Şeir

Ağaclar ək, göyərsin

Bağa baxsan, bağ olur,
baxmadınsa, dağ olur,
Əvvəl dərin yarğanlar
xırdaca çatlaq olur.

Bu fikri yormaq çətin,
səddini yarmaq çətin,
Haqqını istəyirsə,
önündə durmaq çətin.

(Görüb qara buludu,
dedim, içi doludu,
Gecikdilər hayıma,
bağçamı dolu vurdu..)

…Bu çilə keçsin, Tanrım,
vədə yetişsin, Tanrım,
Qövr eyləmiş yaralar
artıq bitişsin, Tanrım –

Ağaclar ək, göyərsin,
qəhrini çək, göyərsin,
Məni yandır, külümü
dibinə tök, göyərsin.