Şeir

İslaholunmaz mənaların lüğəti

KƏNAN HACI
Narrativ poeziya
OKSIMORON

Bəlkə elə həyat
yuxu sözünün sinonimidi?
İnsan kimdi?
Aktyor.
Öz faciəsinin baş qəhrəmanı...
Səhər oyanan kimi
unutduğumuz yuxular
montaj zamanı kəsilən kadrlardı,
bu kadrlarda itənlər
qəlbimizin sarı simidi.
Bəlkə elə nağıl
həyat sözünün sinonimidi?
Kim bilir...
Bu, bir oksimorondu,
Ey qoca dərviş,
ömür bir marafondu,
iynəsi ilişən o köhnə valı dəyiş,
indi insan özü bir smartfondu...

QARANLIĞIN SƏXAVƏTİ

Müsbət enerjidə qısaqapanma,
gecə öz qaranlığını
səxavətlə bəxş edir adama,
“Depressyondayım”,
bu boyat horra
adamı sürükləyir gora,
zamanın özüylə gətirdiyi
bu müəmma
antidepressantlarla
sağalmır amma,
ey dost, təslim olma!
De ki, ey qaranlıq, dəf ol!
İçindəki işığı tap
və xilas ol.

TƏKRİR
Bohem ekspressiya

Nə boyda təkəm, İlahi!
Dünyaya sığmayan bu təkliyi
necə daşıyım,
hara daşıyım...
Məndən və ofisiant qızdan başqa
bir kimsə yoxdu
bu miskgin kafedə,
onun gözlərindəki
kədər qədər təkəm...
kimsəsiz payız gecəsində
başına yağış tökən
saqqallı bir sərsəri
məndən siqaret istədi,
ondan səxavətimi
əsirgəmədim,
o zavallının çarəsizliyi qədər
təkəm...
pəncərələrdə sönən işıqlar qədər
təkəm...
bir nəfərlik çaydan qədər,
nimdaş sirrimi təkrar -təkrar
özümə pıçıdayacaq qədər
təkəm eeee, təkəm...
Bu məşum həqiqəti dərk edəcək qədər
təkəm...
bu yağışlı gecədə təkliyimi
mənə xatırlatdı ofisiant qız,
saqqallı sərsəri,
bir də yolumu kəsən
küçə itləri...

TUT AĞACININ OYANMIŞ YADDAŞI

Uşaqlığımdan mənə salam göndərən
tut ağacının adı
Yeni Dünya kitabında yoxdu,
qoy olsun...
Süni İntellektin canı sağ olsun!
O, keçmişi əvəz etməyə,
uşaqlığımı bir neçə saniyə ərzində
gözlərim önündə
canlandırmağa qadirdir.
Əlbəttə, bu "klip"in qəhrəmanı
tut ağacıdır,
onunla görüş cismin deyil,
ruhun ehtiyacıdır.
Aygün Bəylərin səsilə oyanacaq
tut ağacı
ötən əsrdəki yuxusundan,
bir məhəllənin tarixçəsini danışacaq,
bəndəniz yazıya köçürəcək
bu tarixçəni,
janrını isə zaman müəyyənləşdirəcək,
qoca zaman,
bu vaqeə bir neçə saniyə ərzində baş verəcək,
Süni İntellektin canı sağ olsun!

TALEŞÜNASLARA BİR NEÇƏ SUAL

Tale sözünün məna yükü kədərlidir,
tərəzidə tale ilə bağlı suallar
həmişə ağır gəlir,
bunu taleşünaslar daha yaxşı bilir,
islaholunmaz sadəlövhlər
asanlıqla düşürlər
taleyin toruna,
onlar bir az da ilham pərisinin yolunu gözləyən
şairlərə bənzəyirlər,
tale sözünü yanlış məna yükündən
necə azad edək,
ömrü necə xilas edək taleyin mühasirəsindən?
bu mənanı hansı lüğətdə çəkək dara?
başımızda samovar dudkeşi kimi tüstüləyən
bu suallardan hara qaçaq, hara?..

QAPI

Yetişdim mənzil başına,
gördüm qapı yoxdu,
qapılar geridə qalıb,
özüm öz üzümə qapanan
qapıyam,
açarı keçmişdə qalıb...