazə aldım və onun yediyi cücə rəngli dondurmadan özümə də sifariş etdim. Sifarişim gələnə qədər də aşiq oldum.
LƏMAN. Və o, dərhal hisslərinizə cavab verdi?
MAHİR. Yox… Təəssüf ki, bu, daha sonra baş verdi… (qızına baxır)… Bu kiçik möcüzə həyatımıza daxil olanda. Amma yenə də hər gün Yaradana sual verirəm: «Bütün bu xoşbəxtlik həqiqətən mənim üçündür? Sən səhv etmədin ki?»
LƏMAN. M-mm, bu salat çox dadlıdır. Tövsiyə edirəm. Kim hazırlayıb?
CƏMİLƏ. Hər şeyi anam düzəldib, mən sadəcə kömək edirdim.
LƏMAN. Əlləriniz qızıldır, Delya! (Cəmiliyə) Narahat olma, sən də öyrənəcəksən.
MAQSUD. Siz o qədər səmimi idiniz ki, Mahir… Məni çətin vəziyyətə saldınız. Axı indi mən özüm haqqında danışmalıyam…
MAHİR. Ürəyiniz istədiyi kimi danışın. Əminəm ki, bizə maraqlı olacaq!
MAQSUD. Yaxşı. Mənə ömür boyu dolanışığını təmin etmək üçün çox çətinlik çəkən bir birmüəllim ailəsində doğulmaq qismət oldu. Amma «qismət» sözünü heç bir sarkazm olmadan deyirəm, çünki valideynlərim mənə bacardıqları hər şeyi verdilər: yaxşı təhsil, yaxşı tərbiyə və üstəlik özünə inam hissini aşıladılar.
MAHİR. Ah, özünə inam – bu…
MAQSUD. Bu çox vacibdir. Universitetə asanlıqla qəbul olundum və filologiya üzrə təhsil aldım.
MAHİR. Maraqlıdır, mənim Delyam da filoloqdur. Yeri gəlmişkən, o dosentdir.
DİLARƏ. Yaxşı görək.
MAQSUD. Mənim də elmdə uğur qazanacağımdan bəhs edirdilər, amma qazanc arxasınca getməli oldum. Yeri gəlmişkən, Ləman xanım təkcə həyat yoldaşım deyil, o, mənim tərəfdaşımdır, onsuz həyatda heç nəyə nail ola bilməzdim.
MAHİR. Siz də filoloqsunuz, Ləman xanım?
LƏMAN. Xeyr, mən daha çox sizə yaxınam — hüquqşünasam. Maqsud haqlıdır, görüşdüyümüz zaman pulumuz yox idi. Məqsədimiz ailə qurmaq, biznes yaratmaq və oğlan dünyaya gətirmək idi.
DİLARƏ. Niyə məhz oğlan?
MAQSUD (gülür). Yəqin ki, bu gün bu masada oturmaq haqqını qazanmaq üçün.
LƏMAN (ərinə sərt baxaraq, ciddi). Əslində bütün bunları əvvəl-axır ötürəcək, miras verəcək kimimizsə olsun deyə. Bəs siz, Deleçka?..
DİLARƏ. Mən… mən… adi bir ailədə böyümüşəm… Universitetə çətinliklə qəbul olunmuşam. Jurnalist olmaq istəyirdim, amma yalnız filologiya fakültəsinə daxil ola bildim. İndi isə məzun olduğum universitetdə müəllimlik edirəm. Şekspirin faciələri haqqında doktorluq dissertasiyası üzərində işləyirəm. Təxmini belə.
LƏMAN. Bəs Mahir bəylə harda tanış oldunuz?
MAQSUD. Ləman, əzizim, sənə elə indicə izah etdilər: «Portofino»da, 34 nömrəli masanın arxasında (Hamı gülür.) Dostlar, soruşmaq ayıb olmasın, biz bura yeməyə yığışmışıq?
MAHİR. Çox yaxşı sualdır. (qonaqların badələrini dolduraraq, Raminə) Oğlum, sən də orada xanımlara qulluq elə.
MAQSUD. İcazə verin, bir neçə kəlmə deyim. Mahir bəy, Dilarə xanım, burada özümüz haqqında danışdıq, nədən başladıq, haralara gəlib çıxdıq. Amma bu əsas məsələ deyil. Biz gözəl uşaqlarımızı yetişdirməyi bacardıq. Qardaş-bacısız, təkbaşına böyümələrinə baxmayaraq, eqoist olmadılar. Bəli, oğlum, necə deyərlər, hələ ki, ayaqları üstündə tam dayanmayıb, amma bu sadəcə zaman məsələsidir. Əsas məsələ isə odur ki, onlar…
LƏMAN. Bir-birini sevirlər.
MAQSUD. Aydın məsələdir. Amma mən başqa bir şeydən danışmaq istəyirəm. Onlar bir-birlərini dinləyirlər. Yaxşı yola gedirlər. Beləliklə, bizim etməli olduğumuz tək şey: onlara mane olmamaq və ailə qurmalarına kömək etməkdir.
DİLARƏ. Maqsud müəllim, məncə, bu məsələdə tələsməməliyik.
MAHİR. Delya, nə danışırsan sən?!
MAQSUD. Tamamilə haqlısınız, biz sizi tələsdirmirik. Amma mən düşünürdüm ki…
MAHİR. Maqsud, əzizim, onun əsəbləri bir az gərgindir. Gündə elçi gəlmir ki?! Dediyiniz sağlıq yarımçıq qaldı.
MAQSUD. Əslində, bu badəni ailənizin, xüsusən də Cəmilənin şərəfinə qaldırmaq istəyirəm. Mən xoşbəxtəm ki, Camkanı müşahidə edərkən, onu öz qızım kimi sevə bildim. Sizin sağlığınıza, əzizlərim!
Hamı içir.
DİLARƏ. Mən demək istəyirəm…
MAHİR. Qızlar, bəlkə isti yeməkləri gətirməyin vaxtıdır?
LƏMAN. Salatlar çox dadlı idi! (Masadan qalxır.) Qızlara kömək edərəm.
Kişilər tək qalır.
MAQSUD. Raminin əsgərliyinin təxirə salınması ilə bağlı icazəni almaqda çox çətinlik çəkirəm. Təbii ki, evlənəndən və uşaqları olduqdan sonra onu aparsalar, daha asan olacaq.
MAHİR. Bəli, düzdür, onu şəhərdə haradasa yerləşdirə bilərik. Ehtiyac olsa deyərsiz, bir neçə tanışım var.
MAQSUD. Sağ olun, Mahir. Amma məncə, Dilarə xanım uşaqlarımızı evləndirmək fikrinə o qədər də isti baxmır.
MAHİR. Bilirsiniz, o, qadındır. Bu da hər şeyi izah edir.
MAQSUD. Biz kişilər onlardan da betərik.
MAHİR. Yeri gəlmişkən, bu mövzuda bir lətifə var. Ramin, bu sadəcə zarafatdır haa… Birindən soruşurlar: «Sən niyə evləndin?», cavab verir: «Mən fahişələrin yanına getmək istəmirdim»… «Bəs indi?»… Qayıdır: «İndi isə istəyirəm.»
Kişilər bərkdən gülürlər. Qadınlar qayıdır və isti yeməkləri gətirir.
LƏMAN (ərinə). Bilirsən nə qədər yemək bişiriblər?! Güclə Delya xanımı razılığa gətirdim ki, ancaq bu gözəl ət yeməyini masaya qoyaq.
MAQSUD. Mmm, ətrinə bax! Yəqin ki, yeməklə də doymaq olmayacaq!
MAHİR. Hə, qızlar səhərdən bəri mətbəxdə əlləşiblər. (içki şüşəsini əlinə alıb, içkini süzərək) Yaxşı, gəlin içək…
MAQSUD. Bu cür yeməkləri yeyərək içməmək günah olar.
DİLARƏ. Hə, kişilər, deyin görüm, nəyə gülürdünüz?
MAQSUD. Mahir bəy bizə bir lətifə danışdı.
DİLARƏ. О-оо, təsəvvür edirəm…
LƏMAN. Uşaqların sağlığına içək! Düzdür, Dilarə xanım xeyir işi tələsdirdiyimizi düşünür, amma bir yerdən başlamaq lazım idi. Bu gün görüşməyimizin də xeyri o oldu ki, bir-birimizi yaxından tanıdıq. Ümid edirəm ki, dost olduq və bütün bunların səbəbkarları övladlarımızdır. Elə deyil mi?!
MAHİR. Tamamilə doğrudur, cazibədar Ləman xanım, elədir ki, var.
LƏMAN. Sağ olun, uşaqlar, sağlam, uğurlu və xoşbəxt olun!
İçirlər.
MAHİR. Düzünü desəm, mən əmin idim ki, siz birdəfəlik «həri» almağa gələcəksiniz.
MAQSUD. Mən də elə bunu nəzərdə tuturdum.
LƏMAN. Yeri gəlmişkən, bunu indi də etmək gec deyil.
DİLARƏ. Mən işləri niyə tələsdirməli olduğumuzu başa düşmürəm.
MAHİR. Mən səni başa düşə bilmirəm, Delya! (üzünü masanın arxasındakılara tutaraq) Cəmi bir neçə gün əvvəl arvadım məni inandırmağa çalışırdı ki, gecikdirməməliyik, deyirdi ki, nə olacağını adam heç vaxt bilmir…
CƏMİLƏ. Ata!
MAHİR. Bəli, canım, susuram. Yoxsa, həmişəki kimi, artıq-əskik danışaram.
MAQSUD. Digər tərəfdən, hamımızın bildiyi kimi: «Qadın nə istəyirsə, Tanrı da onu istəyir»… Uşaqlarımız bir-birini artıq kifayət qədər tanıyırlar və bir-iki həftə heç nəyi dəyişməz və korlamaz.
MAHİR. O da doğrudur.
DİLARƏ. Maqsud, Ləman, ümid edirəm ki, sizin xətirinizə dəyməmişəm?
LƏMAN. Nə danışırsınız?! Allah eləməsin!
MAQSUD. Hər şey qaydasındadır, Dilarə xanım.
LƏMAN (Dilarəyə). Siz də əriniz kimi ailənin tək uşağı olmusunuz?
DİLARƏ. Yox, mənim böyük bacım və qardaşım var. Onların olmasına çox sevinirəm! Ən azı uşaq vaxtı məktəbdə məni qoruyublar. Onların varlığını bilən heç kim məni incidə bilməzdi. Düşünürəm ki, sevdiklərindən gələn bu dəstək hissi hamımıza həqiqətən lazımdır. Sonra, bilirsiniz, böyüyürük və hər kəs öz yoluyla gedir. Mənim bacım ərə gedib başqa ölkəyə köçdü, qardaşımın da öz ailəsi, öz qayğıları var…
LƏMAN. Sizi çox yaxşı başa düşürəm. Elə ona görə də biz qadınlar öz kişilərimizə çox bağlı oluruq.
MAQSUD. Mən bu müzakirəyə girməyəcəyəm.
MAHİR. Düzdür, Maqsud bəy, susmaq daha yaxşı olar.
MAQSUD. Masada bu cür ətirli ət olanda mübahisə etmək günahdır.
LƏMAN. Əzizim, sən mədəsində bu qədər yeri necə tapırsan?!
MAHİR. Nuşi-can!
MAQSUD. Haqlısan, bir az fasilə etmək lazımdır.
MAHİR. Uşaqlar, bir musiqi qoyun, rəqs edək.
MAQSUD. Əla fikirdir!
Ramin və Cəmilə bir müddət CD-ləri qarışdırırlar.
DİLARƏ. Romantik bir şey, Cama.
Asta tempdə çalınan rəqs musiqisi səslənir.
LƏMAN. Mmm, bu nə gözəl musiqidir! Kimin seçimidir, uşaqlar?
RAMİN, CƏMİLƏ (eyni anda). Bizim!
MAHİR. Bax, görürsünüz, onlar artıq bir ailədir!
Üç cütlük yaranır: Mahir və Dilarə, Maqsud və Ləman, Ramin və Cəmilə.
Ramin və Cəmilənin mizanseni:
CƏMİLƏ. Anama bu gün nə olub? Anlamıram…
RAMİN. Bu gün çox gözəlsən! Səni öpmək istəyirəm.
CƏMİLƏ. Başqa bir şey haqda düşünə bilərsən?
RAMİN. Yox, Camka!
CƏMİLƏ. Yaxşı, ən azından dürüstsən.
Maqsud və Ləmanın mizanseni:
MAQSUD. Hə, necədirlər?
LƏMAN. Normal cütlükdür. O, əlbəttə ki, zadəgan nəslindən deyil, amma xeyrini görəcəyik.
MAQSUD. Ya rəbbim, uşaqlardan danışıram, Ləman, uşaqlardan…
LƏMAN. Uşaqları Allah özü saxlasın! Ümid edirəm ki, O, onların yanındadır… Mən onu çoxdan polkovnik eləmişdim.
MAQSUD. Allahı?!
LƏMAN. Küfr etmə! O Delya açıq-aydın yalnız özü ilə məşğuldur – akademik siçovul.
MAQSUD. Yaxşı, əgər ev sahibindən söz gedirsə, sən onu artıq nəinki polkovnik, general etmişdin!
LƏMAN. Kaş onda sənin ağlın olaydı.
MAQSUD. Onun işi ilə ağlı bir-birinə uyğun gəlmirlər. Orada prinsipsizlik həmişə ağıldan üstün olub.
LƏMAN. Prinsipdən məhrum davranış hər sahədə vacibdir. Ölkəmizdə bu, ikinci pul vahididir.
MAQSUD. Manatdan sonra, əzizim?
LƏMAN. Dollardan sonra, canım, manat üçüncü yerdədir.
Mahir və Dilarənin mizanseni:
MAHİR. Nə olub sənə? Niyə özünü belə aparırsan?
DİLARƏ. (heyfsilənən kimi) Bu oğlan hələ uşaqdır...
MAHİR. Boş-boş danışırsan, arvad! (hamıya) Dostlar, bəlkə partnyorlarımızı dəyişək?
CƏMİLƏ. Şəxsən mən öz partnyorumu heç kimə verməyəcəyəm!
DİLARƏ. Sən necə də acgözsən?!
Maqsud Dilarə ilə, Mahir isə Ləman ilə rəqs etməyə başlayır.
Mahir və Ləmanın mizanseni:
LƏMAN. Sizin bu qədər məharətlə rəqs etdiyinizi gözləmirdim. Bravo!
MAHİR. Zarafat edirsiniz? Həmişə elə bilirdim ki, ayı təkcə qulağımı yox, ayaqlarımı da tapdalayıb.
LƏMAN. Çox zarafatcılsınız, Mahir bəy!
MAHİR. Yeri gəlmişkən, bir lətifə. Bir amerikalı, bir fransız və…
Maqsud və Dilarənin mizanseni:
MAQSUD. Dünya kiçikdir, elə deyil mi?
DİLARƏ. Bu dəhşətdir!
MAQSUD. Əksinə, möhtəşəmdir! Belə ləziz yemək bişirməyi nə vaxt öyrəndin?
DİLARƏ. Görüşüb söhbət etməliyik.
Maqsud başıyla razılığını bildirir. Musiqi daha gur səslənir. Ləmanın gülüşü eşidilir.
Pərdə.
2-ci pərdə
4.
Şəhər kənarında bir otel otağı. Maqsud və Dilarə özlərini səliqəyə salmağa çalışırlar.
MAQSUD. Sən bir işə bax, corabımın bir tayını tapa bilmirəm.
DİLARƏ. Bu dəhşətdir!
MAQSUD. Mən mistikaya inanmıram, tapılar.
DİLARƏ. Sənin corabından danışmıram.
Maqsud Dilarəyə yaxınlaşır və onu qucaqlayır.
MAQSUD. Can, Deka!
DİLARƏ. Mənə Deka demə! (Qucağından sıyrılır.) İyrənc səslənir. (ağlayaraq) Heç olmasa anlayırsan ki, məni indi zorladın?!
MAQSUD. Doğrudan?! Mənə elə gəldi…
DİLARƏ. Sus!
MAQSUD (Dilarəni yenidən qucaqlayır, amma bu dəfə daha möhkəm). Tanrım, heç vaxt inanmazdım ki, vaxtı geri qaytarmaq olar. Sən demə, keçmişə qayıtmaq bu qədər asan imiş!
DİLARƏ. Burax! Mən səninlə heç də buna görə görüşmək istəməmişdim… Keçmiş… Mən gələcəkdən qat-qat daha çox narahatam! (demək olar ki, qışqıraraq) Burax!
MAQSUD. Sakitləş ki, buraxım!
DİLARƏ. Mən necə alçaqam!
MAQSUD. Yox, canım, yox, günah məndədir. Yəqin ki, bunu etməməli idim, özümü saxlamalı idim, amma…
DİLARƏ. Mən necə də alçağam! Kaş ki, mənim nə dərəcədə alçaq olduğumu biləydin…
MAQSUD. Yaxşı, bəsdir artıq, sakitləş! Həqiqətən, bir-birimizə deyəcəyimiz sözlər var. İçki sifariş edim?
DİLARƏ. Yox! Bir o qalmışdı ki, evə sərxoş halda qayıdım! Ay Allah, ərimin gözlərinin içinə necə baxacağam?!
MAQSUD. Nə mənada?!
DİLARƏ (qucağından sıyrılaraq). Tamamilə ağlını itirmisən?!
MAQSUD. Ah, anladım, üzr istəyirəm… Qulaq as, niyə Cəmiləyə mənim avaram ilə görüşməyi qadağan etdin?
DİLARƏ. Çünki… çünki… sənin oğlun onun yanında bir uşaq kimi görünür.
MAQSUD. Güldürmə məni. Bizim o vaxt neçə yaşımız vardı ki?
DİLARƏ. Hə, biz o zaman onlardan da gənc idik.
MAQSUD (otaqda corabını axtararaq gəzişir). O zaman bizə elə gəlmirdi.
DİLARƏ. Elə ona görə də bu qədər axmaq işlər gördük!
MAQSUD. Evrika! (Dilarə çaşqınlıqla Maqsuda baxır.) Tapdım!
DİLARƏ. Təbriklər!
MAQSUD. Yeri gəlmişkən, burada saç sancağı da var. Sənindir? Yoxsa daha kimsə indi çətin vəziyyətdədir?
DİLARƏ. Ver baxım. (Saç sancağına baxır.) Mənimkidir. Bax gör, biz burada nə hoqqalar çıxarmışıq! Düşünürəm ki, saç sancağını itirmək corab itirmək qədər qorxulu deyil?!
MAQSUD. Zarafat edirsən. Şükür! Otur bu kresloda və özündən danış. Sevdiyim qadın haqqında hər şeyi bilmək istərdim!
DİLARƏ. Sevdiyin?
MAQSUD. Xətrimə dəyirsən… Mən sevdiyim qadını, ehtiyacım olduqda yatağa girdiyim qadınlardan asanlıqla seçə bilirəm. Onu da deyim: əminəm ki, hər kişinin həyatında yalnız bir qadın ola bilər, qalanları sadəcə kölgədir.
DİLARƏ. Bu moteldə ilk dəfə olduğuna heç vaxt inanmaram…
MAQSUD. Mən onu demədim. Amma canım, burada başqa bir şey daha vacibdir: əminəm ki, sənin üçün bu ilk dəfədir!
DİLARƏ. Niyə buna belə əminsən?
MAQSUD. Çünki bu moteldə mən, əfsuslar olsun ki, birinci dəfə deyiləm.
DİLARƏ. Bəs sənin arvadın…
MAQSUD. O, bütün macəralarımdan xəbərdardır… bu günkündən başqa.
DİLARƏ. Anlamıram.
MAQSUD. Onda mən əvvəl özümdən danışmalı olacağam. (Bardan bir şüşə içki çıxarır.) Ay da, viski sevmirəm, amma indi içməliyəm. (Özünə içki süzür.) Sən dəqiq mənə qoşulmayacaqsan? (Dilarə başını yelləyir.) Haradan başlayacağımı belə bilmirəm… O, «Portofino»daki nahardan sonra…
DİLARƏ. Lazım deyil, rica edirəm.
MAQSUD. Səni orada tək qoymamalıydım. 34 nömrəli masamızda səni tək qoymamalıydım!
DİLARƏ. Məni tək qoymadın.
MAQSUD. Bəli, gələcək ərin dərhal mənim yerimi tutdu. Onun bunu həyatının ən xoşbəxt günü kimi xatırladığı yadımdadır. Yəqin tale belə yazılıb. Mən sənə nə verə bilərdim axı? Heç kimsəni maraqlandırmayan, cibində bir qəpiyi belə olmayan gənc filoloq?! Sənə kişi lazım idi, oğlan yox. Bunu o vaxt anlamasan da, mütləq hiss edirdin. Bu gün də bu fərqi başa düşürsən, sadəcə Raminin arxasında mən dayanmışam.
DİLARƏ. İş onda deyil, Maqs…
MAQSUD. Sus! Onsuz da fikirlərimi cəmləşdirmək mənim üçün çox çətindir.
DİLARƏ. Bağışla.
MAQSUD. Mmm… Harada qalmışdım?!... Hə… uçurumun kənarında idim. O vaxt anam az qala ağlını itirmişdi – bilmirdi mənimlə neyləsin. Radioda işə başladım, bir müddət jurnalist kimi çalışdım. O iş məni xilas etmədi. Sənə nifrət edirdim! İndi özüm də buna inana bilmirəm, amma sənə bütün qəlbimlə nifrət edirdim. Həm nifrət edirdim, həm… sevirdim. Hətta bu nifrət hissi içimdə indi də yaşayır… Yox!... Mən nə deyirəm?! Əlbəttə ki, yox… İndi bir şeyə tam əminəm: səni sevirəm, hələ də sevirəm. Zaman o nifrəti silib, təqsirlər unudulub, amma sənə qarşı duyduğum hisslər qalır. (Dilarənin yanağından göz yaşları axır.) Necə oldusa, o qəribə qarının yanına gəldim… İndi bunu heç xatırlamıram… Dedilər ki, o, şəhərin ən yaxşı falçısıdır. Lənət olsun. İfritə… Yox, əslində o, keçmişim haqqında çox həqiqətlər söylədi. Mənim haqqımda, sənin haqqında, bizim haqqımızda. Sanki o qoca qancıq hər an bizim yanımızda olmuşdur. Qəribədir. Amma məni gələcək maraqlandırırdı…
DİLARƏ. Və o gələcəkdə mən yox idim.
MAQSUD. Dedi ki, zəngin olacağam, öz işçilərim olacaq, böyük həyət evim və bir neçə bahalı maşınım olacaq.
DİLARƏ. Heç də pis proqnoz deyil.
MAQSUD. Və dediklərini: «Amma sən bunların hamısını başqalarından alacaqsan!» – sözləri ilə tamamladı. Uzun sözün qısası, ruhumu şeytana satmalı idim. Yox, mən bunu ciddi qəbul etmədim və tezliklə o qəribə qarını unutdum... (pauzadan sonra) Həqiqətən bir neçə gün sonra Ləman həyatıma daxil oldu, çox gənc, saf, mənimlə müqayisədə, demək olar ki, uşaq idi. Valideynlərimiz dost idilər. O vaxt ailələrimiz korluq çəkirdi, amma biz buna fikir vermirdik. Yox, biz bir-birimizə aşiq deyildik. Səninlə mənim yaşadığımız kimi bir love story-miz heç vaxt olmamışdı. Amma o, inanılmaz dərəcədə etibarlı idi, deyərdim… Hüquq fakültəsinin tələbəsi idi həm də çox ağıllı… Onun üçün oxumaq hər şey idi! Necə, nə vaxt evləndik heç anlamadım: banket zalında sadə bir toy etdik və ər-arvad olduq. (Qısa fasilədən sonra özünə viski süzür.) Sanki həyatımın bundan əvvəl olan səhifəsini çevirmişdim. Bir müddət sonra Ləman uşağa qaldı. Biz yetərincə xoşbəxt idik. Mən hərbi xidmətimi bitirib qayıtdım. O, dünyaya bir oğlan gətirdi – uşaq vaxtı bu kiçik şıltaq eyni mən idim. Yox, biz həqiqətən xoşbəxt idik. Bilirsən, həyatımız sakit havada şamın titrəmədən yanmağına bənzəyirdi… Burada dərin bir məna var… Məlum oldu ki, həyat pafossuz da sevinc gətirə bilər. Zaman elə bil yerində sayırdı. Pis olan o idi ki, bizim dəhşətli dərəcədə pulumuz çatmırdı. Lakin Ləman tezliklə işində peşəkarlıq göstərdi. O, istedadlıdır, olduqca savadlıdır və çox tez bir zamanda qanunu öyrənməklə yanaşı, onu nəzərə almamağı da bacardı. İlk biznesimizi o, bir axmağın əlindən asanlıqla aldı. Yox, formal olaraq burada heç bir cinayət yox idi. Demək olar ki, yox idi. Əlbəttə, mən çox işləməli idim. Filologiyanı unutmalı oldum. Düzünü desəm, yaxşı təşkilatçı olduğum ortaya çıxdı. Sonra daha bir neçə buna oxşar hadisələr baş verdi və çoxlu çirkin əməllərimiz oldu.
DİLARƏ. Buna görə də bu motelə belə bələdsən?
MAQSUD. Tək buna görə yox. İndi bir neçə butikim, restoranım, bir neçə sexim var və məni orta səviyyəli iş adamı adlandırmaq olar. Bununla öyünmürəm. Amma ən azından öz ayaqlarım üstündəyəm və ailəm tam qaydasındadır. Və inan, oğlum bir gün ləyaqətlə mənim yerimi tutacaq. Sadəcə…
DİLARƏ. (göz yaşları içində, sakitcə). Nə, canım?
MAQSUD. Mən istərdim ki, onun həyatında sevgi də olsun.
Maqsud ayağa qalxıb pəncərənin yanına gedir.
DİLARƏ. Amma sən kursun birincisi idin; parlaq elmi karyera qura bilərdin! Maqsud Mansurov adı hətta o zaman belə hörmətlə çəkilirdi!
MAQSUD. Ölkəmizdə kursun birincisi olmaq kifayət deyil. Məndən fərqli olaraq, sən bunu elə o vaxt da başa düşürdün.
DİLARƏ. Mən alçağam…
MAQSUD. Aman Allah, yenə başladın… (O, kresloda əyləşən Dilarəyə yaxınlaşır, diz çökür və onun əllərini öpür.) Sən hələ də eyni zərif qızsan… Mənim Dekam.
DİLARƏ (Maqsudun başını sinəsinə sıxaraq). Sanki bu illər heç olmayıb. Bunu demək qəribədir, amma səni sevirəm.
MAQSUD. Bilirəm.
DİLARƏ (göz yaşları içində gülərək). Hələ də eyni təkəbbürlü oğlansan! Nə qədər mənasız imiş hər şey. Səninlə yatağa girdiyim vaxtdan bəri məni tərk edəcəyindən dəhşətli dərəcədə qorxurdum. (Maqsud çaşqın baxır.) Bəli, Maqs. O zaman mənə elə gəlirdi ki, sən yalnız məsuliyyət hissinə görə mənimlə birlikdəsən. Sonra başa düşdüm ki, gələcəkdən, yoxsulluqdan daha çox qorxuram. Mən qəsdən münasibətimizi bitirdim… Amma ürəyimin dərinliklərində ümid edirdim ki, sən vaz keçməyəcəksən, məni qazanmaq üçün lazım gələni edəcəksən. Gic ağlım, elə eyvanimin altında serenada oxumağını gözləyirdim. Hələ də gitara çalırsan? (Maqsud əlləri ilə rədd işarəsi edir.) Kül mənim başıma! Ay Allah! Əslində, biz nəyisə başa düşmək üçün çox gənc idik. Qürur, ambisiyalar, eqoizm… Məntiqdən başqa, nə istəsən var idi.
MAQSUD. Və bütün bunlar ehtiras və məhəbbətlə qarışmışdı. Nə yaxşı ki, uşaqlarımız belə deyil! Onlar daha ağıllıdırlar və həyata daha praktik yanaşırlar. Qızından narahat olma: Ramin nə qədər Kazanova olsa da… Qorxuram ki, sənə danışdıqlarımdan sonra, ailəmizə başqa gözlə baxasan. Amma buna baxmayaraq uşaqlarımızın xoşbəxtliyinə mane olmarıq, elə deyil mi?!
DİLARƏ (kəskin). Süz mənə də!
MAQSUD. Nə?!
DİLARƏ. Orada nə varsa, konyak, viski… fərqi yoxdur.
Maqsud badələrə viski süzür və onlardan birini Dilarəyə uzadır.
MAQSUD. Soyuducuda buz var.
DİLARƏ (bir qurtum içib başını aşağı salır). Sən durdun getdin. Mən dondurmanı yeyə-yeyə özümü nağıldakı şahzadə kimi təsəvvür etdim və özümə dedim ki, qarşıma çıxan ilk adama ərə gedəcəyəm. Və o, peyda oldu.
MAQSUD. İndi başa düşdüyümə görə, məhz o anda.
DİLARƏ. O vaxt məncə bu bir işarə idi. Mahir yaxşı atadır və sədaqətli ərdir. O, çox şən bir adamdır!.. Ay Allah, nə danışıram?!
MAQSUD. O, həqiqətən zor bir oğlandır, əsl kişi.
DİLARƏ. Bəli, kişi. Əsl mənada. O, ayaqları üstündə möhkəm dayanmışdı. Bir həftə sonra bizə mənzil aldı. Bir neçə həftə sonra evləndik. İş mənim pulgirliyimdə deyildi, Maqs. Başa düş, bu praqmatizm məsələsi də deyil. Əlbəttə, səni sevirdim, yalnız səni! Amma sən… Kaş o vaxt zəng etsəydin, sadəcə bir zəng… (Dilarə yenə bir qurtum içir.)
MAQSUD. Haqlısan, bütün bunlar böyük axmaqlıqdır!
DİLARƏ. Cəmilə dünyaya gəldi. O, çox zəif uşaq idi. Körpəyə baxmaq bütün vaxtımı alırdı. Şükürlər olsun ki, yaxşı körpə qidası, dərmanlar və ən yaxşı həkimləri tapmaqda heç bir çətinlik çəkmirdim. Mahir çox qayğıma qalırdı, baxmayaraq ki, işi ona istədiyi qədər evdə olmağa imkan vermirdi. Amma bu, çox da vacib deyildi. O, məni sevirdi. Bu illər ərzində həmişə hiss etmişəm ki, onun üçün bir ilahəyəm. Ona xəyanət edə bilməzdim, bu fikri ağlıma belə gətirmirdim. Sonra… sonra isə zaman hər şeyi yerinə qoydu…
MAQSUD. Niyə ikinci uşağınız olmadı?
DİLARƏ (çiyinlərini çəkərək). Bəs siz Ləmanla?..
MAQSUD. Elə hər dəfə sonraya saxlayırdıq, amma sonra da… Nə isə, pis zəmanədir... Sən isə karyera qura bildin. Elə deyil mi?!
DİLARƏ. Necə deyim… Hə, ərim mənim üçün hər bir şərait yaratdı. Dissertasiyamı çətinliklə yazdım və güc-bəlayla onu müdafiə etdim. Sonra o, lazım olan adamları işə saldı və mən dosent oldum. Hazırda doktorluq dissertasiyası yazıram.
MAQSUD. Şekspir?
DİLARƏ. Hə, zəhləm gedir ondan, amma yazıram.
MAQSUD. Axı sən XX əsrin əvvəllərindəki ingilis yazıçıların heyranı idin o vaxtlar. Yadımdadır, Snou və Pristlinin adlarını çəkərək, sayıqlayırdın.
DİLARƏ. Elə indi də onlara heyranam və onlar ilə sayıqlayıram. (Maqsud çaşqınlıq əlaməti olaraq, əllərini açır.) Mən sənin kimi istedadlı deyiləm, canım… Düzünü desəm, sadəcə fərsizəm. Doğrudan başa düşmürsən?!... Şekspir haqqında material nə qədər istəsən…
MAQSUD. Camka sənin yolunu davam etdirir, düz başa düşürəm?
DİLARƏ. Hə, şükür Allaha, o məndən qat-qat savadlıdır! Üstəgəl dillər: Şekspiri orijinalda oxuyur.
MAQSUD. Ağıllı qızdır! Bilirsən, mən şeirləri tərcümə etməyi qadağan edərdim: mənalar dolaşır, vurğular dəyişir. Şeir orijinalda oxunmalıdır. Buna əminəm. Hələ əgər Şekspirdən söhbət gedirsə...
DİLARƏ. Ay Allah, lap qızın kimi düşünürsən!
MAQSUD (avtomatik). Məndə oğlandır. (uzun fasilədən sonra, üzünün ifadəsi dəyişərək) Yox, Deka, yox!
DİLARƏ (sakit). Hə…
MAQSUD (əvvəl pıçıltı ilə, sonra demək olar ki, qışqıraraq). Sən dəli olmusan… Ola bilməz… Sən dəli olmusan!!! Dəli!!!
5.
Klinikalardan birində palata. Cəmilə yatağın kənarında oturub isterik şəkildə gülür.
Maqsud və Dilarə onun yanında durublar.
MAQSUD. Həkimi çağırım.
CƏMİLƏ (onun əlini tutur, amma qeyri-təbii şəkildə gülməyə davam edir). Yox, lazım deyil.
DİLARƏ (qızının qarşısında diz çökür, başını onun qucağına qoyur). Sənin qarşında özümü çox günahkar hiss edirəm.
CƏMİLƏ. Bunu yüz dəfə demisən. Bilirsiniz nəyə görə gülürəm?
MAQSUD. Nəyə, canım?
CƏMİLƏ. Ağlıma gəldi ki, ilk dəfədir, əsl valideynlərimi birlikdə görürəm. (Bir müddət qeyri-təbii şəkildə gülməyə davam edir.)
MAQSUD. Sən əsl döyüşçüsən, Cəmilə! Həkim deyir ki, vəziyyətin demək olar ki, normaya qayıdıb.
CƏMİLƏ. Bəs məni nə vaxt buraxacaqlar? Sizə ata dediyim zaman, elə deyil mi?!
MAQSUD. Sənin yalnız bir atan var, və o indi çətin günlər yaşayır. Düşünürəm ki, səni təxminən üç günə buraxacaqlar.
CƏMİLƏ. Niyə o məni görməyə gəlmir?
DİLARƏ. Onun üçün çətindir, qızım, bunu başa düşməlisən.
CƏMİLƏ. Bəs sənin üçün?
MAQSUD. Sizi tək qoyuram.
CƏMİLƏ. Yox, getməyin. Artıq hansı sirlərimiz qaldı ki?!..
MAQSUD. Amma Raminə icazə vermirsən gəlib sənə dəysin…
CƏMİLƏ. Necə də hər şey qəribədir indi…
MAQSUD. Bütün bu günlər ərzində Ramin burda olub. Hətta gecələr də. Bu səhər onu evə apardım ki, ən azı yuyunsun və özünü səliqəyə salsın.
CƏMİLƏ. Doğrudan? İndi onun gözlərinə necə baxacağımı bilmirəm.
DİLARƏ. Nə danışırsan, qızım?!
MAQSUD. Bizim üçün sizin gözlərinizin içinə baxmaq çətindir, uşaqlar! Bizim üçün!
CƏMİLƏ. Mən öz qardaşımla öpüşürdüm…
MAQSUD. Buna bir baxın… (Dilarəyə) Dəqiq bilirsən ki, bu bizim qızımızdır?! (Cəmiləyə) Qızım, inan, bu boş seydir.
CƏMİLƏ. Boş seydir. Ən qorxulusu odur ki, mən onu sevirəm…
DİLARƏ. Ya Rəbbim, bu uşaqlara kömək et!
MAQSUD. Sevgi həyatımızda baş verən ən yaxşı şeydir, qızım! O, bizə güc verir, amma həm də bəzən bizi bədbəxt edir. Və sevginin həyatımıza nə gətirəcəyinə yalnız biz qərar veririk. Ananla mən gəncliyimizdə çox səhvlər buraxdıq. Həyatımızı demək olar ki, məhv etdik. Sizin qarşınızda da günahımız çoxdur… Amma sən və Romaşka hələ çox gəncsiniz, mütləq xoşbəxt olacaqsınız! İnan mənə, qızım, sadəcə inan.
DİLARƏ. Siz hələ öz yarınızı tapacaqsınız. (Maqsuda) Və bizim dörd uşağımız olacaq.
MAQSUD (Dilarəni qucaqlayaraq). Və, Allah qoysa, çoxlu nəvə-nəticəmiz.
Maqsud Cəmiləni əlindən tutaraq özünə və Dilarəyə tərəf çəkir. O, hər ikisini qucaqlayır. Bir anda Cəmilə ondan aralanır.
CƏMİLƏ. Bəs atam necə olacaq?!
MAQSUD. Atan əvvəlki kimi öz yerindədir, Cəmilə.
DİLARƏ. Allahım, bütün bunlara tab gətirmək üçün mənə güc ver! Qızım, o mütləq səni görməyə gələcək, indi rayondadır, işlə əlaqədar problemləri var. Çox ciddi problemləri.
MAQSUD. Deka, mənə bir söz deməmişdin. Nə baş verib orda? (Cəmiləyə) Uzan, qızım, uzan və sakitləş.
DİLARƏ (qızının üstünü örtərək). Səncə, mənim buna baş qoşmağa gücüm qalib?!
MAQSUD (Cəmiləyə). Qızım, Ramin gözləsin?
Cəmilə razı olduğunu başıyla bildirir və demək olar ki, dərhal yuxuya gedir.
DİLARƏ. Bu özündədir?
MAQSUD. Hə, bu dərmanlara qarşı reaksiyadır. Əsas odur ki, onlar təsir edir. Həkim onun bərpasının gedişindən məmnundur. Hətta çox məmnundur! Üstəlik, o nə qədər çox yatsa, beyni bir o qədər çox dincələr.
DİLARƏ. O hələ də uşaqdır...
MAQSUD. Qızımız. Nə qəribə!
DİLARƏ. O səni sevir, Maqs, sadəcə…
MAQSUD. Ay Allah, nə danışırsan?! Onun mənə nifrət etməməsinin özü – möcüzədir!
DİLARƏ. O, bizi bağışlayıb?
MAQSUD. O, bizi başa düşüb.
DİLARƏ. Bunu necə bacardığını anlamıram.
MAQSUD. Çox sadə: o sevir və sevilir. Mən indi qızımızdan daha çox sənin ərindən nigaranam.
DİLARƏ. Duel olmayacaq!
MAQSUD. O-oo, bu, ən asan yol olardı! Mən onun işlərindən çox narahatam. Zəng etməliyəm.
DİLARƏ. Bir saatdan sonra mühazirəm başlayır.
MAQSUD. Maşınımın açarlarını al, aşağı düş və məni maşında gözlə. Səni özüm aparacağam. Ramin isə qızımızla oturar. (Pəncərəyə baxır.) Bax, gəlib artıq.
DİLARƏ. Yaxşı fikirdir.
MAQSUD. Özü də Camka ölür onu görmək üçün.
DİLARƏ (palatanın qapısına doğru gedərək). Kişilər, siz düzələn deyilsiniz!
MAQSUD. Deka, amma bizim uşaqlarımız necə də yaxşıdırlar: mehriban, həssas… Hər şey daha da pis ola bilərdi.
Dilarə yatan qızına baxır və çıxır.
Maqsud palatanın uzaq küncünə keçib mobil telefonundan zəng edir.
MAQSUD (alçaq səslə). Haradasan, Ləman? Orada nə edirsən? Niyə? Soruşuram, niyə? Başa düşürsən ki, indi bunun vaxtı deyil?!.. Hə… Onun vəziyyəti onsuz da pisdir. Elə mənim də… Bilirəm ki, bu sənin günahın deyil… Hə, lənətə gələsən, hə… Burada günahkar tək adam var, o da mənəm!... Sən necə də alçaqsan! Sənə nifrət edirəm! Nifrət edirəm!.. (Ramin palataya daxil olur.) Lənətə gələsən!
Maqsud pəncərəaltına oturur və göz yaşlarını saxlamağa çalışır.
RAMİN. Ata! Kimi söyürdün? Sənə nə olub?! Telefondakı anam idi?
Bir müddət Maqsud özünü toplamağa çalışır.
MAQSUD. Sən burada nə edirsən, küçük?! Rədd ol!
RAMİN (çaşqın). Cəmilənin maması dedi ki… (Yatağa yaxınlaşır.) Camka…
Maqsud ayağa qalxır, oğlunun yanına gedir və onu qucaqlayır.
MAQSUD. Bağışla məni, oğlum, sinirlərim tamamilə pozulub.
RAMİN. Ata, hər şey qaydasındadır. O yatır?
MAQSUD. Hə, çox dərin yuxudadır. O səndən ötrü dəhşət darıxır. Oyananda danışa bilərsiniz.
RAMİN. Ata, sən də məni bağışla.
MAQSUD. Sən nə qələt eləmisən?
RAMİN. Söz ver ki, hirslənməyəcəksən. (Maqsud oğlunun çiyninə toxunur.) Ata, mən əsgərliyə gedirəm. Hal-hazırda bu daha yaxşı olar.
MAQSUD (qısa fasilədən sonra). Axır ki, burnufırtıqlı oğlandan kişiyə çevrilirsən. Tezliklə bir çox çətin qərarlar verməli olacağıq, oğul… Yaxşı, Delya məni maşında gözləyir…
RAMİN. Biz bacaracağıq, ata, mütləq bacaracağıq.
Maqsud oğlunu öpür və palatadan çıxır.
Ramin Cəmilənin çarpayısına yaxınlaşır və gülümsəyir.
RAMİN. Yatmısan. Gör ha, səni əvvəllər yatarkən heç vaxt görməmişdim. Buna bax, yatanda dodaqlarını şişirdir. Doğrudan da üz cizgilərimiz oxşardır. Buna əvvəllər fikir verməmişəm. Səni görməyə imkan verdiyin üçün təşəkkür edirəm. Deməzdim ki, hirslənməmişdim… Yox. Amma incimişdim, həm də darıxmışdım sənin üçün. Bəli, canım, mən də, təsəvvür et, məndə dəmirdən deyiləm.
Sənin əla həkimin var, o, toksikoloqdır. Bunu bilirdin? Mən bilmirdim. O, burada hər gün mənimlə söhbət edir, çox ağıllı adamdır, bilirsən, həmişə pozitivdir. Deyir ki, onun işində başqa cür olmaz. Burada ona böyük tələbat var! Deyir ki, axmaq şeylər haqqında düşünməyə vaxtı yoxdur. Fikirləşirəm ki, o nə qədər haqlıdır. Ağlı itirmək asandır, biz yaşamağa davam etməliyik!
Yaxşı, de görüm burada vaxtı necə keçirirdin? (yataq masasının üstündən Şekspirin kitabını götürərək) Hə də, bundan yaxşı seçim edə bilməzdin!.. Belə şeyləri axı yalnız sistem altında oxumaq olar, başqa vəziyyətdə mümkün deyil… Sənə Stefani Mayeri gətirmişəm. Sən istəyirdin, yadındadır? (Şekspiri vərəqləyir.) Orijinalda oxuyursan… Ağıllım mənim!.. Hə, budur (Sakitcə gülür, sonra oxuyur.) For never was story of more woe Than this of Juliet and her Romeo... Yox, mənim Cülyettam, xoşbəxtlikdən bizim pyesimiz başqa bir pyesdir, müəllifimiz də başqadır!
Bilirsən, həkim ilə söhbətlərim mənim ağlıma nə gətirdi? Bizim dünyamız hərəkətdədir, inkişaf edir. Amma onun inkişafı hər birimiz olmadan mümkün deyil. Və əgər biz irəli getməsək, dayansaq, ya da daha betəri… (Şekspirin kitabını əlində silkələyir.) Onda dünya da bir addım geri atacaq. Bəlkə məhz insanlar həmişə gələcəyə baxmadıqları üçün bu dünyanı ən yaxşı dünya adlandırmaq olmaz?!... Fikrimi yayındırma, Camka… Beləliklə, mənə elə gəlir ki, hər birimiz bizə yazılmış yol boyunca irəlilədikcə bəzən dayanmalı, geriyə baxmalı, nəyisə yenidən qiymətləndirməli, həyatımızdan nəyisə çıxarmalı və sadəcə restart etməliyik… Biz hamımız yolumuzda belə bir nöqtəyə çatmışıq. Xoşbəxtlikdən, bu fasilədən sonra irəliyə addımlamağımıza kömək edəcək çox şeyimiz var: yaxşı valideynlərimiz… düzdür, onlar gənc ikən çox səhvlər buraxıblar, amma indi sən də, mən də bir-birimiz üçün varıq… Başımızın üstündə damımız, bir tikə çörəyimiz var, amma ən əsası, ən vacibi, sevgimiz var!
Böyüklərimiz düzdür əməlli-başlı çaşqın qaldılar… Amma bu problem deyil: ikimiz birlikdə onlara kömək edərik, elə deyil mi? Artıq uşaq deyilik, əl-ələ verib, bütün çətinliklərin öhdəsindən gələcəyik! Mənə elə gəlir ki, atam... atamız... indi dünyada ən xoşbəxt adam olacaq, amma o... Deyir ki, yenə də yaxınının çörəyini əlindən alır... Anlamıram... (Gətirdiyi paketi eşələyir.) Görünür, atamız haqlı imiş, mən həqiqətən də fərsizəm (Paketdən şirniyyat dükanından alınan bir qutunu çıxarır.) Demək olar ki, unutmuşdum. Sənin ən sevdiyin «Napoleon». Oyananda səni o vaxtkı kimi qaşıqla yedizdirəcəyəm, xatırlayırsan? (Qutunu masanın üstünə qoyub ona baxaraq sakitcə gülür.) Bu şöbədə o qədər gicbəsər var... Amma səninki gətirib, palatanda «Napoleon» varsa da, o, masanın üstündədir. (Cəmiləyə baxır.) Yatırsan… Aşağı dodağın gülməli şəkildə qabarıb. Gələcək ərini özüm seçəcəyəm! Etirazlar qəbul olunmur.
Sadəcə təsəvvür et, biz bacı-qardaş deyilik… Bir-iki aydan sonra ər-arvad olacaqdıq… Ər-arvad… bu, necə də darıxdırıcı səslənir. Üç ildən sonra bütün ehtirasımız sanki heç olmamış kimi yox olacaqdı. Beş ildə keçdikdən sonra bir-birimizin zəhləsini tökəcəkdik… Yüz faiz! Dəhşət. Sonra vərdiş, öhdəlik, uşaqlar… Bunu təsəvvür etmək elə qorxuncdur ki... Ya da daha pisini götürək… bizim anamızla atamız kimi, səhv addımlar atmış olsaydıq?! Yox, hər şərdə bir xeyir var. Və bu mənim fikrim deyil – nənəmin fikridir. O da ki, maşallah, həyat boyu filosofluq edir!
Belə baxanda sevgimiz nə idi ki? Sadəcə bir gənclik sevdası! Və yalnız indi, səni sevgilim kimi, demək olar ki, itirəndən sonra, başa düşdüm ki, mənim üçün necə əzizsən və səni nə qədər çox istəyirəm! Gün gələcək və sən də bunu anlayacaqsan. Bax, bir azdan oyanıb anlayacaqsan ki, qardaş ər zad deyil e… Bu, canım, bizim o, çobanyastığı çəmənləri kimi, əbədidir!
Həkimin mənə dünən bir rəvayət danışdı. Çox-çox əvvəllər, basqınlar və saysız-hesabsız müharibələr dövründə bir ailə: müdrik insan kimi tanınan ailə başçısı, onun bacısı, həyat yoldaşı və uşaqları düşmən ordusu tərəfindən əsir götürülmüşdü. Ordunun başında duran xan, müdrik insana müraciət edərək, soruşub: «Qulaq as, səni azad edəcəyəm və sən sevdiklərindən birini götürüb, gedə biləcəksən. Kimə üstünlük verərdin? Gözəl arvadına? Yoxsa uşaqlarından birinə? Kimi seçərdin?» Xan əmin idi ki, müdrik adam ya arvadını, ya da uşaqlarından birini seçəcək, amma eşitdiyi cavab onu çox təəccübləndirdi: «Bacımla qalmaq istəyirəm!» Xan qulağına inana bilməyib, bu adamdan niyə məhz bacısını seçdiyini soruşub. Cavab onu heyrətləndirib: «Valideynlərim çoxdan vəfat edib və mənim bundan sonra heç vaxt qardaşım və ya bacım dünyaya gəlməyəcək. Özümə hələ arvad tapa bilərəm. O da mənə oğul da, qız da doğar. Amma daha heç bir vaxt bacım dünyaya gəlməyəcək. Xahiş edirəm, bacım mənimlə qalsın!» Xan eşitdiyi sözlərdən heyrətə gəlir və bütün ailəni bağışlayır. Bu olduqca maraqlı bir rəvayətdir.
Camka, sən və mən, dəhşət dərəcədə zənginik. Valideynlərimizin nəyi var idi? «Portofino»da bir masa… O masa haradadır indi? Elə o «Portofino»da? Amma bizim daha vacib bir şeyimiz var – ailə! Hə, biz evlənmədən, birdən ailə olduq… Və bizim, lənətə gəlmiş həyatımızda başımıza gələ biləcək ən pis şey bu deyil! (qısa fasilədən sonra) Bilirsən, indi ən çox nədən qorxuram? Sən oyanacaqsan və… (Ayağa qalxır.)
Hə, mən əsgərliyə gedirəm. Yadındadır, məni necə möhkəm qucaqlayıb pıçıldayırdın: «Səni buraxmaram»? Amma əminəm ki, qəlbinin dərinliyində bunun mənim üçün vacib olduğunu bilirdin. Artıq tezliklə ayağa qalxmaq üçün bir səbəbin də var. Gəlib məni yola salacaqsan, elə deyil mi?!
Bax, belə bir monoloq alındı məndə, bacım. Düzü, bir az qarışıq alındı (Masadan Şekspirin cildini götürür, kitabı açır, bir müddət vərəqləyir.) Ah, Hamlet! Danimarka şahzadəsi… Nə boş şeydir… Heç düşünmüsən mi ki, bu, guya müsbət qəhrəman olan adam, hər hansı bədheybətdən daha çox can məhv edib… (Qəflətən gülümsəyir, pəncərənin yanına gedir və oxumağa başlayır.) To be, or not to be: that is the question: Whether ‘tis nobler in the mind to suffer The slings and arrow of outrageous fortune, Or to take arm against a sea of troubles, And by opposing end them?... (Ramin bu anda Cəmilənin oyanıb ayağa qalxdığını və barmaq ucunda onun arxasına keçdiyini görmür.) Xeyr, cənab dahi, sual yoxdur – olmaq, olmaq və yalnız olmaq! Qalan hər şey Onun əlindədir!
Cəmilə arxadan Raminə söykənərək barmaqları ucunda dayanır
və oğlanın baş tacı nahiyəsinə çətinliklə çataraq, onu yavaşca öpür.
6.
Kərimovların evinin qonaq otağı. Dilarə ərinə zəng etməyə çalışır,
amma o cavab vermir. Qapının zəngi çalınır. Dilarə qapını açır. Ləman görünür.
DİLARƏ. Allah... Siz?!
LƏMAN. Məni gözləmirdiniz? Axı gec-tez biz söhbət etməliydik. Yoxsa belə bir istəyiniz yox idi?
DİLARƏ. Bu mənim ən son istədiyim şeydir…
LƏMAN. Yaxşı görüm, mən heç bir izah gözləmirəm və mənim üçün şəxsən siz zərrə qədər də günahkar deyilsiniz. Əyləşə bilərəm?
DİLARƏ (çaşqın). Əlbəttə. Buyurun. Bir şey istəyirsiniz mi?..
LƏMAN. Yox, yox, mənim üçün heç narahat olmayın. Siz məşğul idiniz deyəsən?
DİLARƏ. Mahirə zəng etməyə çalışıram, amma cavab vermir və mən bir az narahatam.
LƏMAN. O yoldadır.
DİLARƏ. Elədir?! Bunu hardan bilirsiniz?
LƏMAN. Biz onunla bu gün günorta bir müəssisədə danışıqlarda idik…
DİLARƏ (sözünü kəsərək). Və? ...
LƏMAN. Mənə elə gəldi ki, Mahir bəy məndən inciyib. Onun gəlməsini burda gözləməyə icazə verərsiniz mi?
DİLARƏ. O həmişə cavab verir, hətta sükan arxasında olanda belə.
LƏMAN. Əvvəllər cavab verərdi. Mənim də ərimlə münasibətim bir neçə gün əvvəl tamam başqa cür idi.
DİLARƏ (masa bıçağını götürüb Ləmana doğru masanın üstünə atır). Onda bıçaqlayın məni! Günahkar yalnız mənəm!
LƏMAN (bıçağı götürür). Belə baxanda elə Maqsudu da bıçaqlamaq lazımdır… (Bıçağa baxır.) Lakin o zaman oğlum atasız qalar…
DİLARƏ. Qızım da!
LƏMAN (çantasından salfet çıxarıb bıçağı yaxşıca silir və masanın üstünə qoyur). Bax, bu artıq məntiqli yanaşmadır. Yeri gəlmişkən, uşaqlarımıza afərin, özlərində güc tapdılar… Bizdən fərqli olaraq, onlar artıq doğma insanlar kimi ünsiyyətdədirlər. Cəmilə sabah xəstəxanadan çıxır, bilirsiniz? Doktor Vəliyev dahidir! Neçə il ailəvi dostuq və…
DİLARƏ. Ləman xanım!
LƏMAN. Bəli, əzizim.
DİLARƏ. Biz sizinlə heç vaxt doğma olmayacağıq, bunu başa düşürsünüz?!
LƏMAN. Qəribədir, mən sizə xoş niyyətlə gəldim, baxmayaraq ki, sizin ucbatınızdan ərimlə boşanma ərəfəsindəyəm, siz isə özümü günahkar hiss etdirməyə çalışırsınız. Mahir bəy tezliklə buraya gələcək və görəcəksiniz ki, hər vəziyyətdən çıxış yolu var, həmişə razılaşmaq olar.
DİLARƏ. Aman Allah, təcrübəli biznesmen kimi danışırsınız.
LƏMAN. Onda biznesvumen desəniz, yerinə düşər.
DİLARƏ. Məni alçaltmağa çalışırsınız?!.. Bəli, mən pis filoloqam, heç vaxt istedadlı olmamışam, hətta ibtidai sinifdə belə. Hələ o vaxtdan özümdən ümidimi kəsmişəm. Amma siz Maqsudu nə günə qoydunuz?! O, çoxdan böyük alim olardı, o…
LƏMAN (qışqırır). Yetər!!! Əriniz hər an gələ bilər. Zəhmət olmasa, dilinizi qatlayıb, məni dinləyin. Və mümkünsə, kəsmədən!
Mən nə canavar, nə də ki, maşın deyiləm. Siz elə düşünmək istəsəniz belə… Mən sadəcə daha uğurlu bir qadınam. Daha… yəni, hər şey nisbidir. İnanın mənə, ortamızda bədheybətlər çoxdur və onlar təkcə şalvar yox, çox vaxt ətək də geyinirlər. Onları tanısaydınız, məni mələk sayardınız.
Digər tərəfdən mən nə müqəddəsəm, nə də ki, günahsız: öz xoşbəxtliyim, ailəmin rifahı naminə hər kəsin boğazını üzərəm!
Mən qadınam… O filmdə necə idi? … «Mən burada sizin qarşınızda dayanan, sadə bir qadınam…»
Yaxşı, bunlar hamısı lirikadır. Gələcəyimiz barədə baxışımı ifadə etməyə çalışacağam. Özüm və kişilərim üçün xoşbəxtlik istəyirəm. Əlbəttə, heç kim uşaqlarımızın bacı-qardaş kimi ünsiyyətinə mane olmayacaq. Baş verənlərdən və Cəmilənin bununla bağlı tamamilə qeyri-adekvat reaksiyasından sonra…
DİLARƏ. «Qeyri-adekvat»… Rəsmi dildə danışırsınız.
LƏMAN. Nə?!
DİLARƏ. Deyirəm, bu qədər «quru» olmağı necə bacarırsınız?
LƏMAN. Mən sizdən sözümü kəsməməyə xahiş etmişdim. (qısa fasilədən sonra) Beləliklə, baş verənlərdən sonra uşaqlarımız bir-birinə üz çevirə bilərdilər. Amma onlar bunu etmədilər. Əhsən! Onlar güclü olduqlarını sübut etdilər, sevgiləri belə dəhşətli bir zərbəyə tab gətirdi və indi bizim ortaq vəzifəmiz onları dəstəkləmək, özlərini bir ailənin üzvləri kimi hiss etmək üçün şərait yaratmaqdır. Evimizin qapıları yalnız Cəmilə üçün yox, həm də sizin üçün və Mahir üçün həmişə açıqdır. (Dilarənin üzündəki laqeydliyi görüb sarkastik tərzdə) Mənə təşəkkür etməyin. Maqsuda gəlincə…
DİLARƏ. Heç kimin sizin ərinizdə gözü yoxdur!
LƏMAN. Siz bir neçə dəqiqə susa bilərsiniz mi?! Mənim ərimdən bir az sonra danışarıq, indi isə sizinkindən...
Bir neçə saat əvvəl ailəmiz ərinizin doğma kəndindən olan bir sahibkara məxsus biznesin sahibi oldu. Mahir bəy vaxtı ilə bu fermaya sizin kiçik yığımlarınızı yatırmışdır. O, fermada müəyyən paya sahib idi və eyni zamanda ona «krışalıq» edirdi. Təəssüf ki, fermaya sahib olmağımız üçün bağlanmış razılaşma, yumşaq desək, Mahirin rayondakı dostları və burada ərinizin bu günə kimi birbaşa tabe olduğu insanlar arasında heç də yaxşı qarşılanmamışdır.
DİLARƏ. Bu günə kimi?
LƏMAN. Bax indi vaxtında sözümü kəsdiniz! (Dilarə çaşqınlıqla Ləmana baxır.) Həqiqət budur ki, bir neçə saat əvvəl Mahir bəy daxili işlər orqanlarında xidmətdən azad olunub.
DİLARƏ. Ay Allah! Atalar doğru deyib: «Dərd də azar kimi gələndə batmanla gəlir!»
LƏMAN. Əlbəttə ki, heç kəs bunu istəmirdi. O, zabit kimi təqaüdə çıxmaq hüququna malik idi. Buna rəsmən nə ad qoyduqlarını bilmirəm, hələ yoxlamağa vaxtım olmayıb, amma lazım gələrsə, onu da dəyişdirərik.
DİLARƏ. Həll edə bilmədiyiniz bir şey varmı?
LƏMAN. Kaş ki… Bu müəssisənin böyük potensialı var. Maqsud ən yüksək səviyyəli avadanlıqları gətizdirmək üçün İtaliyada bir neçə müqavilə imzalayıb. Xeyrini cəmi bir neçə ay sonra görəcəyik… Demək istədiyim odur ki, Mahir bəyin payı hələ də qüvvədədir və maliyyə baxımından o, heç nə itirməyəcək. Bundan əlavə, əgər biznes planımız uğurla həyata keçirilsə, inanın, siz faydalarını hiss edən ilk şəxslərdən biri olacaqsınız. Əriniz təqaüdə çıxa biləcək və həyatın maliyyə tərəfi barədə artıq heç vaxt narahat olmayacaq.
DİLARƏ. Sizin üçün hər şey nə qədər asandır…
LƏMAN. Boş yerə istehza edirsiniz, boş yerə. Bu kənardan göründüyü qədər asan deyil. Bütün bunların arxasında nəhəng, illərlə qurulan əlaqələr və bir çox insanın maraqları dayanır. Amma kimə deyirəm ki?!..
Yaxşı, indi Maqsuda qayıdaq. Mən onun azadlığını heç vaxt, heç bir şəkildə məhdudlaşdırmamışam. Nə fiziki azadlığını, nə də ki, mənəvi… Mən həmişə cismani hissləri başqa məsələlərdən ayırmağı bacarmışam. Və eşqi heç vaxt bu hesaba qatmamışam. Onu da deyim ki, o rahat moteldə Maqsudla sevişdiyinizdən əvvəl onun bütün cismani macəraları məni ən kiçik dərəcədə belə narahat etmirdi.
DİLARƏ. Lənət şeytana!
LƏMAN. Siz gah Allaha, gah şeytana üz tutursunuz…
DİLARƏ. Bəs siz?!..
LƏMAN. Mən məntiqə üz tuturam, əzizim, məntiqə. Və sizi də bu yolu seçməyə çağırıram.
DİLARƏ. Mahir, əlbəttə…
LƏMAN. Yox, o, bunu bilməsə də olar! Sizin və mənim sadəlövh ərimdən (axı yalnız sadəlövh adam sizi məhz bu motelə apara bilərdi) fərqli olaraq, fikir vermisinizsə, mən nəsə yaratmağa çalışıram... Əgər mən sizin yerinizdə olsaydım, heç bir halda o şəhərkənarı əxlaqsızxanaya getməzdim.
DİLARƏ. Sizə yalnız qibtə edə bilərəm…
LƏMAN. Beləliklə, icazənizlə, fikrimi tamamlayım. Mənim ərimin yolunda durmağa heç bir niyyətim yoxdur. O, sizin qızınızı öz övladı kimi görə bilər. Və əlbəttə ki, qızınız atası öldükdən sonra hansısa axmaq tok-şoularda gördüyümüz kimi müzakirələrdə atasının mirası üzərindəki haqqını sübut etməli olmayacaq. Amma Maqsud bir gün seçimini edib məni tərk etsə, əmin olun ki, onu pulsuz-parasız yola salaram. Yox, gözlərinizi bərəltməyə ehtiyac yoxdur: onunla ac qalmayacaqsınız… O, sizi təmin edəcək. O ağıllıdır və hələ kifayət qədər cavandır. Gördüyünüz kimi, sizin də seçiminiz var… Amma indi cavabında gic-gic sözlər deməyin. Ərinizdən üzr istəməliyəm, ona görə də onun gəlməsini gözləyəcəyəm. Zəhmət olmasa, o qayıdana qədər burada səssizcə oturaq.
Dilarə bir müddət Ləmana diqqətlə baxır. Sonra ayağa qalxır, musiqi mərkəzinin
yanına gedir və caz musiqisi yazılan CD-ni qoyur. Sonra mobil telefonunu götürüb,
Mahirin nömrəsini yığır. Bir neçə uğursuz cəhddən sonra qadınlar qapının açıldığını eşidirlər. Mahir görünür. O, bərk sərxoşdur və, demək olar ki, ayaq üstə güclə durur.
MAHİR. Ooh, xanımlar, siz necə də gözəlsiniz!
DİLARƏ (ərinin yanına tələsik gedərək onu kresloya əyləşdirməyə çalışır). Mahir! Ay, Allah, Bu nədir?! Bu nə iydir səndən gəlir?!
MAHİR (Dilarəyə tərəf dönərək). Haqlısan, canım, kişidən qadın qoxusu gəlməlidir. (Başını Ləmana tərəf çevirir.) Bax, o bunu bilir.
LƏMAN. Mahir, Allah xatirinə deyin, necə oldu ki, bu vəziyyətə düşdünüz?
MAHİR (arvadını itələyərək). Macəralarla dolu bir gün idi, Ləman xanım, həqiqətən macəralarla dolu. İnanırsınız, indi mən də (Dilarəyə işarə edir) onun və (barmağını Ləmana doğru uzadıb üzünü turşudur) sizin kimi günahkaram.
LƏMAN. Nə baş verib axı?
MAHİR. Maşınla iti vurdum… Yerində öldü.
DİLARƏ. Aman Allah, Mahir, sakitləş, gəl sənə damcı verim.
LƏMAN. Artıq kifayət qədər damcıladıb… Bir az sərin su gətirin. Bizim günahlarımıza baxanda, əziz Mahir, sizinkilər…
MAHİR. Siz daşürəkli adamlarsınız... Mən isə... mən qatiləm.
LƏMAN. Heç vaxt öldürmək üçün atəş açmamısınız?
MAHİR (sakit). Açmışam... (daha ucadan) Açmışam... (demək olar ki, qışqıraraq) Açmışam...
DİLARƏ (ərinə bir stəkan su uzadaraq). Xahiş edirəm, sakitləş.
MAHİR (bir neçə iri qurtum içərək). Mən cinayətkarları, düzəlmək istəməyən, yollarını azmış əclafları öldürmüşəm. Fərqi hiss edirsiniz?
DİLARƏ. Səni başa düşürük, lap yaxşı başa düşürük. Bu təsadüf idi, elə deyil mi?
LƏMAN. Ya Rəbbim, əlbəttə ki, təsadüf idi.
MAHİR (arvadına). O niyə buradadır?
LƏMAN. Sizinlə danışmalıyam.
DİLARƏ. Ev sənindir, qapının yerini ona göstərə bilərsən… Yeri gələndə, elə mənə də.
LƏMAN. Delya, boş-boş danışmayın. Bu ev sizin və Mahirin evidir. Və əgər dediyiniz kimi mənə qapının yerini göstərmək istəsəniz, əlbəttə ki, durub gedərəm.
MAHİR. Dinləyirəm sizi.
Dilarə qapıya doğru gedir.
LƏMAN. Bizimlə qalın, Delya, mümkündürsə əyləşin. Mən indi Dilarə xanıma izah etdim ki, o fermada işlər istədiyimiz kimi getmədi...
MAHİR. Hər şey ona işarə edir ki, güya mən camaatı atmışam.
LƏMAN. Bəli, hər şey bir az qarışıq görünür, amma maliyyə baxımından, maliyyə baxımından siz heç nə itirməyəcəksiniz, üstəlik…
MAHİR. Yəni, əzizim, siz hesab edirsiniz ki, polis olduğuma görə, sizin gözlərinizdə bir it olduğum üçün, pul mənim həyatımda ən vacib şeydir?! Həqiqətən belə düşünürsünüz?!
LƏMAN. (çaşqın). Yox, əlbəttə ki, yox, mən sadəcə...
MAHİR. Mən camaatı pis vəziyyətdə qoydum, onları müdafiə edə bilmədim.
LƏMAN. Anlamıram…
DİLARƏ. Qorxuram ki, heç anlaya bilməyəcəksiniz. (Mahirə) Zəhmət olmasa, bir az da su iç.
MAHİR. Mənə araq gətir.
DİLARƏ. Dəli olmusan?!
MAHİR. Dedim axı, mənə araq gətir!
LƏMAN (ayağa qalxaraq). Düşünürəm ki, getsəm yaxşı olar.
DİLARƏ (ərinə araq şüşəsini və stəkanı verib, Ləmana). İndi mən sizdən xahiş edə bilərəm?.. Getməyin.
LƏMAN. Bəli, əlbəttə. (Mahirə) Etiraz eləmirsinizsə.
MAHİR (bir nəfəsə yarım stəkan arağı içərək). Artıq vecimə deyil. Bu, heç nəyi dəyişdirə bilməz.
DİLARƏ. Cəmilə sabah evdə olacaq.
LƏMAN. Bazar günü isə bizim evimizdə yığışa bilərik. Siz axı bizdə hələ olmamısınız?!
MAHİR. Mən sizə hansı qismdə təşrif buyuracağam, ay Ləman? Zəncirli it qismində? Əminəm ki, buna ehtiyac yoxdur, çünki öz itiniz olmamış olmaz.
LƏMAN. Desəm ki, sizi iş tərəfdaşımız kimi hər an qəbul etməyə hazırıq, bu sizin o qədər də ürəyinizcə olmaz…
MAHİR. Dəlisiniz?! Siz, ikiniz?! Həqiqətən baş verənləri anlamırsınız?
DİLARƏ. Yaşamalıyıq, əzizim, gələcək haqqında düşünməliyik!
MAHİR. Keçmişsiz gələcək yoxdur, əziz xanımlar…
LƏMAN. Demək istəyirsiniz ki, sizin keçmişiniz olmayıb?!
MAHİR. Olub.
DİLARƏ. Mən də elə onu deyirəm, canım…
MAHİR. Keçmiş… Məlum oldu ki, keçmişim yalan və murdarlıqla doludur, yəni tamamilə saxtadır.
LƏMAN. Boş sözdür, sizin çox yaxşı arvadınız var, gözəl qız böyütmüsünüz…
MAHİR. Qız…
DİLARƏ. (ağlayaraq). İlahi!..
MAHİR. Keçmişimi tamamilə məhv edən çox şey var imiş! Mən pərəstiş etdiyim, saflığın və günahsızlığın təcəssümü saydığım qadın…
LƏMAN. Mahir! Niyə belə deyirsiniz? Bu həyatdır, hər şey ola bilər. Bunu sizdən yaxşı kim bilir ki?!
MAHİR. Bəli, bu həyatda daha pis şeylər də olur, amma bunlar insanın öz başına gələndə... Bütün ömrüm boyu mən bu qara... (Şekspirin kitabını götürüb, kənara atır) xoşbəxtliyimi itirmək qorxusu ilə yaşamışam və... nəhayət ki, bu başıma gəldi. Amma mənim vəziyyətim daha da faciəli oldu: Dezdemonamın «paklığını» hansısa bir cındır həkimcik bərpa edib. O, artıq əməliyyat edə bilməz (gülür). Tanrım, necə iyrəncdir hər şey…
DİLARƏ (göz yaşları içində). O vaxt məni başa düşə bilməzdin.
MAHİR. Guya ki, indi başa düşürəm… Mən, o həkimin qolunu və bir-iki dişini qırdım, masasını da qana buladım…
LƏMAN. Bircə bu çatışmırdı ki, o, sizə qarşı şikayət ərizəsi yazsın.
MAHİR. Lap on dənəsini yazsın, mənim üçün fərqi yoxdur! Təsəvvür edin, o alçaq bu əməlləri ilə neçə ailəni məhv edib!
LƏMAN. Ya da yaradıb…
MAHİR. Yaradıb?!
LƏMAN. Həyat təsəvvür etdiyimizdən qat-qat mürəkkəbdir, əziz Mahir. Onu anlamaq üçün yeddi sadə not yetməz.
MAHİR. İnanmağım gəlmir ki, mənim arvadım iyrənc bir yalançı olduğunu göstərərək, bu murdar dünyadan da murdar çıxdı.
DİLARƏ (ərinə yaxınlaşır, onu öpür, qucaqlamağa çalışır). Məni bağışla, xahiş edirəm, məni bağışla, məni bağışla, ya da boğ… (Qışqırır.) Artıq belə yaşaya bilmərəm!
MAHİR. Bağışlamaq? Deyirlər ki, bağışlamaq anlamaqdır. Bax, mən hamını bağışlamışam… (Qışqırır.) Hamını!!!... Amma şeytana nəhlət, heç nəyi anlamamışam… (arvadını itələyərək) Cəhənnəm ol!
LƏMAN. Mahir, xahiş edirəm… Cəmilə sabah evdə olacaq. İnanın, o, sizi qurtaracaq saman çöpü ola bilər...
MAHİR (gülür). Demək istəyirsiniz ki, qızımı sizin o maço-kişinizlə bölüşüm?.. O qız möcüzədir, yeganədir, bu qara, çirkin dünyada işıq və paklıq adasıdır. Amma mən daha indiyə qədər olduğum o sevən ata ola bilməyəcəyəm… Məni sındırdılar… Bunu başa düşməyə qadirsinizmi?! Cəmilənin, dediyiniz kimi, mənim tuta biləcəyim saman çöpü olması üçün onun bioloji atasını öldürməliyəm. Lakin o, bunu mənə heç vaxt bağışlamaz. Belə bir çıxılmaz vəziyyət yaranıb…
DİLARƏ. Boş-boş danışma!
MAHİR. Bilirsiniz, Ləman, mən bütün ömrüm boyu dürüst işləmişəm. Şərait imkan verdiyi qədər dürüst. Sizin kimi, xanımlar, şəxsi mənafeyimi güdərək, başqalarını əzməmişəm… Nə oldu?.. Nəticədə kimsə buna qiymət verdi?! Düşünürsünüz ki, işdən qovulmaq məni eşşək kimi içməyə vadar etdi? Tüpürüm onların üzlərinə: hər birinin tək-tək və hamısının birdən. Ömrüm boyu ləyaqətimdən istifadə ediblər. Başqaları rütbə, vəzifə, mükafat alardı, mənə isə it kimi bir sümük atardılar. (Gülür.) Mən həqiqətən də itəm… Amma qorxunc olan odur ki, mən sonsuz itəm. Əlbəttə, bu mənim üçün yenilik deyil. Lakin özümə həmişə təsəlli verirdim ki, mənim artıq bir övladım var və o övladı sevdiyim qadın doğub... (demək olar ki, qışqıraraq) Sevgilim isə bu barədə namərdcəsinə susurdu!
DİLARƏ. Günah mənimdir, haqlısan. Çox vaxt düşünürdüm ki, bəlkə başqa biri ilə oğlan sahibi ola bilərdin. Sən axı həmişə oğlan istəyirdin. Amma sən dünyanın ən yaxşı əri və atası idin, bunu da bilirsən! Səninlə hər saniyə xoşbəxt idim… Allahım, amma niyə, niyə bu qız məhz Raminə rast gəldi?! Minlərlə oğlanın içində niyə məhz onu seçdi?!
MAHİR. Yuxarıda kimin… nə vaxt… kiminlə ola biləcəyini daha yaxşı bilirlər…
LƏMAN. Mahir, əzizim, gəlin biz Delya ilə sizə uzanmağa kömək edək. Bir az yatarsınız. Necə deyirlər: «Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır».
MAHİR. Uzanmağa? Uzanmağı, dəmir xanım, özüm də bacararam, lakin ayağa qalxmaq söhbəti var… Həyat mənə diz çökdürdü.
LƏMAN. Bu ölüm hökmü deyil. Dizlər üstündən ayağa qalxmaq olar!
MAHİR. Heç də yox, heç də yox. Hər şey cəhənnəmə doğru gedib! (arvadına) O lənətə gəlmiş musiqini söndür!
Dilarə musiqi mərkəzinin yanına gedir və onu söndürür.
LƏMAN. Siz yaxşı insansınız, Mahir, hamımızdan mehriban və saf…
MAHİR. Mən itəm. Yaxşı bir adam məni maşınla vurub öldürüb!
DİLARƏ (musiqi mərkəzinin yanında ərinə arxasını dönüb). Aciz.
MAHİR. Nə dedin?!
DİLARƏ (ərinə tərəf dönərək). Acizsən! Gəl, boğ məni! ... Aciz!!!
MAHİR. Haqlı idin, sevgilim, mən Mavr deyiləm…
DİLARƏ. Bəli! Amma mən də Dezdemona deyiləm! O gün harada olduğumu və kiminlə olduğumu bilirsən?!
LƏMAN. Delya!
DİLARƏ. Qoy bilsin. (Ləmana işarə edərək) Günün yarısını onun əri ilə yataqda keçirmişəm!
MAHİR (sakit). Yox…
LƏMAN. Əlbəttə ki, yox, Mahir, əzizim, o sadəcə sizi qəzəbləndirmək istəyir. Və üstəlik məni də. Əlbəttə ki, yox.
DİLARƏ. Və onunla çox əyləndim!
MAHİR (sakit). Yox…
LƏMAN. Delya, lazım deyil! Siz özünüzdə deyilsiniz…
DİLARƏ. Yüz ildir ki, halım bu qədər yaxşı olmamışdı!
MAHİR (sakit). Yox…
LƏMAN. Yox, Delya, yox! Bu dəhşətdir! Artıq yetər! Gecə yarı burada nə oyun çıxarırsınız?! Bəsdirin, eşidirsiniz?! Sabah hər şey fərqli olacaq.
MAHİR. Sabah… Yox, sabah artıq heç nə ola bilməz…
Mahir stəkanındakı arağı içib bitirir, çətinliklə ayağa qalxır,
öz otağına çox ağır addımlarla girir və qapını arxasınca örtür.
DİLARƏ (qısa fasilədən sonra, üzündəki ifadə dəyişərək, alçaq səslə). Onun orada tapançası var.
Qaranlıq.
Güllə səsi eşidilir, ardınca qadın qışqırığı.
7.
Məzarlıqda təzə qazılmış bir qəbir. Cəmilə boynu bükük diz üstə qəbrin qabağında durub. Başında kalağayı var. Uzaqdan mollanın Yasin surəsini oxuduğu eşidilir. Ramin görünür. O, sıravi əsgər formasındadır. Əlində çiçəklər var. Bir kəlmə belə demədən onları qəbrin üstünə qoyur. Bir müddət səssiz dayanır. Sonra Cəmiləyə arxadan yaxınlaşır və diz çökür. O, bacısının başını yavaşca əllərinin arasına alıb, onu baş tacından öpür.
Pərdə
Azərbaycan dilinə tərcümə edənlər:
Namiq Qurbanzadə, Gülnar Şıx-Əli qızı
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin
Qeydiyyat nömrəsi: 05/C-15712-26
Qeydiyyat tarixi: 22.10.2026