Zəncirotu (metamodern şeir)
Ədəbi suprematizm:
Zəncirotu
(metamodern şeir)
Bəzən lirik şeirlər də yazıram,
bir az da sentimental – xoşuma gəlməsə də.
Minimalist bir şeirimi xatırladım səni görəndə:
Dəriləndən sonra da
ətri gözəl olur güllərin.
Zəncirotu - sarı çiçək, sapsarı çiçək.
Elə şeylər var, tez-tez ötsən də yanından
həmişə görmürsən elə bil.
Zəncirotu; ot və zəncir...anlamadım, -
kim verib bu adı görəsən?
Zəncirotu - payızın sapsarı rəngi;
gözəllik və bir də intəhasızlıq yayılır
topa-topa bitdiyin məkanlardan.
Üzdüm səni, bağışla,
üzdüm ard-arda – 1, 2, 3, 4, 5;
üzülmə, sarı çiçək,
yoxluqda hər an varolma imkanı.
Sevdiyinə sahib olmaqsa
qəbahətdir həm də - bunu da anlayıram.
Əlimdə sarı çiçək
yol kənarında evakuator cəlb edir diqqətimi,
xarab olub, yük yerində də nasaz avtomobil.
Gülmək tutur məni; sənə güvəndiyim dağlar...
Üzümdə təbəssüm, uğur arzulayıram
evakuatoru işə salmağa çalışan iki adama –
elə təbəssümlə də cavab verirdilər ki,
birdən işə düşür faydalı texnika.
Görünür, doğrudan da yaxşı fikir
dəyişə bilər hadisəni; düşüncənin rəsmini çəkər
bu “ixtiyar”, bu “sirli-soraqlı” kainat,
güzgü misalı -
neçə baxsan o cür də var olar bəlkə də.
Ofisə qayıdıram.
Kim 5 çiçəyi görürsə,
təbəssüm yaranır üzündə.
Kimi gözəlliyindən söz açır,
kimi də faydasından.
Tez soldu gözəl, zərif, faydalı sarı çiçək,
dəriləndən bir saat keçməmiş
başı aşağı, məyus, qırmızı qələmqabıda;
az əvvəl gülümsəyirdi sanki,
bütün səadətlər tez bitir nədənsə.
Bağışla, üzdüm səni,
tələsdirdim taleyini, deyəsən, sarı çiçək,
indi üzüldüyün məkanlarda yerin boş,
bir də ətrafa yayılan sonsuzluq...
Deyirlər:
Hər işin sonu yaxşı olsun təki.
Zəncirotu - sapsarı gözəl çiçək,
ölümün necə... gözəl oldumu,
al rəngli qələmqabıda?
... – 30.10.2026.