Tərcümə

Film, borc, fotoşəkil

FİLM

Bir qoca gedirdi küçə ilə tək,
Bu dəmdə
bir gözəl keçdi gülərək.
Baxdı -
bir özünə, bir ona baxdı;
elə bil kinoya baxdı mükəddər, -
sanki
ilk seansdan çıxan bir nəfər,
sonrakı seansa
gedənə baxdı...

BORC

Həyatdan xoşbəxtliyi,
gülüşü, səadəti,
bir az da məhəbbəti
borc alıram mən hər gün.
Qaytarmıram sonradan.
Amma
bu borclar üçün
bilirəm, vaxt gələcək –
qocalıq adlı hakim
məni
həbs eləyəcək.

FOTOŞƏKİL

Şəkil çəkmək –
adətiydi qədim gölün.
Göydə gəzən buludların,
çinarların
şəkilini çəkdi hər gün.
Göl bu dəfə
fikirliydi bir az yəqin.
Səbəbi də buydu bəlkə
bu başayaq
çıxan bütün şəkillərin.