Şiddətli leysan tökəcək
De, görüm hardaydın, oğlum, gözü dənizim?
De, görüm hardaydın, mənim canım, əzizim?
On iki sirli dağın ətəyində büdrədim,
Altı kələ-kötür yolda yeridim, iməklədim,
Yeddi qəmli meşənin içində ayaq döydüm,
Ölmüş okeanların sahilində göründüm,
On min mil uzaqda bir qəbrin başındaydım
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.
De, nə gördün, oğlum, gözü dənizim?
De, nə gördün, mənim canım, əzizim?
Mən bir çağa gördüm ki, yanında qurd ulaşır,
Almazdan bir yol gördüm, kimsə gəzmir, dolaşmır,
Qapqara budaq gördüm, hər yerindən qan damır,
Bir otaq adam gördüm, çəkicləri qanayır.
Bəyaz pilləkən gördüm, sular altında qalmış,
On min danışan gördüm, dilləri parçalanmış,
Tüfəng, qılınc gəzdirən balaca uşaqlarmış...
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.
De görüm, nə eşitdin, oğlum, gözü dənizim?
Nə eşitdin, de görüm, mənim canım, əzizim?
Şimşək səsi eşitdim, xəbərdarlıq kimiydi,
Dalğalar coşurdular, düz dünyanı tutmağa,
Yüzlərcə barabançı güc vermişdi toxmağa,
Min-min pıçıltı vardı, qulaq asan yox idi,
Bir ac inildəyirdi, ona gülən çox idi,
Bir təlxək ağlayırdı küçələrin birində -
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.
Kimlərlə tanış oldun, oğlum, gözü dənizim?
Kimlərlə tanış oldun, mənim canım, əzizim?
Bir uşaqla görüşdüm ölmüş atın yanında,
Bir ağ adam tanıdım, qara it gəzdirirdi,
Bir qadın tanıdım ki, od tuturdu bədəni,
Bir qız ilə görüşdüm, mənə göyqurşağı verdi.
Mən bir kişi tanıdım məhəbbətdən yaralı,
Bir başqasın tanıdım kin-nifrətdən yaralı –
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.
İndi neyləyəcəksən, oğlum, gözü dənizim?
İndi neyləyəcəksən, mənim canım, əzizim?
Leysan başlamamış geriyə dönəcəyəm,
Qaraağız meşənin içinə girəcəyəm,
O yerdə ki, insan çox, fəqət acdır camaat,
O yerdə ki, suyumuz zəhərlənir hər saat,
O yerdə ki, evimiz bir nəmli zindan olur,
O yerdə ki, cəlladın üz-gözü pünhan olur,
O yerdə ki, ruh yoxdur, aclıqdan iy yayılır,
O yerdə ki, qara - rəng, sıfır rəqəm sayılır,
Mən bunları düşünüb, bunları danışacam,
Hamı görsün deyə dağlara yazacağam;
Sonra batana qədər duracağam su üstə,
Dilimdə gəzişəcək oxuduğum bu bəstə -
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.