Çınqıl
Alice Munro
Çınqıl
Həmin vaxt biz əvvəllər karxana olmuş çınqıl çalasının yaxınlığında yaşayırdıq; çala çox da böyük deyildi. Neçə il qabaq pul qazanmaq istəyən bir icarədar çalanı böyük traktorlarla qazıb azacıq dərinləşdirmişdi. Çala çox dərin olmadığından adam orada ev tikməyi də xəyalına gətirə bilərdi; bu evin bünövrəsinə əziyyət çəkməyə ehtiyac olmazdı. Kim bilir, bəlkə də nə vaxtsa bu çalanın yerində ev tikən tapılacaq.
Anam adamların fikrini bu çalaya yönəltməyi bacarırdı, o, adamlara belə deyərdi:
–Biz dəmiryolu yaxınlığında indi istifadəsiz qalan çınqıl çalasının kənarında yaşayırıq.
O bu barədə danışanda gülərdi, çünki o çox xoşbəxt idi. Anam əvvəllər yaşadığı həyat, evimiz, atamla bağlı nə vardısa danışmağı xoşlayırdı.
Mən isə həmin həyatı güclə, çox çətinliklə xatırlayıram. Bəzi hadisələr çox yaxşı yadımdadır, hətta dediklərim əsasında film də çəkmək olar. Evimizlə bağlı ən çox yadımda qalan o vaxtkı otağımın divar kağızlarıdır. Bu divar kağızlarının üstündəki ayı şəkilləri də həmişəlik yaddaşıma həkk olunub. Əsl vaqon olan indi yaşadığımız bu yeni evdə bacım Karo ilə mənim ensiz çarpayılarımız vardı; onlar bir-birinin üstünə qoyulmuşdular. Biz bu evə köçəndə Karo köhnə evimiz barədə mənə uzun-uzadı danışardı, o çox cəhd edirdi ki, mən nələrisə xatırlayım. Adətən o, gecələr, biz yataqda olanda bu barədə danışırdı, əlbəttə , bizim söhbətimiz onun mənə acıqlanması ilə bitərdi, çünki mən heç nəyi yadıma sala bilmirdim. Bəzən mənə elə gəlirdi ki, nəsə yadıma düşür, amma ya tərsliyim ucbatından, ya da nəyisə səhv deyəcəyimdən qorxduğuma görə özümü elə göstərirdim ki, guya heç nəyi xatırlaya bilmirəm.
Biz bu vaqona köçəndə yay idi. Blitzi adlı itimizi də özümüzlə gətirmişdik. Anam belə deyərdi:
¬¬¬ ¬–Blitzi bu yeri çox xoşlayır.
Bəli, anam haqlı idi, Blitzi bu yeri sevirdi. Özünüz təsəvvür edin, hansı bir it böyük bir şəhərin iri binaları olan küçəsini- bu küçələrin kənarında çəmənlik olsa belə- ucsuz-bucaqsız kənd yerindən üstün tutardı? Blitzi yoldan ötüb keçən maşınlara elə hürürdü ki, sanki bu yolların ağası idi, hərdən də öldürdüyü dələni, yaxud körpə quzunu sürüyüb həyətə gətirirdi. Əvvəllər Karo bunu görəndə çox pis olurdu, sonralar Neal onunla bu barədə danışdı, itin yaşayış tərzi haqda ona nələrisə anlatdı.
Karo onunla mübahisə edib deyirdi:
¬¬–Axi biz Blitziyə it yemi veririk. Bəs niyə o dələni də öldürür?
Neal deyərdi:
–Bir anlıq fərz edək ki, biz ona yem vermirik. Bəs onda nə olar? Tutaq ki, biz ölmüşük. Blitzi də özünü dolandırmalıdır.
Karo cavab verirdi:
-Mənim hələ ölmək fikrim yoxdur, həmişə itimizə qulluq etməyə hazıram.
-Sən belə düşünürsən?–Neal deyərdi.
Belə vaxtlarda anam bizə yanaşıb söhbətin mövzusunu dəyişərdi. Neal həmişə Amerikalılardan, atom bombasından danışardı. Anam isə bizim hələ bu mövzuda olan söhbətlərə hazır olmadığımızı düşünürdü. Neal bu mövzuda danışanda mən heç nə başa düşmürdüm. Anamın belə söhbətlərə müdaxilə etməsi mənə qəribə gəlirdi, ancaq bu barədə ona sual verib özümü pis vəziyyətə salmaq, onların mənə gülməyini istəmirdim.
Neal aktyor idi. Yaşadığımız şəhərdə peşəkarların çalışdığı teatr yerləşirdi. Həmin vaxtlarda bu, yenilik sayılırdı. Bəziləri bu teatrı maraqla qarşılasalar da, bəziləri teatrın cəmiyyətə lazımsız tör-töküntülər gətirəcəyini fikirləşirdilər. Atamla anam teatrın tərəfdarları idi. Anamın teatra olan marağı atamın marağından çox idi. Atam sığorta agenti işləyir, tez-tez səfərə gedirdi. Anamın isə vaxtı çox idi, o teatrın bəzi işlərində aktyorlara kömək edir, könüllü olaraq, yəni heç bir maaş almadan bilet yoxlayan işləyirdi. Anam cavan , həm də qəşəng idi, onu aktrisalarla səhv salmaq olardı. O teatra gedəndən sonra aktrisalar kimi geyinməyə başlamışdı; uzun yubka geyinir, şala bürünür, boynuna sallanan muncuqlar taxardı. Saçlarını açıb kürəyinə tökərdi. Mən anamdakı bu dəyişiklikləri o vaxt başa düşmürdüm, bəlkə də qismən hiss edirdim. Anam-mənimçün ana idi. Şübhəsiz ki, anam həm də Karonun anası idi. Hə, anam-həm də atamın arvadı idi. Atamın xasiyyətini bilirdim, anamı necə sevdyindən xəbərim vardı, ona görə də düşünürdüm ki, atam anamın teatr artistlərinə uyğunlaşmasına, onların stilində geyinməsinə ancaq sevinə bilər. Sonralar atam bu barədə danışanda sənətə həmişə hörmət etdiyini deyirdi. İndi təsəvvür edirəm ki, anam o vaxt atamın bu sözlərini, teatrdakı dostları barədə dediyi bu bəyanatı necə qarşılayıb.
Bir müddətdən sonra anamın hamiləliyi açıq-aydın hiss edildi. Bəli, anam hamilə idi, amma atamdan yox. Heç bilmirəm, teatrda anam kimi könüllü işləyən digər qadınlar da hamilə idilər? Düzdür, xatırlamasam da eşitmişdim ki, atam bunu biləndə ağlayıb, bundan sonra bütün günü anamı qarabaqara izləyib, daha ona inanmayıb. Anam isə xoş sözlər deyib atamın halını yüngülləşdirmək əvəzinə, daha kəskin sözlərlə atamın vəziyyətini daha da pisləşdirib.
Anam atama uşağın Nealdan olduğunu deyib.
Anam buna əmin imiş.
Əlbəttə, o, tam əmin idi.
Sonra nə baş verdi?
Atam daha ağlamayıb, işinə getməli olub. Anam isə pal-paltarımızı bağlamaya yığıb, bizi kəndin kənarında Nealın tapdığı vaqona aparıb.
Sonralar anam deyirdi ki, evimizi tərk edərkən o da ağlayıb. Amma o həm də onda özünü daha xoşbəxt hiss etdiyini deyirdi. Bəlkə də həyatında ilk dəfə olaraq o əsl xoşbəxtliyin nə olduğunu hiss edir, ona bir şans verildiyini düşünürmüş. Anam öz həyatına təzədən başlayırdı; gümüş və çini qablardan, gül bağından, hətta kitab rəfindəki kitablarından canını qurtarıb daha sərbəst həyata başlayırdı, daha oxumayacaq, yaşayacaqdı. Anam paltarlarını yataq otağındakı paltar dolabına qoyub bağladı, dikdaban ayaqqabıları elə yerindəcə geyinilməmiş qaldı. Anam briliyant qaşlı nişan üzüyünü siyirmədən götürmədi. Onun ipək gecəköynəyi paltar dolabının siyirməsində onsuz gecələdi. Hətta anam vaqonun ətrafında heç kim yaşamadığından, hava isti olanda tamamilə çılpaq halda vaqonun ətrafında gəzməyi planlaşdırırdı.
Amma onun bu ideyası həyata keçmədi. Bir dəfə o belə etmək istəyəndə Karo çarpayısına yıxılıb üzünü əlləri ilə örtüb ağladı, Neal da dedi ki, o dəli deyil ki, anamın bu ideyasını həyata keçirməyə razılıq versin.
***
O bütün bunlar barədə nə düşünürdü? Onu deyirəm, Nealı. Onun həyat fəlsəfəsinə görə həyatda nə baş verirsə ona “xoş gəldin” demək lazımdır. Hər şeyin hədiyyə olduğunu deyirdi- biz bu hədiyyəni ya veririk , ya da qəbul edirik.
Belə düşünən adamların ağılına şübhə ilə yanaşıram. Onun haqlı olub-olmadığını bilmirəm.
Neal əsl aktyor deyildi. O deyirdi ki, onu aktyorluğa eksperiment kimi qəbul ediblər, hər hansı rolu ifa etmək bacarığını yoxlamaq istəyiblər. Oxuyub başa çatdırmadığı kollecdə o xorda oxuyub. Xorda oxumağı xoşlayırmış- özünü unudub başqalarına qarışmaq ürəyincə imiş. Bir gün, Toronto şəhərinin küçələrindən birində o, təsadüfən dostuna rast gəlir, dostu yayda işləmək üçün bir teatr truppasında iş axtarmağa gedirmiş. Neal da heç bir işi olmadığından dostuna qoşulur, nəticədə Neal teatrda iş tapır, amma dostu iş tapmır. Neal Banquo rolunu oynamalı imiş. Əvvəllər teatrda Banquonun xəyalını hərdən görünən, hərdən də görünməz edirlərmiş. Neal teatra gələndə onlar Banquonun xəyalını görünən hala gətirmək istəyirlərmiş, sanki Neal bu rol üçün yaranıbmış. O, xalis xəyal idi.
Hələ anam hamiləlik xəbərini Neala deməmişdən əvvəl o, qışı şəhərdə keçirməyi planlaşdırırmış, hətta kəndin kənarında sonralar bizim də yaşadığımız vaqonu da tapıbmış. Az -çox dülgərliyi də bacarırmış, teatrda hələ yaza qədər onun üçün iş olacaqdı. Ən yaxşı halda, yaza qədər işi olacağını düşünürdü.
Karo məktəbini dəyişməli olmadı. Məktəbin avtobusu onu çınqıl çalasının yanındakı yoldan gəlib götürər, məktəbdən sonra da orada düşürərdi. Sözsüz ki, o məktəbdə dostluq etdiyi uşaqlara niyə bura köçməyimiz barədə bəzi şeyləri demişdi. Onun məktəbdə başqa çətinliyi olmuşdumu, bax, mən bunu bilmirəm.
Blitzi həmişə yol qırağında dayanıb Karonun məktəbdən qayıtmasını gözləyərdi.
Mən bağçaya getmirdim. Çünki artıq anamın maşını yox idi. Bağçaya getmək heç yadıma da düşmürdü. Karonun evdə olmağı mənə bəs idi. Anam da hərdən mənimlə oynayırdı. Həmin qış qar yağanda anamla birlikdə qar adamı düzəltdik, anam mənə belə dedi:
-Qar adamının adını Neal qoyaqmı?
-Əlbəttə!- mən razılaşdım.
Biz qar adamının üzünə müxtəlif şeylər yapışdırıb onu gülməli hala saldıq. Sonra anamla belə qərara gəldik ki, Neal işdən evə dönəndə mən onun qabağına qaçım, qar adamını ona göstərib belə deyim:
-Neal buradadır...Neal buradadır...
Belə də etdim, ancaq mənim sözümü eşidən Neal maşından düşüb dəli kimi üstümə qışqırdı, maşınla qar adamını tapdalayacağını dedi.
Bir yerdə olduğumuz müddətdə mən onun yalnız bir neçə dəfə ata kimi hərəkət etdiyini gördüm.
Burada qısa qış günləri mənə bir az qəribə gəlirdi. Şəhərdə olanda qaranlıq düşən kimi küçə kənarındakı işıqlar yanardı. Düz deyirlər ki, uşaqlar dəyişikliklərə çox tez öyrəşirlər. O vaxtlar mən hərdənbir köhnə evimizlə maraqlanırdım, dəqiq bilmirəm, mən evimizdən ötrü darıxırdım, yoxsa bu vaqona haradan gəlməyimizi aydınlaşdırmaq istəyirdim.
Gecələr anam Nealla əla vaxt keçirirdi. Bəzən mən oyanıb tualetə getmək istəyəndə onu çağırırdım, o da məmnun-məmnun gələrdi, tələsmədən. Əynində nazik alt paltarı olardı, iri bir şala bürünüb məni tualetə aparardı. Ondan xoş bir qoxu gəlirdi. Mən bu qoxunu şam işığı, musiqi və sevgi ilə əlaqələndirirdim.
***
O vaxt bəzi şeylər baş verirdi, bunlar da mənə inandırıcı görünmürdü. Blitzi- itimiz çox da böyük deyildi; Karonun paltosunun altına sığacağını təsəvvür etmirəm. Heç bilmirəm, Karo bunu necə bacarıb. Hətta bir dəfə yox, düz iki dəfə. Deməli, Karo itimizi paltosunun altında gizlədib məktəb avtobusuna minmişdi, məktəbə çatanda birbaşa məktəbə getmək əvəzinə, Blitzini şəhərdəki evimizə aparmışdı; evimiz məktəbdən bir məhəllə o tərəfdə idi. İşdən evə gəlib, tək-tənha nahar edən atam iti qapımızın ağzında görmüşdü. Ən təəccüblüsü o idi ki, Blitzi hekayələrdə olduğu kimi, şəhərdən gəlib vaqonumuzu tapmışdı. Bunu görən Karo dilxor olmuşdu, həmin səhər iti heç görmədiyini demişdi. Sonralar o ikinci dəfə iti paltosunun altında şəhərdəki evimizə apardı. Nə məktəb avtobusunda olanlar, nə də məktəbdəkilər bundan xəbər tutdular, ancaq anam iti ora Karonun apardığından şübhələndi.
Dəqiq xatırlamıram, it özü gəldi, yoxsa onu vaqona atam, yaxud başqa birisi gətirdi. Mən atamı heç cür vaqonda, ya da vaqonun qapısı ağzında təsəvvür etmirəm, hətta evimizin kənarındakı yolda da atamı gözüm önünə gətirə bilmirəm. Bəlkə Neal şəhərdəki evimizə gedib iti geri gətirmişdi- bundan asanı ağlıma gəlmir.
Əgər desəm ki, Karo vaqonda özünü bədbəxt hiss edirdi, bütün günü çıxış yolu axtarırdı, bu, düz olmaz. Yuxarıda dediyim kimi, hər gecə biz yataqda olanda Karo mənə bəzi şeyləri xatırlatmağa çalışırdı, amma o, bu barədə hamıya car çəkmirdi. Karo qaşqabaqlı olmazdı, başqalarında yaxşı təəssürat oyatmağı xoşlayır, həmişə ailədə xoş əhval-ruhiyyə yaratmağa çalışırdı.
İndi fikirləşirəm ki, Karo bəzi xasiyyətlərinə görə anama daha çox oxşayırdı.
İti şəhərdəki evimizə aparmaqla o nəyisə sınaqdan keçirirmiş. Onun bu barədə bəzi cümlələrini yadıma salıram. O deyirdi:
-Zarafat etmək istəyirdim.
-Sən gedib atayla bir yerdə yaşamaq istəyirsən?
Bilirəm ki, mən ona bu sualı vermişdim, o isə “yox” demişdi.
Daha heç nə soruşmadım. Onun etdiyi hərəkət mənə qəribə görünməmişdi. Balaca uşaqların etdiyi hərəkət böyük uşaqlara qeyri -adi, böyük uşaqların hərəkəti isə balaca uşaqlara adi görünür.
***
Bizə gələn qəzet və məktublar yolun aşağısındakı binada bir qutuya qoyulurdu. Qar, tufan olmayanda bizə gələn məktub və qəzetləri götürmək üçün anamla ora gedərdik. Adətən bu, mən günorta yuxusundan durandan sonra olurdu. Bəzən elə olurdu ki, gün ərzində yalnız poçta gedəndə evdən çölə çıxardıq. Səhərlər televizora baxırdıq, ya da mən televizora baxanda anam kitab oxuyurdu. ( o, kitab oxumağını heç də tamam tərgitməmişdi) Günorta yeməyi üçün konservləşdirilmiş şorbanı qızdırıb yeyər, sonra mən gedib yatardım. Anam isə kitab oxumaqda davam edirdi. Onda anamın qarnı bir az da böyümüşdü, mən başımı onun qarnına qoyanda uşağın tərpənməsini də hiss edə bilirdim. Qız, yaxud oğlan olmasından asılı olmayaraq bu uşağın adını Brent qoyacaqdılar.
Bir gün anamla poçtu götürməyə gedəndə, poçt qutusu olan binaya çathaçatda anam dayandı.
-Sakit! –o, mənə dedi.
Heç bilmirəm o niyə belə dedi, mən heç səs salmırdım, heç ayaqqabımın ucu ilə qarı da təpikləmirdim.
-Mən tam sakitəm,- dedim.
-Danışma, geri dön!
-Axı biz poçtu götürmədik.
-Eybi yoxdur. Heç nə demə, sakitcə gəl.
Sonra gördüm ki, poçta gedib -gələndə bizi müşayiət edən Blitzi yanımızda yoxdur. Amma yolun o biri tərəfində, poçtun yaxınlığında başqa bir it var idi.
Vaqon -evimizə gəlib çatanda Blitzi qapının ağzında bizi gözləyirdi, anam onu içəri salıb teatra zəng elədi. Heç kim cavab vermədi. Sonra o, məktəbə zəng edib dedi ki, bu gün məktəb avtobusu Karonu vaqonun qapısınadək gətirsin. Ancaq məktəb avtobusunun sürücüsü çınqıl çalasının yan-yörəsinin qarla örtülü olduğunu, avtobusu vaqona qədər sürə bilməyəcəyini deyib, Karo avtobusdan düşüb vaqona çatanadək ona göz qoyacağına söz verib.
Həmin vaxta qədər o tərəflərdə canavar görməmişdik.
Neal bu tərəflərdə heç vaxt canavar olmadığını iddia edirdi. Deyirdi ki, əgər ətrafda canavar olsa belə, heç bir təhlükə yoxdur, çünki canavarlar qış yuxusuna gedib.
Karo canavarların qış yuxusuna getmədiyini dedi- məktəbdə öyrənmişdi.
Anam Nealın tüfəng tapıb gətirməsini istəyirdi.
Neal ona sakitcə belə dedi:
-Sən istəyirsən ki, mən gedib tüfəng tapıb gətirim, kolluqda bir sürü bala qoymuş bu lənətə gəlmiş ana canavarı vurub öldürüm? Sən öz balanı necə istəyirsənsə, canavar da balasını elə istəyir.
Karo Neala dedi:
-Canavarın yalnız iki balası olur. Canavarların balasının sayı ikidən çox olmur.
-Anladım...Anladım... – Neal hirsləndi: -Mən səninlə yox, ananla söhbət edirəm.
-Sən heç hələ bu canavarın balasının olub-olmadığını bilmirsən,- bunu da anam dedi.
Anamın Nealla hələ bu tonda danışdığını görməmişdim.
Neal dedi:
-Bir fikirləş, tüfəng qorxunc bir şeydir. Tüfəng alanda nə deyəcəyəm? Bura Vyetnamdır? Bəlkə mən Vyetnamda yaşayıram?
-Sən Amerikalı deyilsən,- anam dedi.
-Tüfəng barədə danışıb daha məni hirsləndirmə,- Neal mübahisəyə son qoydu.
Onların bu barədə nə qədər danışdığını bilmirəm, amma Neal tüfəng almadı. Bir daha heç vaxt ətrafda canavar görmədik ( poçta gedəndə mənim itə bənzətdiyim heyvan canavar imiş). Anam daha poçta getmədi. Bəlkə də qarnı daha da böyüdüyünə görə getmirdi.
Qar sirli şəkildə əriyib yox olurdu. Ağaclar indi tamam çılpaq idi, səhərlər anam Karayo palto geyindirir, günorta o qayıdanda paltonu sürüyə-sürüyə gətirirdi.
Anam qarnındakı uşağın əkiz olduğunu, ancaq həkimlər əkiz olmadığını deyirdilər.
Neal uşağın əkiz olması barədə anamın sözünü eşidib belə deyirdi:
-Guya həkimlər nəsə bilirlər?
Çınqıl çalasının içi əriməkdə olan qarla ağzınacan dolmuşdu. Karo məktəbə gedəndə çınqıl çalasının qırağıyla gedib yola çıxırdı. Çala balaca gölə oxşayırdı, qar günəş altında par-par yanırdı. Karo bir dəfə anamdan soruşdu ki, çalanın üzərində əriməkdə olan buzda oynaya bilərikmi? Səsinin tonundan hiss olunurdu ki, orada oynamağın mümkün olmadığını yaxşı bilir. Anam Karoya dedi ki, dəli olmasın, ora beş -altı metr dərinlikdədir.
Neal dedi:
-Bəlkə 3 metr olar.
Karo çalanın qırağında dərinliyin təxminən 3 metr olduğunu dedi.
Anam çalanın qırağının ovulub içəri töküldüyünü yada saldı.
-Bu çala çimərlik deyil. Allah xatirinə, oradan uzaq durun!- anam bizə tapşırdı.
Anam belə deyəndə Karo ondan soruşdu:
-Biz iti də çaladan uzaq saxlamalıyıq?
Neal dedi ki, itlər üzməyi bacarırlar.
***
Bir şənbə günü idi. Karo ilə birlikdə “ The Friendly Giant” ( “Mehriban nəhəng” ) filminə baxırdıq, o tez-tez filmi şərh edirdi, bu da məni filmdən ləzzət almağa qoymurdu. Neal taxtın üstündə uzanıb siqaret çəkirdi. İşdə olarkən o siqaret çəkə bilmirdi, ona görə də çəkmədiklərinin əvəzini həftəsonlarında çıxırdı. Hərdən Karo Nealı narahat edib ondan siqaret istəyirdi. Bir dəfə Neal ona siqaret verib tapşırmışdı ki, anama deməsin.
Mən orada idim, anama mən dedim.
Anam eşidib səs-küy saldı, hirsləndi:
-Sən bilmirsən ki, uşaqların atası bunu eşitsə, gəlib onları mənim əlimdən alar? Bir də belə şeylər olmasın!
-Bir də olmaz, -Neal onunla razılaşdı.
-Bəs o köhnə çipsilərlə onları zəhərləsə necə? -Neal söhbətə yekun vurdu.
Vaqona təzə köçdüyümüz vaxtlarda atamızı tez-tez görmürdük. Milad bayramından sonra şənbə günləri onun gəlib bizi aparmasını planlaşdırdılar. Hər dəfə biz atamla gedib geri qayıdanda anam vaxtımızı necə keçirdiyimizi soruşurdu. Cavab verirdim ki, bəli, yaxşı keçirdik. Məncə, düz deyirdim. Mənə görə kinoteatra gedib filmə baxmaq, yeməyi restoranda yemək vaxtı yaxşı keçirməkdir. Karo da deyirdi ki, bəli, vaxtını yaxşı keçirib. Səsinin tonu qəribə olardı. Sanki demək istəyirdi ki, anam belə şeyləri bilməz. Bir qış günündə atam işlə əlaqədar Kubaya getdi, ( anam buna sevinirdi) və oradan uzun sürən qriplə geri qayıtdı, atamla görüşlərimizə son qoyuldu. Onun yazda yenə gəlib bizi gəzməyə aparacağı nəzərdə tutulmuşdu.
...Televizoru söndürəndən sonra anam və Neal bizi oynamaq üçün həyətə çıxardılar. Anamın dediyi kimi, bizi təmiz hava almağa göndərdilər. İti də özümüzlə götürdük.
Həyətə çıxan kimi şərflərimizi açıb sürüməyə başladıq. ( Anamın qarnındakı uşaq böyüdükcə sanki onun analıq hissləri də sürüşüb aradan çıxırdı. Bizim şərfə, ya da vaxtında verilən yeməyə ehtiyacımız yox idi- ehtiyacımız onun bizə olan qayğısına idi.)
Karo məndən nə etmək istədiyimi soruşdu, mən də dedim ki, bilmirəm. O bu sualı rəsmiyyət xatirinə vermişdi, ancaq mənim cavabım həqiqət idi. Doğrudan da, mən nə ilə məşğul olacağımı bilmirdim. Biz iti özümüzdən qabağa buraxdıq, it də qabaqda gedirdi, biz də onun ardınca. Blitzi çınqıl çalasının yanına gedib çıxdı. Külək çaladakı suyu qamçılayıb şappıltıyla yuxarı qaldırır, su ləpələnirdi. Üşüdük, ona görə də şərflərimizi boynumuza doladıq.
Çalanın qırağında nə qədər vaxt keçirdiyimiz yadımda deyil. Vaqondan baxanda bizi görmədiklərini bilirdik. Bir az keçəndən sonra bacımın mənə tapşırıq verdiyi aydın oldu.
Mən vaqona gedib anama və Neala nəsə deməliydim.
İtimizin çalaya düşdüyünü onlara xəbər verməliydim.
Deməliydim ki, itimiz çalaya düşüb, Karo da itin boğula biləcəyindən qorxur.
Blitzi boğula bilərdi.
Ancaq mən suyun içində Blitzini görmürdüm.
Bəlkə Karo iti suyun içində görürmüş. Karo suya tullanıb onu xilas edə bilərdi.
İnanıram ki, mən onunla razılaşmayıb itin suya düşmədiyini demişəm. Ya da demişəm ki, o suya tullanmalı deyil. Yaxud ona Nealın sözünü xatırlatmışam- itlər üzməyi bacarır.
Karo məndən onun tapşırığını yerinə yetirməyimi tələb edirdi.
-Nə üçün?- bilirəm, ona belə sual vermişəm. Ya da onun sözünə əməl etməyib mübahisə üçün başqa səbəb tapmışam.
Həmin anları xatırlayanda gah Karonun Blitzini dartıb sudan çıxarması, gah da Blitzini suya itələməsi gözlərim önündə canlanır. Bəzən Blitzini Karonun paltosundan dartdığı halda təsəvvür edirəm. Sonra isə Karo çalanın ətrafında qaçır. Qaçır, qaçır, qəflətən suya atılır. Ancaq bunu xatırlayanda suyun şappıltısını, bir-birinin üstünə qalxan dalğaları xatırlaya bilmirəm; nə balaca, nə də böyük dalğa, heç biri yadıma gəlmir. Yəqin, o suya tullananda mən vaqon tərəfə dönüb qaçmaq istəmişəm. Sözsüz, bu, belə olub. Mən belə etməliydim.
Bu barədə düşünəndə özümü yalnız qaçan halda təsəvvür edirəm. Elə hey qaçıram. Mən vaqon tərəfə yox, əksinə, çınqıl çalası tərəfə qaçıram. Suyun içində çabalayan Blitzini görürəm, Karo da Blitziyə doğru sürətlə üzür. Onun açıq qəhvəyi rəngli dama-dama paltosunu, şərfinin saçaqlarını, uğur qazanmış insan sifətinə bənzər sifətini, suyun içindəki buruq saçlarını görürəm. Sanki məndən heç nə tələb olunmurdu- yalnız sakitcə dayanıb onu izləmək. Vəssəlam!
Hərdən isə vaqona tərəf getmək istəyirdim. Vaqona çatanda da qapının ağzında otururam. Yox, vaqonun qapısı ağzında balkon, yaxud skamya yox idi, mən elə torpağın üstündə oturub sonra nə baş verəcəyini gözləyirdim.
Bilirəm ki, bu, belə olub. Bu, faktdır. Hər halda, bilmirdim nə etməyi planlaşdırmışam, ya da nə fikirləşmişəm. Karonun ya da itin tamaşasında növbəti pərdəni gözləyirdim.
Bilmirəm, mən vaqonun qapısı ağzında nə qədər oturmuşam, beş dəqiqə, ya çox? Bəlkə beş dəqiqədən az? Bilmirəm. Hava çox soyuq deyildi.
Sonralar bu hadisə barədə psixoloqa danışanda o məni inandırmışdı ki, mütləq gəlib vaqonun qapısını itələmişəm, qapının içəridən bağlanıb-bağlanmadığını bilmək istəmişəm. Qapı bağlı ola bilərdi, çünki anam və Neal bizi bayıra çıxarandan sonra içəridə sevişirdilər, onlara mane olmayaq deyə qapını içəridən bağlayırdılar. Əgər mən qapını döysəydim, onlar mənə acıqlanardı. Məsləhətləşdiyim psixoloq məni inandırmışdı ki, hər şey məhz bu cür olub. Ancaq mən bunun belə olduğunu düşünmək istəmirəm. Qapının bağlı olduğunu fikirləşmirəm, çünki bir dəfə qapı bağlanmamışdı, Karo içəri girəndə onu görüb gülmüşdülər.
Bəlkə mən Nealın “itlər üzməyi bacarır “ sözünü yadıma salıb düşünmüşəm ki, Karonun Blitzini xilas etmək cəhdi heç də vacib deyil.
Görəsən, Karonun üzməyi bacarıb -bacarmadığı barədə nəsə fikirləşmişəm? Doqquz yaşında uşaqlar üzməyi bilirlər. Sonra aydın oldu ki, əvvəlki yay o bir dəfə üzgüçülük dərsinə gedib. Vaqona köçəndən sonra o bir daha üzgüçülük dərsinə getməyib. Yəqin, Karo üzə biləcəyinə əmin olub. Şübhəsiz, mən də inanmışam ki, o istədiyi bir şeyi edəcək.
Psixoloq demişdi ki, mən Karonun göstərişlərini yerinə yetirməkdən bezə bilərdim. Amma belə bir fikir heç mənim ağlıma da gələ bilməzdi. Bəlkə də mən Karodan böyük olsaydım, bu hal baş verə bilərdi. Həmin vaxtlarda mənim uşaq dünyamı öz varlığı ilə dolduran yeganə adam Karo idi.
Qapının ağzında nə qədər oturmuşam? Sözsüz, çox oturmamışam. Qapını döyməyim də mümkündür- bir-iki dəqiqədən sonra. Hər halda, anam qapını açıb- heç bir səbəb olmadan –ürəyi nəyisə qabaqcadan hiss edə bilərmiş.
Növbəti mərhələ-mən vaqonun içindəyəm. Anam Nealın üstünə qışqırır ki, nə baş verdiyini ona anlatsın. O ayağa durur, anamı tutub saxlayır, mülayim tərzdə təsəlli verir. Ancaq anamın ondan istədiyi təsəlli deyil, anam onun əlindən canını qurtarıb qapıdan çıxır. Neal isə başını bulayıb çılpaq ayaqlarına baxır- gözlərini köməksiz görünən baş barmaqlarına zilləyir.
Məncə o monoton səslə mənə nəsə dedi- adətən eşitmədiyim bir səslə. Bundan sonra heç nə xatırlamıram.
***
Anam özünü suya atmadı. Bu sarsıntıdan sonra anamın hamiləliyi pozulmadı. Qardaşım Brent bacımın dəfn mərasimindən bir həftə, ya da on gün sonra doğuldu- vaxtında doğuldu. Bilmirəm, doğmaq üçün anam hansı xəstəxanaya getdi. Güman ki, doğuşdan əvvəl o hansısa xəstəxanada müalicə alıb.
Dəfn gününü çox yaxşı xatırlayıram. Tanımadığım çox gözəl, xoşsifət bir qadın-onun adı Josie idi- məni gəzməyə apardı. O məni cürbəcür karusellərə mindirdi, oyuncaq dükanlarına girdik, birlikdə ləzzətli yeməklər yedik. Yox, ürəyim bulanana qədər yemədim. Josieni sonralar çox yaxından tanıdım. Atam Kubaya gedəndə tanış olduğu qadın idi, anamla atam boşanandan sonra o, atamın ikinci arvadı-mənim ögey anam oldu.
Anam sağaldı- mütləq sağalmalı idi. Axı balaca Brent vardı, mən vardım. Balaca Brentə məndən də çox qulluq lazım idi. Tam xatırlamasam da, inanıram ki, anam qalan ömrünü yaşamağı planlaşdırdığı evi tapana qədər mən atamla və Josie ilə bir yerdə qalmışam. Brent stulda oturduğu vaxtdan əvvəl onunla bir yerdə olmağımızı xatırlamıram.
Anam teatrdakı köhnə işinə qayıtdı. Əvvəlcə keçmişdə olduğu kimi könüllü, pulsuz işlədi. Mən məktəbə getdiyim vaxtlarda artıq onun işi- illik vəzifəsi vardı. O, nəzarətçi idi. Düzdür, teatrın bəzi çətinlikləri oldu, amma bağlanmadı, bu gün də işləyir.
Neal dəfn mərasimi və bu kimi şeylərə inanmırdı, o heç Karonun dəfnində də iştirak etmədi. Heç vaxt Brenti görmədi. Məktub yazmışdı. O məktubu çox sonralar gördüm. Məktubda hələ əvvəldən uşağa atalıq etmək fikri olmadığını yazmışdı. Ona görə də uşağı görməməyin daha yaxşı olduğunu düşünüb. Brentə heç vaxt Neal haqda danışmadım. Anamı dixor etmək istəmirdim. Brentə Neal barədə danışmamağımın bir səbəbi də vardı- Brent Neala çox oxşamırdı, o ən çox atama bənzəyirdi. Anam hamilə olarkən nələr baş verdiyini dərk etməyə çalışırdım. Atam isə bu barədə heç vaxt danışmadı, yəqin, heç zaman da danışmayacaq. Atam mənimlə necə rəftar edirdisə, Brentlə də elə rəftar edirdi. Atam yaxşı insandır, əgər Brentin həqiqətən də, Nealın uşağı olduğunu dəqiq bilsəydi belə, yenə onunla indiki kimi rəftar edərdi.
Josienin atamdan uşağı olmadı, uşaqlarının olmaması onları narahat etmirdi. Josie Karo haqqında danışan yeganə adamdır; tez -tez danışmasa belə. Josie tez-tez təkrar edirdi ki, atam bu işdə yalnız anamı günahkar bilməməlidir. Deyirdi ki, anam həyatının təlatümlü dövründə olanda atam onu tək buraxmalı deyildi. Həyat atamı silkələməliymiş ki, Josieyə rast gəlsin. Əgər bu hadisələr olmasaydı, onlar ikisi bir yerdə xoşbəxt ola bilməzdilər.
Atamın qolundan tutub soruşardım:
-O “ikisi “ deyəndə kimi nəzərdə tutur?
-Əlbəttə, özünü və məni. Bu hadisələr olmasaydı, o mənim qismətimə çıxmazdı.
Həmin vaxtlarda nələr baş verdiyini anamın yadına salmıram. Bununla onu narahat etmək istəmirəm. Bilirəm, həyat onu yaşadığımız “çəmənlik”dən sürüşdürüb çınqıl çalasının yanına tullayıb o vaxtlar. İndi həmin yerlərdə hündür binalar tikilib. Hətta bir dəfə anam oradakı evlərin onda az da olsa nifrət oyatdığını bildirdi. Bir dəfə heç kimə demədən həmin yerə getdim. Adamların həmin yerdə ev tikməsini səhv hesab edirəm.
Hətta həmin çınqıl çalasının yerində də ev tikmişdilər.
***
Mənim Ruthan adlı partnyorum var. Məndən balacadır, amma məndən ağıllıdır. Bəlkə də o məndən daha nikbindir, həmin hadisə ilə bağlı məni narahat edən fikirləri yaxşı yerə yozmağa çalışır. Əgər Ruthan məni inandırmasaydı, mən heç vaxt Nealla əlaqə yaratmazdım. Əlbəttə, illər boyunca heç onunla görüşmək barədə fikrim də olmayıb. Bir dəfə Neal özü mənə məktub yazmışdı. Qısaca təbrik məktubu. Mənim Alumni Gazette- ( rəsmi mətbuat orqanı) də şəklim verilmişdi. Heç bilmirəm o bu qəzetin səhifələrində nə axtarırmış? Hansısa işlə əlaqədar rəsmi dövlət adamlarının əhatəsində olmuşdum, şəkil də o vaxt çəkilmişdi.
O mənim dərs dediyim yerdən təxminən 50 mil o tərəfdə yaşayırmış . Bir vaxt oxuduğum universitet də orada yerləşirdi. Bilmirəm, mən universitetdə oxuyanda o orada olub, ya yox. Bəlkə o indi alim olub?
Əvvəlcə onun məktubuna cavab vermək fikrim yox idi. Mən Ruthan ilə məsləhətləşdim, o dedi ki, mən Neala cavab yazmaq barədə düşünməliyəm. Belə qərara gəldik , mən Nealın elektron poçtuna məktub yazdım, görüş təyin etdik. Onunla universitetin yeməkxanasında görüşdüm. Özümə söz vermişdim ki, onun görünüşü pis olsaydı - heç bilmirdim belə düşünərkən nəyi nəzərdə tutmuşam-sakitcə onun yanından keçib görüşməyəcəkdim.
Onun boyu əvvəlkindən lap balaca idi. Lap uşaq vaxtı gördüyümüz qoca kişilər kimi. Seyrək, başına yapışmış nazik saçı vardı. Çay içirdi, mənim də qarşıma bir fincan çay qoydu.
O necə dolanırdı? Gündəlik pulunu necə qazanırdı?
Tələbələri imtahanlara hazırlaşdırdığını, onlara esse yazmaqda kömək etdiyini dedi. Düşünmək olar, tələbələrin əvəzində özü esseleri yazırmış.
¬¬¬–Bu yolla milyoner olmaq olmaz,- dedi.
Zibillikdə ya da yumşaq desək, zibilliyə bənzər yerdə yaşayırmış. Oranın ürəyincə olduğunu dedi. Amma paltarlarını Sally Ann firmasından aldığını bildirdi.
-Bunlar mənim həyat prinsiplərimə uyğun gəlir,- Neal dedi.
Bunların heç birinə görə onu təbrik etmədim. Doğrusu, mən elə güman etdim, onun ürəyindən keçirdi ki, mən onu bu “uğurlarına” görə təbrik edim.
-Hər halda, həyat tərzimin maraqlı olduğunu düşünmürəm. Məncə, sən hadisənin necə baş verdiyini bilmək istəyirsən.
Ona nə cavab verəcəyimi bilmədim. Neal danışmağa başladı:
-Daşa dönmüşdüm. Onu deyim ki, mən üzməyi bacarmıram. Mən böyüdüyüm yerlərdə üzgüçülük hovuzları olmayıb, mən də boğulardım. Sən bunları öyrənmək istəyirdin?
Bu işdə heç də onu günahkar hesab etmədiyimi dedim.
-Necə bilirsiniz, suya tullananda Karonun nə niyyəti olub?- sual verdim.
Bu sualı Nealdan başqa yalnız iki nəfərə vermişdim-psixoloqa və partnyoruma.
Psixoloq belə demişdi:
-Bəlkə də heç Karo nə istədiyini bilmirmiş, bəlkə də o diqqəti özünə cəlb etmək, ananızın diqqətini özünə yönəltmək istəyib. Məncə, o özünü suda boğmaq istəməyib. Suda batanda ona qarşı dıqqətin necə olacağını bilmək istəyirmiş .
Ruthan isə belə deyirdi:
-Bəlkə də o ananınızı “qaydaya salmaq” istəyib, atanızın yanına qayıtmasını bu yolla tələb edib.
Neal dedi:
-Onun hansı niyyəti olmağının indi heç bir əhəmiyyəti yoxdur. Bəlkə o yaxşı üzə biləcəyini fikirləşib. Bəlkə əynindəki ağır palto və şərflə üzməyin çətin olduğunu başa düşməyib? Bəlkə heç kimin ona kömək etməyəcəyini ağlına gətirməyib.
Sonda o belə dedi mənə:
-Vaxtını boş yerə sərf edib özünü yorma. Yəqin, sən niyə vaqona tərəf qaçıb bizə vaxtında xəbər vermədiyini düşünüb özünü günahkar hesab etmirsən, eləmi?
Dedim ki, onun dediklərini düşünmüşəm. Amma özümü tam günahkar bilmirəm.
-Əsas odur ki, xoşbəxt olasan. Hər şeyə fikir vermə. Sən buna cəhd elə. Onda yaşamaq asanlaşır. Çətin vəziyyətdən çıxmaq çox asandır. Olanları qəbul et, onda faciə özü yoxa çıxır. Ya da faciə yüngülləşir, sən bu dünyada rahat yaşayırsan. İndi isə hələlik!- bunu deyib Neal getdi.
Mən onun nə demək istədiyini başa düşdüm. Həqiqətən də , elə onun dediyi kimi etmək lazımdır. Ancaq mənim yaddaşımda Karo çınqıl çalasının qırağında o tərəf bu tərəfə qaçır, üzgüçülük yarışlarında qalib olan üzgüçü kimi özünü suya tullayır. Mən isə çalanın kənarında dayanıram; gözləyirəm ki, o suya niyə tullanmağının səbəbini mənə izah etsin , suyun şappıltısını eşitmək istəyirəm.
21-26 oktyabr, 2013
Hekayə haqda tərcüməçi qeydləri:
“Çınqıl” hekayəsi ilk dəfə 2011-ci ildə çap olunub. Hekayənin adı ingiliscə
“Çınqıl” dır. Hekayəni oxuyub qurtarandan sonra oxucu hekayənin adının niyə məhz “Çınqıl” olması barədə düşünür. Halbuki əsas hadisələr Çınqıl çalasının yaxınlığında baş verir. O mənada hekayənin adı “Çınqıl çalası” da ola bilərdi. Hekayənin ideyası oxucuya məlum olanda oxucu hekayənin adının niyə məhz
“Çınqıl” olmasını başa düşür. İdeya budur ki, həyat yolumuza çıxan balaca çınqıl bütün həyatımızı məhv edə bilər.
Ailə faciəsini təxminən qırx-qırx beş yaşlarında bir qadın danışır. Hekayəni danışan qadın hadisə baş verəndə balaca olub, hələ məktəbə getmirmiş, üç ya dörd yaşı varmış.
O bəzi şeyləri tam xatırlaya bilmir.
Ailə xoşbəxt yaşayırmış. Ata sığorta agenti olub. Niyə məhz sığorta? Sığorta –gələcəyə təminatdır. Sonda uşaq atanın köməyini hiss edir.
Qadın evdardır. Şəhərdə teatr var. Qadın teatrın tərəfdarı olur-hətta gedib könüllü bilet yoxlayan işləyir. Aktrisalar kimi geyinməyə başlayır. Ata əslində buna sevinir. Sevinir ki, arvadı aktrisalar kimi gözəldir.
Qadın hamilə olur. Ərinə deyir ki, uşaq Nealdandır.
Qadının əri ağlayır. Qadın iki uşağını da götürüb Nealın özünə tapdığı vaqon-evə köçür. Vaqon kənddən kənar bir yerdədir. Yaxınlığında çınqıl çalası var. Nə vaxtsa qazıb çınqıl daşıyıblar.
Neal aktyordur. Əsl aktyor yox. Dostu iş axtarmağa gedəndə onu görür, təsadüfən onu teatra işə götürürlər. O teatrda bir rol oynayır. Gah xəyal kimi görünür, gah da əsl sifəti. Bunların altında məna var. Yəni Neal özü elə xəyal kimidir. Universitetdə oxuyanda xorda oxuyub. Burda da yazıçı daxili məna gizləyib.
Məlum olur ki, Neal qorxaqdır. Qadın canavar görəndə ona deyir ki, tüfəng alsın. O almır. Yəni ailəni qoruyan insan deyil.
Qadının əri sığorta agentidir- yəni gələcəyə inanan. Amma qadının qoşulub getdiyi Neal isə həmişə atom bombasından danışır. Yəni gələcəyə inanmır.
Qadın və Neal qapını bağlayıb sevişəndə uşaqları bayıra çıxarırlar.
Uşaq deyir ki, anasının qarnı böyüdükcə sanki analıq hissləri sürüşüb aradan çıxıb. Uşaqlar diqqət tələb edir. Qadının qızı, təxminən doqquz yaşlı Karo iti köhnə evlərinə aparır- bununla da ora qayıtmağa işarə verir.
Bir dəfə də deyir ki, ömrü boyu itlərini qorumağa hazırdır.
İt çalaya düşür –qar əriyib, çala su ilə doludur.
Qız bacısına deyir ki, gedib anasına itin çınqıl çalasına düşdüyünü desin. Bəlkə də heç it çalaya düşməyibmiş . Karo anasının diqqətini özlərinə cəlb etmək üçün belə deyir.
Uşaq isə getmir. Suya baxmaq istəyir.
Qız da özünü suya atır. Bəlkə də bu yolla anasının onlara qarşı olan laqeydliyinə üsyan etmək istəyir. Əsərin bir yerində deyilir ki, Karo həmişə ailədə şən əhval-ruhiyyə yaratmağa çalışıb. Bəlkə də özünü suya atmaqla qız anasına xəbərdarlıq mesajı göndərir- Nealdan uzaqlaşsın. Neal ananın həyat yolunda qarşısına çıxmış çınqıldır- faciəyə səbəb olur
Qız çalada boğulanda Neal getmir. Çünki üzməyi də bacarmır. Heç Karonun dəfnində də iştirak etmir.
Qadının uşağı vaxtında doğulur- hər iki mənada. Yəni o körpə doğulmaqla anaya qayğı gətirir, ananın başı qarışıb az da olsa dərdini unudur. Uşağın adı Brentdir- Azərbaycan dilində “ damğa” mənasını verir. Brent əslində Neala oxşamır, qadının əvvəlki ərinə oxşayır. Bununla da yazıçı demək istəyir ki, əslində uşağın atası Neal deyil.
Qadınınn əri başqa qadınla evlənir. Bu qadının uşağı olmasa da o, xoşbəxtdir.
Amma kişinin əvvəlki arvadı iki uşağı olsa da xoşbəxtliyi Nealda axtarıb.
Hekayəni danışan- əsas qəhrəman gec də olsa Nealla görüşür.
Neal zibillikdə yaşasa da yaxşı firmadan geyinir. Deyir ki, bu onun həyat normalarına uyğundur. O, tələbələri imtahana hazırlayır- onlara esse yazır. Yəni özü yoxdur. İtib. Xorda səsi itdiyi kimi .
Neal hekayəni danışan qadına bir neçə məsləhət verir. Deyir ki, olanları qəbul etsin, onda faciə yüngülləşir. Qadın Nealın məsləhətinə əməl etmək istəyir, bacarmır. Sonda belə deyir:
-Ancaq mənim yaddaşımda Karo çınqıl çalasının qırağında o tərəf bu tərəfə qaçır, üzgüçülük yarışlarında qalib olan üzgüçü kimi özünü suya tullayır. Mən isə çalanın kənarında dayanıram; gözləyirəm ki, o suya niyə tullanmağının səbəbini mənə izah etsin , suyun şappıltısını eşitmək istəyirəm.
Karo əslində qalibdir. Onun ölümü anasını ayıldır.
Alice Ann Munro ( qızlıq familiyası Laidlaw) ingiliscə yazan Kanada yazıçısıdır. 2013-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı alıb.
O, 1931-ci il iyulun 10 -da Kanadada, Ontario şəhərində doğulub. Atası Robert Eric Laidlaw tülkü və samur ferması olan fermer olub. Anası Anne Clarke Laidlaw məktəbdə müəllim işləyib. Munro hələ yeniyetmə ikən yazmağa başlayıb, ilk hekayəsi “ Kölgənin ölçüləri” 1950-ci ildə, o hələ qərbi Ontario Universitetinin İngilis dili və jurnalistika fakültəsində oxuyarkən çap edilib. İki il oxuyandan sonra universiteti tərk edir, tələbə yoldaşı olan James Munro ilə ailə qurur. Univermaqda işləyən ərinin işi ilə əlaqədar Dundareve şəhərinə köçürlər. 1963- cü ildə isə Viktoriaya köçüb orada Munro Kitabları- adlı mağaza açırlar. Hazırda həmin mağaza yenə də fəaliyyətdədir. Həmin illərdə o müxtəlif jurnallarda hekayələrini çap etdirir.
Onun ilk hekayələr kitabı “ Xoşbəxt kölgələrin rəqsi” 1968 -ci ildə çap edilib. Üç il sonra isə “Qızların və qadınların həyatı “ adlı ikinci kitabını çap etdirir. Sonralar bir-birinin ardınca müxtəlif kitabları işıq üzü görür.
Alice Munronu "Kanadanın Çexovu" adlandırırlar. O, 13 hekayə kitabından əlavə, bir roman müəllifidir