Şeir

Gecə köynəyi kimi...

Gecə köynəyi kimi...

Ay doğar, batar gecələr,
çoxları yatar gecələr.
Həm adamlar,
həm də quşlar...
səhərdən axşama qədər
gəzişməkdən,
dolaşmaqdan,
ora-bura
hey uçmaqdan-
yem dalısıyca
qaçmaqdan
yorulmuşlar
yatar gecələr,
yatar, dincələr...

Tər tökməkdən,
bel bükməkdən,
əzab içib
qubarlanıb
dərd çəkməkdən
yorulanlar,
əyləncədən,
eyş-işrətdən,
şərab içib,
xumarlanıb
kef çəkməkdən
yorulanlar
yatar gecələr,
yatar, dincələr...

Yorğun düşmüş
ayaqlar da,
qədəh tutan
barmaqlar da,
şirin-şirin
təam yeyən,
sağlıq deyən,
alqış deyən,
taleyinə acı-acı
qarğış deyən
dodaqlar da
yatar gecələr,
yatar, dincələr.

Kimi təkcə
paltarını soyunar
əynindən,
kimi də həm
dərd-sərini,
qayğısını-
beynindən,
burub-büküb
qoyar bir küncə:
"Dalamayın kürəyimi,
ürəyimi,
heç olmasa,
səhər gəlincə!.."

Fəqət tərsi,
inadkarı olar
dərdin də,
dirəyər iki ayağını
bir başmağa,
qalar əvvəlki
yerində.
Qalar vücudun
yuxuda da ağrıdan,
göynədən
göynəyi kimi,
qalar yatan zaman
əyində qalan,
cana ən yaxın olan
gecə köynəyi kimi...