Şeir

Qürurum bayraq!

Üç rənginə boyandımı Qarabağ?
Başımın üstdə dalğalanan qürurum, bayraq!
Sən göylərə çəkilmiş bir and yerisən,
Torpağın yaddaşında yaşayan inamsan!

Mavində göylərin əbədiyyət nəfəsi,
Qırmızında şəhidinin ürək səsi,
Yaşılında bir millətin mənəvi izi —
Üç rəngdə bir xalqın bütöv taleyi...
Sən dalğalandıqca başım dikəlir,
Hər rəngin tarixdən bir iz söyləyir.
Qarabağ da sənin rənglərinə büründü,
Vətənin taleyində yeni səhər göründü.
Sən bir millətin yaddaşısan, ruhusan;
Tarixdən gələn ən müqəddəs andısan.
Göylərdə dalğalanan azadlıq səsisən,
Vətənin başıuca nəfəsisən.
Başımın üstdə dalğalan, qürurum bayraq,
Sən mənim Vətənə sədaqət andım,
Nəsillərdən nəsillərə ötürülən
Ən uca kimliyim, əbədi ünvanım!