Teatrın pişiyi Kotello
( alleqorik komediya )
(Elçin Məhərrəm)
Tənqidin əsas pafosu – hiddətdir , onun əsas işi ifşadır.
(K.Marks )
Bu pyes “CHARACTERS” Müasir Dramaturgiya Festivalında finala çıxmışdır.
Pişiyi teatrdan qovanda bilmirsiniz ki, tanrı
Bastetin qəzəbinə tuş gələcəksiniz ?
İştirak edirlər
Kotello ( insan qiyafəsində gənc pişik )
Otello ( qoca aktyor )
Dezdemona ( qoca aktrisa )
Doqdemona (insan qiyafəsində it )
Direktor ( orta yaşlı kişi )
Baş Rejissor ( orta yaşlı kişi )
Truppa müdiri ( orta yaşlı qadın )
Ədəbi hissə müdiri ( gənc qadın )
Bufet işçisi ( orta yaşlı qadın )
Tibb işçiləri
Əsgərlər
1-Cİ ŞƏKİL
( Teatr . Səhnədə “Otello “ əsərinin son səhnəsinin məşqləri gedir.Fonda gərgin musiqi səslənir. Otello, Dezdemona əsərə uyğun nitq söyləyirlər. Baş Rejissor , Truppa müdiri, Ədəbi hissə müdiri səhnənin qarşısına düzülmüş stollarda əyləşib məşqi izləyirlər. Səhnəyə pişik daxil olur. Hər kəs pişiyi tutmağa çalışır. Aləm qarışır. Pişiyi tuturlar. Səhnənin mərkəzinə gətirirlər. Qayçı ilə bığlarını kəsirlər. Musiqinin səsi yüksəlir. Pişiyi sürüyərək səhnədən çıxarırlar. Səhnədən çıxanda qışqıraraq deyir :
-“ Qisas! Qisas istəyirəm ! Yenə görüşəcəyik, yenə... Qisas istəyirəm “
----------------------------------------------------------------------------------------------------Yenə səhnədə “ Otello”-nun son səhnəsinin məşqləri gedir. Fonda gərgin musiqi səslənir. Otello, Dezdemona əsərə uyğun nitq söyləyirlər. Baş Rejissor , Truppa müdiri, Ədəbi hissə müdiri səhnənin qarşısına düzülmüş stollarda əyləşib məşqi izləyirlər. Otellonun ayağı burxulur. Gərgin musiqi səslənir.Hamı ona tərəf qaçır. Səhnəyə tibb işçiləri daxil olur.Otellonu xərəyə qoyaraq səhnəni tərk edirlər.Ardınca digərləri təlaşla səhnəni tərk edir. )
2-Cİ ŞƏKİL
(Direktorun otağı.Səhnəyə masa qoyulub. Masanın yanında tumba var.Direktor stulda əyləşib, yazı yazır. Qapı döyülür )
Direktor- Gəlin !!!
( Baş rejissor, truppa müdiri, ədəbi hissə müdiri, bufetxana işçisi içəri daxil olur. Direktor stuldan qalxır, xususi bir ritualla görüşməyə başlayır )
Dirketor- (təbəssümlə ) Salam cənab baş rejissor !
Baş rejissor- Salam cənab direktor !
Direktor –(pafosla ) Xoş gördük gözəl truppa müdririmiz və dəyərli ədəbi hissə müdirimiz və hələ də rəsmiləşməyən bufetçimiz !
Truppa müdiri ( nazlanır ) - Xoş gördük dəyərli direktorumuz !
( Ədəbi hissə müdiri başı ilə salamlaşır )
Bufetçi- Xoş günlərinizlə gələk !
Direktor - ( fikirləşir ) Qoyun təxmin edim. Yəqin bufetçidən şikayətə gəlmisiniz. Yenə 1.50 sentlik yeməyi nisyə dəftərinə 2 sent yazdığına görə .Hə düz tapdım ?
Bufet işçisi – (təəccüblə ) Elə deyil cənab direktor .
Truppa müdiri – Cənab direktor ! Daha böyük bir problemimiz var.
Direktor- ( ucadan ) Nə problem ?
Hamsı bir ağızdan (Bufeçidən başqa ) - Otello !!!
( Bufetçi sonra təkrar edir.Hamı dönüb bufetçiyə baxır.)
Direktor – Nə olub Otelloya ? Deyin görüm .
Hamsı bir ağızdan (Bufeçidən başqa ) - Ayağı burxulub !
( Bufetçi sonra təkrar edir.Hamı dönüb bufetçiyə baxır.Direktor əsəbləşir. Masanın ətrafında dövrə vurmağa başlayır. Digərləri də direktorla birgə addımlayırlar.)
Direktor- Siz nə danışırsınız ? Necə yəni ayağı burxulub ? Miçiqan Dövlət Dram Teatrında belə bir hadisə indiyə kimi baş verməyib. Aman Allah ! ( ah çəkir ) 2 gün sonra Nazirliyin əməkdaşları burada olacaqlar. Xaricdən qonaqlarımız da gələcək. Aman Allah! Tez olun onun dublorunu tapın , məşqə başlasın .
Baş rejissor - Dublora 1 həftəlik icazə verilib. O indi “ Ağ Ev “ nikah evində aparıcılıq edir. Bu nikah evi də bizdən çox uzaqdır. Xəbər versək belə, 4 gündən tez özünü çatdıra bilməz.
Direktor – ( kədərlə ) Biz neyləyəcəyik ? Dublordan başqa Otellonun sözlərini bilən yoxdur ? Nazirliyə mən nə cavab verəcəm ? Bu kariyeramın sonudur. Yaz ədəbi hissə müdiri, yaz .Bacara bilirsənsə bir tragediya yaz. “ Zirvədən uçuruma ! ( ağlayır )
Bufetçi- Cənab direktor ! Əslində Otellonun sözlərini bilən bir nəfəri mən tanıyıram (hamı ona tərəf baxır ) Mən bir dəfə onu axşam işdən çıxarkən gördüm. Zalın qapısının ağzından keçirdim ki, birdən kiminsə naləsini eşitdim. Nəsə maraqlı gəldi. Qapını açdım və gördüklərim qarşısında məəttəl qaldım. Hönkürtümü eşidən kimi səhnədən düşərək qaçdı .İlahi o necədə məharətlə oynayırdı. ( əllərini birləşdirir )
Hamsı bir ağızdan – Kim ?
Bufetçi – TEATRIN PİŞİYİ KOTELLO !
Hamsı bir ağızdan - Kotello ?
Bufetçi- Hə, qaçmamışdan qabaq mənə dedi ki : “ Mən elə-belə pişik deyiləm. Mən KOTELLOYAM “
Direktor- İndi o hardadır ? Tez tapın onu mənə.
Truppa müdiri- Cənab Direktor tapşırıq vermişdiniz ki, həmin pişik teatra daxil olmasın.
Baş rejissor – Biz də pişiyin bığılarını kəsib, qoyduq təyyarəyə. Sənətin çörək əvəzinə yeyildiyi şərq ölkələrinin birinə göndərdik. Ora getməyə də pulumuz yoxdur ( Əli ilə cibini yoxlayır )
Direktor- ( sərt ) Mən orasını bilmərəm. O pişik tapılmalıdır.
Bufetçi – Uzağa getməyə ehtiyac yoxdur. Mən bu pişiyi bu səhər işə gələrkən parkda gördüm. Yanından keçərkən diqqətlə ona baxdım. O, Şekspirin “ Fırtına”-sını oxuyurdu. Hə, mənim teatr haqqında anlayışım yoxdur amma oxuyub-yaza bilirəm. İnanın mənə o Şekspir oxuyurdu.Bəlkə də yenədə parkdadır. Nə bilmək olar ?
Direktor- Hər variantı dəyərləndirməliyik. Vaxt itirmək olmaz. Getdik.
3-CÜ ŞƏKİL
( Park.Səhnəyə oturacaqlar qoyulub.Kotello oturacaqda əyləşib kitab oxuyur.Yanında çamadan var.Telefonuna bildiriş gəlir, səssiz oxuyur. Sonra “ Hamlet “-dən monoloq söyləyir. Direktor, baş rejissor, trupa müdiri, ədəbi hissə müdiri səhnəyə daxil olurlar. Kotellonu təəccüblə izləməyə başlayırlar.Monoloq bitir.)
Direktor-( ehtiyatla yaxınlaşır ) Salam cənab Kotello. Necəsiniz ? Ümid edirəm yaxşısınız. Elə görünüşünüzə baxanda da yaxşı olduğunuz hiss olunur.
Kotello – (əda ilə ) Myavv- yəni Salam cənab direktor.Sürgün olunduğum şərq mənə öyrətdi ki, ilkin görünüş illuziyalardan ibarətdir. Miçiqan Dövlət Dram Teatrının əməkdaşları bu həqiqəti çoxdan dərk etməli idilər. Eybi yox.Həmkarlar İttifaqının hörmətli sədri hər il əməkdaşları plana uyğun olaraq xarici ölkələrə göndərdiyi kimi, bu ildə gərək onları İori çayının sahilində yerləşən şəhərə göndərsin.
Baş rejissor- Nəysə gəlin sənətdən danışaq. Kotello , cənab Kotello Miçiqan Dövlət Dram Teatrının talehi sizdən asılıdr. Siz bizə köməklik etməlisiniz.
Direktor- Xahiş edirik bizə kömək edin. ( ağlayır )
Kotello- ( düşünür ) “ Xahiş aşağıdan yuxarı bir yalvarışdır ” – deyib bir şərq mütəfəkkiri. Sənət olan yerdə xahiş olmaz. Deyin görüm sizə nə lazımdır ?
Baş rejissor – İki gündən sonra biz Nazirlik və xarici qonaqlar qarşısında “Otello“ əsərini oynamalıyıq. Amma necə oldusa bizim “ Otello “-nun ayağı burxuldu. Dublorun da səhnəyə çıxması mümkün deyil. O indi “ Coe Baydenlə cin toqquşdurur.(hıçqırır) Yerdə qalan aktyorlar da ruslar demişkən onu da deyim ki, mən özüm Rusiyada olmuşam çox “ bezdarnı “ dır. ( əli ilə saçını qarışdırır ) .Eşitdim bu sözləri yalnız siz bilirsiniz. Xahiş edirəm bizə köməklik edin.
( Kotello ağır addımlarla yeriyərək səhnənin mərkəzində dayanır )
Kotello -
Qismətə, yazıya , talehə bir bax
Uca, alicənab Adəm övladı ,
Yalvarır, ağlayır qarnı da acdır.
Dünən qovduğuna , bu gün möhtacdır.
Yarılsın qübbənin mavi mərkəzi,
Bastetin lənəti tutsun hər kəsi.
Şığısın canlara ən asi ruhlar,
Məhv olsun kütlələr, qaragüruhlar.
Truppa müdiri- Biz sizin xətirinizi çox istəyirik. İnanın efirlərə çıxanda da “Kotello” adı dilimizdən düşmür ki, düşmür. Özü də mən sizə çox yaxınam . Mənim ilim “Pişik “ ilidir. Hətta , mən “ Pələng “ ilində doğulsaydım belə sizə görə öz ilimi də dəyişərdim. Həm pələng, pişikkimilər yarımdəstəsinə aiddir. Yəni pələng pişiyə tabedir. Nə səhvimiz var keçin günahımızdan. Bizim niyyətimiz hər zaman təmiz olub. Amma aranı vuranlar oldu. İnanın mənə cənab Kotello
Kotello -
Sürgündə tanıdım insan xislətin,
Heyvandan alçaqdır hər bir niyyəti.
Qayalar altında yatan o ilan,
İnan zəhərsizdir min-min insandan.
Hamı bir ağızdan – Sənət naminə kömək edin!
Kotello -
Ha, ha, müqəddəs şüara bir bax,
Olarmı bir pişik sənətə dayaq ?
Sizi yaşadan da deyən sənətdir,
Mənim sənətimsə 5 kilo ətdir.
Hər gün verəcəksiz mənə bunları,
Məndə oynayacam bu oyunları.
Hamı bir ağızdan- Krizis !!! Hər gün 5 kiloqram ət ?
Kotello -
Daha qurtarmayıb ali müraciət.
Korunu, balığı, südü demirəm,
Onlarsız bir cahan düşünənmirəm.
Həyat özü də bir qəssab süfrəsi,
Kəsilir süfrədə hər dilin səsi.
Çin edin arzusun siz Kotellonun,
Oynasın siz üçün o Otellonu.
( Kotello “ Otellodan “ bir monoloq deyir )
Direktor- Balıq məndən
Baş rejissor – Korn məndən. Rusiyadan sifariş verərəm.
Trupa müdiri – Südü də mən alaram.
Direktor- (əlini irəli uzadır ) Onda cənab Kotello, razılaşdıqsa gəlin teatra gedək.
Kotello -
Edilən təkliflər məni kövrəltdi,
Amma aşanmadız hələki səddi.
Bilirsiz sənəti düzəltmək üçün,
Elə sənət boyda əjdaha gərək.
Gərək ki, çalışmaq əsas şərt olsun,
Sənət əjdahasının mədəsi dolsun.
Amma ki, doludur onun mədəsi
“ Xaltura ” , “ Ticarət ” ,
“ Qeybət “ ,” Yalan “ –la
Sənət də can verir dövrü-zamanla.
Hamı bir ağızdan- Daha nə edək ? Dediyiniz hər şeyə razılıq verdik axı.
Kotello –
Yox, yox alınmaz bizim saziş,
Aldatmaz pişiyi xoş söz, nəvaziş.
Əgər xilas olmaq istəyirsizsə,
Rejissor kürsüsün verin əlimə,
Doluşun mənim bu batmaz gəmimə.
( Pıçıldaşırlar .Rejissor əli ilə üzünü tutur. )
Direktor- Yaxşı .Razıyıq cənab Kotello!
Kotello- Eləysə qoy gəlsin qısqanc Otello.
( Səhnəni tərk edirlər.)
4 –CÜ ŞƏKİL
( Səhnənin bir tərəfində qrim otağı, o biri tərəfində isə“ Otello “nun son
səhnəsi üçün istifadə olan dekorlar var. Üzü tamaşçılara tərəf oturcaqlarda
Nazirliyin əməkdaşları və xarici qonaq Doqdemona əyləşib. )
( Səhnənin qrim otağı olan hissəsi işıqlanır . Qrim işçiləri Kotellonu
qrimləyirlər. Truppa müdiri səhnəyə daxil olur)
Truppa müdiri (barmağının dibini dişləyir )- Cənab Kotello ! Cənab Kotello !
Kotello- Nə olub ?
Truppa müdiri- Bunu deməliyəm.Dezdemonanı oynayan aktrisa özünü pis hiss
edir. Bədəni qıpqırmızıdır.Soruşdum nə olub ? Dedi itlərə qarşı alergiyam
var. Zalda da yəqin it var ki, o belə hala düşüb. Çox çətinliklə nəfəs alır.
Kotello-
Nə it, hansı köpək nə danışırsız ?
Deyəsən ara-bir siz də çaşırsız .
Truppa müdiri- (məyyus ) Mən o qıza yaxşı bələdəm. O heç vaxt belə
olmamışdı. Axı it necə girə bilər bura ?
( Kotello ayağa durur. Səhənin mərkəzinə gəlir)
Kotello -
Mənə aydın oldu bütün mətləblər
Düzülüb sıra ilə məkrli adlar,
Şöhrətə doğmalar, sənətə “YAD “-lar
İşlədib o köhnə beyinlərini
Qurublar mənim üçün iyrənc bir oyun
“Özləri canavar mən də ki , qoyun “
Düşünür bu fikri oyunu quran,
Göndərir üstümə Köpək ! Quduran !
De! Hazırlaşsın gözəl yarənim,
Qorxmasın köpəyin azı dişindən.
Mənədə Kotello deyərlər hey hat !
Şeytan da baş açmaz, kələk işimdən.
( Üzünü truppa müdirinə tutaraq deyir )
Kotello-
Sən mənə taparsan sümüklü bir ət
Oyun başa çatar ( gülür ) Alqış! Nəhayət !
( Trupa müdiri və Kotello səhnədən çıxırlar. Səhnənin digər hissəsi
aydınlanır. Tamaşaçılar, Kotello və Dezdemona səhnədədirlər.
Dezdemona və Kotello “Otello “nun son hissəsindən bəzi dialoqları
səsləndirilər.Kotello Dezdemonanı boğmaq üçün yaxınlaşanda Dezdemona
asqırmağa başlayır . “ İt var “ cümləsini təkrarlayaraq huşunu itir və yıxılır .
Nazirliyin əməkdaşları biri-birinə təəcüblə baxır. Gərgin musiqi səslənir.)
Kotello-
Bəli itlər. O qudurmuş, azğın itlər,
Bu “ YAD “ cahanın parazitləri.
Satar sümük üçün öz xislətini,
Budur “Mezolitdən” qalma adətləri.
Hürür yerli-yersiz küləyə,quşa
Bezib bədənlərdə , hətta, bitləri.
Ey müqqəddəs varlıq, ruhlar padşahı
De nə üçün yaratdın sən bu itləri ?
( Doqdemona hürərək səhnəyə çıxır. Kotello üz-üzə dayanırlar. Hər ikisi
mırıldayır. Sonra baxışları biri-birinə təqbib etmək sürəti ilə səhnədə dövrə
vurular.Gərgin musiqi səslənir. Doqdemona və Kotello əlbəyaxa olurlar. )
Doqdemona- Qadın olsamda səndən güclüyəm. Səni öldürəcəm səhnə meymunu !
( Kotello Doqdemonın qulağına pıçıldayır. Sonra səhnəyə qoyulan kisəyə
işarə edir.Doqdemona kisəni açıb baxır. Sevinir.Kisəni yerə qoyur. Sonra
ədayla səhnənin mərkəzinə gəlir )
Doqdemona-
“ Bitlər də bezibdir “ yalana bax bir,
Ruhları çağırır gör sərsəm pişik.
Bizlər simvoluyuq düz “ sədaqətin”
Çəkirik hər daim insana keşik .
(Kotello qaçaraq kisəni götürüb Doqdemonoya göstərir. Doqdemona
mətni dəyişir )
Sərdara yaraşmır bu həqarətlər,
Yarını unudub çoxdan deyəsən.
Başı da qarışmış başqa işlərə,
Cavab verməyərək bildirişlərə,
Boynundan çıxarmır ipi, kəndiri
Ruhunu şeytana satmış o sərdar
Bilmirsən ölüdür yoxsa ki, diri.
Xəyanət etmisən pak eşiqimizə
Qoynuna salaraq sən bu qadını
Necə oxşamısan onun saçını ?
Necə zikr etmisən onun adını ?
Bu qara əqrəb, zəhərli gürzə
Sənin əqlini də zəhərləyibdir.
And içim göylərə, küləyə , yerə
O səni necəsə hədələyibdir.
İnan ki, Günəşin şualarına
Bu parlaq simalı gəbərmiş ifrit,
İnan məzlumların dualarına
O sənə başqadır , özgədir, “ YAD”-dır.
Kotello –
Sən kimsən ? Bu cürət səndə hardandır ?
Təhqirdir hər sözün, fikrin və andın
Yoxsa düşmənimi göndərmiş səni ?
Danış ey məlun ruh nə üçün dayandın ?
Doqdemona -
Mən sənin yarınam, sadiq qulunam.
Abırlı, ismətli Doqdemonayam.
Tanımadınmı məni igidim ?
Nəzər et eşq dolmuş bir cüt gözümə.
Kotello-
Mən inanmıram sənin sözünə.
Doqdemona-
Sən ulu sərdarım ovsunlanıbsan !
Kotello-
Ağlımmı itibdir ? Nə danışırsan
Kim edər cəsarət bu cür bir işə
Doqdemona-
Bu işi tapşırıb yavərin Yaqo
Səni ovsunlayıb bir qoca qarı.
Qatılıb tünd zəhər yemək, içkinə,
Günəş parlamamış səhərə sarı.
Bu zəhər qəlbinə bir qıfıl vurmuş,
Qəlbində, ruhunda hansı duyğu var
Qurutmuş onları bir yarpaq kimi
Küləktək onları qovmuş, sovurmuş.
( Gərgin musiqi səslənir . Kotello əlləri ilə başını tutaraq
səhnədə bir-iki dəfə dövrə vurur. Üz-üzə dayanırlar .Doqdemona
Kotellonu yanağından öpür )
Kotello ( qışqırır ) – Yaqo !!! . Yaqo!!!
Ax ! Hiyləgər, qudurmuş tülkü.
Gör nə cür başıma oyunlar açıb.
Dostluq maskasında gizlənmiş o it,
( Doqdemona mırıldayır )
Buxartək yox olub, sivişib qaçıb.
Kotello- ( qışqırır ) Əsgərlər !!! Əsgərlər !!!
( İki əsgər səhnəyə daxil olur . )
Kotello-
Qoy tab gətirsin köhlən atınız,
Zevsin şimşəyindən sürətli olun.
Hardasa bizlərə gülən əclafa,
Xisləti qaranlıq , ruhu sərt, qaba
Şeytanın yavəri nankor Yaqoya,
Aman verməyərək tezcə çatınız.
Birdəki burada yatan ilanı,
Götürüb dənizə indi atınız.
Əsgərlər-
Baş üstə ! Möhtərəm general !
( Əsgərlər Dezdemonanı sürəyərək səhnədən çıxardırlar. Kotello ,
Doqdemonanın yanına gəlir. Əlini tutur. )
Kotello –( Doqdemonaya baxaraq )
Əfv et ! Venesiyanın gözəl çiçəyi,
Qəlbini qırmışam aylardır sənin
Görməzdən gəlmişəm təmiz eşqini
Uyaraq məkrli , ruhsuz kəslərə,
Pozmuşam bağlanan ali sazişi.
Qoy əcəlim olsun sənin əllərin,
Əgər unudubsa o nəvazişi .
Doqdemona- Ah Kotello ! Əbədi sevgim ! ( Kotellonu qucaqlayır )
( Kotello Doqdemomanın əlindən tutur )
Kotello-
Yenidən evlənək göyün altında
And içək qoy birdə eşq, məhəbbətə
Səs salaq cahana, bəşəriyyətə.
Çağıraq toya biz Venesiyanı
Afrika, Amerika qitə Asiyanı
Gəlsin müsəlmanlar, xristianlar,
İkona daşıyan, namaz qılanlar,
Sinaqoq içində dua edənlər,
Tibetdə yaşayan o ruhanilər,
Şahidlik etsinlər onlar bizlərə.
Danışaq hər kəsə bu hekayəti,
Bəlkə nəticə çıxarıb onlar,
Nəql edər hər yerdə bu rəvayəti.
İstərdim məclisdə olsun barışıq
Daha tökülməsin boş yerə qanlar,
Olmasın fikirlər qatma-qarışıq,
Solmasın uşağın gözündə işıq,
Daha qırılmasın gənclər, cavanlar.
Qısqanclıq, ehtiras- hörümçək toru
Cahillik- bu toru quran hörümçək.
Bunlardan biryolluq qurtulmaq üçün,
Təhsilə, sənətə dayaq durmalı
Qaranlıq ruhlara mayaq olmalı
(Pauza)
Bu gündən qılıncı tullayıram mən,
( Belindəki qılıncı tullayır )
Daha yarmayacam düşmən səfləri.
İsmətli yarımla verib baş-başa,
Artıq düzəldəcəm kitab rəfləri.
( Səhnəni tərk edirlər )
5 –Cİ ŞƏKİL
( Səhnə işıqlanır .Kotello səhnədədir. Bufetçi də əlində yağ şüşəsi ilə
səhnəyə daxil olur. )
Bufetçi – Möhtəşəm idiniz ! Möhtəşəm. (Pauza)
( Kotello qürurlanır .Bufetçinin əlində olan yağ şüşəsinə işarə edir )
Kotello – Bu həmin yağdandır ?
Bufetçi- ( qımışır ) Bəli .Otellonun ayağının altına tökdüyüm yağın eynisdir.
Necə şapıltı ilə dəymişdi yerə. (Gülür. Sonra yazıq bir görkəm alır ). Məni nə
vaxt rəsmi qaydada işə götürəcəksiniz ?
Kotello- Mən sənə nə söz vermişdim ? Tezliklə həll olunacaq. Mənim sürgün
olunduğum şərq ölkəsində belə bir deyimi tez-tez işlədirdilər .“ Tələsən təndirə
düşər “
Bufetçi- Onlar lap filosofmuş ki . Elə siz də filosofsunuz.
Kotello- Əvvələr elə olublar. İndiysə bu sözlərə yalnız bazarda rast gələ bilərsən.
Mənim gözümü sürgün olunduğum ölkənin bazarı açdı. ( Pauza ) Mən teatra,
sənətə dəlicəsinə aşiq idim. Sənət üçün bircə övladım olsa belə İbrahim kimi onu
da qurban verməkdə tərəddüd etməzdim. (əli ilə boynunu göstərir ).Mən teatrı
Prometeyin insanlara olan məhəbbəti qədər sevirdim. Mən öz odumu tamaşaçılara
vermək istəyirdim.Amma mane oldular. Mühit də məni qisas, intiqam ruhu
Nemesisə çevirdi.
( Doqdemona bir əlində kisə o biri əlində sümük səhnəyə daxil olur.
Kotellonun yanına gəlir. Əlində tutduğu sümüyü gəmirir. )
Doqdemona – ( ağzını marçıldadır) Bu sümüklər əcəb dadlıdır. Beləsinə heç
harda rast gəlməmişəm. Gərək sahibimə deyim ki, mənə bu sümüklərdən
alsın. Birdəki əzəli düşmənim Kotello mən teatrı çox sevdim. Nə vaxt istəsən
çağır , gəlim oynayım. Sümüklü ya sümüksüz. Fərqi yoxdur. Xudahafiz səhnə
meymunu !
( Əli ilə Kotellonun çiyninə toxunur sonra Şostekoviçin “Vals”ını
zümzümə edərək səhnədən çıxır. Kotello və Bufetçi arxasınca baxır )
Bufetçi ( başını qaşıyır ) – Mən heçnə analamdım . Heçnə.
Kotello ( gülümsəyir ) – Bu sümük gəmirən it tamaşada iştirak etməli olan
yüksək vəzifəli xarici bir qonağın itidir. Bu gün onun kirvəsinin , əmisi nəvəsinin
“Ağ Ev “ nikah evində toyu var. Özü ora gedib. İtini də özünün yerinə bura
göndərib. Yəqin ki, bu dəqiqə o , Co Baydenlə cin toqquşdurur . (Pauza )
Onlara sənət ,elm ,təhsil , mədəniyyət lazım deyil. Bu saydıqlarım onlar üçün boş
şeylərdir. Onların damarlarındakı qanı boşaldıb yerini bayağılıq, məddahlıq
royalistliklə doldurublar. Onların mədələri sənəti həzm etmir. Çünki çoxdan
ticarət parazitləri orda özlərinə yuva qurublar. Artıq mən də onlardan biriyəm.
Metamorfoz artıq başa çatır. Yağı yaxşıca tökmüsən ?
Bufetçi –(qımışır) Bəli , cənab Kotello !
( Fonda gupbultu səsi gəlir . Ardınca direktorun səsi eşidilir.)
Direktor- (qışqırır ) Ayağım ! Ay aman ! Ay aman !
(Kotello başı ilə Bufetçiyə işarə edir )
Bufetçi (qışqırır ) – Ay camaat direktor yıxıldı. Yıxıldı. Köməyə gəlin !
Direktor- (qışqırır ) Ayağım ! Ay aman ! Ay aman !
Kotello – (gülürək )
Ay aman fəryadı qulaq batırır
Elə bil ətindən qoparırlar ət .
Bıçağım altında qaba boyunlar
Xırıldar, xırıldar əlimdə sənət !
(Pauza)
(Kotello başını aşağə əyir. İşıq Kotellonun üzərinə vurur . Kotello yavaş-yavaş
başını qaldırır )
Yox ! Edə bilmərəm bu xəyanəti,
Bu cür keçənmərəm onun yerinə
Qəlbimi, ruhumu qisas naminə
Çürütmək, əritmək ağılsızlıqdır,
Sənəti ,içimi gəmirən qurdlara,
Qurban verməyim də həyasızlıqdır.
( Kotello qışqırır )
Kotello-
Bu dəqiqə gəlirəm köməyə sizəg
Qorxmayın ayağın axsaxlığından
İnsan ayağından zərrə eybi yox
Sənət axsamasın heç vaxt, heç zaman.
( Kotello səhnəni tərk edir. Bufetçi arxasınca çağırır. ( Cənab Kotello )
Kotello cavab vermir. Bufetçi səhnənin mərkəzində durub əlindəki yağı şüşəsini
hiddətlə başına çəkir . Sonra Ədəbi hissə müdiri əlində döşəkçə ilə səhnəyə daxil olur. )
Ədəbi hissə müdiri- ( gözünü ovuşdurur ) - Yatıb qalmışam. Rejissoru
görməmisiniz ?
( Bufetçi miyoldayaraq əsəbi şəkildə ədəbi hissə müdirinin üstünə yeriyir.
Əlindəki yağı ona içirdir. )
Son